Öz-özümə günlərcə düşündüm.Qoy-götür elədim. Bu fikir, bu düşüncə məndən əl çəkmirdi. Hər dəqiqə, hər saniyə öz-özümə sual verirdim:

  • Axı, mən niyə ” insan” olaraq yarandım.
    Niyə bu bəşəri yükü çiyinlərimdə
    daşımalıyam…Niyə duyğularımın, hisslərimin əzabını çəkməliyəm. Bu qədər çox təbiəti sevirəm, ona bağlıyam. Bir quş, bir ağac, dəniz, torpaq, ulduz, günəş kimi yarana bilməzdimmi? Mən də onlar kimi azad, xoşbəxt olardım.Niyə, Allahım – deyə çox fikirləşirdim.
    Həmin gecə qətti yata bilmədim. Yuxu getmirdi gözümə. Yatağımda gah sağa, gah sola qıvrılmağdan belim ağrayırdı.Gözlərimi tavana zilləyib, düşünürdüm, ancaq düşünürdüm.Saatdan xəbərim yox idi..Beləcə saatlar, dəqiqələr, saniyələr ötüb keçmişdi.Birdən gözüm pəncərəyə sataşdı. Artıq hava, yavaş-yavaş işıqlanmağa başlamışdı. Qalxdım ayağa, pəncərəni sonucan açdım. Günəş sakitcə təpəyə çıxırdı.Hər tərəf sükut içində idi. Sadəcə həzin bir külək əsir, yalnız yarpaqlar qımıldayırdı. Birdən gözüm günəşə sataşdı, bu mənzərə məni valleh etdi. Aman, tanrım!
    Günəş, təpəyə çıxmaq üçün necə də əziyyət çəkirdi, necə də çətinlik çəkirdi. Sanki Göyün üzü hamiləydi, Günəşə. Doğulurdu günəş bu sabah.Özü də əzab, əziyyətlə. Göyün üzü necə də sancı çəkirdi…Günəşini dünyaya gətirmək üçün.İlk öncə sapsarı saçlarını atdı buludların qollarına, sonra yavaşca dünyaya, dünyamıza doğmağa başladı. Necə də ağrı, acı çəkirdi günəş. Sapsarı göz yaşı tökürdü sanki alovlu baxışlarından. Nəhayət ki, o ağrılardan, acılardan sonra Günəş doğuldu.Artıq hər tərəf işığa qərq oldu.
    Bu mənzərə qarşısında sözlər ,ifadələr aciz qalmışdı.Təəccüb içində göyün üzünü seyr etməyə davam etdim.Və Pəncərəmi örtməmişdən əvvəl günəşdən, təbiətdən üzür istədim. Onların da yaranış ağrıları, təbiət acıları, əziyyətləri varmış. Sandığım qədər xoşbəxt deyillərmiş.Onlar da əzab çəkirmiş. Günəş də, Ay da, Ulduzlar da yük daşıyırmış.Özü də hər səhər, hər axşam.. Bu mənzərə qarşısında Allahıma şükür edib, pəncərəmi örtdüm. Sabah olmuşdu.Artıq bu hadisədən sonra rahat bir yuxu çəkə bilərdim.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir