ADSIZ HEKAYƏ

Hərdən mənə elə gəlir ki, nə vaxtsa, bir dəfə ölmüşəm. Vallah, düz deyirəm. Amma nə vaxt təzədən dünyaya gəlmişəm, bax bunu heç cür xatırlaya bilmirəm. Ha çalışıram, xatırlaya bilmirəm. Həm də bilirəm ki, bu, çoxdan olub, lap çoxdan.

Bilirəm, reinkarnasiya deyilən bir şey var. Ölmüş insanın ruhunun təzədən dünyaya gəlməsi. Daha doğrusu, bu ruhun yeni doğulan bir körpənin bədəninə köçməsi. Hətta bəzi xalqların inancına görə, insanın ruhu hər hansı bir heyvanın da bədəninə köçə bilər. Ancaq mən bunlara inanmıram. Çünki mən müsəlmanam axı! İslam dini də bu reinkarnasiya deyilən zadı qəbul etmir, küfr sayır.

Nə isə… Nə qədər çalışıramsa da, bu “nə vaxtsa ölməyim” fikri beynimdən çıxmır ki, çıxmır. Axı dəqiq yadımdadır ölməyim. Hətta necə ölməyim də, hətta hansı xəstəlikdən ölməyim də yadımdadır. Köhnə, kirli bir yataqda uzanmışdım. Otaqda kəsif bir iy vardı. Halım çox pis idi. Nəfəs almaq istədikdə elə bil sinəmə yüz minlərlə iynə sancılırdı. Yəqin, ağ ciyər xəstəliyi imiş. Nə bilim, bəlkə də, xərçəng imiş. Ola bilər. Bədənim qızdırmadan alışıb-yanırdı. Amma, nədənsə, alnım buz kimi idi. Görəsən, niyə belə imiş?

Yaxınlarım ətrafımı dövrələmişdilər. Deyəsən, arvadım da var idi. Hə, hə, arıq, qapqara əlləri, uzun kobud barmaqları olan bir qadın yatağımın ayağında oturmuşdu. Sifətindən nə vaxtsa gözəl olduğu, indi isə bu gözəllikdən heç bir əsər-əlamətin qalmadığı hiss olunurdu. Sinəsi taxta kimi dümdüz, çiyinləri sallaq idi. Bütün ömrünü ağır, əziyyətli işlərdə keçirdiyi aydın görünürdü. Yazıq bütün günü bal arısı kimi ətrafımda dolanırdı. Gah alnıma yaş dəsmal qoyur, gah qaşıqla nəsə duru bir yemək yedirir, gah ayaqlarımı ovxalayır, gah da elə belə, əlini əlinin üstünə qoyaraq dizi üstə oturub baxır, yanaqlarından yaş gilə-gilə süzülürdü. Ona baxdıqca öz dərdim yadımdan çıxır, onun bu miskin görkəminə acıyırdım. Ürəyimdən ona nəsə bir yaxşılıq etmək keçirdi. Ya da xoş bir söz demək. Amma nə bir yaxşılıq edə, nə də xoş bir söz deyə bilirdim.

Ətrafa boylanırdım. Otaq yarıqaranlıq olsa da, kasıbçılıq hər küncdə-bucaqda hiss olunurdu. Otağın ortasında əyri bir ağacdan dirək ucalırdı. Tavan bu dirəyin üstündə dayanmışdı. Sanki bu tavan indicə uçacaq və məni də bu cəhənnəm əzabından qurtaracaqdı. Ancaq bu əyri dirək öz işini vicdanla görürdü və his basmış tavanı heç cür uçmağa qoymurdu. Mən də əzab içində öz ölümümü həsrətlə gözləyirdim. Görəsən, bu evi mən özüm tikmişdim, ya ata-anamdan qalmışdı mənə? Dəqiq bir söz deyə bilmərəm. Hər halda, çox acınacaqlı vəziyyətdə olan bir ev idi. Belə evdə yaşayan da elə mənim kimi olmalıydı da.
Arvadımdan başqa yanımda bir qoca qadın və bir kişi də var idi. Görəsən, onlar kim idi? Yəni atamla anam idi? Ola bilməz. Mən özüm çox qoca idim axı. Bu yaşda adamın da ata-anası olarmı? Nə bilim… Hər kim idilərsə, çox kədərli və yazıq görkəmləri var idi. Eləcə oturub qəmli-qəmli baxırdılar mənə. Qadın arada burnunu çəkir, sonra yaylığının ucu ilə gözlərinin kənarını silirdi. Kişi isə nəzərlərini bir nöqtəyə zilləmişdi. Deyəsən, heç məni görmürdü də. Harasa mənim başımın üstündən uzaqlara baxırdı.

Bir az diqqətlə baxdıqda kənarda dizi üstə oturmuş yeddi-səkkiz yaşlarında bir qızla bir oğlan uşağının da qəmli nəzərlərlə mənə tərəf baxdığını görmək olardı. Mənə elə gəlirdi ki, onlar mənim bir azdan öləcəyimi başa düşsələr də, yəqin, ölümün dəhşətini hələ tam anlaya bilmirdilər. Uşaq idilər axı. Baxışlarında kədərlə yanaşı bir laqeydlik də hiss olunurdu. Bəlkə də, fikirləşirdilər ki, nə vaxt sakitlik olacaq və biz də bir qədər yatıb dincələcəyik. Mən arada bu uşaqlara baxanda gözlərimdən biixtiyar yaş süzülürdü. Ancaq nə qədər fikirləşirdimsə də, baş aça bilmirdim ki, bunlar kimdir: nəvələrimdir, ya öz uşaqlarım? Amma hər kim idilərsə, bunların da yazıq, lap deyərdim ki, ürək dağlayan görkəmləri var idi. Əyin-başları tökülürdü, köhnə, cırıq paltarları, hisli sir-sifətləri onların yazıqlığını bir az da artırırdı. Özləri də çox arıq idilər, yəqin heç vaxt doyunca yeməmişdilər, dünyada olan ləziz yeməklərdən heç xəbərləri belə yox idi. Guya mənim xəbərim var idi, ya da görmüşdüm! Mən özüm nə vaxt doyun qarına yemişdim ki? Bəzən günlərimi dağda-dərədə yeməli ot-ələf toplayıb aclığımı öldürməklə keçirmişdim. İndi bu uşaqlara da baxdıqca özümün o günlərim yadıma düşürdü. Və nə qədər çalışırdım, ağlaya da bilmirdim.

Ölmək istəyirdim… Ancaq ölə bilmirdim. Hər şey insanın özündən asılı deyil ki… Əgər durub yeriyə bilsəydim, özümə qəsd edib bu əzabdan qurtarardım. Ya zəhər içərdim, ya da ki elə otağın ortasında ucalan bu əyri dirəkdən özümü asardım. Birtəhər əl çəkərdim bu əclaf dünyadan. Bəlkə də, dünya məndən əl çəkərdi. Məcbur edərdim onu. Çünki mən ondan ayrılmaq istəyirdim, o isə məni buraxmırdı ki, buraxmırdı. Nə görmüşdüm axı bu dünyada? Kasıbçılıq, xəstəliklər, yaxınlarımın itkisi… Deyəsən, heç bir xoş gün görməmişdim. Uşaq vaxtı da həmişə xəstə olurdum. Tay-tuşlarımla doyunca oynaya da bilmirdim. Cılız, əfəl olduğum üçün hamı məni incidirdi, heç kim mənim yazıq halıma acımırdı. Şikayət eləməyə də bir adamım yox idi. Güclə xatırlayıram, bir dəfə cürətlənib məni döyən uşaqların birinə bir yumruq ilişdirdim. Əvəzində, aman Allah, məni necə döydülər! Biri lap əsəbiləşib nəsə iti bir şeylə baldırımı parçaladı. Çapığı indi də qalır. Əlimi qaldıra bilsəydim, bir də baxardım o çapıq yerinə. Uşaqlığımdan bir xatirədir axı. İndi bunları xatırladıqca o günlərim üçün doyunca ağlamaq istəyirdim, sonra görürdüm ki, əsl ağlamalı günüm elə indidir. O vaxt heç olmasa, gələcəyin ümidi ilə yaşayırdım, elə bilirdim ki, böyüyəndə bütün çətinliklər, əzab-əziyyət arxada qalacaq, xoşbəxt günlərim bir-birini əvəz edəcək. İndi isə gələcək nədir, heç bir dəqiqəyə belə ümidim yox idi. Doğrudan da, ağlamalı günlərim qabaqdaymış. Təəssüf ki, özüm özümə ağlaya da bilmirdim.

Fikirləşirdim ki, kaş anam, beş-altı nəfər də bacım olaydı, oturub mənim üçün ağlayaydılar. Amma yox idilər. Bəs bu yaşlı arvadla kişi niyə ağlamırdı? Məgər mən onların oğlu, yaxud qardaşı deyildimmi? Niyə ağlamırdılar? Bundan da ağlamalı gün olardımı? Elə yazıq-yazıq baxırdılar mənə. Bəlkə, bərkdən, hönkürərək ağlasaydılar, mənim də ağrılarım azalardı, deyə düşünürdüm. Amma heç kimin səsi çıxmırdı. Arvadım isə, deyəsən, heç danışmağı da bacarmırdı, nəinki ağlamağı. Elə əvvəlki kimi əlini əlinin üstünə qoyaraq dizi üstə oturmuşdu və gözlərindən də əvvəlki kimi yaş gilə-gilə süzülüb yanağı aşağı axırdı. Oğlan uşağı bu cür darıxdırıcı vəziyyətdən bezərək başını arvadımın dizinin üstünə qoyub yuxuladı. Qız isə əli ilə onun saçlarını tumarlayırdı. O da ağlamırdı. Ürəyimdən keçdi ki, kaş mənim də saçlarımı kimsə tumarlayaydı. Sonra yadıma düşdü ki, saç nə gəzir, başımda bir dənə də olsun tük qalmayıb. Dərindən nəfəs almaq istədim, sinəmə yenə də yüz minlərlə iynə sancıldı. Fikirləşdim ki, niyə bu iynələrdən biri, tək bircəciyi bir az dərinə, mənim ürəyimə batmır ki, birdəfəlik rahatlanım?!

…Ölmək istəyirdim, amma ölə bilmirdim. Bu dəqiqə mənim üçün dünyada ən böyük xoşbəxtlik bir dəfə dərindən nəfəs ala bilmək idi. Elə nəfəs ki, sinəmə bir dənə də iynə batmasın. Ondan sonra tam rahatlanım, bir daha ayılmayım, yəni ölüm. Amma düz deyirmişlər, bütün xoşbəxtliklər elə arzu olaraq da qalırmış. Nə dərindən istədiyim o rahat nəfəsi ala bilirdim, nə də ölə bilirdim. Əzablarım hələ də davam edirdi.

Yavaş-yavaş gözlərimin qarşısına qara bir pərdə gəlirdi. Bu qara pərdə genişlənir, hər tərəfə yayılırdı. Qranlıq qəlbimi həyəcanla doldururdu, istəyirdim, qorxum, heç qorxa da bilmirdim. Artıq hər şeyə qarşı laqeydləşirdim. Ətrafımdakıları bu qaranlıqda güclə sezə bilirdim. Bayaqdan bədənimi yandıran dəhşətli qızdırma da azalmağa başlayırdı. Hətta üşüməyə də başlamışdım. Əllərim və ayaqlarım əvvəlcə sərinləndi, sonra bu sərinlik tədricən buz soyuqluğuna çevrilməyə başladı. Sinəmə batan iynələr də harasa yoxa çıxmışdı. Bədənimin bu hissəsində bir rahatlıq hiss olunurdu. Əgər əllərimin və ayaqlarımın buz soyuqluğu olmasaydı, tam bir rahatlıq içində olduğumu deyə bilərdim. Ancaq bu zəhlətökən soyuqluq bütün bədənimi sarmağa başlayırdı. Artıq yanımda heç kim qalmamışdı, yaşlı kişi ilə qadın da, uşaqlar da, hətta arvadım da harasa getmişdilər. Otaqda heç nə qalmamışdı. Hisli tavan da, bu tavanı saxlayan əyri dirək də yox idi. Bəlkə də, burada idilər, sadəcə, mən görmürdüm onları. Yəqin, elə belə də idi. Hər tərəf qatı bir zülmət içində idi. Bədənimə tam bir rahatlıq çökürdü. Nə qızdırmanı hiss edirdim, nə soyuqluğu, nə də sinəmə batan yüz minlərlə iynəni. Hamısı yox olmuşdu. Hər şeyin yerini tam bir laqeydlik almışdı.

Birdən hər tərəfə ağappaq bir işıq yayıldı. Bu işıq bütün dünyanı ağuşuna aldı. Göz işlədikcə uzanan bir boşluq – ağappaq işığa bürünmüş boşluq dünyaya hakim oldu. Bayaqdan gah qızdırmadan yanan, gah da soyuqdan donan bədənim körpəcə bir quşun xırda lələyi kimi yüngülcəsinə uçub dünyanı ağuşuna alan bu boşluğa qarışdı. Və mənim bu yazıq, əzablar içində çırpınan, böyüyən, qocalan bədənim bəmbəyaz boşluğun içində əriyib yox oldu.

Mən artıq ölmüşdüm…
Təzədən nə vaxt doğulub bu dünyaya gəlmişəm, bax bunu bilmirəm.
İndi on səkkiz yaşım var. Bir də nə vaxt öləcəyim də hələ məlum deyil mənə. Ancaq dəqiq bilirəm ki, nə vaxtsa bir də öləcəyəm. Sonra ruhum yenə bir körpənin bədəninə daxil olacaq. Və beləcə, əbədi olaraq yaşayacağam. Ayrı-ayrı bədənlərdə yaşayacağam.

Reinkarnasiyaya isə heç inanmıram.
Mən müsəlmanam axı.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir