3 şairdən 3 şeir - Rubrika

Apr 29, 2026 - 16:37
Apr 29, 2026 - 16:46
 0  14
3 şairdən 3 şeir - Rubrika

Yazıçı Ədəbiyyat Portalı müasir Azərbaycan poeziyasının 3 tanınmış imzasından (Tofiq Nurəli, Maarif Soltan, Məmməd Tahir) şeirlər təqdim edir.

Tofiq Nurəli

Ay qara telli

Yüyürdüm-yüyürdüm təntidim bir az,
Yollar uzağıydı ləngidim bir az.
Küləklər sinəmi döyür səhərdən
Mən qaçıb gəlmişəm uzaq şəhərdən
Bu mənəm gəlmişəm, ay qara telli.

Mən burdan ayrılıb gedəndən bəri,
Yaman uzun olub yollar-yoxuşlar.
Yaman tez-tez yağır qarlar-yağışlar,
Mən qara-yağışa batıb gəlmişəm-
Dərsi-insitutu atıb gəlmişəm,
Bu mənəm gəlmişəm, ay qara telli.

Bağla,pəncərəni, qapını bağla,
Dönükəm, burdan da dönüb gedim mən,
Bir də alışmaqçün sönüb gedim mən,
itim o şəhərin gurhagurunda,
yanmaqçun kiminsə eşqi yolunda,
Bu mənəm gedirəm, ay qara telli.

Dünyaya təzədən doğulmuşam mən,
Bir zaman ölmüşdüm, ay qara telli.
Gəlin paltarında səni son kərə
Görməyə gəlmişdim, ay qara telli,
Ölməyə gəlmişdim, ay qara telli,
Görməmiş gedirəm, ay qara telli,
Ölməmiş gedirəm, ay qara telli,
Bu mənəm gedirəm, ay qara telli.



* * *
Gözlə ən uğursuz təsadüfü də
Sənə yalvarram, gözlə, görməyim...
Rastlaşsaq dağılsın bu yer kürəsi,
Nişan üzüyünü gizlə görməyim.

Rəqibin qələbə bayrağıdır o,
Mənliyim, vüqarım basılıb orda.
Üzükdə sıxılan barmağım deyil,
Mənim səadətim asılıb orda.

Ey ürək-ey dünya, mən niyə yandım?!
Bir üzük səni də bölə bilərmiş...
Bölündün, özümə baxıb inandım,
İnsan diri-diri ölə bilərmiş.

Qızlara baxıram subay qızlara,
Hərənin başında bir qan yaşayır.
Kimin barmağında üzük görürəm
Deyirəm hardasa hicran yaşayır.

* * *
Qəfil günəş kimi doğdu bu sevgi
Kor olduq önündə bu gur işığın...
Kor olmuş səadət yan keçdi bizdən
Məni ahın tutdu, səni alxışım!

Aşırı məhəbbət səadət deyil-
Xoşbəxtlik dar gəldi bəlkə bu eşqə,
Bəlkə zəhləsini tökdük Allahın
Ayrılıq göndərib etdi heç -heçə...

Dünyada hər şeyi dəyişir sevgi
O zəng, o telefon, o küçə olmur...
Bu qədər inadkar olma ilahi,
Sevgidə heç zaman heç-heçə olmur.

Maarif Soltan

Mən səni hələ də unutmamışam

Ayrıldıq,
Ayrılıq düşdü araya...
Ayrılıq məqamı soyuq bir öpüş...
Elə görüşmüşdük ayrılaq deyə -
Qəribə təsadüf, qəribə görüş...
Di gəl ki, bilmirəm, bilmirəm niyə
Mən səni hələ də xatırlayıram,
Mən səni hələ də unutmamışam...

Ünvan da almadıq bir-birimizdən –
Elə bil qəlbimiz, hissimiz daşdı.
Beləcə biganə, beləcə soyuq
Düşmən də düşməndən ayrılmamışdı.

Bu da bir taleymiş, bir bəxtmiş bu da...
Bəxt bir də üzümə gülərmi görən?
Ömrün sonunacan gözləsəm burda
O qatar fırlanıb gələrmi görən?

Demirəm, sinəmdə göynəyir yaram,
Demirəm, mən sənsiz qara bir daşam.
Sadəcə olaraq bilmirəm nədən
Mən səni hələ də xatırlayıram,
Mən səni hələ də unutmamışam...

Ömürdən o qədər adamlar keçir,
Görürsən, yaddaşda biri də qalmır.
Adam var, lap belə köynəkdən keçir,
Ayrılır, heç belə yeri də qalmır.

Elə görüşmüşdük ayrılaq deyə...
Di gəl ki, bilmirəm, bilmirəm niyə
Mən səni hələ də xatırlayıram,
Mən səni hələ də unutmamışam...

Məni gözləmə

Ümid ağuşunda, qəm qucağında
Oturub otağın bir bucağında
Qucub dizlərini məni gözləmə -
Mən bu intizara layiq deyiləm...

Fikrin nağıllara getməsin sənin,
Bu yaşda nağıldan yan gəz, uzaq keç.
Ağatlı oğlana dönə bilmərəm,
Yenidən özünə bir ağatlı seç.
Burax bu ümidi, məni gözləmə,
Mən ki bu ümidə layiq deyiləm...

Güldürmə özünə sirdaşlarını-
Axıtma arxamca gözyaşlarını.
Onsuz da qayıtmaq gəlmir ağlıma,
Örtüb gözlərini əllərin ilə
Ağlama, sən Allah, məni ağlama,
Mən bu gözyaşına layiq deyiləm...

Sənə məktub

O gecə taksi də tapa bilmədik,
Düşdük küçələrə payi-piyada…
Büründük bir dünya qayğısızlığa,
Sonra heç taksi də düşmədi yada.

Sonra bir dəlisov yağış başladı…
Yadındadırmı?
Sonra bir ilahi baxış başladı…
Sonra o ilahi baxış altda sən
Yumub gözlərini sığındın mənə.
Yumulu gözlərlə dünyaya baxdın,
Yumulu gözlərlə dünya necəydi?
O nə sayaq gecəydi…
O nə qısa gecəydi, o nə oyaq gecəydi…
O nə xumar gecəydi…
O nə rahat gecəydi, o nə hamar gecəydi…

O gecə növbətçi milisoner də,
O gecə yağış da, göylər də, yer də
Necə kövrək idi, ilahi idi…
İlahi, - deyirdim,- məndə baxta bax!
Qalxıb oturduğum sən bu taxta bax!
Sənsə titrəyirdin bir yarpaq təki…
Unudub hər şeyi hey deyirdin ki…

… Bax, elə o vaxtdan düşüb o taxtdan
Payi-piyadayam bu yollarda mən…
Bax, elə o vaxtdan, elə o vaxtdan
Hər gecə üstümə yağışlar yağır-
Yarpaq qarışıq…
Hər gecə yuxumda şimşəklər çaxır-
Diksinib yuxudan baxıb görürəm,
Yenə uzaqlaşır məndən bir işıq…
Bədənim yamyaşdır – su içindəyəm,
Alışıb yanıram – od içindəyəm…
Artıq min ildir ki, islanıram mən –
O yağış altda.
O yağış o odu söndürə bilmir…
Xəbərin varmı?!

Məmməd Tahir

Bəlkə biləsən

Gözünün önündə gəzsəm, görməzsən,
Bəlkə yoxluğumu gedim, biləsən.
Özgə bir istəyim yoxdu heç səndən,
Səni sevdiyimi dedim, biləsən.

Çəkirəm kölgəmi hərdən üstünə,
Deyirəm yağışdan, gündən qoruyum.
Yaxında olanda məni görmürsən,
Çəkilim uzaqdan, gendən qoruyum.

Gözümü çəkmirəm sənin üstündən,
Kimsə nəzər etməz, göz gözə gəlməz.
Yanımdan ötəndə hərdən gülümsə,
Kimsə söz eləməz, söz gözə gəlməz

Bir az bənzərin var bəyaz çiçəyə,
Üzünə şeh düşsə, gözümdən düşər.
Səni ki, bu qədər uca bilirəm,
Öz gözüm yan baxsa, gözümdən düşər.

Bir əlçim buluda dönə saçların,
Axşama, səhərə kölgəlik edə.
Hər gün ürəyimi dilə tuturam,
Gözünün önündən çəkilib gedə.

Səni bircə anlıq unutmadım heç,
Səni sevdiyimi dedim, biləsən.
Gözünün önündə gəzdim, görmədin,
Gedim, yoxluğumu bəlkə biləsən.

Səslədim, səsin gəldi

Ayrıldıq, çiçək bitdi,
Gül göyərdi izindən.
Səslədim, səsin gəldi,
İllərin o üzündən.

Yondum könlümün üstə,
Kədərdən heykəlini.
Sıxdım sinəmin üstə
O heykəlin əlini.

Ayrıldıq, aylar ötdü,
Qəm göyərdi dizimdən.
De, necə yaşayırsan,
Sordum ayaq izindən.

Neçə kərə yağdı qar,
Neçə yol bahar gəldi.
Sığışmadım aylara,
İllər mənə dar gəldi.

Aramıza od düşdü
Bircə kəlmə sözündən.
Səslədim, səsin gəldi
İllərin o üzündən.

İçimdə bir məzar var

Anam Telli Məmməd
qızının əziz xatirəsinə


İçimdə bir ana məzarı,
Göyərir güman tək,şübhə tək.
Gecələr yuxuma duz səpir,
Gözlərim göynəyir sübhədək.

Bir kənddə,bir təpə üstündə
Torpaqdan dikələn baş daşı.
Uyuyur anamın yanında,
Övladı,anası,yoldaşı.

İçimdə dörd qara məzar var,
Atadı,nənədi,qardaşdı.
Yatırlar anamın yanında,
Hər üçü anama sirdaşdı.

İçimdə bir ana məzarı,
Yanında üç ölmüş mələk.
Gecələr yuxuma duz səpir,
Gözümü göynədir sübhədək.

Tural Adışirinin təqdimatında..

P.S: Fotoda sağdan sola şairlər Tofiq Nurəli, Maarif Soltan, Məmməd Tahir yer alıb.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0