YEGANƏ Əhmədova

XƏZƏL
(Amaliya xanımın xatirəsinə)
Sən dünyanın ən yaxşı adamı
Və ən gözəl qadını.
Arzuları bahar təravətli,
amma həyatı xəzəl qadını.
Sən qəlbi bahar eşqiylə dolu,
baxışları işıqlı,
gülüşü aydın.
Saçının hər telinədək
yarlı- yaraşıqlı.
Hər dərdi çəkib sinənə,
şam kimi əritdin həyatını.
Ən mətin iradəylə yeridin,
ən böyük dözümlə keçdin-
taleyin sənə göstərdiyi
ağrılarla yüklənmiş yolu.
Qismətinə düşən dərdlər
elə vaxtsız,
elə zamansız oldu.
Bir yerə qədərdi
insan dözümü,
insan taqəti.
Dərdin amansız oldu.
Belədirsə,
yaxşı insan olmağın aqibəti,
Mən heç kimə
yaxşı insan olmağı arzulamıram.

(Amaliya xanımın xatirəsinə)

NECƏ ADİ “

Taledən ayrılan
bütün dərdlər
üstümə yuvarlanır-
dağdan qopan daş sayağı,
Mən baharımı da yaşayıram qış sayağı.
Qalmış iki yolun ayrıcında,
gözlərimlə ölçürəm yaxını- uzağı.
Bəzən
qışqırmaq gəlir içimdən,
Susuram-
üzüm üzsüzlərdən arlanır.
Eh.., həyat…
necə adi,
bəsit və bayağı.
Düşündükcə,fikirlərim qubarlanır.

DƏNİZƏ DAŞ ATMAYIN”

Dənizə daş atmayın…
Eşqimə,
ruhuma dəyir o daşlar.
Dənizlə birgə
duyğularımı da döyür o daşlar.

Dənizə daş atmayın…
Yoxsa qəhərindən boğulacaqdır.
Hələ o daşların bir ucu
gedib günəşə də dəysə,
çətin ki bir də
dənizin üstə doğulacaqdır.

Dənizə daş atmayın-
illah da ki, atırsınız,
barı ürəyimə atın-
dənizə atılan daşları.
Daş atıb dənizin ahına batmayın,
gübahına batmayın.
Mələklər də ağlayacaq- axsa dənizin göz yaşları.

DÜYÜN

Bir- biriylə illər yarışır,
Dünya yeni dərdə qarışır.
Təzə- təzə adamlar gəlir,
Köhnə- köhnə adamlar köçür,
Bu dünyanın qara bağrından
Bir Qarabağ düyünü keçir.

Ağzı qanlı əjdaha olur,
O kor düyün kamına çəkir.
Vətən!- deyə hayqıranları
Və son ümid Allaha qalır.

Səngərlərə axışır hamı,
Bacarırsan saxla yolundan
Əli silah tutan adamı.
Neçə- neçə ömürlər solur.
Kim deyir ki, Qarabağ bəlkə
Taleyiylə barışır bu gün?
İndi təkcə əsgərlər deyil, Generallar da şəhid olur.

YEGANƏ Əhmədova
(Filoloq, yazar)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir