Payız günlərindən birində, azacıq çilənən yağışın müşayətilə işləmək üçün sorağını aldığım bir müəssiyə üz tutdum. Belə bir işin ardınca ilk dəfə, həm də tək getdiyim üçün çox həyəcanlı idim. Qarışıq fikirlər məngənəsində, ən əsası atdığım adfımın – işləmək istəyimin doğrumu, yanlışmı olduğunu kəsdirə bilmədən yol gedirdim. Əslində buna istək demək doğru sayılmazdı. Çünki sorağını aldığım bu işin mənim üçün heç bir özəlliyi yox idi. Bəzi səbəblərdən buna məcburi istək demək daha doğru olardı. Bu səbəblər isə heç də az olmadığından bu hekayədə onlardan bəhs etməkdən çox uzağam.Nəhayət, könül-könülsüz heç bir çətinlik çəkmədən axtardığım yeri tapdım. Düzü, ayağımın biri gedir, biri getmirdi. Bu işdə özümü heç cür təsəvvür etmirdim. Açıq-aydın özümü tapa bilməyəcəyim, hətta daha da itirəcəyim bir iş idi.İndiki zamanla – “ac olsam da bəzəkli görünüm” şüarı ilə tam uyğunluq təşkil edən binanın həyətinə girən kimi mühafizəçilər məni saxladılar. Girəcəkdəki polis postuna bənzər tikilinin içərisindən çıxan gözətçi nə istədiyimi soruşdu. Gəlişimin məqsədini söylədikdə mənə gözləməyi tapşırdı. Əlindəki mobil telefonla danışdıqdan sonra gözləməli olacağımı bildirdi. “Bəylər’ yemək yeyirlərmiş. Bu vaxt mən ondan saatı soruşdum. Əslində saatı gözəl bildiyim halda (15.30) üstüörtülü bunun nə vaxtın yeməyi olduğuna eyham vurdum. Mənalı-mənalı üzümə baxıb çiyinlərini çəkdi. Mən başa düşdüm ki pillələri yavaş-yavaş deyil, sürətlə yuxarı qalxan, cibi dolu, mənəviyyatsız adamlarla qarşılaşmalı olacağam.Müəssisənin həyətində gəzə-gəzə ətrafıma nəzər salırdım. Qarşımda möhtəşəm bir bina vardı. Dizaynerlər hər sahədə möcüzələr yaradırlar. Binanın fəsadına baxanda özünü Avropa ölkələrində hiss edirsən. Hər yerdə bir başqa hüsn hökm sürürdü. Məni isə ən çox cəlb edən binanın qarşısında əkilmiş güllər olduğundan yavaş-yavaş onlara sarı gəldim. Yenı açılmış qızılgülün üst ləçəkləri soyuqdan mənim kimi büzüşmüşdülər. Üzərlərində şeh damlaları – şəbnəmlər parıldayırdı. Hər tərəfdən əsən külək sanki gülün qəsdinə durmuşdu. Sakitcə dayanıb bu gülə tamaşa edirdim. Qəflətən gözüm binanın birinci mərtəbəsindəki iri şüşəli pəncərədən içəri sataşdı. Orda gözəl bir qız oturmuşdu. Əynindəki toxunma paltar mifologiyadakı Araxnanın Afina-Pallada ilə yarışı zamanı toxuduğu paltara bənzəyirdi – gözəl, zərif olduğu qədər nifrət və hörmətsizlik saçılar paltara. Gen sinəli yaxalığına, ətəyinə hörülmüş sarmaşığa bürünmüş gül çələngi hörümcəyi xatırladırdı. Belə bir paltarı geyinməklə nə qədər iddialı olduğu – Araxna kimi heç nədən qorxmadığı, elə bununla da dikbaşlığın, sabahı görməzliyin ifadəsi bütün hərəkətlərində, üz çizgilərində həkk olmuş qızın qarşısındakı stolun üstünə qoyulmuş billur vazada xaricdən gətirilmiş al-əlvan güllər şölələnirdi. Qarşımda açılmış bu mənzərəyə baxa-baxa qulaqlarımla deyil, ürəyimlə eşitdiyim iki gülün – çöldə sazaq vurmuş, küləyin qoparmağa çalışdığı qızılgüllə içərinin istisindən billur vazada nazlanan başqa bir gülün söhbətini eşitdim:- Gözəl gül, sən içəri necə keçmisən? Axı görünüşə görə buranın bir qapısı var, o da möhkəm qorunur.- Ay axmaq, elə girişi bir dənə gördüyündən çöldə qalmısan. Bir dənə niyə olur, buranın o qədər qapısı var ki… Ancaq onları görmək lazımdı.- Mənim səndən nəyim əskikdir ki mən çöldə soyuqdan, biganəlikdən, imkansızlıqdan, ehtiyacdan donuram, sənsə istidə heç nədən korluq çəkmədən oturmusan?- Ağlın!- Axı elə ilk baxışdan sənin də ağıllı olmadığın açıq-aşkar görünür.- Sənin ağlın köhnə sistemlə işləyir. Cavan olmağına baxma, əslində qocasan. Hər şeydə mənəviyyat, etika, hörmət axtarırsan. Lakın dərk etmirsən ki onlar təzə sistem üçün keçərli deyil. Təzə sistemdə açıq-saçıq, bahalı paltarlar, rəngarəng saçlar, qartal caynağına bənzər dırnaqlar, botokslu sifətlər daha hörmətə layıq və keçərli olur, nəinki ağıl və mənəviyyat. Sənbunları bilmədiyin üçün çöldə qalmısan.- Sən mənə onları öyrədə bilərsən? Bəlkə mən də içəri keçə bildim.- Öyrədə bilmərəm. Onlar sənin özündə olmalıdı. Onlarla doğulmalısan, qanında, canında olmalıdı. Sonradan öyrənməklə olmaz bu işlər.- Axı məndən hər tərəfli istifadə edirlər. Məni toya, yasa, qəbir üstünə, ad gününə, xəstəxanaya, cəbhəyə – bir sözlə hər yerə aparırlar. Biri döşünə taxır, biri saçına, biri ilk görüşə aparır, başqa birisi Şəhid məzarlığına. Lakin ən son məqamda mən çöldə qalıram, sən içəridə. Bütün ağrı-acını mən çəkirəm. Sənin özəlliyin nədir ki belə hörmətə minmisən?- Mənim özəlliyim çoxdu. Əvvəla mən sənin kimi hər yerə gedib özümü ucuz tutmuram. İkincisi, havadarlarım çoxdu. Üçüncüsü, məni bağbanım məhz bura üçün yetişdirib. Fərqi yoxdu harda, hansı vazaya qoyulum, təki billur olsun. Sən isə özünü yorma, onsuz da içəri keçə bilməyəcəksən. Keçsən belə burdakı hava səni boğacaq.- Düz deyirsən, mən nə görünməyən qapıları görə bilərəm, nə sənin geyimini geyinə bilərəm, nə də sənin kimi düşünə bilərəm. Lakin bir şeyi yadında saxla – əbədi olmayan bu dünyada bir gün ikimiz də solacağıq. Sən solduqda səni fəxr etdiyin billur vazadan götürüb zibil qabına atacaqlar, mən solduqda isə dünyanın ən ecazkar güldanı olan torpağa qarışacağam!… Məni bu heyrətamiz dialoqdan gözətçinin səsi ayırdı:- Sizi içəridə gözləyirlər.İki-üç saniyə düşündükdən sonra gözətçinin təəccüblü baxışları altında geri dönüb avtobus dayanacağına yönəldim. İçəri keçsəydim oranın havası məni boğardı. Küçədə isə soyuq, ehtiyac olsa da təmiz hava var idi.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir