Ürəyi həsrətdə solan ey, salam - Xatirə Rəhimbəylinin şeirləri
Yazıçı Ədəbiyyat Portalı Xatirə Rəhimbəylinin 60 illik yubileyi münasibətilə şeirlərini təqdim edir.
***
Yenə ürək doldu, gözlərim daşdı,
Söz-sovum tükəndi, dilim dolaşdı.
Mənəm qəlbiqiriq, gözləri yaşlı,
Bax, onsuz gəlmişəm sizə, ellər eyyy...
Soldunuz kimlərin fəndi-felində,
Kimin qəbri üstdə, kimin telində...
Dərilib dəstəylə onun əlində
Niyə gəlmədiniz mənə, güllər eyyy...
Nə var ürək qırıb, könül yıxmağa,
Yaxından yandırıb gendən baxmağa.
Yoxsa üzünüz yox üzə çıxmağa,
Uzanıb gedirsiz hara, çöllər eyyy...
O, oyun oynadı, mən buta bildim,
Bunu bəxt yazana bir xata bildim...
Nə yetdim, nə də ki unuda bildim,
Boşuna dolandı aylar, illər eyyy...
Gördüm bu dünyanı onun gözüylə,
Özünü itirdim, getdim iziylə..
Yaxşı nişançıymış, bircə sözüylə
Qırıldı qanadlar, düşdü qollar eyyy..
Yenə ürək doldu, gözlərim daşdı,
Söz-sovum tükəndi, dilim dolaşdı.
Mənəm qəlbiqiriq, gözləri yaşlı,
Bax, onsuz gəlmişəm sizə ellər eyyy...
***
Mənə də xəbər et hayana getsən,
Yolların çəkilsin gözüm üstdə, get.
Qoyma səksəkədə qalsın ürəyim,
Gedəndə adımı bir yol səslə, get.
Alqışım tökülsün - qırx qoluzorlu,
Duam-sənam gəlsin-qırx incəbelli.
Tək çıxma yollara, obalı-elli
Xəyallarım olsun sənə dəstə, get...
Sözünün üstündə dur ömür boyu,
Qəlbimi qır elə, qır ömür boyu...
Sən ay ayrılığı bir ömür boyu,
Gəlişi,görüşü boyu bəstə, get...
Bilirəm, ta düşməz güzarın mənə,
Qazdırdın bu eşqin məzarın mənə.
Heç vaxt acı çəkmə, azarın mənə,
Onsuz da salmısan canı xəstə, get...
Kim deyir həsrətin yük ürəyimə,
Çək dağı dağ üstdən, çək ürəyimə.
Gözünün qadasın tök ürəyimə,
Ömrümün qalanın xərac istə, get...
Qayıt
İncidir qəlbimi ögey sevgilər ,
Neynirəm özgəni, mənə sən qayıt!
Hər addımda yerin görünən yerə
Yenidən, yenidən, yenidən qayıt!
Hicrin gör neyləyib sənin naşına,
Leylinəm, Əslinəm, dönüm başına.
Gəlmirdi qaranlıq günüm xoşuna,
Saldın saçlarıma daha dən, qayıt ...
Andınmı adımı,qurban adına ,
Düşdümü ilahi eşqin yadına?!
"Vəfasız" söyləyib sənin adına
İncidir qəlbimi hər yetən, qayıt ...
Salam
Üzü o tərəfə, könlü bu yana
Ay iki arada qalan ey, salam.
Yığval tərsə düşüb yol düz gəlməyib
Ürəyi həsrətdə solan ey, salam
Gəzir aralıqda qatı duman çən,
Eh, nə bu mən mənəm, nə də o sən sən
Ürəyim eşitdi ürəyin verən
Allah salamını...Salam ey, Salam!
Hər dua Allaha agah olmur ki,
Quruca bir salam günah olmur ki...
Hər qəlbin salamı, Segah olmur ki,
Ürəyim inlədi: " Balam ey..." Salam.
Eh gəlirsiz gəldi bu gidi gərdiş,
Ürək dərd çəkməyi eylədi vərdiş,
Salamın qurusun, salamsız dərviş,
Eylədin ruhumu talan ey... Salam
***
Niyə vəfa umdun sözü gözəldən ,
Çələngmi olurmuş quru xəzəldən?..
Zərif yarandın ki, könül, əzəldən ,
Elə gedib--gəlib qıralar səni?...
Hayana daşısam bu qəlbi, yükdür,
Ağrısını kimsə çəkməyəcəkdir ...
Gedənin gedibdir, gəlməyəcəkdir,
Nahaq dilə tutur bu bahar səni...
Görürəm, astarın üzündən baha,
Savab gəzə-gəzə batdın günaha .
Həsrətin özündən əzizdi daha ,
Daha qəbul etməz buralar səni.
Qışı gətirmisən sən elə çoxdan,
Bir ömür üşüyüb ürək soyuqdan.
Könlüm elə küsüb sən adlı yoxdan,
Qoymaram ta məndən soralar səni.
Mənə qəhr eylədi bəxt yazan kişi ,
Hökm etdi,bəd gəldi ömrün gərdişi ...
Eh, ürək tərgitmir bu pis vərdişi ,
Elə yazar, pozar, qaralar səni...
***
Aradakı buzlar əriməliymiş,
Qorxuram, dünyanı sel tutar, gəlmə.
Arada o qədər çayır-çəmən var,
Yorğun ayağını lil tutar, gəlmə.
Uzaqdan eləcə qəhrini çək sən,
Yaxından qədrini bilməyəcəksən.
Qurumuş çiçək tək töküləcəksən,
Gələrsən, bax,səni yol tutar, gəlmə.
Nə xeyri bu köhnə sandığı açsan,
Töküləni çətin toplayacaqsan...
Bu "yalan" eşq üçün ac-yalavacsan,
Gerçəklər könlünə əl tutar, gəlmə...
Daha nəm-nişan yox bu daş saraydan,
Uçuldu yalançı haydan, haraydan.
Bir dalda yeri yox, könül boş meydan,
Üzgün ürəyini yel tutar, gəlmə.
***
Sən mənə taleyin zulum payısan,
Göynəyən könlümü bir üfləsən sən ...
Ruhumun qısılıb dustaq qaldığı
İkicə kəlmədən özgə nəsən sən ?
Gördünmü quruyan qaxac ömrümü ,
Cismimi qovuran bu sac ömrümü ?
Bu kədər yarpaqlı ağac ömrümü ,
Noolar , bircə kərə silkələsən sən ?!
Namərd quyulardı, xəbərçi qamış ,
Könlümdə bir zərrə inam qalmamış...
Etibarı perik , ümidi sınmış
Ürək nələr çəkir...Nə biləsən sən ...
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0