Dünyanın ən qəribə məktəbi - Kifayət Musayeva
Yazıçı Ədəbiyyat Portalı Kifayət Musayevanın "Dünyanın ən qəribə məktəbi" hekayəsini təqdim edir.
Küncə toplaşmış bir dəstə qızın isə bu mərəkə vecinə deyildi. Buradakılar bütün yataqxananın canı, ürəyi sayılan, hamı ilə dil tapıb, hamı ilə dost olmağı bacaran, Gombul ləqəbli Sevincin başına yığışmışdılar.
Sevinc bu il institutu qurtarırdı, həm də nişanlanmışdı. Deyəsən elə qızları başına yığıb nişanlanmağından danışırdı.
Barmağını yuxarı qaldırıb məzəli tövrlə, öz şirin ləhcəsində:
-Dedim ayə, sənnən yaxşısınımı tapajam, belə dədəmsən, nənəmsən, xoş gəlibsən, deyə, qızları uğunub getməyə məcbur eliyirdi.
-Bizim təyinatımızı bir rayona vermək istəmirdilər. Bir haray saldım ki. Niyə ər arvadı bir-birindən ayrı salersınız, dedim, insafınız yoxdumu?!
Təzəcə nişanlanmış Sevincin ağsaqqal müəllimlərin, zəhmindən hamının qorxduğu dekanın qabağında utanıb-çəkinməyi bir kənara qoyub, nişanlısı ilə özünü ər-arvad kimi təqdim eləməsi qızları möhkəmcə güldürdü.
Neyniyəsən! Təyinatını ki almışdı! Nişanlısı ilə elə öz rayonlarına yaxın bir rayona gedəcəkdilər. Eyni məktəbdə işləyəcəkdilər.
Amma... Niyəsini bilmədim, amma Sevinc təyinat aldığı məktəbə tək getməli oldu.
Aradan bir neçə il keçdi. Bir gün rayon mərkəzində qəfil çıxdı qarşıma. Elə həmin Sevinc idi. Dünyanı vecinə almayan, kefi kök, zarafatcıl.
Evimiz yaxın idi. Anam da kənddən qonaq gəlmişdi. Yaxşı plov da dəmləmişdi. Yarı xoş, yarı zor apardım onu evimizə.
-Gəl, dedim, bir gün də bizdə qal. Süqrə xalaya zəng eliyərik, icazə alarıq. Razılaşdı.
Anam Sevinci görəndə çox sevindi. Neçə il bir otaqda qalmışdıq. Xasiyyətimiz ayrı olsa da sözümüz tuturdu.
Mən Sevincin əksinə arıq, quru, kimsəyə qaynayıb qarışmayan bir qız idim. Beş illik tələbəlik həyatımda beş adamla düz əməlli salamım belə yox idi. Ancaq dərs, kitabxana, yataqxana. Heç ətrafımdakılar da mənimlə çox maraqlanmazdılar. Kimə lazım idim axı?!
Amma, hamının dilini tapmağı bacaran Sevinc, mənim də qəlbimə girməyi bacarmışdı. Sözümüz, söhbətimiz tuturdu onunla. O əslində çox mərd və kişi xasiyyətli bir qız idi. Özünün dediyi kimi mənim kimi mızmızıların beşini birdən suya susuz aparıb susuz gətirərdi. Buna görə də ailəsi onun başqa rayona işləməyə getməsinə mane olmamışdı. Qızlarına arxayın idilər. Bilirdilər baş çıxaracaq.
Hamımız şad, xürrəm yemək yeyib süfrəni yığışdırdıqdan sonra Sevinclə yan otağa çəkildik. Bu illər ərzində necə yaşadığını, nişanlısını, ailə qurub qurmadığını soruşdum.
Nişanlısı barədə heç nə demədi. Dodaqlarını kip sıxıb susdu. Onun bu halını görüb söhbəti dəyişdim.
Işlədiyi məktəbi soruşdum. Dərhal canlandı. Demək olar ki, əvvəlki Sevinc oldu. Nəşə dolu, hamını lağa qoyan, heç kəsdən çəkinməyən, hamının cavabını verməyi bacaran Sevinc.
Ilk əvvəl direktorlarından danışdı. Onun dediyinə görə direktorları hirslənəndə bığları dümdüz duran, qışqıranda gözündən qığılcım çıxan dəlinin biri idi.
