ZƏRİFƏ
(VƏTƏNPƏRVƏR HEKAYƏ.)

Aslanın erkəyi,dişisi olmaz deyərlər.Bizlər də Aslanın erkəyi də,dişisi də düşmənə qan uddurar,və heç bir zaman təslim olmazlar…

O,nəzərlərini ,,Azərbaycan,,qəzetininin səhifəsindan ayıra bilmirdi.Qəzetdən ona əsgər geyimli,sinəsi medallı,qarabəniz,sərt baxışları olan bir qız baxırdı.Qızın qəhrəmanlığı haqqında iri bir məqalə də dərc olunmuşdu qəzetdə.Gözü qəzetdə ola-ola onunla ilk tanışlığını xatırladı.1992-ci ilin soyuq qış aylarından biriydi.Bu o zaman idi ki,Azərbaycanlılarla ermənilər arasında elan olunmamış müharibə gedirdi.Artıq ermənilər Xocalı şəhərini yerlə-yeksan eləmiş,əhalisini isə qırıb çatmışdılar.O,əsəbləri tarıma çəkilmiş halda otaqda var-gəl edirdi.Birdən katibə qapının ağzinda görünərək sakit səslə dedi:
-Yoldaş komissar,bir nəfər gəlib sizinlə görüşmək istəyir.
Komissar yorğun baxışlarıyla işarə etdi ki, “buyursun”.
Bir azdan otağa qarabəniz,saçları boynunun ardından vurulmuş,qısa boylu bir qız daxil oldu.Komissar əyləşmək üçün ona yer göstərsə də o oturmadı,elə yerindəcə dayanıb durdu.
-Eşidirəm sizi-deyə komissar səsini ucaltdı.Qız titrək,bir az da həyəcanlı səslə dilləndi:
-Mən döyüşə getmək istəyirəm,yoldaş komissar.Xahiş edirəm məni cəbhəyə göndərəsiniz.
Komissar qızın bu sözlərini eşidəndə başını bulayıb xəfifcə gülümsündü:
-Sən anlayırsanmı,müharibə nə deməkdir,ay bala?! Ora məktəb bağçasi deyil ha,gizlənqaç oynayasan.Yaxşısı budur,qayıt get evinizə,dərslərini oxu.
Komissarın bu sözləri qızın xoşuna gəlmədi.O bir az əsəbi halda dilləndi:
-Mən uşaq-zad deyiləm,iyirmi dörd yaşım var.Məni döyüşə göndərməsəniz,mən özümü öldürəcəyəm!
Komissar bayaqdan məktəbli sandığı bu balacaboy qizdan bu boyda hikkə görəndə özünü bir az yığışdırdı:
-Ay bala,biz səni döyüş bölgəsinə göndərə bilmərik.Göndərsək əldə-ayaqda it-bata düşərsən.
Qız yenə də inadkarlıq etdi:
-Nə olsun e,boyum balacadır,yəni orada mənimçün bir iş tapılmaz?!Heç olmasa yaralı əsgərlərə qulluq edərəm,onların yaralarını sarıyaram.Yoldaş Komissar,yəni bunları da bacarmaram?!
Zərifə danişdiqca onun düşmənə olan kin-küdurəti gözlərindən oxunurdu.Bir Azərbaycanli övladi kimi o, ermənilərin son vaxtlar törətdikləri vəhşiliklərin şahidiydi.Bilirdi ki,ermənilər
Vətənimizin torpaqlarini qarış-qarış işğal etdikcə hansı oyunu açırlar.Bunlarin hamısını Zərifə yaxşi dərk edirdi.Dərk etdikcə də onun düşmənə qarşı qəzəbi bir min artırdı.Komissar Azərbaycanli qızında bu qüdrəti,bu döyüşkənliyi gördükdə ürəyində sevindi də.Amma fikirləşdi ki,yəqin bunlar hamisi ötəri hisslərdir,bir-iki güllə səsi eşidən kimi başqalari kimi O,da qorxub qaçacaq.Gendən baxana döyüş asan görünür.Elə həmin günün səhərisi komissar Zərifə Mirzəzadəni başqa əsgərlərlə birgə döyüş bölgəsinə yola saldı.Günlər,həftələr gəlib keçdi.Komissar Zərifənin xidmət etdiyi döyüş bölgəsindən və onun özündən tez-tez xəbər tuturdu.Aldığı məlumatlar onu nə qədər sevindirsə də bəzi gənclərimizin ordudan yayinması xəbəri onu kədərləndirirdi.Fikirləşirdi ki,nədəndi görəsən bir tikə qız xeylağı canından,qanından keçməyə hazırdır,amma bəzi bığıburma,qoluzorlu cavanlar başlarını kol-kosa soxub gizlənirlər.
Zərifənin qəhrəmanlığı bütün Azərbaycana yayılmışdı.Verilən məlumatlara görə Zərifə neçə-neçə düşmən əsgərini məhv etmiş,hərbi texnikasını vurub sıradan çıxarmişdi.Düşmənə qarşı amansız olan bu fədakar qız bir neçə dəfə də düşməni canlı olaraq əsir almışdı.İndi komissar şəkilə baxdıqca olub-keçmişləri xatırlayırdı.Qapının döyülməsi komissarı xəyaldan ayırdı.O,əlindəki qəzeti dörd qatlayıb hərbi gödəkcəsinin döş cibinə qoydu.Qapı açıldı,içəri ucaboylu,qoltuğunda kitab-dəftər olan bir adam girdi.Komissar dərhal ayağa qalxıb gələn adamı qarşıladı:
-Mənim şair dostum Vüqarli xoş gəlib,səfa gətirib.Görəsən gün hayandan çıxıb ki,biz də yada düşmüşük,hə-deyə komissar gələn adamla qucaqlaşıb görüşdü.
-Yamanca darıxmışdım,dedim bir sənə baş çəkim,görüm köhnə dostum nə edir-Vüqarli dilləndi.
-Elə mən də səninçün darıxmışdım.Arada fikirləşdim ki,balam,bu Vüqarlı qardaşım haralarda itib -batıb.
Sonra komissar ona yer göstərib soruşdu:
-Hə,şair,təzə nəyin var,nə yazirsan,nə pozursan?!
Vüqarlı kitab-dəftərini stolun üstünə qoyub,cibindən təzə yazdığı şeiri komissara uzatdı:
-Rayonumuza baş ucalığı gətirən qəhrəman qizimiz Zərifə Mirzəzadəyə həst eləmişəm.Bilirsən,ermənilərə necə qan uddurur,zalım balası.İgidliyi bütün Azərbaycana yayılıb.Nə təhər olur siz eşitməmisiniz?!-deyə Vüqarli özünü dartdı.
-Necə Zərifə haqqinda?! O ki ,bizim fəxrimizdir.Bir oxuyaq görək nə yazmisan?!
Kmissar həvəslə şeiri oxumağa başladı.Amma şeirin bir yerinə çatanda özünü gülməkdən zorla saxladı.Seirin bu yerində Zərifə ucaboylu,dolu bədənli qız kimi qələmə verilmişdi.
Komissar gülə-gülə şair dostundan soruşdu:
-Sən heç bircə dəfə də olsun Zərifə xanimi görmüsən?!
-Yox,-deyə Vüqarlı dilləndi.
Elə bu vaxt telefon cingildədi.
Komissar dəstəyi qulağına yaxinlaşdıran kimi çöhrəsini sevin bürüdü.
-Salam,Zərifə xanim,rayona nə vaxt gəlmisiniz?!Bu nə sözdür,nə vaxt istəyirsinizsə buyura bilərsiniz.Canım,yarım saat nədir,lap bütün günü sizə vaxt ayırmaq olar.Təki siz gələsiniz.Buyurun,gözləyirəm!
Dəstəyi yerinə qoyandan sonra Vüqarliya üzünü tutdu:
-Bəxtin gətirib,bir işin yoxdursa bir az gözlə,Zərifə xanım şəxsən özü təşrif buyuracaq.Görüşüb tanış olarsınız.
Bir azdan Zərifə gəlib çıxdı.Hərbi formsda idi.Komissar irəli yeriyib doğma bslasi kimi onu bağrına basdı və:
-Halal olsun sənə bu torpağın çörəyi-deyərək onu təriflədi-Sən bizim başımızı uca elədin,Zərifə,əhsən sənə!
Sonra O,geri dönüb Zətifəni Vüqarliya təqdim etdi.Vüqarlinin sifəti pörtmüşdü.O,nə qədər çalışsa da dilinə gələn sözləri uda bilmədi:
-Doğrusu,Zərifə xanim,mən sizi ayrı cür təsəvvür edirdim.Ucaboylu,belə…
Dostunun yersiz sözlərinin Zərifənin urəyinə toxuna biləcəyindən ehtiyat edən hərbi komissar araya söz qatmağa çalışdı.
Amma Zərifə da Zərifə idi ha.O,şairin sözlərini alıcı quş kimi elə göydəcə qamarladı:
-Hörmətli şair,siz qəhrəmanlığı,mərdliyi nahaq yerə boy-buxunla ölçürsünüz.Boy-buxuna qalanda bizim bəzi iri gövdəli, “Şirbiləkli” cavanlarimiz vətənin bu dar günündə başqa-başqa yerlərə baş götürüb qaçırlar.Belələrinə niyə öz sözünüzü demirsiniz?Vətəni sevmək üçün Ucaboy,Enlikürək olmaq lazım deyil,elə bir azca qeyrətin olsa kifayətdir.
Komissar əsəbdən titrəyən qızın halını görcək üzünü dostuna tutdu:
-Zərifə xanım,haqlıdır -dedi-mən ilk dəfə Zərifəni Qarabağ döyüşlərinə yola salanda bir daha tam yəqinlik etdim ki,doğrudan da “Aslanın erkəyi dişisi olmurmuş”.Sən gəl Zərifənin sözlərindən incimə.O,müharibənin neçə-neçə dəhşətli anlarını yaşayıb,neçə yol ölümlə üzbəüz qalıb.Cəbhədə döyüşçü dostlarını göz görə-görə itirmək sənə elə də asan görünməsin.
Vüqarlı pörtüb qalmışdı.Çırtma vursaydın qanı çıxardı.O,indi-indi səhvini anlayırdı.Anlayırdı ki,bir tikə qız səngərlərdə düşmənlə üzbəüz qalıb vuruşub,qəhrəmanlıq göstərib,mən isə kişi ola-ola cəbhədən xeyli aralıda,sakit bir yerdə oturub onun haqqında əməlli-başlı bir şey də yaza bilməmişəm.Məgər mən gedib döyüşlərin qaynar nöqtəsində Zərifəylə tanış olub ondan bir şey yaza bilməzdimmi?!Doğru sözə nə deyəsən,mən də özümə şair deyirəm.Məddahlıq eləyirəm,ona-buna yaltaqlanıram ki,bəlkə mənə dilənçi payı verələr.Əsl şairlərin də adını biabır eləyirik…
Vüqarlı utandığından dostu ilə də vidalaşmayıb otaqdan çıxdı.
Zərifə isə heç nə olmayıbmış kimi hərbi komissara cəbhə xatirələrindən danışırdı.

(Ruhiyyə.Abbaszadə.)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir