Azadə Taleh Abbasqızına

Adını adınla qoşa yaşatdın,

Gözəl yaşadırdı qoşa ad səni.

Sən ki bu həyatın söz qardaşıydın,

Bəs niyə incitdi bu həyat səni?!

Nə vaxtdı dünyanın qara daşları

Qarala-qarala keçir bu yolu.

Elə bil aylardı susuz qalıbdı,

Dirilik suyutək içir bu yolu.

Taleyə nə deyim…

Ömrün bu vaxtı

Bu tale yağışı yağmamalıydı.

Səni sevənlərin, sən sevənlərin

Gözündən dərd yaşı sağmamalıydı.

Dünyanın dərd bölən camı dəyişib,

Təsəllin Talehli xatirələrdi.

Bu elə qəhərdi, dərd anlayana,

Dərdi tanıyana təzədi-tərdi.

Taleh hamımızın əzizi idi,

Heç kimin çiçəyi vaxtsız solmasın.

Verən də Allahdı, alan da Allah;

İmanı kamillər sırasındasan,

Sənin həyat eşqin şəhid olmasın!..

Belə tanıyırıq səni…

İllərdi

İman harayısan, iman səsisən.

Sən yollar yorursan Vətənə görə,

Vətənsevərlərin Azadəsisən.

Ömür yaşayırıq axirət üçün,

Sevgimiz əridər dağın qarını.

Tanrımız hər şeyi görür…

Heç zaman

Səndən əsirgəməz dualarını…

RƏŞİD FAXRALI

                                 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir