BU ACI HƏQİQƏT HEKAYƏSİNI HƏR KƏSİN OXUMASINI ISTƏRDİM.
“MÖCÜZƏ”
Fərid bu il ali məktəbə daxil ola bilmədiyi üçün çox sarsılmışdı.O,gecə-gündüz çalışıb böyük bir həvəslə umiversitetə hazırlaşsa da,lazım olan balı toplaya bilmədiyinə görə qəbul olunmadı.Halbuki,universitetə girmək və tələbə olmaq Fəridin bu dünyada ən böyük arzularından biri idi.O,bu arzusuna çatmaq üçün çox çətinliklərə dözmüşdü.Yayın ən qızmar çağında,qışın ən qarlı soyuğunda da kitab-dəftər dolu ağır məktəbli çantasını kürəyində gəzdirərək hər gün məşqələlərə getmişdi.İndi budur,onun bu çəkdiyi bu əziyyətlər bəhrəsiz qaldı.O gündən Fərid nə əməlli çörək yeyir,nə də kiminləsə kəlmə kəsirdi.Mobil telefonunu da qəsdən söndürmüşdü ki,heç kim onunla danışa bilməsin.Bütün günü evə qapanaraq tək qalmaq istəyirdi.Bu uğursuz hadisədən sonra valideynlərinin üzünə baxmağa da sanki xəcalət çəkirdi.Fərid fəhlə işləyən atasının günəşdən yanmış sifətinə və qabarlı əllərinə hər dəfə baxanda peşmanlıq hislərindən az qala ürəyi parçalanırdı.Ümidsizlikdən günbəgün saralıb solan bu on yeddi yaşlı gəncin indi qəlbinin dərinliyində bircə məqsədi vardı.İntihar etmək…
Bu axşam televiziyanın xəbər buraxılışlarında Bakıda yaşayan iki gənc oğlanın intihar etdiyi deyilirdi.Qəbul imtahanından uğurla keçə bilməyən gənclər özlərini hündür mərtəbəli binalardan ataraq faciəvi şəkildə ölmüşdülər.
Fərhad oğlu Fəridin də bu acı xəbərə diqqətlə baxdığını görəndə qalxıb dərhal televizoru söndürdü.Fərid atasının keçirtdiyi bu qorxu hissini çox yaxşı başa düşürdü.Amma,bu,nəyi dəyişəcəkdi ki?..
Ata əlini oğlunun çiyninə qoyub dedi:
-Sən onlara baxma,oğlum.Onların iradəsi zəif olduğu üçün şeytana uyub canlarına qıydılar.O nəhlətə gəlmiş şeytanın səni də yolundan azdırmağına imkan imkan vermə bala.Heç olmasa, ananı fikirləş.Gördün də,televizorda o yazıq anaların fəryadını.Mən bilirəm,sən çox güclüsən,belə şeylər səni heç zaman sarsıda bilməz.
Fərid atasının bu sözlərindən sonra kövrələrək dolusxundu və başını günah işlətmiş bir uşaq kimi aşağı salıb dedi:
-Bağışla məni,ata.Bağışla ki,hər ay boğazımızdan kəsib məşğələlərə ödədiyin o pulları heyif ki bada verdim.Məni ən çox yandıran da elə budur.
-Bəsdir,oğlum,bu pul söhbətini bir dəfəlik unut getsin.Biz burda heç bir şey itirməmişik.Əksinə,o pulların əvəzində gör nə qədər bilik əldə etmisən.Bir də ki, pul əl çirkidir,bala,gələr də,gedər də.Təki canımız sağ olsun.Bu il girməmisən,inşaAllah qismət olar gələn il qəbul olarsan…
Fərid gərginləşdi,atasını axıracan dinləmək istəmədi.Hətta,o,kənarda dayanıb göz yaşı tökən anasına belə məhəl qoymayaraq öz otağına girdi,qapını bağladı.Oğlunun bu qəribə hərəkətindən daha da həyəcanlanan ana yumruğunu üsyankarcasına qapiya vuraraq yalvarışla dedi:
-Qurban olum sənə,Fərid,belə eləmə.Başına dönüm bala,heç olmasa,bir tikə çörək ye.Bizə yazığın gəlmir,barı özünə yazığın gəlsin.Can bala,kaş indi bacın yanında olaydı.Allah bilir,indi o da qəriblikdə oturub sənin bu gününə ağlayır.
-Sən Allah,ana,məni rahat burax.İndi mənə nə bacım,nə də onun göz yaşları gərəkdir.Düzünü bilmək istəsən,bu dəqiqə mənim özümün də özümdən zəhləm gedir.
-Heç olmasa otağın qapısını kilidləmə.Məyər sən ananın nələr çəkdiyini görmürsən?Doğrudanmı atanın söylədikləri sənin heç vecinə də deyil?!
-Off! Ay ana,məni başa düş,son günlər əsəblərim yerində deyil.Hələlik heç kəslə danışmaq istəmirəm!..
Lalə ana bu gecə yuxu nədi,bilmədi.O sübhəcən oyaq qalıb Tanrıdan oğlu üçün kömək istədi:”Ey çarəsizlərin pənahı Allah!Sən özün mənim Fəridimi qoru! Qoyma şeytan onu da yolundan çixartsin.Ey möcüzələr yaradan böyük Tanrı,elə bir möcüzə yarat ki,əziz balam özündə təsəlli tapıb əvvəlki həyatına qayıtsın.Allahım,yalvarıram,sən özün bizə rəhm elə!..”
Lalə ana səhər ərini işə yola saldıqdan sonra eyvandakı divanda uzanıb yatdı.Gecə yatmamışdı deyə,yuxusuzluqdan başı çatlayırdı.Bir yandan da fikir və səksəkə ananı elə yormuşdu ki,zavallı qadın yatmış olduğu halda yorğun çöhrəsində narahat ifadələr dolaşırdı.Ana sevimli oğlundan ötəri elə bil ki,yuxuda da hər an nigaran idi.
Fərid intihar etmək üçün bundan yaxşı fürsət olmayacağını fikirləşib barmaqları ucunda yeriyərək evdən çıxmağa tələsdi.O,yalnız ikicə dəqiqəlik anasının yanında ayaq saxladı,ona doyunca baxaraq ürəyində dedi: “Hə,ana,mənim vaxtım çatdı.Əlvida,mənim gözəl anam.Evin işlərindən yəqin çox yorulmusan,yat,ana,dincəl bir az.Amma,bacarsan bu günahkar oğlunu bağışla…”
Fərid vaxt itirmədən həyətə düşüb evin böyründəki ağaclığa sarı yüyürdü.Çox keçmədən hardansa tapıb gizlətdiyi yoğun bir kəndirlə tut ağacının altında dayandı.Sonra əlindəki həmin kəndiri sürətlə havada fırladaraq onu tutun budağına keçirmək istədi.Lakin elə bu vaxt Fəridin gözləri qəribə bir hadisənin şahidi oldu.O an boğazına yorğan sapı dolanmış bir sərçə Fəridin özünü asmaq istədiyi budaqdan sallanaraq ölümlə pəncələşirdi.Gördüyü bu mənzərədən yayın bu istisində Fəridi buz kimi tər basdı. Fərid bir andaca hər şeyi unudaraq sanki intihara cəhd edən bu bədbəxt sərçəni ölümün pəncəsindən qurtarmaq üçün cəld ağaca dırmaşdı.Lakin,çox təəssüf…
Sərçə artıq ölmüşdü…
Fərid birdən-birə elə kövrəldi ki,içindən əzizi ölmüş bir adam kimi hönkür-hönkür ağlamaq keçdi.Bəlkə də o sərçənin bu şəkildə ölməyi bir təsadüf idi.Bəlkə də o günahsız sərçə küləyin gətirib tut ağacına dolaşdırdığı hansısa tərs bir sapın qurbanı olmuşdu.Yoxsa,quşcuğaz niyə özünü assın ki?Bir də axı,sərçələr nə bilir özünü asmağı…Yaxınlıqda çör-çöpdən düzəldilmiş bir sərçə yuvası vardı.Ölmüş ana sərçənin körpə balaları o yuvadan analarına tərəf boylanaraq fəryadla civildəşirdilər.
Fərid bu ürək yandıran mənzərəyə baxdıqca,sanki qorxunc bir yuxudan yavaş-yavaş oyanmağa başlayırdı:”Aman,Allah,mən nə edirəm?Bu nə pis yuxudur mən görürəm?Balaca bir sərçənin ölümündən canım bu qədər yanarkən bəs doğmalarıma yaşatdığım bu əzab nədir?Yox,Fərid yox!Sən ağlını başına yığıb bu mənalı və sirli dünyanı daha dərindən tanımalısan.Oyan,dostum,nə qədər ki,gec deyil bu səhv yoldan geri qayıt!..
Fərid intihar məqsədilə hazırladığı kəndiri qatlayıb var gücüylə özündən kənara tulladı.Sonra da başını göyə qaldıraraq səmadakı əlçim-əlçim,ağappaq buludlara baxdı.Onun həyat eşqiylə dolu gözlərində insanı gələcəyə səsləyən böyük bir ümid işığı yanırdı.Fərid üçün indi həyat necə də gözəl idi…

(Ruhiyyə Abbaszadə.)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir