Mənsurə Qaçayqızı

 Yagış havası

 (hekayə)

Yağış avtobusun şüşəsində xırda izlər salır,  maraqlı görüntü yaradırdı. Yolum uzaq  və hava soyuq olduğundan, əyləşdiyim yerdə kürkümün yaxasını boynuma doğru çəkib, pəncərəyə qısılmışdım.  Telefonda sosial şəbəkədə yazılan statusları oxuyur, gözlərim yorulanda  çöldəki havanı seyr edirdim. Darıxıdrıcı olsa da yagış necə deyərlər, öz havasında idi. Telefonuma gələn  zəng səsi məni düşüncələrdən ayırdı. Şəlalə idi, rəfiqəm.

– Hardasan? –  deyə, həmişəki tərzdə, salamsız-kəlamsız soruşdu. Adəti idi, zəng edəndə salam verdiyini xatırlamıram. Bəlkə də ərk etdiyindəndi,  birbaşa hardasan deyə, soruşardı.

– Evə gedirəm, yoldayam, – dedim.

– Bizə gəl. Üstündə dəftər, qələmin var? 

Çantamda qələm, dəftəri yox idi. Yox desəydim, deyəcəkdi sən necə yazıçısan, baxmayaraq ki, elə indi varmı deyə, soruşurdu. Xasiyyətinə bələd olduğumdan, var, – dedim.

– Onda gəl, tez gəl, evə getmə ha. Zəng elə,  bizə gəldiyini de evdəkilərə.  Gəl bacın danışsın, sən yaz. Elə yağış havasıdı, yeridi…

Bir neçə dəfə demişdi yaşadıqlarımı danışacam, yazarsan. Kitab yazarsan mənim həyatımdan. Mən də sənin həyatında yazılacaq nə var ki, deyib, söhbətə ciddi yanaşmamışdım. Tanıdığım qədərilə həyatında bir o qədər yazılacaq məqam da yox idi.Mənim fikrimcə təbii ki…

O isə, hər insanın həyatı bir kitabdı dəyərli yazıçı, demişdi.  Haqlı idi, onun haqlı iradının qarşısında susmuşdum…

Bir də qəribə o idi ki, bu təklif mənə ancaq yağış yağanda gəlirdi. O zəng edirdi, ya mən hardasa olurdum, ya da nəsə… Görüşə bilmirdik.

“Gəl, mən danışım, sən yaz” Niyə axı bir dəfə soruşmamışam, yağışla  həyatının nə əlaqəsi? Niyə  yaşadıqlarını xatırlamaq yağış yaganda yadına düşür? Mən də beləyəm də. Sonradan aglıma gəlir bəzi məqamlar. Amma yox, yaxşı ki, soruşmamışam. Heç dəxli var?

Dayanacaqda düşdüm, evə zəng edib Şəlaləgildə qalacağımı dedim, mağazaya girib dəftər, qələm  alıb çantama qoydum.Hələ məni tanıyan məhlə marketinin satıcısı Gülənbər xanımın üzünə gülümsədim də… Dəftəri alanda qalınlığına xüsusilə fikir verdim ki, deməsin nazik dəfttər almısan. Bu mənim onun iradından nəticə çıxardığıma və həyatının daha mənalı olmağını düşündüyümə bir işarə idi…

Yagış səkini döyəcləyirdi. Evlərin damından süzülən damcılar səkidə yeriməyə imkan vermirdi.  Yağışdan daldalan-daldalana gedirdim ki, əlində çətir yolun ortasında dayanıb, məni gözlədiyini gördüm.

– Elə aglıma gəldi ki, çətirin olmaz. Gəl gir çətirin altına, – deyə, yaxınlaşıb çətiri başıma tutdu. Bir az soyuq, bir az yagış, bir-birimizə qısıla-qısıla evə gəldik.

– Əlini yu, keç masa arxasına. Işdən gəlirsən, yəqin acsan deyib, mətbəxə keçdi.- İçirsən? yaxşı çaxır var.

– Yox, əşi. Məşədi İbadın sözü olmasın, mən müsəlman adamam.

Mətbəxdən gülüş səsləri gəldi:

-Hə, onda sən çay içərsən.

Çaxırı gətirib süfrəyə qoydu. Masanın üzərini yeməklərlə doldurdu.

Bunları sənin üçün hazırladım. Ye, ye ki, yaza biləsən. Əvvəl yemək lazımdı ki, agıl işləsin. Qarın boş olandan sonra nə yazmaq, nə danışmaq… Zəng edim Minayə də gəlsin, əri işdə, gecə növbəsindədi…

Qonşu qadını deyirdi… Aha, qadınlar məclisi…

***

Işin yorğunluğu, çölün soyuğu, evin ist havası… “Ceyran” sobasının ətrafa yaydığı istilik, bayırdan gələn yağı səsinin ruhuna qarışmışdı əslində.. Hiss edirdim ki, göz qapaqlarım yumulur. Şəlalə ilə Minayə danışıb gülür, artıq mənə yad olan söhbətlər maraqsız gəlirdi. Yad olan deyəndə ki,  onlar qonşu olduqları üçün danışdıqları məhlə söhbətləri mənə yad idi. Gecə keçirdi.

-Yatmaq istəyirsən? Deyəsən yuxun

gəlir? – Şəlalənin səsi məni dikdindirdi.  Əyləşdiyim yerdə, divanın küncündə yuxuya getmişdim. Kirpiklərimi yumub, açdım. 

– Dur, gedək yatagını hazırlayım, yat.

Yuxulu gözlərimi dolandırıb onun üzünə baxdım, gözləri nəmli idi. deyəsən aglamışdı. Yəqin ki verə biləcəyim bir sual, nə olub və ya məni yazı yazmağa çağırmışdın axı, deyə, sualı yuxulu baxışlarımdan oxumuşdu…

Yataq otağına keçdim. Ancaq yatmaq, yorğunluğumun çıxmasını istəyirdim. Şəlalə yorğanı kürəyimə çəkib dedi, – sən yat, mən də Minayəni yola salım, gəlib yatacam. Sabah danışarıq…

Ard-arda gələn mesay səsinə yuxudan oyandım. Çarpayının yaxınlığındakı telefonu götürüb saata baxdım. Üçə işləyirdi.

– İntihar edəcəm. Daha yorulmuşam.

Lənət şeytana, bu kimdi. – hə… Gulnar. Bu nə danışır, narahat olmaga başladım. Niyə, nə olub, gecənin  vaxtı? Aglını başına yığ kimi verdiyim suallara Gülnardan dəqiq cavab ala bilmirdim. Əlim isə heç bir yana çatmırdı. Nə yaşadığı ünvanı, nə ətrafında kiminsə telefonunu bilirdim. Sosial şəbəkədən  dostluğumda olan bir xanım idi. Sevdiyim insan mənə xəyanət edib, deyirdi. Etmə, dəyməz, sənin göz yaşlarına kimsə dəyməz, indi özümün də nə yazdığımı xatırlamadığım söhbət apardım. O isə israrlı idi, yox, intihar edəcəm…

Mətbəxdən səs gəlirdi. Deyəsən, Şəlalə qabları yuyurdu. Yorğanı üstümdən atıb mətbəxə qaçdım. Su kranını bağlayıb təccüblə üzümə baxdı. Əlimdəki telefona baxıb:

– Niyə yatmırsan, kimə yazırsan?

– Ay Şəli, qız özümü öldürəcəm deyir?

O, halını pozmadan, əlini dəsmalla qurulayıb, dedi:

– Niyə?

-Xəyanət. Sevgilisi…

– Az boş şeydi, yıxıl yat. Özün öldürəcək? Kimə görə? At telefonu kənara? – sakit ola bilmirdim,- yox ey, buna kömək etmək lazımdı.

– Neyniyəcəksən?

– Bilmirəm, heç kimi də tanımıram ətrafında. Evini də tanımıram. Elə danışır ki… – Əllərim əsirdi. Əsəbi halda yaxınlaşıb telefonu əlimdən aldı. Nəsə yaza-yaza yataq otağına keçdi,  söndürüb masanın üzərinə atdı. – Yıxıl yat, o özünə heç nə də edən deyil. Sözdü də deyir. – Yat…

Heç nə düşünə bilmirdim. Yatağa uzandım, gözlərim yumulurdu…

Yağışın səsinə yuxudan oyandım. Elə gözəl yağırdı ki… Gecə çırağının işığında divardakı saata boylandım. Beşə on dəqiqə işləyirdi. Əlimi telefona uzatmaga qorxurdum. Yorğunlugum getmiş, yuxum dağılmışdı. Ayıq düşünə bilirdim.  Yadıma düşdü ki, axşam Gülnarla söhbəti tamamaya bilmədim. Görəsən necə oldu?  Yuxusuz qala bilməməyimə, Şəlalənin də təsirini əlavə etsək  asanlıqla yuxuya məğlub olmuşdum. Birdən bir şey olar? Yazıq qız… Özümü bağışlaya bilmərəm. Ya olmasa da deyəcək məni axıra kimi dinləmədi. Ya bir şey olsa, telefonuna polis baxsa? Mən dedim axı, intihar etmə… Polis desə niyə xəbər verməmisən, nə deyəcəm?… Kimə? Ailə vəziyyətindən də tam məlumatım  yoxdu axı? … Telefona uzanan əlimi geri çəkdim. Yerimin içində o üz-bu üzəbir neçə dəfə qıvrıldıqdan sonra yata bilməyəcəyimi dəqiqləşdirdim. Yataqdan qalxıb ayağımın ucunda  mətbəxə keçdim. Bir stəkan su içib geri qayıdırdım ki, Şəlalənin yorğanı sinəsinə çəkdiyini gördüm. – Niyə qoymursan yataq? Yağış yağır?- deyə, yuxulu-yuxulu soruşdu.

– Yağır…Yata bilmirəm… Gülnar yadımdan çıxmır.

– Ay qız, sən mən deyənə bax. Indi Gülnar yorğanı başına çəkib yatııb.

– Səncə?

– Hm… Bəs nə… Unut o söhbəti .  Biz də  onunla belə bir yağış yagan gecədə tanış olmuşduq.

– Kiminlə?

– Başı batmışla.

-Hə… –sual vermədim, başı batmışın kim olduğunu təxmini bilirdim.

Gözləri yumulu danışmağa başladı. Sanki yuxuda kiminlədə söhbət edirdi:

– Yagış yağırdı. O qədər gözəl yağış idi ki… gecə yuxum qaçdı, mənə bir darıxmaq gəlmişdi o gecə. Pəncərənin qarşısında dayanıb saatlarla yağışa tamaşa elədim. Evdə də tək idim. Gecə saat üç. Ev telefonuna zəng gəldi. Götürdüm… O… Dedi gözəl yağış yagır. Dedim, hə. Dedi, darıxıram, bir nömrə yığdım kiminləsə danışım…

Susdu…

– Hə, sonra?

– Sonrasını sabah danışacam, yazarsan. Yıxıl yat, yağışın səsinə qulaq as…

– Şəlalə…

…Səs gəlmədi, Şəlalə yatırdı… Ürəyim titrəyə-titrəyə telefona yaxınlaşdım. Telefonu açdım. Əvvə Gülnarın profilinə baxdım. Az əvvəl həzin bir musiqi paylaşmışdı. Şükür Allaha, sagdı deyib, mesay bölməsinə keçdim.  Şəlalənin ona nə yazdığı məni çox maraqlandırıdı.

– Pəncərəni aç, havaya bax.  Yağış çirkinlikləri yuyur, yerinə gözəlliklər gətirir. Bax və gördüklərini mənə yaz.

Mesajı oxuyandan bir az sonra Gülnar  təbəssüm işarəsi göndərmişdi…

 Yagış havası

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir