ÜSYAN

Siçanlar üsyana qalxmışdılar. Bir-birinə xəbər verib yuvanın qarşısındakı kiçik meydançaya yığışdılar. Qısa bir müddət ərzində buraya xeyli siçan toplaşdı. İçərilərində cavan da var idi, qoca da. Hətta bir neçə azyaşlı balaca siçan da gəlmişdi. Düzdür, nə baş verdiyini və buraya nədən ötrü yığıldıqlarını yaxşı başa düşmürdülər, ancaq hamının meydana toplaşdığını görüb onlar da axına qoşularaq gəlmişdilər. Çünki bu balaca siçanlar hər şeylə maraqlanırdılar, burunlarını hər deşiyə soxurdular. Bəzən burunları əzilsə də.
Cavan siçanlar tez meydanda qayda-qanun yaratdılar. Yığışanları geri itələyib ortanı genişləndirdilər. Kimsə iri bir daşı dığırlada-dığırlada gətirib düz ortaya qoydu. Arıq, cavan bir siçan tez atılıb bu daşın üstünə çıxdı və əl-qolunu ölçə-ölçə danışmağa başladı:
-Nə vaxtadək bu qəddar pişiklər bizə zülm edəcəklər? Nə vaxta qədər biz daim qorxu altında yaşayacağıq? Nə vaxta qədər yuvamızdan bayıra çıxanda qorxa-qorxa o tərəf-bu tərəfə boylanıb, sonra balalarımıza bir tikə çörək qazanmağa gedəcəyik? Axı nə vaxta qədər? Bəsdir daha, qardaşlar! Belə yaşamaq olmaz! Sizi deyə bilmərəm, amma mən artıq dözə bilmirəm! Bir çıxış yolu fikirləşib tapmaq lazımdır! Acımızdan qırılırıq, yuvamızın künc-bucağında çürük bir buğda dənəsi də tapmaq mümkün deyil. Bir azdan bir-birimizi yeməyə başlayacağıq! Mən heç özüm də bilmirəm, nə etmək lazımdır, ancaq bir onu bilirəm ki, nəsə etmək lazımdır. Gəlin, qardaşlar, gəlin! Qoy hər kəs öz fikrini desin. Görək, başımıza nə çarə qılırıq!
Hər tərəfdən “Düzdür!”, “doğrudur!”, “hamısını düz deyirsən!” sədaları eşidildi. Cavan siçanın “bir azdan bir-birimizi yeyəcəyik” deməsindən sonra isə ana siçanlar balalarını sinələrinə sıxıb qorxu dolu gözləri ilə ətrafa baxdılar. Sanki indi hansısa ac bir siçan bu dəqiqə onların balasını əllərindən alaraq parçalayıb yeyəcəkdi.
Cavan siçanın sözləri hamını ruhlandırmışdı. Hətta pişiklərin qorxusundan heç vaxt yuvasından çıxmayan və ömrü boyu qonşu siçanların gətirdiyi yemək artıqları ilə böyüyən tənbəl, avara siçanlar da cəsarətlənmişdilər. Onlar bir söz deyə bilməsələr də, yumruqlarını silkələməklə ürəklərinin kinini, nifrətini boşaldır, hərdən də alçaq səslə “rədd olsun pişiklər!”, “pişiklərə ölüm!” deyə ciyildəşirdilər.
Yavaş-yavaş ara qızışır, hərə bir söz deyir, ağız deyəni qulaq eşitmirdi. Hamı coşmuşdu, qəzəblərindən bilmirdilər, nə etsinlər. Onların bu halına baxdıqda fikirləşmək olardı ki, əgər bu dəqiqə əllərinə bir pişik düşsə, onu parçalayar, məhv edərlər. Çünki illərdən bəri toplanmış qəzəb, nifrət aşıb-daşır, kükrəyir, sahilini dağıdan çaya bənzəyərək baş alıb gedirdi.
Təkcə kənarda dayanıb bütün bu baş verənləri sakittcə seyr edən qoca siçan dinmir, arada başını yelləyir, istehza ilə gülümsəyirdi. Ağzı köpüklənə-köpüklənə danışan cavan siçan birdən onu gördü, onun susub heç nə deməməsindən xoşu gəlmədi, tərs-tərs ona tərəf baxıb istehza ilə dedi:
-Bu da bizim dünyagörmüş, ağsaqqal siçanımız! Ay ağsaqqal, niyə kənarda dayanmısan, niyə gəlib bir söz demirsən? Məgər sən pişklərin biz siçanlara etdiyi zülmləri azmı görmüsən? Axı bildiyimə görə, onlar vaxtilə sənin çoxlu dostlarını, tanışlarını, hətta bir neçə balanı da tutub yeyiblər. İndi niyə dinmirsən? Gəlib bir söz desənə! Bu cavanların sənin kimi ağsaqqalların sözünə, məsləhətinə ehtiyacı var axı! Gəl, gəl bir söz de, ruhlandır bizi! Coşdur qanımızı!
Qoca siçan dinmədi, heç yerindən də tərpənmədi. Yerbəyerdən digər siçanların səsi ucaldı:
-Düz deyir də, gəl bir söz de! Niyə kənarda dayanmısan? Axı sən bizim hamımızdan yaşlısan, dünyagörmüşsən. Belə vaxtlarda heç kim kənarda qalmamalıdır! Gedib pişiklərdən qisasımızı almalıyıq! Gəl, gəl, ay qoca!
Bu sözə bənd imiş kimi bir neçə gənc siçan gəlib ehtiramla onun qollarından tutub meydanın ortasına gətirdilər. Ona kömək edib daşın üzərinə çıxardılar. Sonra kənara çəkilib onun nə deyəcəyini gözlədilər. Qoca siçan bir müddət dinmədi. Kədərli baxışlarla meydanı nəzərdən keçirdi. Sanki fikirlərini cəmləyir, nə deyəcəyini götür-qoy edirdi. Sonra dərindən köksünü ötürüb ağır-ağır dilləndi:
-Mən baxıram sizə və çox kədərlənirəm! Öz-özümə sual verirəm: görəsən mənim buraya toplaşan qardaşlarım heç özləri nə istədiklərini bilirlərmi? Siz deyirsiniz ki, pişiklərin əlindən zara gəlmişik, onlara qarşı üsyan etmək istəyirik. Amma necə edəcəksiniz bu üsyanı? Nə ilə edəcəksiniz? Bunun üzərində heç fikirləşmisinizmi? Düzdür, mən də pişiklərin zülmünün əleyhinəyəm. Burada bu cavan siçan düz dedi, onlar mənim çoxlu dostlarımı, yaxın qohum-əqrabamı, hətta bir neçə balamı da yeyiblər. Amma mən bir şeyi də bilirəm ki, biz siçanlar bu pişiklərə qarşı heç nə edə bilmərik. Çünki onlar güclüdürlər, biz isə gücsüz! Bəs nə etmək lazımdır? Əlbəttə, onlarla birtəhər dil tapıb sülh şəraitində yaşamaq lazımdır. Mən yenə də deyirəm, qardaşlar, siz nə istədiyinizi heç özünüz belə bilmirsiniz.
Cavan siçan bu sözlərdən qəzəbləndi, yerindən qışqırdı:
-Niyə bilmirik? Çox yaxşı bilirik nə istədiyimizi. Biz istəyirik ki, pişiklərin zülmünə son qoyaq! Bu işıqlı dünyada biz də bir gün görək! Qapanıb qalmışıq yeraltı dünyada, Günəş işığına çıxa bilmirik. İstəyirik ki, azad gəzək. Sən də deyirsən ki, nə istədiyimizi bilmirik. Həm də sən deyirsən ki, pişiklərlə dil tapıb sülh şəraitində yaşamaq lazımdır. Hansı sülhdən danışırsan, əşi? Ağlın yerindədirmi sənin, ay qoca? Pişiklərlə bizim aramızda sülh ola bilərmi? Əsla! Belə danışmaqdansa, danışmamaq yaxşı olardı. Get işinlə məşğul ol! Mən də elə bildim, bu, ağsaqqaldır, bizə bir məsləhət verəcək. Bu ki axmaq, ağlını itirmiş qocanın biri imiş. Düş, düş gəl bu tərəfə, -deyib qəzəblə qoca siçanın boynunun ardından aşağı itələdi.
Meydanda aləm qarışdı bir-birinə. Artıq ağız deyəni qulaq eşitmirdi. Kimi cavan siçanın sözünü təsdiqləyir və qocanı fitə basır, kimi də deyirdi ki, imkan verin görək, kişi nə deyir. Bir sözlə, hamı qışqırır, amma heç kim başqasını eşitmirdi. Tez-tez daşın üstünə ayrı-ayrı siçanlar qalxırdı. Amma onlardan biri danışmağa başlayan kimi digəri onu itələyib aşağı salır, özü onun yerinə qalxıb danışırdı. Onlar, demək olar ki, ağıllı bir söz deyə bilmirdilər, yalnız illərdən bəri ürəklərində pişiklərə qarşı yığılıb qalmış kini, nifrəti hayqırırdılar. Kütlə isə onların sözlərindən coşur, sanki bu dəqiqə dünyanın bütün pişiklərini parçalayacaq həddə çatırdı. Artıq əsəblər gərginləşmişdi. Əgər indi kim isə irəli keçib pişiklərin üzərinə hücum təşkil etsəydi, sözsüz ki, buraya yığışan siçanların hamısı bir nəfər kimi hücuma keçəcəkdi.
Birdən…
Bax hekayələrdə bu “birdən”lər olmaya da… Hər şeyi korlayırlar sonda. Baxırsan ki, hər iş öz qaydasında gedir, amma birdən bu “birdən” gəlir…
Hə… birdən daşın üzərində ağzı köpüklənə-köpüklənə danışan siçan yerində donub qaldı. Əli havadan asılı, ağzı açılı, gözləri bərəli halda sanki keyidi. Gözləri siçanların başı üzərindən harasa zillənmişdi. Meydana yığışanlar onun bu vəziyyətə düşməsindən əvvəl bir şey anlamadılar. Sonra hamısı birdən komanda verilmiş kimi başını döndərib onun nəzərləri baxan səmtə baxdı. Bütün meydan yerində dondu: divarın dibində iri, qara bir pişik dayanıb onlara tərəf baxır, iştahla yalmanırdı. Daşın üzərindəki siçanın sanki birdən-birə keyi açıldı. Qışqıraraq daşın üstündən yerə tullandı və sürətlə anbara tərəf qaçdı. Bütün siçanlar da onun ardınca götürüldü. Bir neçə saniyənin içərisində meydandakı siçanların hamısı yox oldu. Ortada, daşın yanında tək bircə qoca siçan qalmışdı. O, gözlərini döyərək pişiyə baxırdı. Yox, elə fikirləşməyin ki, o, pişikdın qorxmurdu. O, sadəcə yeriyə bilmədiyi üçün qaçmadı.
Pişik ağır addımlarla qoca siçana yaxınlaşdı və onu pəncəsinə alaraq sürətlə qaçıb uzaqlaşdı.

Cəbrayıl Həşimov

                                               

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir