Gecələr səhərin ömrünü yeyir - Şeirlər
Yazıçı Ədəbiyyat Portalı Ülviyyə Əbülfəzqızının şeirlərini təqdim edir.
GÖZALDADAN GÜLÜŞÜN
Gözaldadan gülüşündə gizlənirdi böyük kədər,
Baxışların səssiz dili söyləyirdi həqiqəti.
Gülüşünə təslim idi, bəxtdən küsmüş yaralı qəlb,
Döyüntülər bəstəkartək bəstələyir səadəti.
Susmuş qəlbin yarasında boy atmışdı uca çinar,
Hər döyüntü bir yarpağı bəsləyirdi aram- aram.
Ağrı ilə qidalanan yarpaqları qorxutmurdu,
Dayanmadan güclü külək söyləsə də, varam-varam.
Çiyinlərim yükdən azad, vücud donun soyunmuşam,
Ucaldıqca- ucaldıqca vüsal eşqim coşub- daşır.
Sarıldıqca öz mənimə rahatlaşıb tamlaşmışam,
Yerin- göyün sevgisində oxşar qəlblər pıçıldaşır.
ŞÜBHƏNİN EDAMI
Aynada əksimlə sirdaşam indi,
Qələm məndən küsüb, mən də qələmdən.
Ona dayan -demək yaman çətindi,
Yazma- söyləsəm də, yazacaq səndən.
Ayrılıq havası, matəm libası,
Çoxdan gözləyirmiş murada çata.
Əqrəblər belində daşıyır yası,
Çətin ki, yükünü belindən ata.
Günahı boyundan atmaq asandı,
Güvəni qaytarmaq çətin imtahan.
Gözlərim yalanı həqiqət sandı,
Vurulan zərbəni unudar zaman?
Gözlərin də bəzən yanılda bilər,
Qəlbin gözü ilə baxasan gərək,
Məkanı ürəkdir, o saflıq dilər.
Sevgi meyvə deyil ağacdan dərək,
Şübhənin birlikdə dəfnini edək,
Çıxa biləcəkmi, o, ahımızdan?
Küsmüş sevgimizə gəl qonaq gedək,
Görək keçəcəkmi, günahımızdan?
GECƏLƏR SƏHƏRİN ÖMRÜNÜ YEYİR
Gözlərim tavanda rəsmini çəkir,
Fikirlər calanıb növbə gözləyir.
Küləyə çevrilib arxanca düşüb,
Ruhum lal şəkildə səni izləyir.
Baxışın qəlbimə cığırlar salır,
Hər gün o yollarda itib azıram.
Deyirlər, sevgidən şair olmuşam,
Eşqin əzabından dastan yazıram.
Gecələr səhərin ömrünü yeyir,
Günəşi gizlədir qara pərdədə.
Ona cəza verib əsir saxlayır,
Ay artıq həsrətdən düşüb dərdə də..
Məhəbbət atəşi qəlbi qovurur,
Göz yaşım alovun üstünə qaçır.
Qəlbin küllərindən Günəş doğulur,
Zülmətə dərs verib o, işiq saçır.
SƏN DOĞULDUN, MƏN ÖLDÜM
Üz çevirib sevincə.
Qəlbimdə qəm yaşayır,
İllərim yamaq kimi,
Ömrü məcbur daşıyır.
Təbəssüm uşaq təki,
Məndən inciyib qaçır.
Hər səhər qapımıza,
Dərd-kədər ayaq açır.
Fəsillər yer dəyişir,
Gümanım yox sabaha.
İsti, soyuq fərq etməz,
Hisssizləşmişəm daha.
Kədərə sığal çəkib,
Öyrətmişəm özümə.
O özü də mat qalıb,
Məndə olan dözümə.
Gedirəm sonsuzluğa,
Ölüm, günün mübarək.
Sən doğuldun, mən öldüm,
Heç doğulmazdım gərək.
QOPARMAQ ÜÇÜN
Ömrün baharını qışa çevirib,
Nə üzlə bağçama gülə gəlmisən?
Payıztək ağladıb qara buludu
İndi islanmağa selə gəlmisən?
Qırılmış ümidi süpürüb tulla,
Bir daha inanmaz boş xəyallara.
Sənə xərclədiyim cavan illəri,
Ehsana döndərib səpdim yollara.
De, qismət payımdan niyə götürdün?
Məni məndən alıb aparmaq üçün?
Qəlbimdən ruhuma gizli yol çəkdin,
Ruhumu canımdan qoparmaq üçün.
Sizin reaksiyanız nədir?
Bəyən
3
Bəyənmədim
1
Sevgi
2
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0