BAYRAĞIM!

Dədəm Qorqudun duaları,
göy üzünün
GÖY dadını hopdurar
andımın ilk sətrinə.

Başım üstdə əllərimi
ALQIRMIZI qanım teylər
qılınc kimi,
yurd bələnsin deyə
körpə nəfəsinin ətrinə.

BİRə güvəndikcə,
bir bilib babalarımız
yası,toyu.

Özümə döndükcə
YAŞILIM dağların,
çöllərin genişliyində
səsim havalanıb nəfəsim boyu.

Dalğalandıqca
GÖYÜM, QIRMIZIM, YAŞILIM,
sərhəddimin andına alın söykərəm
son nəfəsdə.

Ad yerim,-
AND yerim torpağın
ağrısına söykənib
qalxaram ayağa
hər doğulan səsdə.

Dərd tanıyır adamını

Xatirələr yağım olub,
Döyür yaddaşın damını.
Taykeş düşüb ağrılarım,
Qoşa yandırır şamını.

Oxunmurmuş hər yazılan,
Köhnə imiş tər yazılan.
Axşamına şər yazılan,
Bilənməzmiş dad-tamın.

Ay NURAFİZ, bu ad-sanda,
Bir aldanış varmış sonda.
Eh… özünə yad olsan da,
Dərd tanıyır adamını.

Yadından çıxıb gedirəm

Sinəm dolu nəğmə mehi,
Ovudammır üzdə şehi.
Dodağımı öpən ,,eh”in
Dadından çıxıb gedirəm.

Sönüb közdən külə kimi,
Yorulmuşam kölə kimi.
Qul könlümün , gəl, həkimi,
Badından çıxıb gedirəm.

Baltalar sevməz sapını,
Gəlib əlimə tapınır.
Daha bağlama qapını,
Yadından çıxıb gedirəm.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir