Azadə Taleh yaxud xeyirxahlıq simvolu
1992-ci ilin 26 fevralında- dəhşətli Xocalı faciəsində doğum günü də düşmən tərəfindən işğal olunan dəyərli Haci Azade Taleh Abbasqizi xanım, Sizə möhkəm cansağlığı, dözüm, dəyanət və müsbət enerji arzulayıram. Azad olunan ad gününüz mübarək! İnşallah, yaxın gələcəkdə ad gününüzü Xocalıda keçirmək ümidiylə….
O illəri dəqiq xatırlayıram. Bakı Dövlət Universiteti… I kurs tələbəsi… Yazmaq-yaratmaq həvəsi…
O da dəqiq yadımdadır ki, tətildə, doğma Borçalıda-Qasımlı kəndində sakinlər ağızdolusu danışırdılar ki, Bakıda “Borçalı” adlı qəzet işıq üzü görür, baş redaktoru da əslən elə Qasımlıdan olan Azadə adlı çox böyük cəsarətə malik, qeyrətli, bacarıqlı bir qızdır. Məhz mənim böyük marağım, inadkarlığım nəticəsində “Borçalı” qəzetinin bir nüsxəsini də çox böyük çətinliklə əldə edə bildik. Nəhayət (mənimçün çox çətinliklə də olsa) adını eşidib üzünü görmədiyim Azadə xanımla elə onun iş otağında Azərbaycan Dövlət Nəşriyyatında, “Borçalı” qəzetinin redaksiyasında görüşdük. Necə deyərlər qapısı hər zaman, hamıya açıq, çöhrəsi hər zaman hamıya təbəssüm saçan bu gülərüz xanım Borçalı qəzeti ətrafında həm də, möhtəşəm bir auditoriya yaratmışdı. Bu auditoriyaya daha çox əslən Borçalıdan olan sanballı ziyalılar, mədəniyyət işçiləri, əməkdar elm xadimləri və s. kimi çoxsaylı ziyalılar ordusu qoşulmuşdu. Məhz Azadə xanımın yaratdığı, sanki “Ədəbi məclis”ləri xatırladan bu mühitdə həm də bir doğmalıq, saflıq və vətənpərvərlik ab-havası açıq-aşkar hiss olunmaqdaydı. Doğma Borçalının nisgilini ovutmaq üçün hər bir insan sanki bu ocağın istisi ilə ovunur, təsəlli tapırdı.
Azadə xanımın şəxsən mənə bir neçə dəfə təmənnasız xeyirxahlıqları olub. Onlardan biri və bəlkə də, həyatımda ilk dəfə olaraq ən böyük sevincimə səbəb olanı o idi ki, məhz ilk qələm təcrübələrim Azadə xanımın rəhbərlik etdiyi “Borçalı” qəzetində işıq üzü görüb. İkincisi doktoranturada oxuduğum illərdə “Anarın ümumilli liderlə unudulmaz görüşləri” və “Elçin publisistikasında tənha adam-ulu öndər obrazı” adlı iki monoqrafiyamın təqdimatını keçirmək istəyirdim. Amma necə, harada? Müəyyən müddət cəmiyyətdən tamamilə təcrid olunmuş birisi üçün bu hadisə olduqca əlçatmaz bir arzu idi. İlk dəfə müraciət etdiyim insan məhz Azadə xanım oldu, dərhal heç bir təmənnasız dəstək olacağını bildirdi. 12 dekabr ulu öndərin anım günü BMM-də görkəmli ziyalıların, KİV nümayəndələrinin də qatıldığı, düçündüyümüzdən də möhtəşəm bir tədbir reallaşdı. Bu mənimçün bir ömür boyu unudulmayacaq bir insanlıq, xeyirxahlıq addımı idi. Daha sonra o, məni dəfələrlə “Xalq TV” internet televiziyasına, rəhbərlik etdiyi verilişlərdə çıxış etməyə dəvət edib.
Mən bilirəm, siz də bilin ki, Azadə xanımın çoxşaxəli fəaliyyəti onu çoxlarından fərqləndirir. Əvvəla o ixtisasca kardioloq-həkimdir, xeyriyyəçi ictimai xadimdir, şairə-jurnalistdir və bütün bunlarla yanaşı həm də gözəl ailə başçısı, gözəl ana və nənədir. Qanlı Yanvar dəhşətləri zamanı növbə həkimi kimi qan itirən, ölüm qalım çabası ilə çırpınan yaralılara hətta böyük cəsarət nümayiş etdirərək cərrah kimi də əlindən gələni etmişdir. Xan qızı Natəvan kimi, Həcər kimi, Tomris kimi elin, yurdun, vətənin keşiyində öz iti qələmi, ictimai fəaliyyəti ilə sıravi əsgər kimi dayanmış Azadə xanım kimsəsiz insanlara, xüsusi qayğıya ehtiyacı olan körpələrə, əlillərə daim diqqət göstərir, köprələr evində, internat məktəblərində, qocalar evində vaxtaşırı tədbirlər təşkil edir və bununla qürur hissi keçirir, fərəhlənir. Vətən müharibəsi başlayandan gündən Azadə xanım çox çətinliklə də, olsa öz yardımları ilə dəfələrlə döyüş bölgələrində olmuş, bizim də kiçik sovqatlarımızı, “Əsgərə məktublar”ımızı cəbhəyə çatdırmaqla öz yardımsevər missiyasını ləyaqətlə yerinə yetirmişdir.
Azadə xanım haqqında çox danışmaq olar lakin fikirlərimizi çox illər öncə ona həsr etdiyim bir şeirlə yekunlaşdırıram. (Bu poetik parça təxminən 20 il əvvəl Azadə xanımın Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Yurdumun Azadəsiyəm” kitabının təqdimatında səsləndirilmiş, el ağsaqqalı, filosof-professor Dədə Camalın (Camal Mustafayevin) marağına səbəb olmus, xeyir-dua verərək şeirlər kitabıma möhtəşəm bir ön söz yazacağına söz vermişdir.
(Təəssüf ki, sonralar böyük ailənin qayğıları şeir yazmaq həvəsini məhv elədi…)
Qafqaz-Media İB sədri, xeyriyyəçi, ictimai xadim Azadə xanıma

Vətəndaşlıq xisləti var canında,
Vətən eşqi damarında, qanında,
İlhamçısı Talehi var yanında,
Talehinin taleyidir Azadə,
Yurdumuzun valehidir Azadə.

Borçalıdır yurdumuzun həm adı,
Borçalıdır Azadənin övladı,
Hüseynli onun əzəl soyadı,
Borçalının gərəyidir Azadə,
Görən gözü, ürəyidir Azadə.

Vətən eşqi, yurd sevgisi duyandır,
Kimsəsizlər qayğısına qalandır,
Qürbətdə də yurdumuza həyandır
Borçalıyla qoşa gəzir Azadə,
Xalqımızla cuşa gəlir Azadə.

Əzizim Borçalını
Gəz, dolan Borçalını,
Oxumaq istəyəndə,
Al oxu Borçalını.

Əzizinəm həkimdir,
Ürəklərə hakimdir,
Şairə jurnalistdir,
Deyin görək o kimdi.

Leyla Fərhadqızı Leyla Məmmədəliyeva
AU-nun əməkdaşı, publisist
.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir