“MƏHƏMMƏD FÜZULİ YARADICILIĞI”

Məhəmməd Füzuli (əsil adı: Məhəmməd ibn Süleyman, 1494-cü ilə Kərbəlada anadan olmuş və 1556-cı ildə orada haqq dünyaya köçmüşdür) – orta əsr klassik Azərbaycan şairi, mütəfəkkir və filosof, Azərbaycan ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri olmuşdur.
Füzuli, böyük sələfləri kimi yalnız şair deyil, həm də mütəfəkkir оlmuş və bir çox mənbələrdə Molla Məhəmməd Bağdadi adı ilə də tanınırmışdır. Onun yaradıcılıq çırağı sоn dərəcə zəngin və rəngarəng olmuşdur. Özünü təfəkkür atəşi içində əridən mütəfəkkir Azərbaycan əruzunun оrta əsrlərdə ən parlaq və dahiyanə nümunələr yaradan qiymətli əsərlərini ana dilində yaratmış, bununla yanaşı, ərəb və fars dillərində də klassik bədii nəsrin gözəl nümunələrini yazmışdır.

Məhəmməd Füzuli – ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına misilsiz təsir göstərən ədəbi məktəb yaratmış dahi şair və mütəfəkkirdir.
Şair İraqda doğulmasına baxmayaraq, mənşəcə türk xalqlarının Boyat soyuna mənsubdur. Şairin türkcə əsərlər yaratması və bu dilə xüsusi diqqət yetirməsi onun türk soyundan olduğunun isbatı üçün kifayətdir. Bununla bərabər şair özünün türk və türkdilli olduğunu belə ifadə edir:

Ey feyzi-rəsani-ərəbü türkü əcəm,

Etdin füsəhayi-əcəmi İsadəm,

Bən türkzəbandan iltifat eyləmə kəm.

Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda və Nəcəfdə davam etdirmiş, ərəb və fars dillərini mükəmməl öyrənmişdir.
Yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyata gətirdiyi “Leyli və Məcnun” mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

1) əsərlərini incələdikcə məlum olur ki, o çox ağır fəqiranə bir həyat keçirmişdir. Füzulinin vəfat tarixi barəsində 2 məhşur və güclü rəvayət vardır. Biri 1556-cı il, digəri isə 1562-ci illə bağlı olan rəvayət. Bu iki fərqli tarixlərin hansının daha düzgün olması şairin vəfatı barədə “Riyazüş-şüəra”da verilmiş maddeyi-tarixin hesablanması zamanı üzə çıxır. Maddeyi-tarix kimi verilmiş “Köçdü Füzuli” əbcədlə hesablandıqda 963-ə bərabər olur. Həmçinin şairin taun xəstəliyindən dünyasını dəyişməsi və Bagdadda da taun xəstəliyinin 1556-cı ildə baş verməsi faktı şairin məhz 1556-cı ildə vəfat etdiyini qəti və möhkəm şəkildə təsdiq edir.

Məhəmməd Füzuli vəfat etdikdən sonra öz vəsiyyətinə əsasən İmam Hüseynin (ə) qəbrinin ətrafında torpağa tapşırılmış və qəbrinin üzərində günbəz ucaldılmışdır. Türk araşdırmaçılarından Müslim Erqulun yazdığına görə, Bağdad valilərindən biri şairin

” Məzarım üzrə qoymuş mil, əgər kuyində can versəm,

Qoyun bir sayə düşsün qəbrimə ol sərvi-qamətdən “

beytinə əsaslanaraq, böyük mütəfəkkirin qəbrinin üzərindəki günbəzi sökdürmüş və İmamın (ə) qəbrinin kölgəsi şairin məzarının üzərinə düşmüşdür.
1975-ci ildə İmam Hüseyn (ə) həriminin ətrafındakı xiyabanların böyüdülməsi ilə əlaqədar şairin cənazəsi məzardan çıxarılaraq, hərəmin kitabxana və xəttatlıq binasında dəfn edilmişdir.

Məhəmməd Füzuli haqqında danışarkən xüsusilə qeyd etmək lazımdır ki, o, yalnız şair və yazıçı deyil, eyni zamanda böyük mütəfəkkir, dini alim və Əhli-beyt (ə) aşiqidir. Əhli-beyt məktəbinə möhkəm etiqadı və 14 məsuma dərin məhəbbəti onun əsərlərində açıq şəkildə təzahür edir. Xüsusən də türkcə və farsca yazdığı mənzum və mənsur əsərlərində etiqad məsələlərinə güclü meyl aydın görünür.

