“Qoca” balıqçı

Mən neçə torlardan sağ qurtulmuşdum,
sən necə ovladın məni balıqçı?
Hansı akvariumu vəd etdin mənə,
şirin dillə tutdun, “Qoca” qılıqçı?!

Yaşıl yosunlardan otaq tikmişdim,
dəniz qəlbim kimi dərindən dərin,
unutmuşdu məni bütün balıqlar,
çıxmışdım yadından ağ sahillərin.

Gecə fırtınaydı, qumlar qabarmış
süxurlar qaçırdı dəniz dibindən,
dodağım partlayıb uçuqlamışdı,
zəhrim çatlayırdı vahiməsindən.

Hardansa gur şüa sızıb axırdı,
çəkirdi sahilə sehirli torlar,
balıq qulaqlarım uğuldayırdı,
sahil çığırırdı – “gəldi xilaskar “…

…Azad balıq könlüm qula çevrildi,
qaçdı ətrafımdan dəli dalğalar,
dənizdən okeana açıldım sandım
demə dayazmış dar akvariumlar…

Demə “xilaskarım” – köhnə balıqçı,
satdığın satırmış qəlb bazarında,
bişirib yeyirmiş ən dadlısını,
keyfinin ən acgöz nahar çağında.

… Yenə dənizdədir “Qoca” balıqçı
yenə tor qururmuş şən balıqlara,
günorta çağıdır, yaxındır nahar,

hansı yağlı balıq düşə torlara …

Aida Adıgözəl
04.02.2021

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir