“Sənsizlik” zəhəri

Gəl qoşul mənə kölgə,
gəl,
könül meyxanəmdə bir adamlıq yer boşalıb,
gəl əvvəlcə sənin sağlığına içək,
sonra mənim sağlığıma içərik…
Gəl,
biraz acı süzüm, biraz ağrı,
çox sərt deyil,
biraz solun keyiyəcək, biraz canın üşüyəcək…
Bir az xatirə əlavə edərəm,
arada şirinlik üçün, şokolad əvəzi,
bir az geriyə dönərsən,
o adamı xatırlarsan,
yenə hər şeyi unudub qollarında sönərsən…
Gəl,
əvvəlcə sənə ondan danışım,
dəniz kimi qəfil qabaran, hikkəli, qaya kimi daş,
gecə kimi sükut, alov kimi yandıran,
içində xəzinə basdırılmış soyuq mağara adamdan…
Kölgə qapını ört,
canımı üşüdür o xəzri küləyi,
qulaqlarımı hələ də dənizin hikkəli ləpələrinin sahilə çırpıntılarının şarıltısı döyəcləyir,
unutmaq istəyirəm qış fəslini…
Yox, ağlamıram,
siqaret tüstüsüdür gözlərimə dolan,
amma haqlısan,
mən deyəsən ağlayıram axı,
yadırğamaq istəyirəm, tərgitmək istəyirəm eşq sərxoşluğuma düşkünlüyümü…
Yavaş – yavaş keçəcək deyirlər,
həkim “zaman” həbi yazıb mənə,
gündə içməliyəm ondan,
hər eşq sərxoşluğum tutanda
hər dəfə könlümdən sancılar qalxanda,
hər dəfə başım hərlənib məst olanda…
Deyirlər kömək edir, unutdurur ağrıları!
Mən onu unutmaq istəyirəm kölgə,
süz,
süz yenə,
ağzınacan doldur badəmi,
bax yenə tutdu ağrılarım, yenə, yenə…
Bu boşalan şüşələri görürsənmi
hamısını içdim,
gecələr üşüyəndə boşaltdım hamısını!
Biri “yalan” idi, biri “sevgisizlik”,
biri “xəyanət”,
bir şüşə qalıb – “ölüm” adlı!
“Ölüm” daha tünddür, ona “sənsizlik” adlı zəhər də qatmışam,
tez öldürürmüş adamı!
Mənə baş qoşma kölgə,
mən bir az vərəməm, dərdəm,
biraz da ömür çürüdənəm, adam çərlədənəm…
Bilirsən, hamı
qaçır xəstə adamlardan,
yoluxmaqdan qorxurlar,
o da qaçdı məndən,
şirmayı dişli dodaqlardan qopan gülüşlərə görə tərk etdi məni!
Süz,
süz kölgə,
süz, o sonuncu şüşədəki “sənsizlik” zəhərindən süz,
məni xəyanət öldürüncə qoy “sənsizlik” zəhəri öldürsün…
Götür,
götür bunu da mənim sağlığıma içək, içək!

Aida Adıgözəl
30.01.2021

Bağışla

Belə oldu birdənəm,
tale belə gətirdi.
Arazın adı çıxıb,
adı – “ayrılıq” çayı.
Çayın işi axmaqdı
ya aradan, dərədən,
ağrısın sahil çəkər,
yük olar onun payı.
Bilmirəm, ömrüm – günüm,
mənim Dərbənd könlümə
haçansa insaf düşər,
sökərəm hasarları…
Əllərim qanasa da,
qırılsa da ürəyim
kəsərəm ağlayaraq
məni səndən ayıran
dəmirdən tikanları!
Yaman dəydin könlümə
dağlar çəkdin araya,
dəmir çarığım da yox,
aşam uca dağları
qayıdam öz evimə …
Üzü yazadır fəsil,
gözlə müjdələrimi
qaranquşla, yağışla,
mən gedirəm ömründən
bilmirəm qayıdacam,
yolum çox uzaqlara,
öpürəm gözlərindən.
Hələlik, ömrüm – günüm,
gecə çalış yuxula,
dərmanı vaxtında iç,
ürəyin ağrımasın,
bacarmadım dönməyi,
bacarmadım, bağışla….

Aida Adıgözəl
06.02.2021

Kəndimiz

Torpaq yollarının tozu tükənməz,
çörək ətirlidi bizim kəndimiz.
Hər çəpər altında dadlı xatirə,
hər daşı ömürdür bizim kəndimiz.

Yuxudan oyadar su şırıltısı,
çaqqal ulaşması, it mırıltısı,
qırçın ləpələrdə gün parıltısı,
ana laylasıdır bizim kəndimiz.

Yulğunu, qamışı çöllər bəzəyi,
biyan, sarıçiçək, mavi çiçəyi,
təndirə köz salar malın təzəyi,
küdrüsü ilğımlı, bizim kəndimiz.

Qanqal çətənəsi, çöl pencərləri,
bəndin sinələri tülkü səngəri,
ağacdələn səsi, bağlar dülgəri,
rəssamı özüdür, bizim kəndimiz.

Balıqları dadlı, bostanları tər,
əllərinə qıyma, utanma, bol dər,
adı Mollakənddir, sinəsi minbər,
Allahın lütfüdür, bizim kəndimiz.

Ey, yurdun balası, doğmadan doğma,
kəndinə gələrkən özünü boğma,
elinlə fəxr elə, obana sığma,
Aran gözəlidir, bizim kəndimiz.

Aida Adıgözəl
( 2020 )

Bəlkə rastlaşarıq bir gün,
mənə baxma,
gizlə gözlərini,
gizlə,
od alaram yanaram,
dözmərəm,
şam kimi əriyərəm…
İçimdəki çəkişmələrdən,
ürəyimdəki didişmələrdən
üzülmüş bu yorğun bədəni
yerlə sürüyərəm…
Bax,
yenə çöldə kiçik çillənin
dəli küləkləri
çevirir dünyanı başımıza.
Dünyanın damı altındakı
başqa başqa otaqlarımızda
sovrulub getməkdəyik
küləklərin buz nəfəsində
ayrı – ayrı qütblərə…
Sən isti sevmədiyin üçün
şimal qütbünə,
mənsə üşüdüyümçün cənub qütbünə!
Küləyin çırpıb açdığı nəfəslikdən
buz dolur otağıma,
üşüməyə başlamışam…
bəlkə -“gəl” – desəydin
gələrdim yenə də,
amma hələ qış bitməyib,
könlümə qar yağır…
Deyəsən soyuq ağlımı çaşdırıb,
lənət şeytana,
gecə – gecə
səni niyə arzulayım ki?!
Səhərə az qalır,
bəlkə
buludlar altından
günəş doğacaq?!

Aida Adıgözəl
07.02.2021

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir