VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb

May 22, 2026 - 22:33
 0  3
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasının önündəki Elmlər Akademiyası parkında VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının (VI LitBookFest) açılışı olub.

YAZİCİ.AZ xəbər verir ki, mayın 26-dək davam edəcək festival Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, Yunus Əmrə İnstitutu və digər qurumların dəstəyi ilə təşkil olunur.

Açılış mərasimində öncə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, Türk dünyası şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalını Azərbaycanın Türk dünyası ilə əlaqələrinin ardıcıl şəkildə qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin məntiqi nəticəsi kimi dəyərləndirib. Bildirib ki, bu festival Türk dünyası ölkələri arasında inteqrasiya proseslərinin dərinləşməsinə, elmi, ədəbi və mədəni əməkdaşlığın coğrafiyasının genişlənməsinə mühüm töhfə verməkdədir.

Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək festivalın böyük söz bayramı olduğunu, türk xalqları arasında ədəbi-mədəni əlaqələri gücləndirməyə xidmət etdiyini bildirib. O, türksoylu ölkələrdən alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festival çərçivəsində şeir saatlarının, müzakirələrin, kitab təqdimatlarının, konfransların və görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlərin keçiriləcəyini bildirib.

Tədbirdə, həmçinin Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, millət vəkili Elçin Mirzəbəyli, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turqaner, Beynəlxalq Türk Akademiyasının təmsilçisi, professor Əbülfəz Süleymanlı, Özbəkistan Asiya Texniki Universitetinin rektoru Laçın Rəhmanov, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza və digərləri çıxış edərək Türk dünyasının sarsılmaz birliyinə, türk dövlətləri arasındakı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının əhəmiyyətindən danışıblar.

Festival ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Qeyd edək ki, festivalın ilk günü Azərbaycan-Türkiyə, ikinci günü Özbəkistan-Türkmənistan, üçüncü günü Qazaxıstan-Qırğızıstan, dördüncü günü Macarıstan-Şimali Kipr Türk Respublikası, sonuncu günü isə Türk Dünyası – Yunus Əmrə günü olaraq adlandırılıb.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0