“SƏNƏMİ QALIB” adlı şeirimə USTADLARDAN cavab gəlib!


SƏNƏMİ QALIB

Sənə nə, üzgünəm ya kədərliyəm?
Dərdlərimi çəkmək sənəmi qalıb?
Mən ki yağışlardan quru çıxmışam,
Qorxum çisginəmi, çənəmi qalıb?

Yüyürdüm bir ömrün qışına düşdüm,
Hər nəyə əl atdım boşuna düşdüm.
Daş oldum taleyin başına düşdüm,
Görəsən dərd, kədər mənəmi qalıb?

Gəzirəm bu qərib şəhər içində,
Bəxtimə bal düşdü, zəhər içində.
Bir belə qayğıyla, qəhər içində,
Güman saçlarımda dənəmi qalıb?

Hardasa bənövşə bəndə düşəndə,
Ürəyim köksümün altda şişəndə,
Arzular, diləklər yanıb bişəndə-
-Nuranə hamıdan önəmi qalıb?

Nurane Tebriz

QALIB

Qaldı o dağlarda saflıq, təmizlik,
İnsanda insanlıq,.. yenəmi qalıb?
Dünyada baş alıb gedir xəbislik,
Deyirəm, deyirlər, sənəmi qalıb?

Nəsihət verənlər düşür gözümdən,
Sözbilməz deyir ki, çıxma sözümdən!
Qalmışam şübhəli özüm özümdən,
Yazdığım sözlərin önəmi qalıb?

Tullayaq hər şeyi, sevgidən yazaq?..
Ceyran, nə gəzirsən, çöllərdə sazaq?
Gəlim, bu çovğunda bir yerdə azaq,
Gözündə sevginin, de, nəmi qalıb?

Mən hər nə söyləsəm, daha inanma,
Yanma eşq oduna, ziyandı, yanma,
Könlüm bu yanğıdan usandı sanma,
Hələ bir nəfəslik dönəmi qalıb!

Bəxti öz qapısın erkən bağladı,
Tək qaldı Ələmi, səssiz ağladı,
Ölüncə yarıcan yar soraqladı,
Bilmədi, hayanda sənəmi qalıb!

                  07.02.2021

Ali Amirov

……….QALIB………

Bu qədər dağlanma, şairə xanım,
Daha dağlanmamış sinəmi qalıb?!
Görən sevənlərin könül dünyası,
Həsrətə, niskilə, ünəmi qalıb?!

Saçmın qrovu endi qaşıma,
Can atdım, çatmadım “könül quşuma”.
Zalım, nə daşın var, yağdır başıma,
Bax gör ətəyində yenəmi qalıb?!

Nədir eşqimizi, nədir danmağın,
Bilmədin kül imiş sonu yanmağın?!
Məni soraqlayıb, məni anmağın,
Dünyadan köçdüyüm günəmi qalıb?!

Ayrıla biləydim kaş xəyallardan,
Payız xülyalardan, qış xəyallardan.
Bir ömür daldığın boş xəyallardan,
Məhəbbət, əlində çənəmi qalıb?!

Məhəbbət Kəlbəcərli

…………………….Gəncə–08.02.2021

    

Sənəmi Qalıb

Yenə ürəyimin sancısı tutdu,
Həsrətdə könlümün Sənəmi qalıb.
Sən də Əslisisən yanan Kərəmin?
İmanın eşq adlı dinəmi qalıb?

A gözləri badam, dodağı püstə,
İstəyin nədirsə, Xudadan istə.
Sən burdan gedəli ay boyu bəstə
Gözümdə yurd qalıb, binəmi qalıb?

Ruhum pələsəngdi, ləlik-ləlikdi,
Sınmış arzularım çilik-çilikdi.
Bir bax, hicranından dəlik-dəlikdi,
Qəlbimə vurmağa pinəmi qalıb?

Daşqını səsləyin , nə çağırın da,
Canda nəyi qaldı bu fağırın ta?!
Sevda yollarının hər cığırında
-Üzümə çəkilməz tə’nəmi qalıb?

Milli Dashqin Ziyeddinoghlu

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir