Ədiblər - Sevinc Elsevərin yeni hekayəsi
Yazici.az ədəbiyyat portalı Sevinc Elsevərin "Ədiblər" adlı yeni hekayəsini təqdim edir.
Ədiblər qəfil "yoxa çıxırdılar". Əvvəl Hüseyn Cavid, onun dalınca Əhməd Cavad, Müşfiq... Kimdən xəbər alırdın, "gördüm" deyən tapılmırdı. Bilinmirdi kimin güdazına gedirlər?!
Tələt müəllim elə hey baş sındırırdı. O zamanlar hər şey fərqli idi: videokameralar da yox idi izləyəsən. "Görəsən, bu yazıçı tayfasının dırnağı kimin gözünə girir, niyə girir?"- ədəbiyyat müəllimini hirs boğurdu, söyüş söyən adam olmasa da, dilinin ucunda yüngülcə söyüb yamanlayırdı da.
1992-ci ilin odlu-alovlu, faciəli qışı idi. Xocalı faciəsinin ağrı-acısı təzə idi. Millət yaşadığı faciənin şokundan ayıla bilmirdi. Adamlar bir yandan müharibəyə gedənlərinin, səngərlərdə can qoyanlarının dərdindəydilər, bir yandan çörək.
Bir kənd məktəbinin ədəbiyyat kabinetindən yoxa çıxan şəkillər Tələt müəllimdən savayı heç kimin eyninə deyildi.
Axı o şəkilləri bir-bir sifariş verdirib Bakıdan xahiş-minnətlə gətizdirmişdi, sevgiylə ədəbiyyat kabinetinin divarlarından asmışdı. Müəllimlik etdiyi bu qədər vaxt ərzində ən çox fəxr elədiyi işlərindən biri də bu idi. Böyük kişilərin başı üzərindən boylandığı müddətdə gördüyü işin ciddiyyətini hiss edir, son vaxtlar nüfuzdan düşməkdə olan müəllimlik sənətinin qürurunu yaşaya bilirdi. Kişi müəllimlərdən çoxu işini atıb gah yerli, gah Rusiya bazarlarına üz qoymuşdular. Şəhərə daşınıb taksi sürücülüyü ilə məşğul olanlar nə qədər desən.
Götür elə əmisi oğlu Fuadı. Arvadı da, özü də kənddəki evlərinin qapısını qıfıllayıb şəhərə üz tutdular. Müşgünaz müəllimin bacısıgil çoxdan şəhərdə yaşayırdılar. Qonşuları erməni idi, evlərini dəyər-dəyməzinə satıb gedirdilər. "Özgəsinə yox, sizə qismət olsun!"- demişdilər Müşgünazın bacısıgilə. Müşgünazgil beş bacıydı, qardaşları yox idi, ancaq on qardaşa tay idilər, bir-birinin arxasında elə dururdular, heç yeddi qardaş bir bacının arxasında elə möhkəm dura bilməzdi. Yığışıb, köməkləşib evi almışdılar Müşgünazgil üçün. Ər-arvad kənddə şagirdləri taleyin ümidinə buraxaraq çıxıb getmişdilər. Onlar gedəndən kənddə nə fizika müəllimi vardı, nə riyaziyyat. Hər iki fənnin qol-qıçını sındıra-sındıra kimya müəllimi Rəhman deyirdi. Rəhman öz fənninin öhdəsindən gələ bilmirdi, uşaqları kor qoyurdu, o ki qala fizika, riyaziyyat ola. Ancaq heç yoxdan yaxşı idi.
Uşaqlar da onsuz daha oxumurdular, zayları çıxmışdı. Paltar, çörək, müharibə dərdini elə bil bunlar çəkirdi. Oxumaqla işləri yox idi.
Tələt müəllim hər gün lövhənin qabağında bir uşağın qulağını çəkirdi. Qızlara dəyib-dolaşmırdı, onlara hədə-qorxu gəlirdi, iki yazacağıyla hədələyirdi. Ancaq xeyri olmurdu.
Kitablar gətirib tökürdü uşaqların qabağına, gözlərinin ucuyla baxmırdılar. Qızlar çiyinlərini atıb Braziliya seriallarından danışmağa başlayırdılar. Oğlanlar da kənd arasında gedən söz-söhbətləri açıb dərsi pozmağa çalışırdılar.
Tələt müəllim də elə ən çox buna görə mat qalırdı. Axı heç kimin marağında olmadığı halda, ədiblərin şəklini kim oğurlasın, niyə oğurlasın? Odun peçi qalamağa da kağız qıtlığıdır ki?! Camaat hələ Marksın, Engelsin, Leninin kitablarını yandırıb qurtarmayıb.
Oğurlayıb satırlarsa, harda satırlar, kim alır ilin-günün bu vaxtı? Adamlar qarnına yeməyə çörək tapmır, İmadəddin Nəsiminin şəklini alacaq?!
Tələt müəllim başa düşürdü ki, şəkilləri aşağı siniflər oğurlamır. Birincisi, buna ürək eləməzlər, ikincisi, əlləri çatmaz. Bu, yuxarı siniflərin işi idi, ancaq kimin?!
Tələt müəllim elə güdükdəydi, ancaq oğrunu tapa bilmirdi. Tərslikdən ədəbiyyat kabinetinin kilidi də itmişdi, təzəsini almağı direktora da, zavxoza da demişdi, əncam qılan yox idi.
Qapını bağlasan iş düzəlmirdi. Ədəbiyyat kabineti birinci mərtəbədə idi, pəncərələrin ikisinin də cəftəsi qopmuşdu. Şüşələrdən birinin yerinə Azərbaycan Sovet Ensiklopediyasının yeddinci cildinin qırmızı üzünü kəsib vurmuşdular. Ədəbiyyat kabineti Allahın ümidinə qalmışdı.
Oğrunu ələ keçirəndə Tələt müəllimin Allahı verdi. Ancaq elə ağılagəlməz şəraitdə oğru əlinə keçdi ki, matı-qutu qurudu, bilmədi heç neynəsin.
Tələt müəllimin köhnə bir "Moskviç"i vardı. Dərsdən sonra həmkəndlilərini rayon mərkəzinə aparıb-gətirir, beşdən-üçdən daş-başı olurdu. Əvvəllər utana-utana gördüyü işə artıq öyrəşmişdi də. Zarafatla atasından qalma ağ "Moskviç"ə "ağ at" deyirdi, belə olan halda da özü "ağ atlı oğlan" olurdu. Birinin uşağı xəstələnirdi, birinin rayonda bir işi çıxırdı, ağ atlı oğlan özünü çatdırırdı. Camaatın da dilinə düşmüşdü: "ay Tələt müəllim hey, gəlim, ağ atınla məni apar irayona, sənə ümidvaram", - deyə xahiş edirdilər. Elə vaxt olurdu Tələt müəllim həmkəndlilərini nisyə aparırdı. Düzdür, belə hallarda arvadı Nisə çox deyinirdi.
Deyirdi ki, ay kişi, o maşın balaca oğlumuzun sidiyiylə işləmir ha, benzin od qiymətinədir. Biri pulunu verir, biri vermir. Verməyənə üzün gəlmir dirəşəsən. Eləsi olur üzü qırmızıdır, borcunu qaytarmayıb, ancaq dalbadal nisyə gedib gəzib-gəlib.
Odur ki, Tələt müəllim bir kimisə nisyə aparanda arvaddan gizləyirdi, bir də maşını xarab olanda. Arvad istəyirdi ki, maşın həmişə saz olsun, bir yeri bir dəfə xarab olmasın, təmirə pul çıxmasın. Halbuki özü gündə gah orasını tuturdu, gah burasını, həkimlərdəydi zalımın qızı. Bütün günü sızıldayırdı ki, "sizin ocağa gəlin gəldim-gəlmədim, canım xəstə düşdü, gündə bir yerim ağrıdı". Tələt müəllim də içinə vura-vura, dişini-dişinə sıxa-sıxa bu sözlərə dözürdü. Hər ayın maaşından aparıb o rayondakı həkimlərə yedirtməliydi. Ancaq maşın ildə bir dəfə xarab olanda, arvad ala-qara itə dönüb Tələt müəllimi tuturdu. Deyirdi, nisyələrini yığ, maşını düzəltdir. Tələt müəllimi divara dirəyib, gülləyə verəsən, bir adamın qapısını döyməzdi ki, borcunu qaytar.
Maşın xarab olanda birbaşa usta Əşrəfin qapısına apardı. Usta Əşrəf nəinki bu kəndin, ətraf kəndlərin də ən yaxşı maşın ustası idi. O da Tələt müəllim kimi çox zaman nisyə iş görürdü, həm insaflı idi, həm gözütox. Oğlu Rüstəmə də dərs deyirdi neçə ildir. Düzdür, Rüstəm ədəbiyyat oxuyan deyildi, heç Azərbaycan dilinə də marağı az idi. İmla yazanda hər sözdən iki-üç hərf "yeyirdi". Ancaq insafən, qanacaqlı uşaq idi. Elə ona görə də Tələt müəllim həm atasının xətrinə, həm uşağın öz qabiliyyətinə "dörd" yazıb sinifdən-sinfə keçirdirdi. İndi o dövrlər deyildi iki yazasan, dirəşəsən, uşağın nazıyla oynamaq lazımdı ki, məktəbi atmasın. Qız uşaqlarını yeddinci sinifdən çıxardıb, bir-iki ildən sonra da hərləyib ərə verirdilər. Oğlanlar da gah gəlir, gah gəlmirdilər məktəbə. Çoxu evə-eşiyə kömək eləməyə çalışır, çörək dalınca düşürdülər.
Elə bu Rüstəm də arabir məktəbdən yayınırdı, bir də görürdün, günlərlə yoxa çıxdı. Tələt müəllim uşaqlardan xəbər alanda deyirdilər, dədəsinə şəyirdlik edir.
Tələt müəllimi görcək, Rüstəm özünü itirdi, əlinin mazutunu çirkli dəsmala silib, müəlliminə əl uzatdı. Elə bildi ki, dərsdən qalmağına görə danlayacaq, başını aşağı salıb gözlədi. Ancaq biləndə ki, Tələt müəllim "ağ at"ını təmirə gətirib, ürəyi yerinə gəldi.
Əşrəf kişi müəllimi gülərüzlə qarşıladı, maşının motorxanasını açıb yoxladı. Məlum oldu ki, proklatkalar dəyişilməlidir. Ancaq kişinin əlində başqa işi vardı, söz verdi ki, axşama kimi Tələt müəllimin "ağ at"ını əmələ gətirəcək. Tələt müəllim qapıda şagirdinə gülə-gülə barmağını yellədi, "arada dərsə də gəl, görün ha!"...
Rüstəm başını yelləyərək, razılıq verdi.
Əşrəf kişi arxayın olmuşdu ki, Tələt müəllim axşamadək məktəbdədir, onun işini lap axıra saxlamışdı. Tələt müəllim də arvadın qorxusundan maşınsız evə gedə bilmirdi, istəmirdi arvad duyuq düşə, maşının xarab olduğunu bilə. Odur ki, elə məktəbdən çıxanbaş ustanın qapısına gəlmişdi.
Rüstəm müəllimini görcək qaçıb əvvəl bir stul, sonra da isti çay süzüb gətirdi. Şagirdinin hörməti Tələt müəllimin ürəyinə sarı yağ kimi yayıldı, stula yayxanıb, aram-aram isti çaydan hortlatmağa başladı.
Ancaq çayı axıra qədər ləzzətlə içə bilmədi. Boğazında qaldı, çəçitdi onu, yandırıb-tökdü dilini-ağzını.
Əşrəf usta qəfil kapotun arxasından çıxanda əlində nə görsə yaxşıdır? - İmadəddin Nəsiminin şəklini.
Tələt müəllim işin nə yerdə olduğunu o dəqiqə anladı. Rüstəmin düz gözlərinin içinə baxdı, oğlan qıpqırmızı olmuş, yerində quruyub qaxaca dönmüşdü.
Usta Əşrəf gülə-gülə şəkli Tələt müəllimə göstərib dedi: "Sağ olsun Rüstəm, bunları gətirir, deyir kitabxanaya yenilərini alıblar, köhnələrini uşaqlara verirlər ki, aparın, evdə saxlayın. Mən də şəkilləri soyub çıxardıram"- bunu deyə-deyə şəkli kartondan soymağa başladı. Elə bil müəllimin gözünün qabağında Nəsiminin dərisini təzədən soydular, həm də iyirminci yüzillikdə.
Tələt müəllim öz hayında idi, çəçimişdi, hələ də özünə gələ bilmirdi. Bir anlıq elə bildi oturduğu yerdə bir qurtum suda boğulacaq.
İmadəddin Nəsiminin şəkli kartonun üzündən soyulub çıxarılandan sonra kartonu "proklatka" yerinə istifadə elədi Əşrəf usta. Sonra maşını işə salıb, gülə-gülə dedi: "bu kişilər elə-belə kişilər olmayıblar! Kişinin şəkli də gör necə işə yaradı!"
Sonra soyub çıxartdığı şəkli Rüstəmə uzatdı: "apar ver bacına, yığıb saxlayır bunları uşaq, qoy vursun albomuna". Üzünün keyi açılmamış Tələt müəllimə tutdu sonra: "Qızım bunun tayı deyil ha, müəllim! İkinci sinifdə oxuyur, gecə-gündüz kitab əlindən düşmür. Bütün nağılları əzbər bilir, şair-yazıçıların da hamısını tanıyır".
Tələt müəllimin təsəlli almaqdan başqa çıxış yolu yox idi.
Həmin əhvalatın üstündən illər ötmüşdü. Tələt müəllim dişini sıxıb hər çətinliyə dözmüş, müəllim sənətinə sadiq qalmışdı. İndi məktəbin direktoru idi.
Gənc bir müəllim qarşısında durmuşdu. Bu, Əşrəf ustanın qızı, yazıçıların şəkillərini ədəbiyyat kabinetindən oğurlayıb siçan kimi daşıyan Rüstəmin bacısı Hicran idi. Rüstəm elə atası kimi maşın ustası olmuşdu, Əşrəf kişi əldən-ayaqdan düşmüşdü, vaxtilə Rüstəm atasının yanı-başında hərləndiyi kimi, indi də o, oğlunun yanı-başında hərlənirdi. Hicran isə şəhərdə dil-ədəbiyyat müəllimliyini fərqlənmə diplomuyla qurtarıb kəndə qayıtmışdı.
Tələt müəllim o vaxtkı əhvalatdan sonra bir də maşınını Əşrəf ustanın qapısına sürmədi. Baxmayaraq ki, onda Əşrəf usta ondan pul almamışdı. Neynəmişdi, kişi pul götürməmişdi. Axırda iş lap dava-mərəkəyə dönmüşdü. Əşrəf usta müəllimin niyə bu qədər hirsləndiyini anlaya bilməmişdi, ancaq Rüstəm öz işini bilmişdi. Bir müddət məktəbə gəlməmiş, Tələt müəllimin gözünə görünməmişdi. Ancaq daha ədəbiyyat kabinetindən də şəkil oğurlamağı tərgitmişdi. Yerdə qalan yazıçılar "Rüstəmin repressiyasından" qurtulmuşdular.
Axırda Tələt müəllim babasının yasında Rüstəmi yanlamış, dərdinə, itkisinə görə ona güzəştə getmiş, məktəbə gəlməyi üçün hədələmişdi: "hərdənbir dərslərə də gəl!".
***
Tələt müəllim adəti üzrə dərs vaxtı sinifləri düşüb gəzirdi. Bir gün də Hicranın dərsinə girdi. Arxa partada oturdu, adəti üzrə səssizcə dərsi izləməyə başladı. Onun bu adətinə məktəbdə uşaqlar da, müəllimlər də hamısı öyrəşmişdi.
Gənc müəllim özünü itirmədən, eyni cəsarətlə, həvəslə dərsini izah eləməyə davam elədi. Sonra qəfildən masanın üstündəki cığaradan köhnə bir rəsm albomunu çıxarıb sinəsinə dayadı, uşaqların gözü önündə vərəqləməyə başladı.
Köhnə kişilər hamısı burda idi, kimi gülümsəyirdi, kimi ciddiyyətlə baxırdı. Ancaq hallarından razı görünürdülər.
Tələt müəllimə elə gəldi ki, ən çox gülümsəyən də İmadəddin Nəsimidir.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0