-Məni görən kimi təyinat kağızıma baxıb, bizdə bu qədər dərs yoxdu, sizə bunun yarısını verə bilərik, dedi.
Dedim ay müəllim, sizdə bu qədər dərs yoxuydusa, niyə vakant verirdiniz?!
Dedi, vakant verəndə varıydı, sonra siniflərimiz bağlandı. Başa düşdüm ki, direktorun dümdüz duran bığlarına bir az yağ çəkmək lazımdı.
Dedim, hörmət eliyərəm. Kişi dikəldi, sonra başladı əzilib büzülməyə ki, bəs mən həccə zada getmişəm, mən pul götürə bilmərəm, sən pulu gətir ver katibəyə.
Direktorun katibəsi, sir-sifətindən zəhrimar yağan çilli, doğanaqburun Səccadə xanım da dərhal kəsdi başımın üstünü.
Sən demə bu Səccadə xanım elə belə Səccadə deyilmiş, burdakı içki məclislərinin əsas təşkilatçısı, direktorun sağ əli, baş məsləhətçisi, kəndin ən qatı dedi-qoduçusu, sözgəzdirəniymiş.
-Allah sən saxla, dedim, mən hara düşmüşəm?!
Cırtdan direktorla doğanaqburun Səccadə mənə Dəvə Hənifə ilə Cırtdan Məmişi xatırladırdılar. Cırtdan Məmiş həmişə, bütün məsələləri bu dəvənin məsləhəti ilə həll eliyirdi.
Ayağımı məktəbə basan kimi qalmaqal yaratmaq istəmirdim. Necə olsa yad yer, yad kollektiv. Özüm də sarsılmışdım. Heç kəslə konfliktə girəcək halda deyildim. Öz-özümə:
-Dayan dedim, Sevinc, dayan görək başımıza daha nələr gələcək.
Əlqərəz, dərs başlayan kimi Səccadə atam-atam deyə-deyə, hühühü eliyib gülə-gülə Cırtdan Məmişin dolyasını yığıb qoydu cibinə. Qəribə gülüşü vardı bu qadının. Elə bil içində iblis pıqqıldayırdı.
Elə ayağımı sinfə atmışdım ki, çöldə qışqırıq qopdu. Qara ilana oxşayan, saçları pəjmürdə birisi əlini az qala Məmişin gözünə soxa-soxa:
- Sən nə ixtiyarla bura başqa müəllim gətiribsən?! Di dolandır məni, deyə qışqırırdı. Bu məktəbin ən bədxasiyyət müəlliməsi Qaratel idi. Kənddə ona Qarğa Qaratel deyərdilər.
Məcidnən (direktorun adı əslində Məcid idi, amma mən ona Məmiş deyirdim) Səccadə də Qaratel müəllimənin qoluna girib onu sakitləşdirməyə çalışırdılar. Onu sığallaya-sığallaya, qulağına nələrsə pıçıldaya-pıçıldaya qoluna girib apardılar müəllimlər otağına.
Sonradan bildim ki, bunlar əslində bir dəstənin üzvləridi və Qarğa Qarateli də mənim üstümə göndərən elə bunların özüdü. Onlar bu üsulnan məni qorxudub məktəbdən qaçırtmaq istəyirlərmiş.
Qarğa Qaratel burda fironluq eliyirdi. Bütün gün işi-gücü onu belə vurdum, bunu belə döydüm, deyib sinəsinə döymək idi. Şagirdlər ondan həm qorxur, həm də nifrət eliyirdilər.
Amma mən getmədim. Məni tanıyırsan, dedi, mülayim, yazıq adam görəndə geri çəkilərəm, amma bu həyasızların qabağından geri çəkilməyi özümə sığışdırmadım.
-Əl çəkdilərmi?!
Əlini yellədi.
-Hardan?! Daha da qızışdılar.
Bir gün eşitdim ki, məktəbin zavxozu, danabaş Vəli arvadını boşuyur. Danabaş Vəli qarnı özündən bir metr irəlidə gedən, lopabığ, əyyaş biri idi. Yeddi uşağı, nəvələri vardı. Arvadı arıq, qara Sürmə il uzunu bağ-bağçada işləyər, meyvə-tərəvəz satar, min bir zəhmətlə balalarını saxlayardı. Mən bu arvadın bir yerdə beş dəqiqə dayandığını görməmişdim. Elə hey qaçırdı, hey tələsirdi. Dana Vəli isə əksinə, bütün günü yekə qarnını qabağa verib yırğalana-yırğalana sərxoş-meyxoş görkəmdə nəsə tıqqıldadırdı. Görəsən bu dana, o cür qoçaq arvadı niyə boşayırdı axı?!
Bu yerdə Sevinc birdən qəhqəhə çəkdi.
-Sən demə danabaş Vəli, arvadı boşuyub məni almaq istəyirmiş.
Heyrətdən ağzım açıq qaldı.
-Nə danışırsan!? Dəlidi bu kişi?!
Sevinc güldü.
-Vallah mən o kənddə ağıllı adam tək-tək gördüm.
Hələ bu harasıdı. Sənə kimdən deyim, Dığa Dünyamalıdan. Bu Dığa Dünyamalının anası vaxtilə kəndin ən gəzəyən arvadı olub. Özü də gözəl zad deyilmiş. Elə bizim Qarğa Qaratel kimi qara, arıq, bir az da ağıldan seyrək biriymiş. Dığa Dünyamalı balaca olanda onu evdə tək qoyub qonşu kəndə ərə gedibmiş. Dığa Dünyamalını da yazıq, fağır atası tək böyüdübmüş.
Indi bu Dığa Dünyamalı bizim məktəbdə bufetçi idi. Anasının qanı Dığa Dünyamalıya nə ötürmüşdüsə, bu Dığa heç bir yerdə sakit dura bilmirdi. Oyur-oyur oynayırdı.
Deyilənə görə qonşu Matanı da yoldan çıxarıb ərindən o boşatdırmışdı. Matan da ərinin acığına gəlib, Dığa Dünyamalının yanında peraşki bişirirdi. Arada Məcid də, Səccadə də, Qarğa Qaratel də, Dana Vəli də yığışardılar Dığa Dünyamalının yanına, Matan da onlara aş bişirərdi.
Belə məclislərdə Doğanaqburun Səccadənin hühültüsü məktəbnən bir olardı.
Hə, bir də onu eşitdim ki, bu dığa da Matannnan gizlin gedib dana Vəlinin yanına, deyib ay Vəli, sənin arvad-uşağın var, otur yerində, qoy bu təzə müəlliməynən mən evlənim.
Bu yerdə hiss elədim havam çatmır.
-Sən bu dəlixanada necə işləyirsən?!- dedim.
Bir an dayandı. Üzümə diqqətlə baxıb, yenə gülümsədi. Bu baxışdan çox şey oxudum. Gördüm ki, o əslində çox şey çəkib içində. Bu dəlilər, ilanlar və pozğunlar onun iradəsini sındırmayıblar, amma çox şey çəkdiriblər.
Bəsdi, dedim, daha danışma! Gəl yataq.
Güldü.
-Yox, hələ cırtdan Məmişin hərənin əlinə bir siyahı verib, pul yığdırmağndan, dəvə Səccadənin borclarından, qarğa Qaratelin dığa Dünyamalı ilə olan əhvalatından, pilləkənin üstündə sinəsini Nazlı Nazimin ağzına dirəyib silkələnməyinin şokundan, fırtıqlı Sarışın Səccadə ilə davasından, Matanın Dığa Dünyamalını döyməsindən, Dana Vəlinin məktəbdə yatıb qalmasından danışmamışam.
Danışma, dedim, allah xatirinə danışma!
O gecə çox qarışıq bir yuxu gördüm. Qarğalar üstümə hücum çəkirdi, “Nə deyirsən?!”-deyə sinəmdən itələyib, məni döymək istəyirdilər, ilanlar hühühü eliyə-eliyə gülürdülər, fırtıqlı Sarış qabağımı kəsib, “Mənim əvəzimə iclasa get!”, deyirdi. Dığa Dünyamalı hoppanırdı. Dana Vəlinin arvadı boğazına çatı bağlayıb ağaca sarımışdı. “Baax, deyirdi, burda ot çoxdu, yeginən.” Məktəbdən cinlər uçurdu.
Qan-tər içində oyandım. Sevinc yatırdı. Amma, üzü çox ciddi idi. Dəmir kimi...
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
1
Əyləncəli
1
Əsəbi
0
Kədərli
0
Vay
0