Qədim küçə..Köhnə ünvan..Tanış ev

Sen 19, 2026 - 22:51
Sen 19, 2026 - 22:54
 0  7
Qədim küçə..Köhnə ünvan..Tanış ev

Yazici.az ədəbiyyat portalı tanınmış şair Ağasəfanın şeirini təqdim edir.

Qədim küçə...Köhnə ünvan... Tanış ev,

Necə baxım, divarına, daşına.

Yan ürəyim! Pıçılda hey, danış hey,

Qoy desinlər, hava gəlib başına.

Nə bilsinlər, bu yol necə ağırmış,

Hər keçəndə ürəyimdə dağ artıb.

Deyərdilər, bu saqqalı ağarmış

Küçəmizin yollarını ağardıb.

Ömür keçdi calandıqca ilə il,

Ümidimi yel apardı, yar aldı.

Mən nə qədər ayaq döydüm, elə bil,

O gözəlin ayaqları yer aldı.

Yaxın dosta ərk eləyib deyərdim:

“Mənə görə bu küçəni tanı, sev! ”

Şəkil üstə ağac kimi göyərdim

Qədim küçə...Köhnə ünvan... Tanış ev.

Hanı mənim ürəyimdə od qoyan,

Pəncərədən oğrun baxıb gülənim.

Hanı mənə “gecəquşu” ad qoyan

Bu küçədə indi kimə güvənim?

Eşqim mənə bu küçədə tor qurub

Ərimədi heç bəxtimin buzları.

Mən keçəndə pıçıldaşıb, göz vurub

Niyə gülmür bu küçənin qızları?

Cavanlığım hey çalınar, çapılar,

Məhəbbətim bir sualdı ömürlük.

Taleyimdə bir tilsimli qapı var,

Açılmadı, bağlı qaldı ömürlük!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru