” V İ D A “

Son dəfə
üzümə dikilən baxışların
yaddaşıma kilidlənib
qalıb eləcə…
Baxırdın səssiz- səmirsiz,
dərdin necə böyük idi,
dərdin taleyinə yük idi –
başdan aşırdı.
Qarşında dayanmışdım çarəsiz,
Cadar olmuş
dodaqlarının son öpüşü
gəzdikcə yanaqlarımda
duyğularım
bir- birinə qarışırdı.
Xatirələr
içimdə üsyan edirdi-
dünyayla vuruşurdu.
O gün səninlə birgə
göylərin ədalətinə
inamım da ölürdü.
Göz yaşlarım
axıb damla- damla
sinənin üstə sayrışırdı.
Son nəfəsini eşidirdim-
səssizcə və aramla. Eh… əlimdən nə gəlirdi..?

Müəllif: Yeganə Əhmədova

” S Ə N S İ Z “

Kaş biləsən…
O ev, o həyət
Sənsiz necə pərişan,
necə dərbədər…
Elə bil divarlara hopub
vida etdiyin axşam
baxışlarındakı kədər.
Hər yan sənin xatirən,
gülüşün səpələnib hər tərəfə.
Adını daşıyan bir körpə
səni axtarır hər dəfə
o divarlar arxasında.
Bəlkə dolanırsan hər gecə
şirin yuxusunda.
Sənin ətrin yaşayır
o körpənin ismində…
Yaşamağa
o qədər həvəsliykən,
getməyə niyə tələsdin?
Tanrıdanmı incidin,
taledənmi küsdün?
İndi göylərdənmi baxacaqsan
bu dünyaya mələk qismində..?

Müəllif: Yeganə Əhmədova

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir