Ana dedim, Vətən dedim, yar dedim - Asim Qazıyevin şeirləri

May 10, 2026 - 14:30
May 10, 2026 - 14:36
 0  10
Ana dedim, Vətən dedim, yar dedim - Asim Qazıyevin şeirləri

Yazıçı Ədəbiyyat Portalı şair, pedaqoq Asim Qazıyevin (Asim Sevdalı) 100 illik yubileyi münasibətilə şeirlərini təqdim edir.

ÖZ YERİNDƏ

Nemət var min cürə, zövq ayrı-ayrı,
Çörək öz yerində, aş öz yerində.
Bədən ömr eləməz, ürəksiz, başsız,
Ürək öz yerində, baş öz yerində.

Meyvənin yüz rəngi, yüz də tamı var,
Məhəbbət həyatdır, şirin kamı var.
Hər sözün, hər işin bir məqamı var
Dəmir öz yerində, daş öz yerində.

Sevinir zəhmətin barını görən,
Ürəyi pay alar ürək göndərən.
Qəlbçəkən üzlərə gözəllik verən
Göz öz yerindədir, qaş öz yerində.

Sükan düz olanda düz gedər gəmi,
Könül gərək sevib duysun aləmi.
Yaşa demə ötüb məhəbbət dəmi,
Sevda öz yerində, yaş öz yerində.

Darda qalanların yet harayına,
Sevinc düşsün ömrün hər bir ayına.
Arzudan, niyyətdən düşər payına,
Quru öz yerində, yaş öz yerində.

Gözün də, qəlbin də təmənnası var.
Ana olanın da öz anası var,
Bədəndən axsa da öz mənası var,
Qan öz yerindədir, yaş öz yerində.
20.01.1978

YAXŞIDIR

İşi olmayanın dili də olmaz,
Torpaqsız adamın beli də olmaz,
Dağ qarsız olanda seli də olmaz,
Hər şey öz yerində olsa yaxşıdır.

Göl sonaya, sona gölə yaraşır,
Sünbül dənə, dən sünbülə yaraşır.
Könül eşqə, eşq könülə yaraşır,
Hər şey öz yerində olsa yaxşıdır.

Yarpaq budaq, budaq yarpaq istəyir,
Uşaq qucaq, qucaq uşaq istəyir.
Torpaq insan, insan torpaq istəyir,
Hər şey öz yerində olsa yaxşıdır.

Ay gecəyə düşüb, günəş gündüzə,
Güllər bağa düşüb, lalələr düzə.
Haqq doğruya düşüb, ədalət düzə,
Hər şey öz yerində olsa yaxşıdır.

Tərəzinin gözü tən olmalıdır,
Aranda gün, dağda çən olmalıdır.
Fikir təmiz, ürək gen olmalıdır,
Hər şey öz yerində olsa yaxşıdır.
12.05.1982

SONRA

Könlümün sevinci çay kimi daşıb
O dilbər üzümə güləndən sonra.
Sinəmin sözləri başımdan aşıb,
O, anama gəlin gələndən sonra.

Gəncliyim çox sirli bir yoldan keçib,
Məhəbbət adlanan bir şərbət içib.
Qəlbimin yarısı sinənə köçüb,
Qəlbini mənimlə böləndən sonra.

Səsimi qatmışam sənin səsinə,
Nəfəsim qovuşub gül nəfəsinə.
Məni qaldırmısan eşq zirvəsinə,
Özünü mənə yar biləndən sonra.

Vüsalınla məni xoşbəxt etmisən,
Daş-kəsəkli yolda mənlə getmisən.
Könül bağçasında gültək bitmisən,
Kədəri qəlbimdən siləndən sonra.

Sevda öz vaxtında gəlib oyanıb.
Önümdə yeni bir aləm dayanıb.
Dünya gözlərimdə nura boyanıb,
Hicranın bağrını dələndən sonra.

Ömür zəncirnin bir gözüdür il,
Heç bir şey ömürdən qiymətli deyil.
Qədrimi sən mənim sağlığmda bil,
Qədrin nə mənası, öləndən sonra.
26.11.1981

BİLDİM

Yar, qəlbində mənə yer olduğunu,
Gülümsər baxışla keçəndə bildim.
Sədaqət yükünün ağırlığını,
Ömür-gün dostunu seçəndə bildim.

Sən öyrətdin mənə eşqin adını,
Qırdın “sultanalığın” qol-qanadını.
Mən hicran tamını, vüsal dadını,
Sevda şərbətini içəndə bildim.

Saf-çürük eylədim bəxt nemətini,
Əziz bildim qəlbin öz qismətini.
Dolu sünbüllərin qədr-qiymətini,
Sarı zəmiləri biçəndə bildim.

Çox vədəsiz düşdü saçlarıma dən,
Gözəl çiçəklərə baxıram gendən.
Özümü yoxladım, səbəbini mən,
Nə dumanda gördüm, nə çəndə bildim.

Ana bağçasının tez solduğunu,
Həsrətdən, ay Asim, göz dolduğunu,
Analı günlərin nə olduğunu,
Anam bu dünyadan köçəndə bildim.
26.07.1973

TANI

Torpaqa sədaqət, elə eşq bəslə,
Yurdunda hər qızı, hər daşı tanı.
Hər zaman hamını xeyirə səslə,
Dayağın atanı, qardaşı tanı.

Dünyaya ləkələr gətirər naşı,
Ürək yanmayanda axmaz göz yaşı.
Yüz insan görərsən hər addım başı,
Qəlbini açmamış sirdaşı tanı.

İşinə, sözünə daimi sən ol düz,
Bir əlində od tut, bir əlində buz.
Nə aldan, nə itir, nə də ki uduz,
Həyat yollarında yoldaşı tanı.

Rezin kimi sağa-sola əyilsən,
Mənliyi itirsən kişi deyilsən.
Azın da, çoxun da qədrini bil sən.
Həm yavan çörəyi, həm aşı tanı.

Dünyada ad qoymaz hər gəlib-gedən,
Yaxşıya tuş olar yaxşılıq edən.
Zərrələr çələngi olsa da bədən,
Bir ürəyi tanı, bir başı tanı.

Ömür qəmli keçər yaşasan yalqız,
Özünə bir hədd seç, nə soyu, nə qız.
Könül yarın olsun sevimli bir qız
O gözü günəş bil, o qaşı tanı.

Kişi qeyrət verər, qadın ləyaqət,
Ata şöhrət olar, ana nəcabət.
Cavanlıq dövlətdir, qocalıq hörmət.
Asim, naşı olma, sən  yaxşı tanı.
10.10.1977

GÖZLƏMƏ

Qanadı qırılmış quşdan bir uçuş,
Sən ucuz şorbadan bir dad gözləmə,
Dünya başdan-başa sirlərlə dolmuş,
Sirri yayanlardan saf ad gözləmə.

Acı söz ürəyə bir təhlükədir,
İnsanı geriyə atan “bəlkə”dir.
Məsləksiz keçən gün ömrə ləkədir.
Mənasız anlardan heç şad gözləmə.

Yaxşıca təmizlə sən sağ-solunu,
Yüksək əməllərdə işlət qolunu,
Ayıq ol, dünyada həyat yolunu,
Özün seç özgədən imdad gözləmə.

Xaniman isinməz ocaqsız, közsüz,
Asim də yaşamaz ürəksiz, gözsüz.
Könül viran olar sevdasız, sözsüz,
Bağbansız bağ olmaz abad, gözləmə.
10.02.1980

DAŞIYIR

Dünyada əzəldən belə qayda var:
Kiçiyin dərdini böyük daşıyır.
Günəş yüz ölkəni işıqlandırır,
Ürək bu dünyada min yük daşıyır.

Həqiqət yoludur hər şirin nağıl,
Saf-çürük eyləyir fərasət, ağıl.
Nə ola, olmaya dünyada paxıl,
Kimi saf-saf, kimi çürük daşıyır.

Kim ki düz danışsa düşməz hörmətdən,
İnsan tamah salmaz, keçər sərvətdən.
İnsan var, dad alır, təptəzə ətdən,
İnsan var, yonulmuş sümük daşıyır.

Qanmayan cana dərddir, azardır,
Yarımçıq əlindən aləm bezardır.
Deyirlər: dəmiri kömür qızardır,
Demirlər havanı körük daşıyır.

Kim görə bilməzsə gələcək günü,
Başsız ürəklərə verər ömrünü,
İnsanlıq yükünü, həyat yükünü,
O, odsuz, alovsuz, sönük daşıyır.
10.11.1975

DEDİM

Soruşdular: bir de, kimdir sevdiyin?
Ana dedim, Vətən dedim, yar dedim.
Söylə, nədir ömrə zinət bildiyin?
Namus dedim, qeyrət dedim, ar dedim.

O nədir ki, təmiz saxlar mənliyi?
Nizamlayar ucalığı, genliyi?
Nədir verən xoş həyatı, şənliyi?
Zəhmət dedim, hünər dedim, bar dedim.

O nədir ki, çaşqın salar dünyanı?
Ümidlərdən uzaq salar insanı?
Gözə, qəlbə hər an vurar ziyanı?
Zülmət dedim, boran dedim, qar dedim.

O nədir ki, yabançıdır hər gülə?
Əyri baxar, qiymət verməz sünbülə?
Qəlbi dağlar, yara vurar könülə?
Qürbət dedim, nadan dedim, xar dedim.

Mən düşmüşəm gözəl məqsəd izinə,
Çox baxmışam igidlərin dizinə.
Axtarmadım altun, sərvət, xəzinə,
Öz sözümə, öz şerimə var dedim
03.07.1981

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0