Səndən gözəl gülən yoxdur,
məndən gözəl ağlayan.
Bu sevginin acısını
sənə xatir
ürəyində saxlayan.
Bu pünhan eşqimə qurban olum mən
odur məni gülüşünə bənd edib
bu həyata bağlayan.
Səndən gözəl gülən yoxdur
o qatil gülüşünün
əllərində
məndən gözəl ölən yoxdur.
Gülüşündə əzazillik,
gülüşündə mərhəmət var.
Gülüşündə göz yaşlarım
gizlənibdi dənə-dənə.
Qoy səpilim ayağının altına
Gülərüzlüm, gül doyunca dönə-dönə.
Atlaz Rzayi

Məni itirdiyin gün
soyuqluğun keçəcək
evinin divarına, daşına.
Havadan buz yağacaq,
dönəcək gözlərinin yaşına.
Peşmanlığın əritməz
könlümdə olan qarı.
Aramızda sədd olan
nifrət adlı divarı
Yıxa bilməz yalvarışların.
Susub gedirəm.
Susqunluğumun soyuğunda
üşüyəcək ürəyin.
Arxayın idin hər fürsətdə
səni gözləməyimə.
Hər acını könlümün
bir küncündə gizləməyimə.
Bütün gizlətdiklərim daş parçası kimi
başına düşəcək.
Sonuncu gedişim
sənin yuxudan ayılan yaşına düşəcək.
Atlaz Rzayi

Qəm eləmə ömrüm-günüm bu qədər
bu sevginin həsrəti də şirindir.
bu nifrətsiz ayrılığın vüsalı
hər addımda, hər fürsətdə gəl deyir.
Mən bu eşqin heyranıyam- hər
sabah
çiçək kimi açılmağı bilirsən.
Həsrət adlı pəncərəmin önündə
günəş kimi məsum-məsum gülürsən
İncitmədin bircə dəfə sən məni
Küsəndə də gülümsədin üzümə.
Ən ağrılı zamanımın dostusan
Həsrət nədir aramızda? Üzülmə.
Atlaz Rzayi

Alıcı quş kimi caynağında sən
qaldırıb göylərə, çırpdın yerlərə.
Gündüzün bəxtinə tikəm düşmədi,
bir tikəm bölündü gecə min yerə.
Gecənin nəfəsi bölük tikəmə
toxundu, toxundu qızınammadım.
adam olmağından üzüldü əlim
səndən tikəm boyda sevgi ummadım
Ey mənim qürurum, səndən raziyam,
raziyam, gecənin sevgisi qədər.
ağlımın, qəlbimin toz boyda olan,
gecəyə səpilən itkisi qədər.
Atlaz Rzayi

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir