“Gülsək üzü göylərə” təqdim olundu
Mayın 2-də “Litera” kitab evində şair, yazıçı və tərcüməçi Zahid Sarıtorpağın MİMTA Yayımları tərəfindən nəşr olunan “Gülsək üzü göylərə” şeirlər kitabının təqdimat mərasimi keçirilib.
YAZİCİ.AZ xəbər verir ki, təqdimat mərasimi Sərxan Rüstəmovun moderatorluğu ilə baş tutub.
Təqdimatda çıxış edən araşdırmaçı-yazar Muxtar Cəfərli meəllifin şeirlərindəki fəlsəfi-irfani dərinliyə toxunub, üslubunun özünəməxsusluğu ilə bağlı fikirlərini bölüşüb.
Müəllifin qələm dostları – yazıçı Həcər Paşayeva, gənc şair Mir Kamil, Elçin Məmmədov, Ayaz Arabaçı, İlham Zeynallı, İqbal Həsənzadə və başqaları kitab haqqında fikirlərini bölüşüb, Zahid Sarıtorpağın yaradıcılığından nümunələr səsləndiriblər.
Sonda müəllif oxucular üçün kitablar imzalayıb.
Kitabdan bir şeir oxuculara təqdim edirik.
* * *
yüyürmədik yıxılaq, yıxılmadıq dikələk
hər gözün çanağında bir ümid güllər dedik
zaman ölmüş bir atdı yalını öpür külək
gözünü göy üzünə nahaqdan zillər dedik
bilirdik buralartək oralar da boş olur
hamının yazısında bir dərviş var bir də yol
bir də bizə tuşlanan o sirri-xuda barmaq
dəli şeytan deməz ki yum gözünü rahat ol
onsuz da gözümüzə tökülən qara torpaq
dirilərin əlində təmasdan sərxoş olur
adamın göy üzündə çat verincə aynası
hər çatından bir surət düşüb yerə sərilər
əlifban faş olunca oxunan kimi yazın
adını ölü qoyur yanındakı dirilər
adam bilmir o zaman niyə dönüb daş olur
arınıb bu dünyadan pak olmaq istəyirik
amma nə göz çeşmədi nə də ovuclar ləyən
biz hər yaxşıya yaxşı hər pisə pis deyirik
gözümüzdən gəlirsə dilimizdən gəlməyən
demək belə çıxır ki haqq nahaqqa nuş olur
bu dolaşıq kəlamlar batırmaz bizi yasa
gülsək üzü göylərə süzər orda yüz pəri
bütün fəsillər boyu əllər uzanar yaza
yazın yaxasındasa hər gül – bir güllə yeri
ya qış keçir yaz gəlir, ya yaz dönüb qış olur…
16.12.91
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0