ELƏ BİLDİM SƏN GƏLMİSƏN!

Pəncərəmi döydü külək,
Elə bildim, sən gəlmisən!
Dillənmədi susdu ürək,
Elə bildim, sən gəlmisən!

Gecə xeyli keçib axı…
Ürəyimə düşdü qorxu.
Gözlərimdən qaçdı yuxu,
Elə bildim, sən gəlmisən!

Külək əsdi, mən oyandım,
Bəs dedim sənsən, aldandım.
Durub bayıra boylandım,
Elə bildim, sən gəlmisən!

“GÜNAHIM YOX, SEVDİM SƏNİ”

Yığışdıqca derd bağrına,
Qelbin alır duman çeni.
Ürek dözür her ağrına,
Günahım yox, sevdim seni.

Men sevdikçe alışırdım,
Eşq oduna qarışırdım.
Sen küsende barışırdım,
Günahım yox, sevdim seni.

Külek kimi sen esdikce,
Yollarını men kesdikce.
Seher-axşam incidikce,
Günahım yox, sevdim seni.

Uzandı hicranın yolu,
Bağlanmadı hesret yolu,
Ömrümüze yağdı dolu.
Günahım yox, sevdim seni.

Gözlerim yolda qalsada,
Ürek hesretle yansada,
Meni xeyal aparsada,
Günahım yox, sevdim seni.

Vücudum yarpaq tek esir,
Zaman gedir, hey telesir.
Men de oldum sene esir,
Günahım yox, sevdim seni.

Gel eşqime sadiq ol sen,
Bir xeber al üreyinden,
Bir ilham al bu sevgiden,
Günahım yox, sevdim seni.

Sinəm qara buludludu,
Vüsal yolda bir yolçudu,
Bu ayrılıq meni yordu,
Günahım yox, sevdim səni.

AĞLAMA AY ANA…

Ağlama ay ana qurbanın olum.
Göydə mələklər də eşidir səni.
Başını söykəmə soyuq məzara
Onsuz da qəm qüssə üşüdür səni.

Üzülmə ay ana, Allaha inan.
Bilirəm ağırdı bir bala dərdi.
Bir də onu bil ki gəldiyim məkan,
Hamının əbədi gəldiyi yerdi.

Ağlama ay ana mən sənə qurban,
Bu yolda can vermək şərəfdir mənə
“Qoy olsun oğullar vətənə qurban.”
Hələ uşaq ikən deyərdin mənə.

Başını dik saxla, vüqarla dayan,
Şəhidəm ay ana, vətən daşıyam,
Mən ki əzəl gündən haqq yolundayam
Yurdumun həqiqi vətəndaşıyam.

“ŞAİRLƏR”

Şair sözə əkinçidir,
Əkdiyindən şeir bitir.
Ay sözün “ilham pərisi”,
Mənə də bir səda gətir.

Bir sözün xətrinə şair,
Torpaq qazar, göyə qalxar.
Səmalarda aya dönər,
Yerə Günəş kimi baxar.

Sözlə qaya çapar şair,
Tökər qələmin gücünü.
Şair sözün yolçusudur,
Sözlə doludur xurcunu.

Dəryadı, dənizdi təbi,
Ləpələnir sakit, coşmur.
Şairlər Allah adamı,
Şairlər yalan danışmır.

Şair sözə bəzəy vurar,
Şair sözün nazın çəkər.
Çəkilər öz dünyasına,
Bu dünyadan gözün çəkər.

Söz şairin ruh yeridir,
Söz şairin güman yeri.
Şairin gözü tox olur,
Qələmidir uman yeri.

Vusal Agayev

QAFANIM MƏNİM

Ey ana Vətənim, ata yurdum,
Sənli düşüncədə xəyallar qurdum,
Səni qaytaranda yenilməz ordum,
Bil ki, rahatlanar bu canım mənim
Ey gözəl füsünkar Qafanım mənim

Boylanır yollara, dağlar, qayalar,
Hardadır o güllü çiçəkli çağlar,
Əsirdir o barlı bağçalar, bağlar,
Gözümü kor edib hicranım mənim
Ey gözəl füsünkar Qafanım mənim.

Vardı sözü keçən nər babaların,
Qılıncdı zinəti ər babaların,
Yanından ötməzdi şər babaların,
Ruhumu yaşadan tək canım mənim
Ey gözəl füsünkar Qafanım mənim.

Suyu zəmzəm kimi, havası gözəl,
Alması, heyvası, gilası gözəl,
Qoynunda anamın laylası gözəl,
Sənsiz alov alıb dörd yanım mənim
Ey gözəl Füsünkar Qafanım mənim.

Yaxında yuxuda səni görmüşəm,
Sevincdən özümü lap itirmişəm,
Sənsiz yaşamıram sanki ölmüşəm,
Sənsiz yürüməyir tək anım mənim
Ey gözəl füsünkar Qafanım mənim.

Kaş bir gün olaydı dönəydik geri,
Səninlə böləydik xeyiri, şəri,
Vüsal da, gəzəydi dağı düzləri,
Kaş ki, düz olaydı gümanım mənim
Ey gözəl füsünkar Qafanım mənim.

YUSİF ƏMİ
(Əmim Ağayev Yusif Böyükkişi oğluna ithaf edirəm.)
1950-2019

Başsız qoyub getdin gəlinbacımı,
Artırdın mənim də ağrı-acımı,
Atam Böyükağa saldı tacımı,
Dərdi bizə qoydun pay, Yusif əmi
De hara gedirsən, ay Yusif əmi.

Köçüb bu dünyadan əmim Tahir də,
Salıbdı ayrılıq, intizar, dərdə,
Axı siz böyüklər olmayan yerdə,
Nur saçmır gecələr AY, Yusif əmi
De hara gedirsən, ay Yusif əmi.

Sən köçdün, neyləsin yoldaşın Nisə,
O kimdən inciyə, de, kimdən küsə,
El aləm yığışdı, fəryada, səsə,
Qurudu axmadı çay, Yusif əmi
De hara gedirsən, ay Yusif əmi.

Gözü ata gəzir Elmirlə, Samir,
Onları sarsıtdı amansız əmir,
Allahdan sizlərə dilərəm səbir,
Uçdu əlimizdən tay, Yusif əmi
De hara gedirsən, ay Yusif əmi.

Ata dərdi çəkir, Səkinə qızın,
Ömürlük qış etdin baharın, Yazın,
Atalar çəkirlər övladın nazın,
Bitdi övlad üçün yay, Yusif əmi
De hara gedirsən, ay Yusif əmi

Əmim Rahil, Alik, Saleh, Mais də,
Qardaş həsrətində dözmürlər dərdə,
Gözü baba gəzir üç nəvələr də,
Çoxuna dərd verdin, say, Yusif əmi
De hara gedirsən, ay Yusif əmi.

Oxşayır rəsmini, bibim Gülarə,
Qalıb ahuzarda bacın Dilarə,
Mehbarə bibim də, sənsiz biçarə,
Haraya vermirsən hay, Yusif əmi
De hara gedirsən, ay Yusif əmi.

Vüsalam, ayrılıq soydu dərimi,
Həsrətin dağladı əmilərimi,
Soyutdu bu hicran, alın tərimi,
Məni də məzara qoy, Yusif əmi
De hara gedirsən, ay Yusif əmi.

16-06-2017 ci il.
(Əmim Ağayev Tahir Böyükkişi oğluna ithaf edirəm.)

ƏMİ….

Qəribə dünyadır həqiqətən də,
İnsan birdən-birə buza dönərmiş.
Səninlə yanaşı daim gəzən də,
Bir gecə yox olub gedə bilərmiş.

İnsan yox olarmış bir an içində,
Əriyə-əriyə sönmək olarmış.
Gün-gündən daha da artan əzaba
Səssizcə qəlblərdə dözmək olarmış.

Ay əmi, can əmi hara qaçırsan,
Ruhun hara getdi, hara itdin sən.
Bilirəm cənnətdən bizə baxırsan,
Bizi buraxıb cənnətə getdin sən.

Bilsək də çətindi olmayır yenə,
Unutmaq olmayır son baxışları.
Görürdüm mən atami itirən gecə,
Sənin gözündən axan yaşları.

Gedirəm deyirdi susqun gözlərlə,
Unudun kədəri, unudun qəmi.
İndi nə deyim mən, hansı söz ilə,
Qardaşlarına təsəlli verim ay əmi ?!

Bilirik sən indi orda rahatsan,
Burada bezmişdin öz həyatından.
Ruhun bizimlədi özün azadsan,
Bəlkə də min dəfə keçdik yanından.

Sən bizləri cənnətdən seyr edirsən,
Görürsən məni də, ölənləri də.
Mən isə şəklinlə söhbət edərkən,
Görmürəm səni də, gedənləri də.

Ay əmi rahat yat sən o məzarda,
Bizləri düşünmə, rahatıq burda.
Bəlkə bir yağışda, bəlkə də qarda,
Gec ya tez bizə də yer var yanında.

Torpağa qarışıb torpaq olsan da,
Bir gün inan mənə qarşılaşarıq.
Sən bizi tərk edib uzaqlaşsan da,
Biz sənə hər gecə yaxınlaşarıq.

“QƏBRİN NURLA DOLSUN ATA” !!!

Bu otaqlar, sənin izlərin olan bu divarlar, nəfəsini hiss etdiyim evin hər bir küncü mənə eyni anda artıq yoxluğunu xatırladır.
Yenidən və yenidən Sən, heç bitməyəcək bu Sən-lərim Ata…
Bugün sənə necə ehtiyac duyduğumu hiss etdim, və yoxluğunu, daha heç vaxt olmayacağını dərk etdim…
Düşündüm bugün var olsaydın necə olardı heyatım.
Və o an içimdə sənə olan möhtaclığımı hiss etdim.
Mənə elə lazımsanki…
Birdən sənə yenidən sarılmaq, səni qucaqlamaq istədim, uşaq ikən etdiyim hər bir şeyi yenidən yaşamaq istədim.
Səninlə keçirdiyim bütün günləri geriyə istədim, Ata…
Nədən başlayım, nədə bitirim bilmirəm.
Səni yox kimi necə qəbul edim bilmirəm.
Necə anladım bilmirəm, içimdəki bu boşluğu, ağrını necə anladım.
Sən yoxsan…
Və bu gərçəkdən başqa hər bir şey yalandı.
Artıq səninlə addımlamağa başladığım bu həyat yolunu sənsiz addımlamaqdayam.
Yoxsan, artıq düşüncələrimi, hərəkətlərimi, etdiyim səhvlərimi sənə deyil kənarındakı otları təmizlərkən məzarına danışıram…
Ağlayıram, mən yenidən ağlayıram, Ata…
Bu dünyada tək güvəndiyim sənin varlığındı, tək sığınacağım sənin yanın idi.
O yer ki, orada hər bir çətinlikdən uzaq idim, çünki sən vardın…
Nə etsəm məni qoruyacağına əmin idim.
Səhv səhv dalıyca edirdim, qorxmurdum…
Heç bir şeydən qorxmurdum. Amma bugün çəkinirəm, bugün artıq səhvə yol verə bilmirəm, verməyə haqqım yox artıq, çünki sən yoxsan artıq.
Sənsiz yürüdüyüm bu yolda artıq məni qoruyacaq sən yoxsan.
Hər səhvimdə məni danlamadan, hər şeyi anladacaq sən yoxsan artıq…
Niyə belə tez əlini üzdünki bu həyatdan?
Niyə belə anidən çıxıb getdinki?
İndi hər bir şeyi geride buraxıb heç yox imişsən kimi davam etməliyəm. Sənsiz yaşaya bilmərəm deyirdim, amma bugün yaşayıram.
Bunu necə bacardığımı bilmirəm, Ata…
Geridə üzərimə buraxdığın məsuliyyətləri dərk etməyə başlayıram. Sənin sevimli oğlun sənə oğulluq edə bilmədi.
Edə bildiyi tək bir şey səni məzara aparmaq oldu.
Niyə Ata?…
Necə bununla kifayətlənə bilərdim ki, Ata?
Yoxsa ki ailəni mənə buraxıb getməkdə səbəbin mənim belə tez hər şeyi anlamağım idi?
Yoxsan…
Və əmin ol ki, səndən sonra tez böyüdü oğlun sənin, Ata…
Son gün, səni gördüyüm o son günü ağlımdan çıxara bilmirəm.
Hər attığım addımda o günü düşünürəm.
Hamını otaqdan çıxarıb mənə dediyin o sözləri. Bunları əvvəldə deyə bilərdin, Ata…
Mən hər birini edərdim, amma sən getməyəydin.
Qardaşıma da, bacıma da baxardım, anamı da qoruyardım, sənin xəstəliyinlə də mübarizə aparardım, amma sən getməyəydin.
Mənə necə bir anı yaşatdığını özün də bəlkə də bilmədin.
Kimə anladım ki o anı?
Kim anlarki mənim bu göz yaşlarımı? Ağlamamağı öyrətmişdin mənə.
Hər zaman mübariz olmağı öyrətmişdin mənə, hər nə olursa olsun başımı dik tutmağı öyrətmişdin mənə, aciz olmamağı…
Sən çiynimdə son evinə gedərkən necə dik durum Ata?
Sənə deyəcəklərim o qədər ki…
Sənin kimi bir başqası anlamaz məni.
Həm mən axı güclü olmalıyam.
Arxamdakı dağ artıq yoxdu.
Mənə baxan o gözlərin son dəfə ağladığı kimi qalıb xatirimdə.
Hər gün daha da çox uzaqlaşırsan məndən.
Hər keçən gün itir yaddaşımdan sənə aid anlar…
Yox… Yox…
İstəmirəm.
Dayandır zamanı…
Sənsizliyin acısının keçməsini istəmirəm.
Qoy hər an ağlasın gözlərim sənin kimi bir atanı itirdim deyə.
Balaca oğlun yox olub gedir hər gün. Artıq o çox dəyişibdi, Ata…
Sənə verdiyim sözü pozmadan getməyim,
Sənsizliyə alışmağım lazım…
Səni sevməyi sənsiz davam etməyim lazım.
Buraxdıqlarına aid olmağım lazım.
“Qəbrin nurla dolsun ATA” !!!

MƏZARINDA RAHAT UYU AY ATA…
12-08-2016…..12-08-2018

Səninlə axırıncı görüşümün son nidasıdır, bu cümlə. Hönkürüb ağladığım o anı hələ də unuda bilmirəm. Sən həmin anda son sözünü deyə bilmək uğrunda mücadilə edirdin. Çabalayır, danışmaq istəyirdin. Mən isə səhər evdən işə yollananları geri çağırmağa çalışır, təcili yardım soraqlayır, Allahdan yardım istəyirdim. Həkimlər sənə yardım göstərməyə çalışırdılar. Sən isə çabalayır, oyanmaq istəyirdin. Oyana bilmirdin halsız idin. Sanki əzrail ilə savaşırsanmış kimi əllərini havada yelləyirdin. Şəkərin çoxyüksək idi. Bu balansı tənzimləməksə, artıq gec idi. Həkim şəkəri salmaq üçün iynə vursa da, bunun sənə heç bir köməyi olmadı. Mən isə gələn həkimlərə acizanə şəkildə yalvarır, – «nə olaaaar, kömək edin» deyirdim.

Kinolardakı kimi səni komadan çıxarmaq üçün taqətsiz əllərini ovucumun içinə aldım.
«Sən güclüsən, getmə, qayıt»,- «bax, mən burdayam, sənin çox istədiyin sevimli oğlun» – deyə səsləyirdim səni… Eşitdin məni. Reaksiya verdin. Ürəyimdə ümid qığılcımları alovlandı. Dedim: – qayıtdı.
Beləcə sübh vaxtı səhər 8 radələrində sən dünyanı dəyişib, bizi tərk etdin.
Mən artıq evdən çıxanda qardaşımın sənin yaxınlığına çəkdiyi «sərhədi» görəndə nə baş verdiyindən xəbərdar idim.

Sadəcə sənin son gedişini izləməyə gücüm çatmadı.
Axı, mən səni evdən gülə-gülə yola salmağa, xeyir-dua verməyə, ata, ehtiyyatlı ol,– deməyə öyrəşmişdim.
Bəs indi nə deyəcəkdim?!
Artıq sənin yoxluğunun 2 (iki) ili tamam olur. Sənsiz keçən bu iki ildə həyətimizin hər tərəfi sənin üçün darıxıb. Birlikdə əkdiyimiz ağaclar, güllər. Sən onların qayğısına qalardın. Öz balan kimi əzizləyər, bir budağı sınanda heyifsilənərdin. Köks ötürərdin. Sən gedəni həyətimizə sükut çöküb. Mən sənin varlığını qızıl güllərimiz çiçəkləyəndə hiss edirəm. Ağaclarımız bar verəndə duyuram, Ata. Bir də arzum, diləyim həyata keçəndə sənə o qədər ehtiyac duyuram ki… Axı, sən mənim hər arzuma sevinən ilk insan idin.
Bircə sualımıda cavabsız qoymazdın. Bizə qohumluğu çatan adamları müzakirə edirdik. Bəzən mənə kəndin əvvəlki mənzərəsin göstərir, kimin evi harda yerləşdiyindən söhbət açardın. Gahda oxuduğun kitablardan bəhs edərdin. Şəhəri gəzməyə çıxardıq.
Eh nə sözümüz bitirdi nə söhbətimiz ay Ata. Həmişə danışmağa mövzumuz olurdu. Artıq 2 (iki) ildi Ata yoxsan. Yoxluğuna alışa bilmirəm Ata. Sən getdin evin yetim qalıb, ocağın başsız qalıb ay Ata.
Sən gedəli könlüm Ata nəsihəti axtarır.

Evin yetim qalıb, ocağın başsız,
Qoydun getdin bizi vaxtsız zamansız,
Qalmışıq tək-tənha gücsüz əlacsız,
Həyatda yoxluğun ürək dağlayır.
Ata nəsihəti könlüm axtarır.

Nə yazıq ki, beləcə qızmar yay günündə qismətimizə ayrılıq da düşdü. Sən bu dünyadan köç etdin…
Bax o gündən qəlbimi Ata həsrəti dağlıyır. İçimi param parça edir Ata. İçim sızlayır Ata… Evimizin hər yeri, doğmaların, hətda tərk etdiyin şəhərin belə sənin həsrətini çəkir Ata. Bizi yıxanda elə Ata həsrətidi…
Ata həsrəti..

Zirvə qarı almaz qaşdı hər dağa,
Əymə qəddi, dağ tufana əyilməz!
Kür oğlusan, kükrə Kür tək, ay Ata!
Ər kişisən, ər hicrana əyilməz!

Ruhum küsür şəklini hər görəndə,
İstəyirəm yeri-göyü titrədim.
Yeniyetmə bir cavansan, çöhrəndə
Yuva salıb dünya boyda həsrətim.

İllər bizi ayrı saldı əzəldən,
Rastlaşaydıq, kam alaydı ürəyim!
Sənsizliyi miras qoydun bizə sən,
Axı belə mirası mən neyləyim?

Mən nə deyim bu dövrana, bu hala?
İşə bir bax: mən toxtamış, sən cavan.
Rahatlığım yetim qalıb, çalxala!
Zaman dönsün, dövran çıxsın oxundan!

Alaq biz də kamımızı, Atacan!
Ulduz olaq, kəhkəşanlar doğulsun!
Rüsvay edək, şəri qovaq dünyadan,
İtgin salaq, haqqa heykəl qoyulsun!

Bağışla məni, ata… Səni mən qoruya bilmədim.
Mən öyrəşmişdim, arxanca su atım və axşam tərəfi geri dönməyini gözləyim. Sən demə bu sonuncu gedişin imiş. Getdin və bir daha geri dönmədin. Mən isə hələ də yolunu gözləyirəm, amma xatirələrdə… Təsəllim də var… Bəlkə nə vaxtsa ya sən geri dönəcəksən ya da ki mən yanına gələcəm!

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir