Kim yaşamaq istəyir? - Vaqif İbrahimin şeirləri
Yazıçı Ədəbiyyat Portalı Vaqif İbrahimin şeirlərini təqdim edir.
Niyə görüşdürdü təsadüf bizi
Niyə görüşdürdü təsadüf bizi,
Əgər bu ayrılıq vardısa onda.
Gərək ayrılaydıq, bir-birimizi
Başa düşməyəndə, anlamayanda.
Yaxın düşməsəydim sevən könlünə,
Səndən ayrılmağa axı nə vardı?
Bilirsən, əzizim, o zaman mənə
Səni unutmaq da asan olardı.
İndi yaşayardım qəmindən uzaq,
Gözüm də, könlüm də, qulağım da dinc!..
De, nəyə gərəkmiş qəminə ortaq
Eniylə uzunu görünən sevinc?
Ayrılıq daha çox sarsıdır bizi,
Gənclik köç edəndə, yaş ötüşəndə.
Çətindir ayrılmaq - bir-birimizi
Yaxından anlayıb, başa düşəndə.
Buraxan deyiləm
Təkəm... Üşüyürəm...
Xatirələri
Atdım yapıncıtək, çiynimə yenə.
Atdım ki, çiynimə, qovum kədəri -
Qəlbimdə soyuq da dəyməsin sənə.
Sənin də dərd-sərin bəllidir mənə,
Bilirəm, ürəyin hicrimlə yanıb.
Yoluma nur saçan pəncərən yenə
Büllur göz yaşından tumurcuqlanıb.
İstədim qəmini mən iki bölüm,
Gəlim hüzuruna, ey ömrüm-günüm.
Birdən səni gördüm, kövrəldi könlüm
Qürbətdən qayıdan qəribə döndüm.
...Bir də yem etmərəm dərdə qəlbimi,
Buraxan deyiləm səni yanımdan.
Çəkdiyim o həsrət bir ağrı kimi
Hələ indi-indi çıxır canımdan.
Kədərli anlarım
Nə vaxt ki, bir misra yaza bilmirəm.
Sanıram qurumuş bir budağam mən.
Dərsini bilməyib sinifdə qalmış
Ən əfəl, ən tənbəl bir uşağam mən.
Bir fikri deməyə gecikəndə mən
Bürüyər könlümü təəssüf, ələm.
Özümü dərsə çox gecikdiyimdən
Bir küncə qoyulmuş şagird bilərəm.
Mən şeir deyəndə məni büsbütün
Dinləyən olmasa gizli yanaram.
Qoy açıq söyləyim özümü o gün
Məktəbdən qovulmuş uşaq sanaram.
Sənsiz darıxmışam
Şəhər evlərinə sığışmıram mən,
Beton divarları, de, necə sevim?
Çoxdandır yanına yığışmıram mən,
Bağışla sən məni, ay ata evim.
Yoruldun sən mənə “gəl", “gəl" deməkdən,
Tükəndi söhbətin, qurudu arxın.
Arxamca boylanıb yol gözləməkdən,
Gözün nurdan düşdü,
söndü çırağın...
Gəlir uşaqlığım, gəlir yadına,
Necə oxşayardım çəmən telini.
Səsləyib yoruldun,
saldın yanına
Bacandan yüksələn tüstü əlini.
Bilirəm, əlini məndən üzərək
Küsüb oturmusan daş üstündə sən.
Məni görən kimi, sandım uşaqtək
Sevincdən üstümə yüyürəcəksən...
Sənsiz darıxmışam, darıxmışam mən,
Hasarın boyuma sanki biçilib.
Mən qoyub getdiyim o ev deyilsən,
Bir az sınıxmısan,
Boyun kiçilib...
Üfürüb sobanı nəfəsimlə mən,
Çoxdan oxşamıram tüstü telini.
Odunlar istidən bişən, ləhləyən,
İt kimi çıxartmır alov dilini.
Qəlbimdə həmişə doğmadır yerin,
Səninlə könlümə bir qürur gəlib.
Silinib toz basmış pəncərələrin,
Elə bil gözünə işıq, nur gəlib.
Dəyişib səmtini zaman da sanki,
Salıb öz yolunu indi yanından.
Bacadan yüksələn tüstü deyil ki,
Çəkdiyin həsrətdi çıxır canından.
Təbiət duyğuları
Külək ağacların yolar telini,
Elə ki, havada soyuqluq duyar.
Göylər də bəmbəyaz bulud əlini
ehmalca dağların çiyninə qoyar.
Çoban papağıtək başında duman
təklikdən sınıxıb, solub bu dağlar.
Körpə uşaq kimi kövrəlib yaman,
bir az sözgötürməz olub bu dağlar.
Yamacda qaralan kor ocaq kimi
özünə bir həmdəm arayır meşə.
Ağac dişləriylə bir daraq kimi
küləyin saçını darayır meşə.
Daha bu çöllər də buludsuz deyil,
dumana bürünür, çənə bürünür.
Don vurmuş küknarlar şamdır elə bil,
başında yamyaşıl alov görünür.
Bir gün bahar gəlib keçsə yanımdan
qışın buz inadı qırılacaqdır.
Yazbaşı şamlar da öz qar qınından
yaşıl qılınc kimi sıyrılacaqdır.
Torpağa sancılmış yaş çubuqları
Bahar oyadacaq saf toxum kimi.
Gəzib budaqları , tumurcuqları
Günəş çırtladacaq iri tum kimi…
Yüz yerdən çatlamış
qab kimidir dünya
Dünyanı bölmək, parçalamaq
nəyə lazımmış axı?
O qədər böldük ki, bu torpağı
çətin bölünməmiş yer ola,
gözdən uzaqda qala...
Əvvəl həyət-həyət böldük dünyanı,
sonra küçə-küçə...
Əvvəl məhəllə-məhəllə böldük dünyanı
sonra kənd-kənd,
şəhər-şəhər, oba-oba,
ölkə-ölkə...
Odur ki, birləşdirə bilmirik dünyanı.
Yenə kimsə xəyalən
dünyanı sərhəd-sərhəd cızır
Yüz yerdən çatlamış
Qab kimidir dünya,
sərhədlər çatlaq yerləridir;
o yerlərdən
müharibə qorxusu sızır...
Sızır... sızır... sızacaq...
Sızmaz çatlaq yerləri
möhkəm birləşsə ancaq...
Ölülərin etirafı
Yolum qəbristana düşdü bir səhər,
Gördüm ki, ölülər gileylənirlər:
Özündən, özgədən, qonşudan, yaddan,
Bir vaxt qiymətini bilmədikləri
Bu xoş həyatdan
Biri qorxub ölüb - rüşvət alanda..
Biri qorxub ölüb – yalan satanda..
Biri qorxub ölüb – böhtan atanda..
Hər biri sağ ikən qeylu-qalıyla
Gündə baş aparmış, yolunu azmış..
Deyirəm, dünyada öz acalıyla
Ölənlər – necə də, necə də azmış..
Biri deyinir ki axmaq olmuşam,
Arvadım pis idi, ataydım gərək.
Mən onun əlindən qorxaq olmuşam,
Bir gün tab etməyib, partlayıb ürək.
-Dünyada daş-qaşı hər şeydən artıq,
Hər şeydən müqəddəs bilmişəm, heyf!
De nəyə lazımmış o yar-yaraşıq?
Heyf, daş-qaş deyib ölmüşəm, heyf!
Daş-qaşı boynuna ha dola, ha düz,
Onlar qiymətsizdir – ülvi, müqəddəs arzularından
Bircə xoş təbəssüm, bircə gülər üz,
Daha qiymətlidir dünya varından.
-A qonşu, biz axmaq olmuşuq necə,
Heç nəyin üstündə dava salmışıq, hirsdən yanmışıq.
İnfraktdan, xərçəngdən, dərd-sərdən özgə,
Axı, biz dünyada nə qazanmışıq?
Doğrudan, nə qədər axmaq olmuşuq..
-Ay arvad, nə üçün qənim kəsildik
Düşmənə, yada yox, öz-özümüzə?
Dünyaya doyunca baxamı bildik?
Heyf, - kül üfürdük öz gözümüzə..
Mən sənin gününü qara etmişəm,
Sən mənim günümü qara etmisən..
İlk dəfə mən səni atıb getmişəm,
Sonra peşman olub dönəndə geri
Sən məni əbədi atıb getmisən.
O aya, o ilə, o ömrə heyf!
Qədrini bilmədik min kərə heyf..
Kim isə çığırır hirslə yerindən.
-Nə varı, nə işi, nə rütbəsiylə
Burda seçilən yox biri-birindən nə üçün, nədən?
Görürəm, öz ağlı, dərrakəsiylə
Burda da seçilir kimsə kimsədən..
Bu giley-güzarla sakit olmayan
Adi ölülərdir..gecə yarıdır..
Susaraq onları saya salmayan
Bircə, şəhidlərin məzarlarıdır.
Bax, bir də, - sağ ikən Vətən yolunda
Ölməz əməliylə nur saçanların,
Yanıb gecə-gündüz kül olanların..
Bircə - bu həyatda öz ölümünə
Peşiman olmayan şəhidlər imiş..
Bizi bu işıqlı, bu parlaq günə
Çıxardıb məhv olan igidlər imiş..
Çünki nədən ötrü öldüklərini,
Neçin bu dünyaya gəldiklərini,
Gözəl dərk etdilər bu qəhrəmanlar.
Odur ki, peşiman deyillər onlar..
Yaşamaq eşqi
Qəbristanlıq...
Sinif otağı kimi sakit.
Elə bil kimsə sual verib,
dinc qoymayıb dilini:
-Kim yaşamaq istəyir?
Hamı əlini qaldırıb,
başdaşına dönmüş əlini...
Tural Adışirinin təqdimatında..