Elşən Təhməzov şeirlər

“Səni ürəyimdən çıxarmaq olmur”

Dolanır həftələr, dolanır aylar,
Yadıma düşürsən yenə günbəgün.
İndi asimanda uçur xəyallar,
Yenə hədər olur saatı ömrün.

Yazıq taleyimin nəydi günahı,
Bu həyat gülmədi bir kərə mənə.
Qar kimi ağardı sevdamın bağı,
Həsrətim çoxaldı günəşə, günə.

İndi dərd-kədəri yaşa nə fərqi,
Zamanı geriyə aparmaq olmur.
Daha ayrı-ayrı yaşasaq belə,
Səni ürəyimdən çıxarmaq olmur.

“Yaşamaq nə çətinmiş”

Dünyam qaraldı o gün,
Birdən-birə tükəndim.
Uzaqlığın həsrəti yaxınlıqla dolmadı.
Yaşamaq nə çətinmiş.
Ayrılığı həzm edib,
Yoxluğunda min dəfə
ölüb, sonra dirilib,
Sənə olan eşqimi, ürəyimdə gizləyib daşımaq nə çətinmiş.
Hər baxışın yadımda qapalı qaldı qapın.
Sənə həsrət olduğum sənsizlik ağrısını,
Hər dəfə vurulduğum qəlbimin yarasını,
qaşımaq nə çətinmiş.
Kədərim qanadlanan,
Dərdlərim tumarlanan,
Sən yadla gülən zaman,
Kənardan sənə baxıb,
Tamaşa nə çətinmiş.

“Azərbaycan bir işıqdır”

Azərbaycan bir işıqdır,
Həyata nur ələyir.
Dünyaya yaraşıqdır,
Sülh tərənnüm eləyir.

Türkiyə dəstəkçidir,
Bizə bu haqq yolunda,
Səsimizə səs verir,
Düz çıxırıq sonunda.

Daim zəfər yolunu
Biz birgə addımlayaq.
Məhv edək düşmənləri,
Dünyaya sevinc yayaq.

“Vətənin payız xatirəsi”

Hər addım başında yazılan hünər,
Hər addım başında dastana döndü.
Bir üzük qaşıtək nazik diləklər
Bir güllə ucunda yerə gömüldü.

Sənin harayına qaçdıq hamımız,
Vətənçün tökülən axı qan nədir?
Bizim düşmənimiz olsa da belə,
Türkiyə hər zaman bizə can dedi.

Tükənməz sevgilər keşiyindədir,
Səpilən ümidlər canından keçir.
Səni ayıranlar indi dünyada
Utanıb, məhv olur kənardan keçir.

Zəfər tarixini yazır ulduzlar,
Min şəhid qanına boyanır vətən.
Bu axşam səmada qəribə hiss var,
Doğur günəş kimi oyanır vətən.

Bu dəmir yumruğun təsiri böyük,
Tarix yaddaşında daşıyacaqdır.
Hər gələn fəsildə hər gələn ildə
Payız xatirəsi yaşayacaqdır.

Elşən Təhməzov

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir