“MƏN” (Bioqrafik Oçerk)

Mən, yarpağın torpaqla öpüşdüyü, xəzana çevrildiyi bir gündə anadan olmuşam. Həmin gün şıdırğı yağış yağırmış, elə şıdırğı ki, tut ucundan çıx göyə.. Həmin gün yarpaqlar xalça tək rəngarəng yerə düzülübmüş..sarı, qırmızı, yaşıl, boz və.s..
Bəli, mən payızın ağuşunda, yağışın şırhaşırında, xəzanların xışıltısında, buludların rəqs etdiyi bir vaxtda anadan olmuşam. Həmin gün “Payızın ritüeli” olub…Deyirlər ki, yağış bolluq-bərəkətdir..
Mən, o bərəkətin yağdığı bir gündə, hətta deyərdim ki, “Bolluq-bərəkət” fəslində anadan olmuşam.Bəlkə də biraz ondan ötrü xoşbəxt insanam….
Bəzilərinin dediyinə görə isə payız ” Şairlər” fəslidir…Duyğuların, hisslərin yağış səslərində ahəng yaratdığı bir gün..O ahəng ki, göylərdən, buludlardan pıçıltı ilə dolur qulaqlara, ürəyə…Sonra da çevrilir; misralara, sətirlərə…
Bəlkə də, elə həmin gün mənim üçün yağan o şıdırğı yağış sadəcə bir yağış deyilmiş, göylərin pıçıltısıymış, yağış şəklində dolubmuş körpə qulaqlarıma…Sonradan həmin səs yayılıb duyğularıma, dönüb olub ” Şeir”….kim bilir..
Bəzən kimlərsə; gəncsən, cavansan payız sənlik deyil, sənin qəlbin ” yaz”, “bahar”olsun deyir…Haqqlıdırlar da, gəncəm, nikbin olmalıyam, amma mən payızın dünyaya bəxş etdiyi şıdırğı yağışın yer üzünə üfürdüyü duyğulardan qopmuş bir misrayam…Payızı unuda bilmərəm, payızın qoxusunu, kədərin səsini, ağrıların, acıların göz yaşlarını şeirlərimə qatmasam, yaşaya bilmərəm…
Şeirlərimin, yazılarım rişəsi, mayası ağrıdır, acıdır…O ağrılar həmin gün, doğulduğum gün Tanrı tərəfindən səpildi hələ ovuc boyda olan ürəyimə. Mənimlə də o ağrı məzara qədər gedəcək…
Bu dünyada məni rahat buraxmayan, mənə dörd əli sarılmış bəşəriyyət ağrısı, dünya yükü ki var bir zaman gələcək qeybə çəkiləcək, həmin gün ruhum da azad olub buludlara tay olacaq…
Narahat, ağrılı, acılı ruhum hələ çox illər yol gedəcək, düşəcək- qalxacaq…
Qəlbimdən sökülən kədəri misra-misra oxuyuculara çatdıracaq…Ta ki, o son günə qədər..O son gün, cismim torpağla, ruhum isə “Azadlığın nəfəsiylə” sevişəcək…
Və həmin anda ağrılar, duyğular, bəşəriyyətin bir ömür qulağıma pıçıltısı, qeybə çəkiləcək….
Mənim ağrılarımı yalnız şair olanlar, dərd, həsrət çəkənlər anlayar. Tanrı bu qədər ağrını, bəşəriyyət yükünü gənc ürəyimə səpdi..Mən bu ilahi payı ölən günümə qədər qoruyub, saxlamalıyam. Nə bahasına olur olsun….

             Ülvi Ələkbərzadə

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir