Milli adət - Müasir Qazax hekayəsi
Yazıçı Ədəbiyyat Portalının "Qazax ədəbiyyatı" rubrikasının bu həftəki qonağı Rollan Seysenbayevdir.
Rollan Seysenbayev (Şakenulı, 1946, 11 oktyabr) – nasir, dramaturq, naşir, ictimai xadim
R.Seysenbayev Semipaltinskdə (Semey) doğulub, Semipalatinsk Texnologiya İnstitutunu bitirib (1969). Bir müddət vilayət qəzetində, radio və televiziya komitəsində, ictimai təşkilatlarda çalışıb, Moskvada Ali Ədəbiyyat Kurslarını bitirib (1977), 1975-1991-ci illərdə SSRİ Yazıçılar İttifaqında qazax ədəbiyyatı üzrə məsul katib işləyib, 1994-1996-cı illərdə Qazaxstan Respublikası Prezidentinin köməkçisi olub. Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti yanında Dünya Xalqları Ədəbiyyatı İnstitutunun direktoru (2012), mərkəzi Londonda yerləşən “Abay Evi”nin (1995), Beynəlxalq Abay klubunun yaradıcısı (2000), “R.S.” Nəşriyyat Evinin rəhbəri və “Amanat” ədəbi jurnalının təsisçisi (2012), Ümumdünya Mədəniyyət və İncəsənət Akademiyasının üzvüdür (1995).
R.Seysenbayev yaradıcılığa 60-cı illərin ortalarından başlayıb. “Yanğı” (1975), “Son qar” (1978) hekayə topluları, “Qaçış” (1985), “Dekabr günləri” (1986), “Yaşamaq istəyirsənsə” (1986), “Azmış fəryad” (1986), “Heçliyə pilləkən” (1987), “Şeytan taxtı” (1988), “Gecə səsləri” (1988), “Dünyanın dağıldığı gün” (1990), “Şərəf” (1996), “Səhranın sərgərdan ölüləri” (2006), “Bircə gecə” (2009) və s. romanları dünyanın bir çox dillərinə çevrilib, pyesləri teatrlarda tamaşaya qoyulub.
R.Seysenbayev keçmiş SSRİ-nin, Qazaxstanın və bir sıra ölkələrin dövlət təltiflərinə, mükafatlarına, İspaniyanın M. de Servantes, ABŞ-ın M.Tven və bir çox digər milli və beynəlxalq mükafatlara layiq görülüb.
MİLLİ ADƏT
(hekayə)
Nodar Dumbadzenin xatirəsinə
Şəhərin qırmızı kərpicdən tikilmiş qalın divarları, mazğalsayaq ensiz pəncərələri sayəsində qədim qalaya oxşayan hissəsilə gedirdik. Qüruba əyilən Günəş daha o dar küçələri işıqlandırmaq iqtidarında deyildi, bir anlığa mənə elə gəldi ki, axşam çoxdan düşüb; amma dərhal da səhv elədiyim üzə çıxdı: hələ göydə iri cənub ulduzları gözə dəymirdi, Yer üzü isə isti, hətta bir qədər bürkülüydü.
Payız. Gürcü payızı. Bizim günlərəcən gəlib çatan ortaçağ məhəllələri...
Tbilisiyə ilk dəfəydi ki, gəlirdim, yalnız bu şəhəri sevən adamla – sevməməksə mümkün deyildi, - vətənində görüşmək qismətim olmasa da, Ustadın ölümündən doğan kədərdən tutqunlaşan şəhərdəki ilk günümün məndən ötrü hansı məna kəsb elədiyini dərk eləməyə qadir idi.
Zirzəmidəki meyxanadan şən, sərxoş halda mahnı oxuya-oxuya çıxan adamları görüb fikirləşdim ki, həmişə, bax, bu cür, uzun tostları çoxsəsli xorla qarışdıra-qarışdıra, şən halda, sanki tamaşa göstərə-göstərə yeyib-içdikləri yerlərdə olmağı arzulamışam. Xüsusilə İoselianinin filminə - film necə adlanırdı? Hə, “Xəzan”... - tamaşa eləyəndən sonra qəlbimdə bu istək yaranıb. Bu gün Ustadın həmyerliləriylə, həyatın qədrini cavanlardan daha yaxşı bilən dünyagörmüş gürcülərlə birgə olmaq istəyirdim. Qocaları, bazarda öz qayğıları barədə söhbət eləyən, salamlara-suallara təmkinli vüqarla cavab verən müdrik qocaları sevirəm. Daşkənddə, Mahaçqalada, Aşqabatda, Bakıda da bu cür olub... Qocalarla həmsöhbət olmaq, onlarla süfrə çaxırı içmək istəmişəm...
İndi Qazaxstanda yaşayan dostum Zurab qızğınlıqla, əl-qolunu cənublu çoşğunluğuyla oynada-oynada, tələbəlik illərini xatırlaya-xatırlaya mənə Tbilisinin zirzəmi-meyxanaları haqqında danışmışdı. Onda cavan idik. Yenicə yaradıcılığa başlamışdım, o isə Tbilisi Bədən Tərbiyəsi İnstitutunu bitirəndən sonra basketbol komandasının məşqçisi kimi şəhərimizə gəlmiş, bir daha geri dönməmişdi. Cibimdə böyük qardaşının ünvanı vardı, ona baş çəkib Zurabdan salam çatdırmaq fikrindəydim, amma qəbirstanlıqda indi yanımca gedən Levanla rastlaşmışdım. Yeni tanışım Bakıdan elə bu gün günortadan sonra təyyarəylə gəldiyimi, hələ bu şəhərdə kimsəni tanımadığımı öyrənib məni gecələmək üçün evinə dəvət eləyəndə gözlənilmədən razılaşmışdım.
Beləliklə, zirzəminin girişində dayanmışdıq. Qoca geri çevrildi, görünür, nə barədə düşündüyümü sezdi.
-Ora getmək istəyirsən? – O, dodaqlarını çeynəyə-çeynəyə, həvəssiz halda ağır, tunc döyməylə bəzədilmiş qapıya doğru enən pilləkənə doğru yönəldi. – Yemək istəyirsən? – Yarıboş zala göz gəzdirib soruşdu. – Yoxsa elə-belə maraqlanrsqan?..
-Həm yemək istəyirəm, həm də maraqlanıram, - cavab verdim.
Yekəpər, gonbul bir kişi hər iki əlini qaldırıb qocanı salamladı, cəld addımlarla masamıza doğru yönəldi. O, qonağını qucaqladı, tələsik, həm də ucadan nə barədəsə danışmağa başladılar. Kişinin siması gözlərimin qabağındaca dəyişdi: o, qəfildən qüssələndi, sonra bir göz qırpımında şənlənib qəhqəhəylə güldü, ardınca da tüklü sifəti yenidən ölgün, kədərli ifadə aldı. Levan fikirli halda dilləndi.
-O, batono Nodarı sevirdi, Nodar da onu sevirdi. Hamımız yerliyik. O da quriyalıdı, başa düşdün?
Başımı tərpətdim, susduq. Zirzəminin kiçik zalı bu müddət ərzində get-gedə dolmağa başladı.
Quriyalı əlində yeməklər dolu olan iri məcməyiylə gəldi. O, çevik hərəkətlə məcmayidəkiləri masanın üstünə düzdü, üç butulka da “Gürcaani” çaxırı qoydu, dərhal birinin tıxacını açdı, bərq vuran çaxırı üç stəkana süzdü.
-Əziz qonaq, - asta, xırıltılı səslə dilləndi, - sən əziz Nodarımızın qəbrini ziyarət eləmək üçün uzaqdan gəlmisən. Sağ ol! O çox ləyaqətli insanı uzun müddət, uşaqlıqdan tanımışam, bircə şey deyə bilərəm ki, qızıl kimi, yaxşı, müdrik bir insanı itirdik. Əlbəttə, onun da düşmənləri vardı, kimin düşməni yoxdu ki? Düşmənsiz də yaşamaq mümkün deyil, çünki düşmən səni həmişə formada olmağa məcbur eləyir. Düz deyirəm, batono Levan?
Qoca dillənmədi, meyxana sahibi özü özünə cavab verib sözünə davam elədi:
-Düzdü!... Ona görə, güclü küləkdən qorxmayan qüdrətli ağacın sağlığına içməyi təklif eləyirəm. Beləliklə, qardaşlar, gəlin Nodarın sağlığına içək, məkanı cənnət olsun!
O, stəkanını ləyarətlə boşaltdı, qocaya astadan, gürcü dilində nəsə deyib mətbəxə getdi.
-Üzr istəyir, iş başındadı, - qoca tərcümə elədi. – Mal qəbul eləməyə getdi...
Qonşu masanın arxasında şən üçlük səs-küy salmışdı. Kefcillər bu gün süfrənin xərcini kimin ödəyəcəyi barədə razılığa gələ bilmirdilər, hər biri təhdidedici tərzdə pulqabını havada tovlayır, sanki hər şeyə hazır olduğunu məclis yoldaşına sübut eləməyə çalışırdı. Gənclik qalib gəldi, yaraşıqlı, çevik oğlan qalxdı, qara yaylıqlı qadının qab yuduğu piştaxtanın üstünə yıxıldı:
-Məndən çatacaq! Bu gün mən ödəyirəm. Sahibə çatdır ki, bu gün Rjanaşvili ödəyir, obirilərdən pul götürməsin! Qalığı da lazım deyil, kalbatono! (Möhtətəm xanım).
Sonra oğlan çıxışa doğru getdi. Dostları onu haqlayıb incik halda nəsə deməyə başladılar, amma oğlan əlini yellədi, qapıdan çıxanda hər üçü də gözəl bir gürcü mahnısını uzada-uzada oxumağa başladı.
-Vaxtdı, əzizim! Bacımın gözü yolda qalıb. Bir də ki, evdə hər şey burdakından daha yaxşıdı, - qoca mehribancasına, amma israrla dilləndi.
Çaşqın halda onu süzdüm, nəzərlərimi iki açılmamış butulkaya sarı sevirdim. Butulkalar tərləmişdi. Bayırda bürkü, zirzəmidə sərin idi, əməlli-başlı içmək istəyirdim, amma Levana etirazımı bildirməyə cürət eləməyib tələm-tələsik yerimdən qalxdım.
Hava qaralmışdı. Qoca nədənsə narazı halda gürcü dilində nəsə donquldanırdı, yalnız bir neçə məhəllə keçəndən sonra incik tərzdə izah eləməyə başladı:
-Pul qazanırlar! Bu murdar qoxulu kağız ağıllarını başlarından alıb! İşbazlar! Sonra da “qalığı lazım deyil” deyirlər! Onların bütün xoşbəxtlikləri, bax, bundadı!..
Levanın bacısı, həqiqətən, narahat olmuşdu. O, səs-küylü sorğu-sualla qardaşının üstünə cumdu. Levan məni göstərib qısaca nəyisə izah elədi, qadın sakitləşdi, daha dinib-danışmadı, axşamın qaranlığında qonağı daha yaxşı görmək üçün vurnuxdu.
-Salam, - artırmaya yaxınlaşıb dilləndim.
-Vay!.. – Qadın gözlənilmədən səsləndi, əlindəki əsaya söykənə-söykənə otaqda gözdən itdi.
-Bacımı qorxutdun, - Levan kefikök halda qəhqəhə çəkdi. – Xahiş eləyirəm, otur, rahatlan, əzizim.
O, elektrik düyməsini basdı, ərik ağacının budaqları arasında gizlədilmiş fənərin işığı indiyəcən qaranlıqda seçilməyən ensiz masanı gur işığa bürüdü.
-İndi gəlirəm, - o, qədim şəhərin hüdudları yaxınlığında, düz Kürün sahilində yerləşən evə tərəf yönəldi.
Qürubun son qığılcımları hələ də suda öləziyir, sönürdü...
Gözlərimdən, sözün əsl mənasında, yuxu tökülürdü. Bakı hava limanında keçirdiyim yuxusuz gecə özünü bildirirdi: ordan uzun müddət əbəs yerə Tbilisiyə uçmağa çalışmış, yalnız səhərə yaxın istəyimə çatmışdım. Amma taksi sürücüsü gəlişimin məqsədindən xəbər tutub maşını ağlagəlməz sürətlə qovsa, gözlərim qarşısında yalnız yol kənarındakı dirəklər görünüb-yox olsa da, dəfnə gecikmişdim. Uzun müddət dilə tutsam belə, sürücü pul götürməkdən qətiyyətlə boyun qaçırmışdı. “Hə, bunu elə-belə, sözgəlişi xatırladım, heç bir əhəmiyyəti yoxdu”, - yarımürgülü vəziyyətdə beynimdən keçirdim; qorxurdum ki, qıçlarımı uzatsam, dərin yuxuya gedər, bununla da qocanı əməlli-başlı incidərəm, çünki təbiət sanki bu sakit, adama dinclik gətirən gecəni süfrə arxasında tələsmədən, səmimi söhbətlər eləmək üçün yaratmışdı.
Amma yorğunluğum hissolunmadan ötüb keçdi. Levan məni bacısına təqdim elədi. Ucaboy, yaraşıqlı Tamara – onu belə çağırırdı, - əlindəki əsanın yerə toxundura-toxundura yaxınlaşıb nəsə dedi.
-Bağışla, - Levan söhbətə qarışdı, - o, rus dilində danışa bilmir, amma sözlərinin mənası belədi ki... – bir qədər fikrə getdi. – Qonaq ol, bala, deyir. Deyir, uzaqdan gəlmisən, qoy yolun uğurlu olsun.
Başa düşdüm ki, Levan özü də rus dilini yaxşı bilmir, qadının sözlərində daha dərin məna var, amma bu barədə sorğu-sual eləməyə utandım, mənə müraciətlə söylənmiş sözlərdəki zərif müdrikliyin məğzindənsə xəbərdar ola bilmədim. Üstəlik də Tamaranın məharət, həm də səxavətlə açdığı süfrə arxasına keçmək vaxtıydı. Levan gildən düzəldilmiş iri bardağı mənə uzatdı.
-Əsl çaxır, bax, budu, - o, qürurla dilləndi.
Levanın bacısı cidd-cəhdlə mənə qulluq eləyirdi. Onunla hansı dildə danışırdıq? Əvvəlcə sınıq-salxaq rus dilində danışdıq, sonra o, öz dilinə keçdi, mən də öz dilimdə - qazax dilində - danışdım. Qəfildən mənə elə gəldi ki, bir-birimizi sözsüz başa düşürük, çünki qəlbin dili bütün insanlar üçün ən anlaşıqlı, ən sadə dildi. Levan çaşqın halda bizə baxır, səssiz-səmirsiz gülümsünürdü.
Qəfildən qadın əl-ayağa düşdü. Levan onunla birgə evə girib gözdən itdi. Qəfil narahatlığın səbəbinin başa düşmədim, amma özüm də qurcalanmağa başladım – bəlkə, nəsə baş verib, köməyim lazımdı? Mətbəxə girəndə Levanın düz plitənin yanında durub ucadan qəhqəhə çəkdyini, Tamaranın isə incik tərzdə söyləndiyini gördüm:
-Vay-vay, Levan! Vay-vay...
-Az qala, xəngəli əldən çıxarmışdıq, - Levan gülə-gülə dilləndi. – Bacım deyir, qonağımız yaxşı insan imiş, özümüzü vaxtında yetirdik, - o, izah elədi.
Bacısı söylənə-söylənə qazandan buğlanan xəngəlləri çıxarırdı. Levan yenə pıqqıldadı:
-Deyir, görünür, artıq qocalıram, bəzi şeyləri unutmağa başlamışam. Burda təəccüblü nə var axı, artıq doxsan bir yaşındadı...
-Neçə? Doxsan bir? Bəs sizin neçə yaşınız var, batono Levan? – Sual verməkdən özümü saxlaya bilmədim.
-Mənim? Hələ cəmi səksən yaşım var, - Levan dilləndi.
Ev sahibəsinə kömək eləməyə başladıq. Qarı xoşbəxt idi. O, gülümsünür, hey başını bulayırdı:
-Vay-vay, Levan, vay-vay...
-Bayırda gecəydi. Ulduzlar şəhərin üzərində bərq vurur, Ay nur saçırdı, o nurun içindəsə ətrafdakı hər şey qeyri-müəyyən, qeyri-real görünürdü. Biz evdən çıxanda ərik ağacının altında bir nəfər oturmuşdu. Yaxınlaşdığımızı görəndə qalxıb təzim elədi:
-Qamarcoba, kalbatono Tamara! Qamarcoba, batono Levan! (Salam, möhtərəm Tamara! Salam, möhtərəm Levan!)
-Axşamın xeyir, Vaxtanq. Otur, yaxşı ki, gəldin!
-Həmişəki kimi, həmişəki kimi, - yeni qonaq ehmalca gülümsədi.
O, nəzərlərini mənə dikəndə dəlisov gözləri soyuq-soyuq, etinasızcasına parıldadı. Zahirən altmış yaşı olardı, arğaz, damarlı, hələ də sağlam görkəmli bir adam idi.
-Qorxma, dostumuzdu. Qazaxstandan gəlib, - Levan dilləndi.
Vaxtanq adlandırdıqları adam məni bir daha diqqətlə süzdü, amma gözlərindəki soyuq, ehtiyatlı ifadə çəkilib getmədi.
Dinməzcə xəngəl yeyirdik. Mən kürəyimi hələ də gündüz istisini qoruyub saxlamış ərik ağacına söykədim. Dəlisov gözləri olan adam bardaqdan öz stəkanına çaxır süzdü, tələsmədən, son damlasınacan içdi. Sonra köhnə, rəngi solmuş köynəyinin qoluyla ağzını, tüklü yanaqlarını sildi, qəfildən də qurşağından kiçik düdük çıxarıb çalmağa başladı.
Kədərli, qəlbi riqqətə gətirən hava altında Levanla söhbət eləyirdik, mənə elə gəlirdi ki, musiqi bu gecə mənə danışılan bütün hekayətlərin fonu yox, məğzidi. Qadın da o musiqini dinləyirdi, sifətini qara şalıyla yarı örtmüşdü, görünür, ağlayırdı.
Qoca Levan mənə öz həyatı haqqında da, gecəyarısı peyda olmuş o sirli çalğıçı barədə də çox şeylər danışdı. Onlar ailədə Levan da daxil olmaqla altı bacı-qardaş – beş qardaş, bir bacı - imişlər. Qardaşların hamısı müharibədə iştirak eləmişdi. İkisi vətəndaş müharibəsində tələf olmuş, ikisi də Berlin yaxınlığında qalmışdı. Son müharibədən yalnız Levan sağ qayıtmışdı. Kalbatono Tamaranın əri də elə birinci, imperialist müharibəsində cəbhədən dönməmişdi. Xəbərsiz-ətərsiz itmiş, gəlib çıxmamışdı. Uşaqları olmamış, qadın da daha ərə getmək istəməmiş, çox sevdiyi adamın xatirəsinə sadiq qalmışdı. Əvvəlcə təkcə ömür sürmüş, sonra Levanın yanına köçmüş, uşaqlarına baxmış, böyüdüb tərbiyə eləmələrinə kömək eləmişdi. Levanın arvadı yaxşı ailədən idi. Deyilənə görə, hətta böyük mouravi Georgi Saakadzenin nəslinin davamçılarından sayılırdı. Levan arvadını sevirdi, amma qadın ötən il ağır xəstəlikdən vəfat eləmişdi, bu çalğıçı, dəli Vaxtanq da onun doğma qardaşıydı. Bəli, dəliydi... Levan bunu gizlətməmişdi. Amma Vaxtanq bir vaxtlar igid, dəli-dolu oğlan idi. Bütün məhəllədən yeganə adam idi ki, müharibədən mayor rütbəsində qayıtmışdı, sinəsini orden-medallar bəzəyirdi. Həm də necə orden-medallar!..
Levan hətta başını bulayıb, dilini nırçıldatdı. Vaxtanq gözəl bir qıza vurulmuşdu, qız da onu sevirdi. Artıq toy eləmək barədə düşünürdülər ki, aralarına şəhər ətrafındakı qəsəbələrdən birində yaşayan, qıza vurulmuş oğlan girdi. Bir dəfə gecə Vaxtanq qızı evlərinə ötürəndə bir dəstə oğlan onu dövrəyə almışdı. Desantçı olmuş, dəfələrlə ölümün gözlərinin içinə baxan cəsur Vaxtanq qorxmamış, yalnız mehribancasına qızdan aralanmağı xahiş eləmişdi. O, həmin köpək uşaqlarının dərsinin əməlli-başlı vermiş, amma özü də xəstəxanaya düşməli olmuşdu, çünki rəqibləri üstünə bıçaqla gəlmişdilər, həm də sayca çox idilər. Namərdlər oğlanın qıçını sındırmış, üstəlik, boynundakı əsəb telini zədələmişdilər, nəticədə də Vaxtanq xəstəxanada düz bir ay şüursuz vəziyyətdə yatmışdı. Özünə gələndə isə, hər şeydən əvvəl, adı Mariya olan qızı soruşmuşdu.
-Mən də, arvadım Tamara da ona nə cavab verəcəyimizi bilmirdik, çünki qız bütün bu bir ay ərzində xəstəxanaya, növbəylə keşiyini çəkdiyimiz xəstənin yanına bir dəfə də olsun, gəlməmişdi. Vaxtanq hər şeyi dərk eləyib özünə qapandı. Qürurlu oğlan idi, evdə yatır, düdükdə öz kədərli havalarını çalırdı. Günlərin bir günü də bacım Mariyanın mənim adıma yazdığı məktubunu gətirdi. Bu, sonuncu məktubu idi, çünki əvvəldən qızlarının Vaxtanqla nikahının əleyhinə olan valideynləri qızı aldatmışdılar, elə bilirdi ki, oğlan xəstəxanada ölüb, buna görə özü də inrtihar eləmək istəyirdi. Hətta qıza Vaxtanqın vida məktubunu da göstərmişdilər, guya o, məktubu qıza çatdırmaq üçün vermişdi.
Levan onun simasını - əsl gürcü gözəlinin simasıydı - indiyəcən yaddaşında saxlamışdı. Mariya, həqiqətən, qənirsiz gözəl idi. Həm də eynilə Vaxtanq kimi qürurluydu. Eyni zamanda da oğlanı böyük eşqlə sevirdi. Məktubu alan Levan dərhal özünü ona yetirməyə çalışmışdı, amma artıq gec idi. Qız intihar eləmişdi, yalanlarının bu cür dəhşətli nəticə verəcəyini heç gözləməyən valideynləri isə bir anda qocalmışdılar, bir kəlmə söz belə söyləmək iqtidarında deyildilər, yalnız səssiz-səmirsiz ağlayırdılar. Vaxtanq isə tədricən özünə gəlməyə başladı, işləri qaydasına düşdü, adama elə gəlirdi, zaman keçdikcə Mariyanı da unudur. Amma kəmfürsət adamlar qızın elə-belə ölmədiyini, özünü asdığını söyləyəndə oğlanın ağlı başından çıxmış, dəli olmuşdu.
-Necə deyərlər, ağlını itirdi, - Levan əlavə elədi. – Bizdə yemək yeyir, burda, yaxınlıqdakı evində, birotaqlı kommunal mənzilində yaşayır...
-Tamam tək yaşayır? – Mən soruşdum.
-Tamam tək, - Levan cavab verdi.
-Batono, deyin, bəs sizin uşaqlarınız hardadılar? – Ehtiyatla maraqlandım.
-Uşaqlarım? Yaramaz uşaqlarım pul qazanırlar! Biri Sibirdə, o biri Uraldadı. Yalnız bir abırlısı Tbilisidə qalıb. Depoda cilingər işləyir. Biz axı sadə adamlarıq, ustalıq eləyirik, özüm ömrüm boyu dəmiryolunda işləmişəm...
Vaxtanq qəfildən çalğısına ara verdi. O, cəld yerindən qalxdı, dinməzcə baş əyib çıxışa doğru getdi. Həyətin ortasına çatıb geri döndü, lap yaxınlaşıb cibindən bir şəkil çıxardı, arxa tərəfində nəsə yazıb mənə uzatdı.
-Götür, yoxsa inciyər, - Levan dilləndi. – Saakadzenin portretinin surətidi.
Vaxtanqa təşəkkür elədim. O, ləzzətlə gülümsədi, dəlilik yağan gözləri parıldadı.
O gecə uzun müddət yata bilmədim. Levanın adi, amma parlaq hekayəti məni sarsıtmışdı, artıq neçənci dəfəydi ki, insan talelərinin nə qədər mürəkkəb və faciəvi olduğu barədə düşünürdüm.
Moskva qatarı erkən yola düşürdü, Levanın köməyi olmasaydı, bilet tapa bilməzdim – kassaların qarşısında həddən artıq uzun növbələr vardı.
-Bufetdə səhər yeməyi yeyək, - təklif elədim.
-Qatarın yola düşməsinə hələ iki saat var. Gedək gəzişək, - o, gözlərimin içinə baxıb dilləndi. – Bəlkə, qalıb qonağımız olasan.
-Yox, sağ olun. Moskvada işlərim çoxdu. Nəşriyyata baş çəkməliyəm. Bir də ki... – dilimi sürüdüm, - pulum da qurtarır...
-İstəyirsən, borc verim? – Levan dərhal təklif elədi.
-Yox, lazım deyil. Moskvaya çatan kimi hər şey yoluna düşəcək. Yoluna düşməsə, daim qazanc yeri tapıram... Məsələn, müvəqqəti olaraq vağzalda yük daşıyaram...
-Nəyə görə axı? Sən ki savadlı adamsan...
-Adamları çiyin-çiyinə işləyəndə aha yaxşı tanımaq olur, batono Levan. Bax, artıq yarım ildi ki, ölkəni dolaşıram, necə bilirsiniz, yalnız yazıçılıqdan qazandığım pulla yaşayıram? Yox. Həm matros, həm qatar bələdçisi, həm yükdaşıyan olmuşam....
-Cek London kimi olmaq istəyirsən, hə? – Qoca hiyləgərcəsinə, “sirrimi” üzə çıxardığından razı halda göz vurdu. – Afərin, bala! Hə, bax, gəlib çatdıq, - o, qəfildən bildirdi.
-Hara çatdıq? – Mən soruşdum.
Həmin məqamda da “Xaşxana” lövhəsini gördüm.
-Xaşxananın nə olduğunu bilirsən?
-Yox, ancaq eşitmişəm. Bir də kitablarda oxumuşam, - boynuma aldım.
-Onda səndən ötrü hər şey irəlidədi, - Levan dilləndi.
Hələ səhər erkəndən olmasına baxmayaraq, xaşxanada müştəri çox idi, qapı fasiləsiz açılıb-örtülür, yeni-yeni adamlar gəlir, masa arxasında yerlərini tuturdular. Kişilər isti, qatı yeməyi xüsusi diqqətlə, cidd-cəhdlə yeyir, vüqarlı görkəmlə susurdular, sanki bura adi ictimai iaşə deyil, xüsusi mərasimlərin keçirildiyi məkan idi.
-Dünən gec yuxuya getmişik, bu gün daha erkəndən qalxıb xaşımızı yeməyə haqqımız var. Bizim milli adətimiz belədi. Oh, cavanlıq çağlarımda xaş yeməyi çox sevirdim.
-Bu yaxşı adət ancaq sizdə var, batono?
-Xaşı səhər-səhər yemək? Yalnız bizdə var, - Levan inamla dilləndi. – Xaşı ancaq ağıllı xalqlar icad eləyə bilərlər, xalqımız isə həddən artıq ağıllı xalqdı...
İçdik. Halım yaxşılaşdı, damarlarımla hərarət axmağa başladı.
-Batono Levan, bəlkə, bir qrafin də götürək?
-Yox, - Levan qətiyyətlə başını buladı. – Nə sən əyyaşsan, nə də mən əyyaşam, ona görə də ağ saçlarımı hörmətdən dalmaq istəmirsənsə, artıq içməməliyik. Vağzalıa getsək, daha yaxşı olar, artıq vaxtdı...
O, əlini çiynimə şappıldatdı.
Ofisiant yaxınlaşdı. Pul çıxardım, amma Levan nəzərlərini açıq-aşkar hiddətlə mənə dikdi.
-Tez ol, onu cibinə qoy! – O, fışıltılı pıçıltıyla əmr elədi.
Levan onluğu ofisianta verdi, əliylə hökmlü hərəkət eləyib vüqarla dilləndi. – Qalığı lazım deyil, əzizim!
-Sağ olun! – Ofisiant heç nə olmamış kimi, dilləndi, qocanın bu hərəkətinin onu qətiyyən təəccübləndirmədiyini sezdim.
Diqqətlə Levanı süzürdüm. O, gözlənilmədən çaşdı, hətta rəngi qızardı, dərhal da qəhqəhə çəkdi.
-Neyləyəsən, hə? Milli adətdi də! – O, məndən üzr istəyirmiş kimi, çiyinlərimi qucaqladı. – Qonağın çıxıb getməyindən böyük dərd olar? Onda pulun qalığı nəyə gərəkdi axı? Düz deyirəm?..
Vağzala doğru gedirdik. Qeyri-ixtiyari geri çevrilib şəhərin mənzərəsinə - meydanlara, küçələrə, döngələrə, bağlara, eniş-yoxuşlara, müqəddəs dağ Mtasmindaya, müqəddəs qədim daşlara, gözəl Tiflis, Tbilisi şəhərinin uğuldadığı, yaşadığı, nəfəs aldığı, Günəş işığına qərq olmuş məkanına tamaşa eləyirdim!..
Saata baxdım, qəfildən səkiylə yırğalana-yırğalana gələn, anlaşılmaz təhdidlə camaata qışqıran Vaxtanqı gördüm:
-Xabarda! Xabarda! (Ehtiyatlı olun).
-Bizi axtarır? – Mən soruşdum.
-Ola bilər, - Levan dilləndi.
Dəlinin bərabərinə çatdıq. Vaxtanqın işıqlı, od-alov yağan gözləri başqa səmtə zillənmişdi.
Tərcümə: Nərimn Əbdülrəhmanlı
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0