Pandoranın qutusu... - Mehman Qaraxanoğludan şeirlər

May 1, 2026 - 10:43
May 1, 2026 - 10:55
 0  64
Pandoranın qutusu... - Mehman Qaraxanoğludan şeirlər

PANDORANIN QUTUSU...

HÖRMƏTLİ "YAZİCİ.AZ"

2026-cı ildə “Manera.az”da silsilə şeirlərim çap olunub. Onlardan seçib sizə yollamaqla iki məqsəd hədəfləyirəm: 1. Doğum günümə ağrı-hədiyyə paketim olsun. 2. Ədəbiyyatın klassik missiyasına qayıtmaq cəhdlərim kimi qəbullansın.

Bizdə sistemləşmiş bir dəyərlər arxitekturası mövcud idi. Kişilik, mərdlik, bütövlük, dürüstlük, həqiqətsevərlik, haqqı nahaqqa verməmək inadkarlığı və bütün bunların fövqündə duran Millət, Dil, Vətən təəssübkeşliyi... Mirzə Cəlil və onun nəsildaşları bu dəyərlər sistemini qorumaq üçün hər cür fədakarlıqlar göstərirdilər. İndi həmin arxitekturanın tamamilə dağılması  prosesi gedir. Burda həm xarici, həm də gecə-gündüz   o xarici əllərə oynayan daxili qüvvələr xüsusi canfəşanlıq göstərirlər. Kim daha çox alçalırsa, onun yüksəlişi daha çox olur. (“Yüksəliş varsa, səbəb: alçaqlıq” H.Cavid) Dərd orasındadır ki, ədəbiyyatımız da daha çox alçalaraq yüksələnlərin yanındadır. Səbəblər çoxdur...

Belə “radikal” düşüncələr perronunda tək-tənha qalıb növbəti naməlum qatarın gəlməsini gözlədiyim məqamda dahi Mirzə Cəlil dadıma çatır...

Bu şeirləri zaman özü diktə edir, tək yazmamışam, dahi Ustadımla bir yerdə yazmışam...

                                                       Hörmətlə: Mehman Qaraxanoğlu

 

 

BƏY OLMAĞIN KLASSİK YOLU

Nə yaxşı ki, öz ananı
Kərbalayı İsmayıla siğə elətdirdin, Xudayar,
O andan oldun bəy!
Çırpın təpəmizə qədim saatların kəfkirlərini,
Qoy zamanın durduğunu hiss etməyək sərəfsiz başımızda!

Bizə təlxəklər lazımdır,
Və göbəkoynadan,
Məddah,
Şərabpaylayan!

Üzəduran,

Oyunbaz

Nədə qıtlıq olsa da,
Qoy maskaradlarımızda qıtlıq olmasın!

Hər yer maska,
Hır-hır, hi-hi...
Kim öz rolunu yaxşı oynamır
Çıxsın bir addım irəli!
....İrəli çıxmağa
Bir adam da yoxdur, İlahi!



HARDASAN, QURBANƏLİ BƏY

Pristavın xanımının doğum günündə qışqırdın:
Nə qədər sağdı canım,
Sənə mən nökərəm, ay xanım!
Necə keçir nökərçiliyin, Qurbanəli bəy?

Nə yaxşı ki, sən bunu dilə gətirdin, boynuna aldın.
İndikilər fenomendirlər,
Gizli nökərçilikləriylə qürur duyurlar.

Sən bizim aramızda kəfənlə gəzən sonuncu bəysən,
Axur-tabutunu da arxanca çəkirsən.

Bu zəhrimar araq olmasaydı,
Gəlib sənin tabutuna tüpürməyə heç kəsin cürəti çatmazdı, Qurbanəli bəy

Ürəyini sıxma,
Nə yaxşı ki, macal tapıb oynadın
Bəyliyin son havasına - “Uzundərə”yə...


ZƏRƏRSİZ ZİYALILAR ÖLKƏSİNDƏ

Ustad, sən bizə öyrətdin ki,
Vətən bölünmür ostan-ostan,
əyalət-əyalət,
kənd-kənd,
oba-oba

Bölünür adam-adam:
Mirzə Məhəmmədəliyə.
Rüstəm bəyə,
Səməd Vahidə...

Üçü də z
ərərsizdir...
Onlar o qədər artıb çoxalıblar ki,
Saymaqla qurtarmaz.
Z
ərərsiz “ziyalı”lar ölkəsində yaşamaq dəhşətdir, Ustad


P
ANDORANIN QUTUSU

Bizdə
Avamlıq hesab olunur
Təmizlik, paklıq.
Niyə vaxtında anlamadıq bunu, Novruzəli?

Şərəfsizlik kultu...
Hamımız “füsunkar şər”in arxasınca gedirik.
Çağırın ölümsüzlük qasidini,
Qoy rəqs etsin manekenlər!

Zevsin bağışladığı qutuya
Götürüb atdın
Vəli xanın irəvanlı dostu Cəfər ağaya yazdığı məktubu.
Bütün şər qutuların ağızlarını açır insanlar,
Niyə vaxtında anlamadıq bunu, Novruzəli?!


A
BSURDİZM

                   “Yazığım sənə də, özümə də.” (Molla Abbas)

Sən dünyada yeganə kişisən ki,
“Dəli” arvadına görə özünü dəliliyə vurub
Atdın dəlixanaya, Molla Abbas

Dünyanın bütün yoluq-moluq kişiləri,
Və z
ərərsiz “ziyalı”ları
Pırpız Sonanın əlinə su tökməyə də layiq deyil, Molla Abbas!
Heç sənin də...

Yəqin ki, baxmısan
Qustav Moronun “Prometey” tablosuna.
Bir az yazıq günə salıblar Prometeyi.
Fəqət ölüm gözlərinə girə bilmir, Molla Abbas

Oğurluqla tikilib dünya məbədi;
Bax, Prometey odu,
İlan ölümsüzlük otunu,
Məlikməmməd qızıl almanı oğurlayır...

“Yazığım sənə də, özümə də”, Molla Abbas...



ƏDƏBİYYAT ZAVODLARI



Guya siz özünüzü ədəbiyyata həsr etmisiniz,
Guya xəstəsiniz,
Guya yaşınız altmışı keçsə də,
Məhəbbət cazibəsindən çıxa bilmirsiniz!

Guya dərd üzür sizi-
Ayrılıq dərdi,
Qadın dərdi,
Vətən dərdi,
El dərdi.
Və ağzınızdan tökülən bütün bu ifrazatlardan sonra
Qönçə kimi bükün dodaqlarınızı...
Təşbeh tanışdırmı sizə?

Və şəxsi ədəbiyyat zavodlarınıza
Cahil kütlədən başqa
Buraxmayın heç kəsi!

Bizə kətil lazımdır -
Linqvistik kətil.
Aşın ədəbiyyat zavodlarının divarlarını!
Onsuz da
Hamilə qadınların çoxu
Paltarlarını soyunmadan yatırlar...

 

MƏRHƏMƏTLİ REPRESSİYALAR

Sən məni inandırırsan ki,
Keçib 37...
Mən də deyirəm: keçib!
Fəqət hara?
Şüuraltımıza.
Yüz illərdir bəslənir orda.

Necə ki, Yer özünəməxsus bir xofla
Vulkanlar bəsləyir,
Necə ki, Ziqmund Freyd öz intiharını bu cür bəsləyir,
Necə ki, həbsxana pəncərəsindən ac, yaşlı bir qatili
Təşvişlə əmizdirib bəsləyir qadın....
Bu, Roma mərhəmətidir!
Mərhəmətin bir növüdür repressiyalar da...

 

ŞAİRLƏRİMİZ EPİŞTEYN ADASINDA...

Mənə milyonlarla çəkiliş-filan yox,
Verin adanın nitq fondunu!
Bu gün Xocalı,
Qəzza haqda
 necə sakit bir təhkiyədə danışırıqsa

Tarix də sizi eyni ritorika ilə
İtiham edəcək:
Tfu sizin üzünüzə!!!

Xəstə ədəbi pedofillər -
Körpə qrammatik konstruksiyaları cinsi istismara məruz qoyub
Şeir yazanlar,
Deyin,
Əsim-əsim əsən o uşaq
cığazlarla dialoq qura bildinizmi?

Sonra da aləmə car çəkib dedinizmi ki, şeir mənim balam, övladımdır,
Sonra da onları öz əllərinizlə aparıb verdinizmi vampirlər adasına?!
Və sonra da övladlarınızın hər biri üçün
Ev,
Torpaq,
Maşın istədinizmi?!
Tfu sizin üzünüzə!!

                                                                                              2026

 

 

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0