Elçin Məhərrəm: Qağayılar üçün..
Yazıçı Ədəbiyyat Portalı Elçin Məhərrəmin yeni şeirlərini təqdim edir.
Qağayılar üçün elegiya
Dünənki davadan sonra
atamın əl uzatmadığı
süfrədəki çörəyin
artığı ilə gəlmişəm
görüşünə...
Qağayı, sənin də atan dalaşanda
axıra kimi yemir çörəyi?
Bir tikə çörəyə
sat özünlə
barışmağın
reseptini mənə.
Qırıntıları yosuna düzüb
as sevgilinin
gümüş boynundan.
Qağayı, sənin də ən ucuz hədiyyədən
sonra başlayır xəyanətin?
Qanadlarından bir tük
qoparsam, hansı dildə
söyərsən mənim goruma?
Mən insanam!
Bacarsan,
keç günahımdan.
Dimdiyinin sarısını
bir ömür səcdəgah
edim, küt xəncərimi orada
itiləyərək.
Səcdə, üsyan,
yenidən səcdə,
yenidən üsyan...
Qağayı, sənin də ölülərin
keçir "Sirat" körpüsündən
qan-tər içində?
Atalardan eybi yox
Saat yekəyanbızlı,
piyli arvadlar
kimi ləngər vurur
ömrün
xarabalıqlarında.
Sığırçınları eşidən
qulağımı kəsib
poçtla göndərmişəm
yüz ilin
abırsız qadınına,
məlum
rəssamsayağıtək.
Gün-atamın dərmanlarına
laqeyd olmaq günüdür.
Dərmanlara
laqeyd olmadığım
vaxtı dörd yox,
səkkiz gözlə pusuram
hörümçək kimi
öz torumda.
Özünü
söyən insana
Allah da qibtə edir,
zənnimcə.
Mən süddən kəsiləndən
unutmuşam Allahı.
Və o gündən
tıxanıb ağzıma
söyüşlərin
qatları
(yağlı, duzlu, duru, quru).
Bağışlayın...
Saatlar, sığırçınlar,
analar, Allahlar
bağışlasın bizi...
atalardan eybi yox...
Güzgüləri dindirin!
Etiraf elədim:
bu gün güzgüdə
məni söyən adama
necə əclaf olduğumu.
Həmin güzgü,
həmin adam
mırıldadı çürük
dişləri ilə,
quduz köpək kimi.
Və uğursuz filmin
uğursuz mənfi qəhrəmanıtək
hırıldadı gözlərini,
pencəyimin
döş cibindəki
dəsmala zilləyərək.
Yüz ilin kirini,
yüz ilin
soyuqdəyməsini
çıxartdı
canından tərləyərək
həmin güzgü.
Bəzən də xırıldamaq istəyirsən,
bir ovuc
şüşə qırığını udaraq.
Xırıltı-ölümün sirenasıdır,
- dedi güzgünü dindirən adam...
Sizin reaksiyanız nədir?
Bəyən
6
Bəyənmədim
0
Sevgi
5
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
1