2) Cəmiyyətdəki sosial təbəqələşmə Nizami və Nəsimi kimi, Füzulini də dərindən narahat etmişdir. Sosial bərabərsizlik – cəmiyyətin yuxarılara və aşağılara parçalanması mövcud olan bütün bəlaların fövqündə durur, labüd ədalətsizliklərə, zülmə və istismara rəvac verirdi. Zəmanənin sərt qayda-qanunları cəmiyyətdə sosial bərabərlik yaratmağın fərqində deyildi. Füzulini isə belə quruluş, təbii ki, qane etmirdi və edə bilməzdi. Sadə xalq kütləsinə bütün varlığı ilə bağlı olan və onun taleyini düşünən humanist mütəfəkkir insanların əsil-nəcabətinə, varına-sərvətinə görə deyil, bilik və bacarığına görə qiymətləndirilməsinə üstünlük verirdi. Onun nəzərində cəmiyyətə fayda verən, onu maddi nemətlərə çatdıran insan, bir də başqalarının zəhməti hesabına yaşayan, sadə adamların nemətlərindən faydalanan müftəxor insan var idi. Məhz bu nöqteyi-nəzərdən, o, cəmiyyətin əmlak kriteriyasına görə ikiyə bölgüsünün tam əleyhinə çıxmışdır.

Qurtuluşu haqsız dünyadan uzaqlaşmaqda zənn edən Füzuli, ilk növbədə əyilməzlik nümayiş etdirirdi. O, bir qarın çörək üçün varlıya əl açmağı nə özünə, nə də müasirlərinə rəva görmürdü. Alçağa əl açıb təhqir olunmaqdansa, yoxsulluq qürurunu qoruyub-saxlamaq daha yaxşıdır. Yoxsulluq rütbəsində ali olmaq, hər hansı varlının himayəsinə sığmıb alçalmaqdan daha üstündür. Mütəfəkkir bunun puçluğunu qeyd edərək, haqsızlıqlar dünyasından uzaqlaşmağı üstün tutur. Çünki yaşamaq üçün əmirə və ya şaha xidmət göstərmək mənasızdır.
Bu barışmazlıq onun “Şikayətnamə” əsərində öz parlaq ifadəsini tapmışdır.

Füzuli dövlətin vəzifəli şəxslərinin əxlaqsızlığını çox sadə bir dillə, bəzəksiz-düzəksiz belə təsvir edir: “Salam verdim – rüşvət deyildir deyə almadılar. Hökm göstərdim – faidəsizdir deyə mültəfit olmadılar… Dedim: “Mənə bərati-təqaüd vermişlər…” Dedilər: “Ey miskin! Sənin məzamilinə girmişlər və sərmaeyi-tərəddüd vermişlər ki, müdam faidəsiz cidal edəsən və namübarək üzlər görüb, namülayim sözlər eşidəsən”.

3) Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!

Az eyləmə inayətini əhli-dərddən,
Yəni kim, çox bəlalara qıl mübtəla məni!

Olduqca mən götürmə bəladan iradətim,
Mən istərəm bəlanı, çün istər bəla məni!

Təmkinimi bəlayi-məhəbbətdə qılma süst,
Ta dust tən edib deməyə bivəfa məni!

Getdikcə hüsnün eylə ziyadə nigarımın,
Gəldikcə dərdinə bədtər et mübtəla məni!

Mən qandanü mülaziməti-etibarü cah,
Qıl qalibi-səadəti-fəqrü fəna məni!

Öylə zəif qıl tənimi firqətində kim,
Vəslinə mümkün ola yetirmək səba məni!..

“Füzuli dərd əlindən dağa çıxdı, Dedilər, bəxtəvər yaylağa çıxdı”…
“Dərd” sözü səninlə bağlı işlənəndə “məlhəm”dən gözəl, səhhət-salimlikdən xoş səslənir, ey irfani-müalic!
Hələ bu irfanilik, qəlb oynadan əruz-ozanilik bir yana, “Gər dersə ki Füzuli gözəllərdə vəfa var, Aldanma ki, şair sözü, əlbəttə, yalandır” kimi ikibaşlı yanıltmaclar, “Gər yaxşı olardın, adını “al” qoyardın, “alma” neyçün qoyardın” sayaq poetik atmacalar nəmənə, ey dahilər Dahisi!
Yazıbsan ki “Məndə Məcnundan füzun aşiqlik istedadı var”. Belə postulatlar bucağından baxanda, adam Sözü səninlə ölçməyə başlayır, bəs Səni sözlə necə ölçməli?..
Zaman keçdikcə bütün filizlər paslanır, hətta hərdən qızılı da üfürüb-silmək gərəkir. Sənin qəzəllərini isə, zaman-zaman yalnız sinirib anlamaq aqilliyi gərəkib və gərəkəcək. Bir çox müasirlərimizin maza-mata mindirilən, heç nə ilə seçilməyənlərini “seçilmiş əsərləri” adı altında həşir-nəşrlə çapa-çap edilənlərdən min ağac uzaq fərqlə.

Nəticə.
Və sonda bir muğam ifasından xatırladığım “Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var” misrasını bu qadir şairlə bağladım. Belə ki, beş yüz ildən çoxdur Füzulini qəlbən oxumuş hər kəsin gizli, müqəyyəd bir sevgilisi olub, bundan sonrakıların da olacaq…

BEMM-nin Sumqayıt filialının rəhbəri və bədii qiraət şöbəsinin müdiri,
Türkmən Ədəbiyyatçılar birliyinin üzvü VÜSAL AĞAYEV

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir