BİBİM (Hekayə)

Mayın sonları idi. Dərslərin bitməsinə sayılı günlər qalmışdı. Bütün bir dərs ilinin yorğunluğu istər müəllimlərin, istərsə də şagirdlərin simasında yoğun iz salmışdı. Şəhərin ən intizamlı məktəbində ciddilik yumşalmış, sonuncu dərslər söhbətlərlə başa vurulur, bəzən heç keçirilmir, şagirdlər evə buraxılırdı.
Belə günlərin birində – dördüncü dərsdən sonra evə buraxıldıq. Evə getməyə tələsməyən uşaqlardan birinin gəzmə təklifinə əhəmiyyət verilmədiyindən hamı evinə üz tutdu. Əslində belə günlərdə çox vaxt sözü bir yerə qoyub şəhər ətrafındakı gəzməli yerlərə gedər, əylənərdik. Bəzən də bütün sinif olaraq dərsdən qaçardıq. Məhz bütün sinif qaçdığımlza görə cəza almazdıq. Orasını da deyim ki, bu qaçışların bəzilərini ən nümunəvi, hamıdan yaxşı oxuyan və “kəlləli” sinif nümayəndəmiz təşkil edərdi. Amma qaçdığımız dərsləri sabahı gün müəllimdən daha əhatəli və gözəl damışması tək bizi deyil, müəllimləri də təəccübləndirərdi. Xüsusilə texniki fənlərdə fəal olmasını atasının məhz fizika-riyaziyyat müəllimi olmasına bağlayırdıq.
Bu gün isə hamı dağılışıb evlərinə getdi. Mən özümü biləndən babamgildə qalırdım. Bəlkə evləri məktəbə daha yaxın idi, bəlkə babam məni, mən də babamı çox istədiyimdən idi, bilmirəm, bildiyim o idi ki məktəbdən tez gəldiyim günlərdə, bazar günləri evimizə qonaq kimi gedərdim. Bu gün isə məktəbdən tez gəlməyimə baxmayaraq evimizə getmək fikrində deyildim. Yeməyimi yeyib hər zamankı kimi pəncərənin içində oturub babamın günorta yeməyinə gəlməyini gözləməyə başladım. Pəncərənin içində məndən başqa iki dibçək çiçəyi vardı ki bunlardan birinin qırmızı ləçəklərini qoparıb dırnaqlarıma yapışdırır, yoldan keçən tanış üzlərə baxırdım. Oturduğum pəncərənin qarşısında gilas ağacı vardı ki yazda bəm-bəyaz xırda çiçəkləri açanda, daha sonra gilasları qıp-qırmızı rəngə boyanıb pəncərəmizə boylananda çox xoşbəxt olurdum. Amma indi bəm-bəyaz ləçəkləri tökülən gilaslar hələ qıp-qırmızı rəngə bürünməmiş, göm-göy rəngdə idi.
Babamın maşınının siqnalını min səsin arasından tanıyardım. Maşın hər zamankı yerində – gilas ağacının yanında dayandı və siqnal verdi. Bu səs – ‘mən gəldim, özünüzü yığışdırın’ – demək idi. Tül pərdə ayağıma dolaşıb az qala məni ylxacaqdı. Pilləkənlərə tərəf qaçanda nənə qışqırdı:

  • Ay uşaq, yavaş! Evə gəlir də a bala, niyə qaçırsan?
    Pilləkənlərin aşağısında ayaqqabılarını soyunan babamın qucağına atılıb üzündən öpdüm. Kişinin zəhmli üzündə məni görəndə həmişə işıqlanan sifəti yenə nurlandı.
    Birlikdə yuxarı çıxıb şüşəbəndə keçdik. Nənəmin süfrəsi hazır idi. Balaca xuruş boşqablardakı səbzi və təzə – nübar lobya xörəyinin ətri evi bürümüşdü. Babam yeməyə əl vurmadı, çay istədi. Qarşısına qoyulan təzədəm çayı içəndə xeyli qayğılı, sözlü olduğu açıq-aşkar görünürdü. Çayını içəndən sonra mənə tərəf dönüb:
  • Bəlkə bir evinizə gedəsən. Çoxdan getməmisən, – deyəndə mas-mavi gözlərini məndən qaçırdığını gördüm. Çox təəccüblənmişdim. Məni gözündən kənara qoymayan babamdan heç gözləmədiyim bu təklif məni küsdürdü. “Yemək də yemədi, məni daha istəmir yəqin. Evimizə göndərmək istəyir’ – deyə düşündüm. Heç nə demədən ayağa qalxıb getdim. Arxama belə baxmadım. Bununla ondan küsdüyümü bildirmək istədim. İstədim çağırsın, könlümü alsın, nazımı çəksin. Amma səslənmədi, çağırmadı. Qulağım, gözüm, könlüm arxada qalaraq getdim.
    Gözümdən axan yaşı silə-silə gedirdim ki birdən yadıma nənəm düşdü. Babam hər yerdə mənimçün birinci olduğuna görə nənəmi çox da düşünməzdim. Amma bu an babam mənə evimizə getməyi təklif edən anda nənəmin ona mənalı baxışını xatırladım. Mən bunu necə gözardı etmişdim? Ərköyünlük ağılımın önünə keçmişdi. Əlimə geri dönmək üçün bəhanə düşmüşdü. Tozlu səkidən küçəyə tullanıb geri qayıtdım. 5-6 dəqiqəlik yol 5-6 saat uzunluğunda idi. Küçəmizə çatanda uzaqdan babamın maşınının qapısının açıq olduğunu, nənəmin maşına nəsə qoyduğunu gördüm. Ora çatana qədər az qala ürəyim dayanırdı. Ayaqqabılarım ayaqlarımın tələskənliyinə ‘nəfəs” çatdıra bilmirdi. Qapının ağzına çatanda babam küçə qapısını bağlayırdı. Məni görəndə oğurluq üstə tutulmuş uşaq kimi oldu. Bəlkə düzgün ifadə etmədim. Üzündə çaşqınlıq və peşmanlıqla bərabər qətiyyət və çarəsizlik kimi ifadələr dolaşırdı. Bu vaxta qədər heç görmədiyim etinasızlıqla:
  • Niyə qayıtdın? Get evinizə. Bizim gedən yerimiz var – dedi.
  • Məni də aparın. Birinci dəfə deyil ki.
  • Sən get evinizə.
  • Hara gedirsiz? – deyib soruşanda ikisi birdən fərqli cavab verdilər:
  • Bibingilə.
  • Həkimə.
    O zamanlar həkimə getməyin narahatçılığını çox da anlamadığlmdan nənəmin cavabının üstündə durdum.
  • Bibimgilə?
    Nənəm çaşqınlıqla babamın üzünə baxırdı. Mənə heç vaxt yalan deməyən, yalan danışmağın necə pis iş olduğundan danışan babam indi özü mənə yalan dediyindən nənəmin əli üzündə qalmışdı. Gah babama, gah mənə baxır, nə olduğunu anlamağa çalışırdı.
  • Mən də gələcəm. Məni də aparın, – deyə fəryad edəndə nənəm artıq dözməyib:
  • Aparaq uşağı da, – dedi.
    İlk dəfə idi nənəm mənim istəyimə qatılırdı. Babam üzünü bozardıb:
  • Olmaz, apara bilmərəm! – deyib nənəmə gözlərini bərəltdi.
    Məni qəhər boğurdu. Bibimi xeyli zamandı görmürdüm. Onu hər kəsdən çox istəyirdim və onunçun çox darıxırdım. Bir ilə yaxın müddət idi ki qonşu rayona gəlin köçmüşdü. Əlimdən tutub məni məktəbə aparan, ilk dərslərimi mənə öyrədən, ilk şeirimi əzbərlədən bibim üçün çox darıxırdım və bunu zaman-zaman dilimə gətirirdim. İndi isə babam nənəmi götürüb bibimi görməyə gedir, məni aparmır. Həmişə gözlərimin dolduğuna ürəyi tab gətirməyən babam hönkür-hönkür ağlamağıma məhəl qoymadan nənəmin qolundan tutub maşına tərəf gedəndə nənəm qolunu çəkib mənsiz getməyəcəyini bildirdi. Əlacsız qalan babam keçib rulun arxasında oturdu və yolboyu ağzını açmadı. Hansı ki həmişə harasa gedəndə babam çox nəşəli olar, məzəli, gülməli əhvalatlar danışıb məni güldürərdi.
    Kəndlər, almalı, armudlu, üzümlü, heyvalı meyvə bağlar bir-bir arxada qalırdı. Babamdan küsmüş nənəmə qısılmışdım. Həmişə ikisinin arasında oturardım, indi nənəmin təkidinə baxmayaraq nənəm tərəfdə – qapının yanında oturmuşdum. Babam bibim yaşayan kəndə çatmağa az qalmış suyu bulaq suyuna bənzər çayın kənarında maşını saxladı.
  • Gəlin burda çörək yeyək, mən acam – dedi.
    Nənəm ayağının altındakı zənbili götürüb mənim əlimdən tutub çayın kənarındakı tək ağacın altına getdi, süfrə açıb zənbildəki yeməkləri ora düzdü. Babam bardaş qurub süfrənin kənarında oturanda əlinin işarəsi ilə məni yanına çağlrdı. Mən onun yanına gedib qucağında oturub içimi çəkə – çəkə ağladım.
    Günorta evdə yemədiyimiz yeməkləri bu gözəl məkanda – çay kənarındakı tək ağacın altında yedik və etiraf edim ki o lobya yeməyi ondan əvvəl və ondan sonra həyatımda yediyim ən ləzzətli yemək idi. Babam oturduğu yerdən əlini uzadıb çöl çiçəklərini yığıb mənə bağışlamaqla könlümü almaq istədiyini düşünürdüm. Bəs o zaman nədən incitdiyini anlamış deyildim. Ta ki…
    Döydüyümüz küçə qapısının səsinə qaçıb gələn bibimi görənə qədər…
    Bibim əynindəki gen və uzun paltarı ilə mənim bibim deyildi. O artıq üç-beş günə dünyaya gələcək əkiz balalarının anası idi…
    Və babam bibimin bu vəziyyətini görməyimi istəməmişdi…
    Geri qayıdanda maşını bürüyən hönkürtü səsi əvvəlkindən çox daha ağrılı idi…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir