“Üzümdəki qırışlar həsrətinin saldığı xəritəndi,
Bax, budur-mənə hədiyyən.
Öz əsərinə yaxşı-yaxşı bax,”-dedin.
Mən də xəritənin şimalı ilə
cənubunun kəsişdiyi nöqtədə-
Çatılmış iki qaş arasında- bir eşqin nakamlığında
“Ayrılıq”sözünün yazıldığını gördüm…
Torpaq cadarlığında-eninə və
uzununa dodaq çatları ilə…
Bir də-“Biz gör neçə ildi ayrılmışıq,
hələ də unutmamısan o günləri? “
-Sualının dərundakı
işarəsini duydum.
Qulağıma-düz alnının ortasında
həkk olan dərin həyat
hekayəsindən çıxmış bir şırımın
acı-acı hönkürtüsü çatdı.
Daha deyəcək söz tapmadım.
Bir yerə kül də tökməmişdin
bu illərdə- sarsıldım…
Səni zamana buraxmışdım-
unutmuşdum saniyələrin,
anların döngələrində-
zamanın qisaslarında
Susdum üzündəki pərişan
ömür xəritəsinin önündə.
Sevginə cavabım olmamışdı illər öncə.
İndi də günahımın xəritəsinə
cavabım yoxdu…
Sadəcə-susmaq haqqıma gücüm çatdı ancaq…Sus-dum!!!
Sus-dum…Susduğum yerdə durdu günahım…

Sülhiyyə Musaqızı

Bütün xaric səslərə qulağımı
susdurmuşam
Kar olsun-eşitməsin,
Bütün acı sözlərə dilimi
susdurmuşam
Lal olsun-dinməsin.
Çox pisliklərə
qapamışam gözlərimi-
Şərləri görməsin
Sənin ecazlı səsini dinləyirəm ancaq
Eşq dilində,sevdalı könüllə
oxuduğun nəğmələri
Rüzgar,külək,tufan,ildırım
selində coşan təranələri
Sehr,möcüzə dilində oxuyan
Yelin,selin,şəlalənin
harayına səf durmuşam
Baharın dilində-
Yağışı dinləyirəm-
Yer göy səddində
durub bulaq-bulaq,
nəğmələrə səs verirəm…
Çaylara axan şəlalənin
hay-haraylı canına
-qoşulmuşam-
Yuxumu yozanda-
axıb qanına qovuşmuşam
-Damarda qanıma
qarışan nəğmələri dinləyirəm
Səsinə qanımın zümzüməsi qarışır…
Fırtınalı ürəyin təranələri qarışır-
Qəlbimə yazılan,mənim
olmayan eşq səsinə-Qulağımı
Susdururam –
dünyanın eşqsiz- xaric notuna-
Canım da -elə könlüm də qapalıdı…
Qapalıdı bəsirət gözündə
Tək-tək susdururam
Mən dörd fəsillik təbiəti,
365 günlük ili,
yerdən göyə uzanan
milyon illik işıq sürətini
Susdururam-Sənə qoşulub
Dünyanın çarxını fırladan
yeri dinləyirəm-
Ürək ritmində
Vüsal üstündə-həsrət dilində…

Sülhiyyə Musaqızı

Üzündə dərd bitib,
qəm göyəribdi,
havadan şeh qapır,
nəm çəkir gözü
Nə vaxt rast gəlsən kipriyi nəmli,
nə zaman görüşsən
ahı göydədi
kiprikləri yaşdı, ürəyi kövrək
Dindirisən,
buludu özündən əvvəl
yağdırar yaşını,
tökər leysanı
axar elə hey –
döyər ağ yanağını
Soruşsan cavab
yox çəkdiklərinə
Səbəbini bir özü,
bir Allah bilir
O qadın dərdlərin
canlı heykəli,
Sanki o büsbütün “Ağrı dağıdı”
Ağrıyan,yeriyən
həsrət dağıdı
göz dikib başqa bir qadın
onun baxtına…
Alıb sevdiyini əlindən onun
Nə zaman olduğun
xatırlamır da,
Bilmir nə vaxt” Qalxıb “o
ürəyinin sevgi taxtına?..

Sülhiyyə Musaqızı

Ölsəm sevgi ilə
örtərsən üzümü…
Əlini son dəfə
çəkərsən başıma
Əllərin düyün salar saçıma
Həzin-həzin sığallı layla
pıçıldarsan qulağıma-
İşığın sevgi ölçüsüyəm-…
deyərsən bircə dəfə
Allahın bəndə ölçüsüyəm-
söylərsən.
Kəfənə yox, eşqə
bükərsən məni
Bir zamanlar baxışların
gül bitirdiyi vaxtdakı tək
Hüznü,kədəri qoyub kənara,
Sözünün alqışına bükərsən məni
Sevginin rəngini bilmirəm-
Bahar yaşılına bükərsən məni
Sağlığımda xəyalımı üşüdən
O qırıq təbəssümə
bükərsən məni
Üzümə ağ örtməzsən
Çıxıb bəndə
adətlərindən-mənə
Bir dodaqlıq xəfif
toxunsan yetər…
Vida üçün kipriyində yaş donan
o damla -mənə yetər
Bu da son-gəl ayrılaq,
Sevgi istəyirəm indi-
kipriyimi endirməyə.
Ölsəm,sevgi ilə örtərsən üstümü…
İşığın günəş ölçüsü tək
İşıqlı,yaraşıqlı gözünün
ağına bükərsən məni…

Sülhiyyə Musaqızı

Ey Dan Ulduzu!
Gecə sanıb sən,
Sökməyəsən-
İşığa qucaq açan-
sevgi üçün işıldayan,
Eşq üçün əks edib,
parıldayan-
o gözlərin qarasını-
sökməyəsən!
Ey Dan Ulduzu!
Mənə işıqla baxan
O gözlərin qarasını gecə
Sanıb sökməyəsən
Sökməyəsən…

Sulhiyyə Musaqızı

Sən,bizə yerləri xalı etmisən,
Məxmər-məxmər üzərində gəzirik.
İnsanla insanı töhmət etmisən
Haqqı qoyub biz- nahaqda gəzirik?!

Daş səbrindən səbrimə daş ver,
Sanki,ruhumun da çartladı bağrı
Sən-“məxməri”yerləri elə bizə ver
Özümüzə cəza kəsib-qınaq gəzirik?!

Kainatın sirri-sehri əlində-
Möcüzə demisən -Allahım,bizə?
Hər gün bir-birini öldürmədə-
“Mələk” görən işdə-soraq gəzirik?!

Sulhiyyə Musaqızı

Dərgahdır Şəhidlər uyuyan məzar
Bütün müqəddəslər salama gəlir
Tanrının özü də hər Şəhadətə
Dərgah qapısından məqam göndərir.

Cücərir hər damla qandan min igid
Yağının başını kəsməyə gəlir,
Şərin,şeytanın,bəd niyyətlinin
Qolunu biləkdən üzməyə gəlir.

Düşmən çəpəridir,düşmənə qənim,
Yurdunda tufan tək əsməyə gəlir.
Ana-bacı.., ar-namus,şah damardı,
Damardan qanını verməyə gəlir.

Yenə oba salacaq o xərabədə,
Qeyrəti,hünəri səfərbərdi ürəkdə
Haqdan olanları gavur əlində
Öz haqqını söküb almağa gəlir.

Bir Tanrı payıdı bizim olanlar
Paydan pay olmayıb qəsbkarlara,
Fələyin çarxını fırladanlara
O çarxdan keçirib yonmağa gəlir.

Qan tökməsən haqq olmazdı niyyətlər,
Əgər düşmənsə sənə yaxın gələnlər
Çəkib silahını qından əsgərlər
Xəbisin gözünü oymağa gəlir.

Şəhadət sözündə Yaradan özü,
Savaşın sizinlə savaşanlarla.
Deyib-əməl pakdısa,haqdı hər sözü
Sözünün sahibi olmağa gəlir.
Haydan Qarabağı almağa gəlir!

Sülhiyyə Musaqızı

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir