Qartallar haqqında dastan - Müasir Qazax nəsri

İyl 28, 2026 - 16:28
 0  26
Qartallar haqqında dastan - Müasir Qazax nəsri

Yazıçı Ədəbiyyat Portalının "Qazax ədəbiyyatı" rubrikası davam edir.

Rubrikanın bu həftəki qonağı nasir Qabit Musrepovdur.

QABİT MUSREPOV

Qabit Musrepov (Ğabit Maxmutulı Musirepov, 1902, 22 mart – 1985, 31 dekabr) – nasir, tərcüməçi, dramaturq, tənqidçi, ictimai xadim

Q.Musrepov Şimali Qazaxstan vilayətinin Jambıl rayonunun Janaçöl aulunda anadan olub. İlkin təhsilini doğma aulunda alıb, sonra rus məktəbini bitirib (1921). 1923-1926-cı illərdə Orenburq və Omsk kənd təsərrüfatı institutlarında təhsil alıb. Uzun illər  müxtəlif dövri nəşrlərin redaktoru olub, QYİ-nın katibi və birinci katibi (1956-1962, 1964-1966) çalışıb, Qazaxstan SSR və SSRİ Ali Sovetlərinin deputatı, Qazaxstan SSR Ali Sovetinin sədri, EA-nın akademiki olub.

Q.Musrepov ədəbi yaradıcılığa ötən əsrin 20-ci illərində başlayıb “Uçurumda” (1928) povesti, “Qazaxstanlı əsgər” (1949), “Oyanan diyar” (1953), “Onun adı Olpandır” (1974) romanları ona böyük şöhrət qazandırıb. Eyni zamanda, “Qız Jibek” (1934), “Amangəldi” (1934), “Şairin faciəsi” (1958) kimi pyeslər müəllifidir, bir çox sənədli və bədii filmlərin ssenarisini qələmə alıb.

Q.Musrepov ədəbi və ictimai fəaliyyətinə görə Qazaxstanın, eləcə də SSRİ-nin bir çox təltiflərinə və mükafatlarına, o cümlədən, Abay (1970) və Ç.Vəlixanov adına mükafatlara, “Sosialist Əməyi Qəhrəmanı” (1974), “Qazaxstanın Xalq Yazıçısı” (1984) fəxri adlarına layiq görülüb.

 

QARTALLAR HAQQINDA DASTAN

(hekayə)

 

Erjan uzaqlaşan qartalı israrla səsləyirdi:

-Kal, kal,kal!

Bu kəlmələri ağzından özünəməxsus tərzdə, erjansayağı çıxarırdı, bir qədər mızıltılı qısa çağırtını da yalnız o, qartalı başa düşürdü, həmin kəlmələrin adi “gəl” sözü olduğunu çox az adam ayırd eləyə bilərdi.

-Kal, kal! Kal!

Qartal sahibinə sarı dönmədi, hətta ona nəzər də salmadı. Quş asanlıqla yuxarı qalxırdı. Onun üçün nə Erjan, nə dəri qalpaqdan – tomatidən – azad olan kimi ötəri sezdiyi çevik dovşan mövcud idi. Qəfildən qanadlarını yığdı, daştək aşağı enməyə başladı. Ovçuya elə gəldi ki, qartal indicə şiş qayalara çırpılacaq. “Hara şığıyırsan, gözünə nə dəyib? – Erjan narahat halda beynindən keçirdi – Bəlkə, tülkü, ya da canavar görmüsən?”  Son günlər – ovçu bunu yalnız indi sezdi – qartal dəyişmişdi, özünü sanki müəyyən bir sehrə düşmüş kimi, sirli tərzdə aparırdı.

Erjan atı dəhmərləyib qartalın dolaşdığı dağlara sarı getdi. Bəlkə, gördüyü heç onun qartalı deyildi?

Cığırda dərin, atın sinəsinə çatan qar yığını vardı.

-Hə, yeri görək, yeri!

Erjan üst hissəsindən seyrək buğ qalxan qara batmış kəhəri qamçıladı.

-Kal, kal, kal!

Kal, kal, kal! – Səsi əks səda verdi.

Axı Erjan elə srağagün ovdan iki qırmızı tülküylə dönmüşdü – hər ikisinin dərisi Altay çaları adlanan rənglə sanki alışıb-yanırdı. Günəş şüaları altında yumşaq xəz rəngdən-rəngə düşür, tünd qızılı rəng içində də böyürlərdində saysız-hesabsız cizgilər gözə dəyir, ayaqlarısa qaramtıl çalar verirdi. Onun ağlagəlməz uğuruna hamı sevinirdi: dörd yaşlı qızı böyük sevinc içində tülkünün qu tükütək yumşaq quyruğunu boynuna salıb yoxlayırdı; ikiyaşlı Esentay bərkdən əl çalır, tülkünün böyrəklərindən yemək bişirməyi (dovşanların və qoyunları böyrəklərini yeməyə öyrəşmişdi) tələb eləyirdi. Qonşular özlərini yetirdilər, qırmızı Altay tülküsünə görə Erjanı təbrik elədilər, ona elə şikar arzuladılar ki, öz dəyərinə görə, nağıllardakı ənamlardan geri qalmasın; məlum olduğu kimi, o ənamlar on hissədən - yalnız bir hissəsi üç kəhər atdan - ibarət olurdu! Dedilər, qoy Erjanın yurtundan daim təzə qan iyi gəlsin, heç vaxt yağlı ət əskik olmasın! Həm qədim, həm də yeni qaydalara görə, ovçunun ov ətini tək yeməsi günah sayılırdı. İlin çətin vaxtıydı, uzun qışın axırında yoğun nazilmiş, nazik kölgəyə çevrilmişdi. Bununla belə, Erjan ziyafət təşkil elədi: ortaya beşbarmak1, araq (indi onsuz aulda belə keçinə bilmirdilər), cürbəcür çərəzlər – qurut, qənd, konfet – qoydu.

-Sənin Şapşanın2 əsl qartaldı, bütün qartallardan üstündü!

-Hə, bizim Erjanın bu qış tülkü sarıdan bəxti gətirir də... Erjan, doğrudu ki, artıq iyirmidən çox tülkü ovlamısan? Hə, Erjan?

Erjan təvazökar tərzdə dilləndi:

-Hə, düzü, hələ iyirmi olmayıb... Üçü əskikdi.

Amma tərif xoşuna gəlirdi, buna görə də həmin sözləri deyən qonşunun stəkanını doldurmağa tələsdi.

Berkutla ovdan yaxşı nə ola bilər? Əbəs yerə onu böyük Abay vəsf eləməyib

____________________________

1.Beşbarmak – qazaxların ənənəvi ətli xəmir yeməyi

1.Şapşan – cəld, çevik, iti sürətli

ki? Xatırlayırsınız?

Necə xatırlamamaq olar! O, deyir: güclü berkut tülkünü qar üstünə sərəndə rənglərin və cəsarət dolu hərəkətlərin heyrətamiz vəhdətini görürsən. Həm də qeyri-ixtiyari təsəvvüründə almayanaq, ağcamaya bir qızın çimməyini və sahildə saçlarını sıxmasını canlandırırsan.

-Abay sözü necə deyəcəyini bilir... Bizim Erjanda da Abaya məxsus bəzi xüsusiyyətlər var axı, - digər qonşu da fikrini bildirdi, hamı bir vaxtlar genişqəlbli və səxavətli qonşularının ov üçün ferma müdiri vəzifəsindən qəti boyun qaçırdığını xatırladı.

Bu cür xoş sözlərin müqabilində stəkanları doldurmamaq olmazdı, Erjan da əlini yenə “ağbaş”a uzatdı.

Şapşana nə olub? Qartal həmişəki yerində, arakəsmənin arxasındakı soyuq otun üstündəydi. Erkəndən, hələ hava toranlaşmamış yatır, bu günsə asxşamdan xeyli keçməsinə baxmayaraq, dincələ bilmirdi. Onu nəyin haldan çıxara biləcəyini ayırd eləmək çətin idi: bunun səbəbi ya sayəsində adamların bu evdə yığışdıqları Altay “gözəlləri”, ya da özünün ehtiyatsızlığına görə duyduğu peşmanılığı – o ehtiyatsızlıq üzündən bir dəfə canavarı əldən vermişdi – idi... Amma nə olur-olsun, qartal yerində qurcalanır, qanadlarını taxta arakəsməyə çırpır, bürünctək dimdiyiylə ayaqlarındakı zənciri parçalamağa çalışırdı. Qəlbini qüssə bürümüşdü. Azadlığın həsrətini çəkir, qəlbi ənginliyə şığımaq arzusuyla alışıb-yanır, sərbəst və bağımsız olmaq istəyirdi...

Amma Erjan və qonaqlar bütün bunları dərk eləmirdilər. Elə bilirdilər, qartal yenə ova çıxmaq həsrətiylə alışıb-yanır, Allahın köməyilə daha bir qırmızı tülkü ovlayacaq. Bu sağlığa stəkanları yenə doldurmalı oldular.

Erjan qonaqları ötürüb qayıtdı, yataq otağına girib arvadına dedi:

-Essitayı yatağına qoy... Elə özün də yat.

 

Səhəri gün Erjan yenə ova yollandı.

Arvadı ona xəbərdarlıq elədi ki, dovşan gətirməsə - yaxşı olar ki, ikisini – xüsusi nahar gözləməsin. Buna görə də kolluqdan sıçrayıb çıxan sallaqqulaq dovşanı görən kimi, Şapşanın başından qalpağı çıxarıb dovşanın qaçdığı səmtə itələdi.

İndi də Şapşan daştək şikarın üzərinə enmək əvəzinə sahibindən uzaqlaşmağa başlayırdı.

-Bu hara gedir belə?

Qartal xeyli hündürə qalxmışdı, dovşandan iri heyvan görsəydi, indi onun üstünə cummalıydı. Amma Şapşan bunu heç ağlına da gətirmirdi. O tər-təmiz səmada tək, azad idi, daha heç nəyə fikir vermirdi. Gah mavi ənginliyə şığıyır, gah daştək aşağı enir, gah da asta-asta dövrə vururdu. Bəzən qanadlarını yığıb enməyə başlayır, amma dərhal da dönüb soyuq axına qarşı şığıyırdı. Havada onun yalnız iri qanadları görünüb yox olurdu.

-Kal, kal, kal!

Amma Şapşan sahibinin həyəcan dolu çağırtısını eyninə almırdı. Nəhayət, son günlər ərzində ona rahatlıq verməyən, gizli-gizli həsrətini çəkdiyi aləmi görmüşdü. Hələ boz kəhərin belində, sahibinin qolu üstündə başıqalpaqlı oturanda bu gün belə olacağını çox yaxşı bilirdi.

Hər şey - aydın, şaxtalı gün də, gözəgörünməz qanadlarının güclə eşidilən səsi də, onun qartal olmaqdan əl çəkmək iqtidarını əlindən ala bilməyən ürəyi də - bunun belə olacağından xəbər verirdi: o ürək, həqiqətən, qartal ürəyi idisə, aşıb-daşan gənclik enerjisi cismindən çıxmaq üçün yer axtarırdı.

İndi Erjan da sadiq qartalını bütün dünyəvi həyatı unutmağa məcbur eləyən məxluqları görüb hər şeyi dərk elədi. Yalnız ovçu gözlərinin seçə bildiyi yüksəklikdə üç qartal süzürdü: ikisi qayğısız tərzdə oynayır, üçüncüsü, yaşlı qartalsa bir qədər aralıda uçurdu. Bir vaxtlar o da ən güclü həmcinslərinin üzərinə bu cür cumurdu, amma indi sakitcə süzür, cavan qartalların əyləncəsinə təmkinlə göz qoyurdu.

Oyunsa yenicə başlayırdı. Şapşan bunu dərhal, ilk baxışdan dərk eləmişdi, amma hələ o oyuna qoşulımaqdan özünü saxlayırdı, yalnız bir dəfə, cavan qartallar bir-birilərinə lap yaxınlaşanda, sanki bir-birinin ağuşuna atılmağa hazırlaşanda dözmədi, üzərlərindən tufantək şığıyıb keçdi.

“Güclüdü! Qürurludu! İnadkardı! Ayaqlarındasa indiyəcən görmədiyim bir şey bərq vurur”, - ovçu beynindən keçirdi, qeyri-ixtiyari yad quşlara tamaşa eləməyə başladı. Qartal qızışıb çox-çox hündürə qalxdı, ləzzət ala-ala sinəsini soyuq hava axınına tutdu.

Taskara1 cinsindən olan qartallarla dan yeri ağaranda, onlar küknar meşəliyindən çıxanda rastlaşmışdı. Onda qara qartal diqqətini çəkmişdi. Quşlar əvvəlcə ənginlikdə oynaşırdılar. Sonra bir-birinin bəhsinə get-gedə daha da yüksəyə qalxdılar, Taskara da bəzən dişi qartalın təklif elədiyi coşqun sürətlə çətin ayaqlaşırdı.

Dünya – qartallar üçün həm geniş, həm də dardı. Onun dostları çoxdu, düşmənlərinisə saymaqla qurtarmaq olmaz. Buna görə də elə nəsil yetişdirmək lazımdı ki, nə Sibir soyuğundan, nə Asiya bürküsündən qorxub-çəkinsin. O nəsil yeyib doyandan sonra mürgüləməməlidi. O nəsil təlim görsə də, risq-filan olmasa da, marmotla kifayətlənməməli, siçan yuvasının yaxınlığında gizlənməməlidi. Qartallar bunu ana bətnindən, başqasının əqli canfəşanlığı olmadan bilirlər. Bu, onlara təbiət tərəfindən bəxş edilib. Elə ona görə də dişi qartal əməlli-başlı tanımadan öz balalarının gələcək atasını yaxına buraxmır. Cütləşmə uzunmüddətli yarışdan sonra baş verir. Erkək qartal özünü alçaq, cılız məxluqtək göstərsə, rəhm gözləməsin: dişi qartallar müdafiə olunmağı bacarırlar, belə məqamda da Taskara xirtdəyi parçalanmış halda yerə sərilib qalacaq.

____________________________

1.Taskara – daş qara, qara daşa oxşar

Taskara bəzən hiylə işlədib geri qalsa da, dişi qartal hələlik ondan incimir, oyunu davam etdirirdi. Ədalət xətrinə qeyd eləmək lazımdı ki, qəfildən peyda olan yad qartalı da gözdən qoymurdu.

Artıq hava toranlaşır, Şapşan hələ də məqsədsiz-filansız, öz kefinə uçur, qəfildən yoxa çıxır, sonra da peyda olurdu. İki dəfə hələ də ondan uzaq duran qartala yaxınlaşdı. Şapşan onunla yanaşı uça-uça özünü ağır və hörmətkar aparırdı.

-Əssalam-əleyküm, ağsaqqal! Çox yaxşı uçursunuz. Bəs, niyə daim məndən uzaq durursunuz?

-Ona görə ki, əzizim, vaxtım ötüb, öz törəməmə, onun uçuşuna tamaşa eləyir, niyyətini dərk eləməyə çalışıram. Öz təcrübəmdən bilirəm ki, hər bir qartal özü üçün çatmağa can atdığı yüksəklik müəyyənləşdirməlidi. Hətta həmin yüksəkliyə yetməsə də, eybi yoxdu, qoy ondan ötrü hədəftək qalsın. Ucalığa qalxsa belə, özünü iyrənc ehtiraslarla rüsvay eləməməlidi. Yadında saxla, həmişə və hər şeydə öz qartal adına layiq olmalısan... Bax, sənə də bunu arzulayıram, dostum. Dediyim kimi hərəkət eləsən, əsl ucalığın nə olduğunu başa düşəcəksən.

Əlbəttə ki, bütün bunlar sözlə ifadə olunmamışdı, amma qartallar bir-birilərini başa düşürdülər. Şapşana elə gəldi ki, qoca öyüd-nəsihət verməyi bir qədər sevir, amma yaşını nəzərə alanda bunu qəbul eləmək olardı.

Bu məqamda da lovğa Taskara cəsarətini nümayiş etdirmək istəyib səhv buraxdı. O qoca qartala hücum eləmək fikrinə düşdü! Hündürlükdə sürətini asanlıqla artırdı, aşağı, boğazını hədəf alıb qoca qartalın üstünə atıldı ki, məndən rəhm gözləmə.

Amma qoca qartal geri çəkilmək fikrində deyildi. Gözlərini hiddətlə parıldatdı, sanki tökülmüş poladdan qabığı olan caynaqlarını irəli uzadıb həlledici çarpışmaya hazırlaşdı, elə bil, dedi: cəsarətin var, yaxın gəl! Qoca qartalın iri caynaqları, sərt əzələlələri vardı, təcrübəliydi, çarpışmalarda bərkimişdi, Taskara tab gətirmədi, kənara şığıdı, həm də özünü elə göstərdi ki, guya, kimsəyə hücum eləmək niyyətində deyildi!

Belə nəticə dişi qartalın xoşuna gəlmədi. Bunun səbəbi kiminsə qanının tökülməsini istəməsi deyildi. Cəsarət və mətanət tələb eləyən oyunlarda qan axmasının nə xeyri var? Yox, o cəsarət, səxavət, genişqəlblilik intizarındaydı. Qartalda bu xüsusiyyətlər nə qədər çox olurdusa, onu o qədər də sevirdi. Buna görə, Taskaranı səssiz-səmirsiz ittiham eləyib aralandı, dağlar boyu günçıxana sarı üz tutdu. Dinc qocaya sataşmağın nə xeyri vardı? Sataşdınsa, bəs, igidliyin harda qaldı? Qorxaq erkək dişi qartalın yol yoldaşı ola bilməz. O yana burulub sakitcə və sürətlə aralanmağa başladı. Taskara dişi qartala çətinliklə çata bilirdi. İndiyəcən hər şey sadəydi: kiçik dairələr cızırdı, yüksəyə cəmi bircə dəfə qalxmışdı, bir sözlə, uçuş yorucu deyildi. Artıq hər şey başqa cür idi, ən çətin məqam – uzaqlıq sınağı – başlayırdı. Şaxtalı havada qartal nə soyuğu, nə də qarşı axının müqavimətini hiss eləyirdi.

Az sonra da Taskara geri qaldı, cavan, güclü və yaraşıqlı dişi qartalla bəhsəbəs uçmaq iqtidarında deyildi. Ona yalnız qoca qartalın hardasa, yap yaxınlarda uçması təskinlik verirdi.

Şapşan indi yoldaşlarından ayrılıb tək-tənha uçan dişi qartalı haqladı:

-Salam!...

Dişi qartal təmkinlə cavab verdi, yanaşı uçmağa başladılar.

-Ayaqlarındakı nədi? – O maraqlandı.

-Buxov adlanır...

-Bəs, parıldayan nədi?

-Mis halqalardı.

Qartallar dinməzcə, bir-birinə göz qoya-qoya yollarına davam elədilər. Qanadlarının eyni cür çırpınışının, eyni cür nəfəs alıb-verdiklərinin, eyni sürətlə uçduqlarının fərqinə varıb məmnun oldular. Bu nadir, həsəd aparılmalı vəhdət idi! Qanadları şaxtalı havada poladtək cingildəyirdi. Soyuqsa qorxulu deyildi, onların canına irəli, yüksəyə, Günəşə doğru səsləyən qaynar qanları hərarət gətirirdi. Qanadlarında vıyıldayan külək qartalların ağlagəlməz sürətinə həsəd aparırdı.

Günəş batanda gecələmək üçün yer – yoğun, qollu-budaqlı şam ağacı – seçdilər. Ağacı dağın yamacındakı qalın meşənin üzərində xeyli uçandan sonra müəyyənləşdirdilər. Bir-birinə diqqətlə göz qoya-qoya yanaşı qondular.

-Yuvamızı burda qursaq, necə olar?

-Yuvamızı? Bizim? – Dişi qartal qanadlarını təəccüblə qaldırdı.

-O yoğun budaqlar yuva qurmaq üçün çox əlverişlidi, gətirməyə dəyər... Bir də ki, ağacın çətiri qalındı, balalarımızı yağışdan-küləkdən, yad gözlərdən qoruyar...

-Əbəs yerə belə canfəşanlıq eləmirsiniz ki?.. Axı hələ bununla bağlı nə düşündüyümü bilmirsiniz...

Elə bu məqamda tamam unutduqları lovğa qara qartal şam meşəsində peyda oldu. Demə, hələ də onun qəlbində dişi qartalın yanında olmaq arzusu yaşayır, amma cəsarət eləmirmiş. Dişi qartal narazı halda çiyinlərini tərpətdi, Şapşanın gözlərindəsə qapqara, kinli alov parıldadı. Taskara vurnuxdu, çaşqın halda budaqdan-budağa atıldı, axırda lap hündür budaqda özünə yer tapdı. Orda pərtliyini ört-basdır eləyib bayaqkı özünəinamını yenə qaytardı. Şahanə duruşu bayaqkı yöndəmsiz hərəkətlərini unutdurmalı, dişi qartala qarşı etinasız olduğunu büruzə verməliydi: bundan sonra da yanında görünməsini istəsəydi, onu müşayiət eləməyə hazır idi!

Qoca qartal da gəldi. Cavanlara qarışmadı, aralı qondu. İri cisminə hər budaq tab gətirməzdi. Özünə uzun-uzadı, adətən, şaxtalı havadan sonra içəri girmiş qocalar təmkinlə soyunantək yer seçdi. Axır ki, münasib budaq tapıb sakitləşdi.

Cavab qartallar da rahatlanıb hərəkətsiz halda səhərin açılmasımı gözləməyə başladılar. Gecə, qaranlıq – qartallar üçün deyil. Onlara işıq və ənginlik gərəkdi.

 

Qoca qartal hamıdan əvvəl oyandı. Qabıq bağlamış caynaqları gizildəyir, şikarı hiss eləyirdi, buna görə, çöldovşanı olmasa da, qumdovşanı ovlamaq ümidiylə çölə üz tutdu.

-Uçaq? – Şapşan silkindi.

-Uçaq! – Onun gümrahlığı dişi qartala da sirayət elədi.

Qartallar gecə ərzində üyüşmüş bədənlərini oynada-oynada yanaşı – dişi qartal ortada, Taskara və Şapşan yanlarda – uçurdular. Dişi qartal yalnız Şapşana meyl eləsə də, Taskaranı qovmurdu. Görünür, səmavi gözəllər də yanlarında daha bir pərəstişkarlarının olmasından zövq alırlar.

Günortaya yaxın üçlük artıq gecələdikləri yerdən çox uzaqdaydı, aşağıda dinc çöl uzanıb gedirdi. Qəfildən dişi qartal müşayiətçilərini oyuna dəvət eləyib yuxarı milləndi. Taskara da dərhal onun ardınca cumdu. Dişi qartal sürətini azaltmadan get-gedə daha ucaya qalxırdı. Bu gözlənilməz hərəkət Şapşanı hazırlıqsız yaxaladı. Buna baxmayaraq, rəqibini çətinlik çəkmədən haqlayıb irəli şığıdı. Taskarasa dişi qartala çatıb ötdü. Deyəsən, o heç birini sezmir, gah dik yuxarı qalxır, gah da daş kimi aşağı enirdi.

Dişi qartalın təhrik elədiyi rəqiblər rəqabətə başladılar. Şapşan çox yüksəyə qalxıb mərdi-mərdanə mübarizə apardığı halda, Taskara biclik eləyir, rəqibi qədər uzağa getmir, gözlənilmədən həmlə eləməyə fürsət axtarırdı.

Oyunda hiylə işlətmək, ümumiyyətlə, məqbuldu. Amma bütün hiylə yalnız yayınmaqdan ibarətdisə (Taskarasa daim təkbətək çarpışmadan yayınır, hətta dişi qartalın arxasında gizlənməyə şalışırdı!), qartallar belə şeyi bağışlamırlar. Rəqibinin davranışı Şapşanı qəzəbləndirirdi. Buna görə də onun növbəti aldadıcı hərəkətini sezib dərhal sağ qanadı üzərinə əyildi və hücuma atıldı. Şiddətli zərbə Taskaranın sol və yuxarı hissəsinə tuş gəldi. Qanadı yaralanmış rəqib birtəhər özünü qoca qartalın qonduğu çatdırdı. Günorta bayaq, çarpışmadan qabaq ovladığı qumdovşanını yedi.

İndi Şapşan dişi qartalın qəlbinə qeydsiz-şərtsiz hakim olmuşdu.

Qartallar - əsl qartaldılarsa – açıq oyuna üstünlük verir, heç kəsdən çəkinib-gizlənmirlər. Onları nə gizlindən baxmaqla, nə də oğrun-oğrun dinləməklə haldan çıxarmaq olar. Çünki əyləncə xətrinə deyil, vüqarlı, cəsarətli və nəcib nəsillərini davam etdirmək naminə oynayırlar.

Qartalların başladıqları təhrikedici oyun Şapşanı da cəlb elədi. Onlar həvəslə, istəklə oynayır, gah bir-birindən xeyli aralanır, gah bir-birinin ağuşuna atılmağa hazır halda lap yaxınlaşır, sonra bu məqamı bir daha təxirə salırdılar.

Axşamdan xeyli keçəndən sonra indi ancaq ikisinə məxsus olan, dünən gecələdikləri şam ağacının başına qayıdanda artıq yuvalarını harda və necə quracaqları barədə mübahisə eləmirdilər.

 

Yazda yumurtadan çıxan bir cüt balaları böyüdü, onlar indi onların ilk üçuşunun qayğısını çəkməyə başladılar.

Dişi qartal altı yumurtanın üstündə düz qırx gün yatmış, cisminin bütün hərarətini o yumurtalara vermişdi. Hərəkətsiz qalmaq onu gücdən salırdı. Amma belə arıqlamasını, bir dəri, bir sümük qalmasını özünə dərd eləmirdi - yenə ətə-qana gələcəkdi; qanadlarının çətinliklə açılıb-yığılması da faciə deyildi – yenə uyuşuğu açılacaq, möhkəmlənəcəkdi.

Sabah hava azca işıqlaşan kimi gölə, çimməyə yollanacaqdı. Həm də doyunca su içəcəkdi. Yumşaq qar və yağış damcılarıyla kifayətlənmək məcburiyyətində qaldığı günlərin geridə qalmasını dərk eləyib xoşbəxtlik duyurdu.

Günlər ötür, bala qartallar böyüyürdülər. Buğlanan, isti ət tikələrini udur, bir-birini qısqanc nəzərlərlə süzə-süzə təzə dovşan və tülkü qanı içirdilər. Bir sözlə, get-gedə əsl qartala çevrilirdilər.

Dişi qartalın özü də dəyişirdi. Əvvəllər, yumurtaların üstündə yatanda qəlbində analıq hissindən başqa bir hiss duymur, Şapşanla soyuq davranırdı, indi, balaları böyüyəndən sonrasa, atalarını yenə qəbul elədi, onunla daha mehriban davranmağa başladı. Artıq hər ikisində müdrik təbiətin valideynlərə bəxş elədiyi vahid arzu – balalarının həyatı mümkün qədər tez tanımaları və uğursuzluq ağrısı yaşamaları – baş qaldırmışdı. Qış yaxınlaşırdı, onları həyata alışdırmağa macal tapmaq lazım gəlirdi. Müəyyən şeyləri tezliklə dərk eləmələrinə əmin olmaq istəyirdilər: ətini burda, yuvada yedikləri məxluqlar çöllərdə, dağlarda dörd ayaqla qaçırlar. Dovşanları, marmotları, tülküləri özləri ovlamalıdılar. Kaş, bütün bunların zəhmət və mübarizə şəraitində gerçəkləşdiyini dərk eləyəydilər.

Qartallar balalarını ilk uçuşa buraxmaq üçün payızın şiddətli küləklərini gözləyirdilər. Onları itələyib rahat yuvalarından salmalıydılar, güclü külək də balaları ağzına alıb hərlədib-fırladacaq, istər-istəməz uçmalı olacaqlar! Kaş, həmin məqamda onlara tamaşa eləyə, həyəcan dolu qıylarını eşidə biləydilər! Birdən, Allah eləməsin, aciz halda fışıldamağa başladılar? Qartalları qorxudan elə bu idi. Balalarının yetkin qartallara çevrildiklərini, ilk qıylarını eşitməyi həddən artıq çox arzulayırlar.

Az sonra payız şiddətli küləkləriylə özünü yetirdi. Ana qartal balalarını uçurmaq üçün tələsirdi, amma Şapşan qəti razılıq vermədi, əsl çovğunu gözləməyə başladı. Çürümüş hər şeyi dağıdan, köhnəlmişləri yıxan, aləmi tör-töküntüdən, zir-zibildən təmizləyən qasırğanın tayı-bərabəri yoxdu! Qoy sənin balaların da ilk uçuşa məhz bu cür havada çıxsınlar!

Şapşan bu cür intizar içində nə özü rahatlıq tapır, nə də balalarına dinclik verirdi. O ananı qətiyyətlə uzaqlaşdırıb balaları bütün günü geniş yuvada ora-bura qovurdu: qanadlarını çırpmağa, budaqlardan yapışmağa məcbur eləyirdi ki, əzələlərini məşq etdirsinlər, çevik olsunlar, qanadları bərkisin.

Səhəri gün külək qasırğa həddinə çatdı. Hava işıqlaşan kimi, Şapşan dişi qartalı qırır-qırıq səslə hayladı:

-Hə, balalarımızı göyə buraxaq?

-Buraxaq.

Əvvəlvə yuvanın ətrafında uçub bədənlərinin uyuşuğunu açdılar. Sonra geri qayıdıb balalarını küləyə qarşı itələdilər. Təkan həddən artıq güclüydü, balalar da belə şeyə öyrəşməmişdilər. İtaətlə, hələ onları nə gözlədiyini dərk eləmədən coşub-çağlayan səmaya baş vurdular. Çovğun onları ağzına aldı. Bala qartallar uçmağa başladılar. Adi tərzdə, qıy vurmadan, fışıltı çıxarmadan, öz hisslərini büruzə vermədən uçurdular. Yalnız eynilə atalarının gözlərini xatırladan, sərtlik və cəsarət sezilən gözləri alışıb yanırdı. Əvvəlcə narahat olsalar da, artıq sakitləşmişdilər, özlərini inamlı hiss eləyir, çovğunda cəsarətlə süzür, sevinclərini özləri üçün də gözlənilməz olan təntənə dolu səslə - qartal qıyıyla – büruzə verirdilər.

-Oh, uçmaq çox gözəl şeydi! Aləm də nə qədər genişdi! Bunu əvvəllər niyə bilməmişik axı? Yuvada nəyə görə belə çox qalmışıq? Bəs, çovğun? Çovğunun da tayı-bərabəri yoxdu! Hər kəsə uçuş öyrədə bilər! Bu çovğun olmasaydı, hələ uzun müddət də yuvada qalacaqdıq! Çovğun bizi səmaya qaldırdı! İndisə ucalıqlara şığımalıyıq! Uçmaq çox böyük sevinc, sonsuz xoşbəxtlikdi!

Erkək və dişi qartal balalarının səsini dinləyir, həyəcanları get-gedə azalırdı. Qorxmalı heç nə yox idi. Balaları çovğunla ilk toqquşmanın sınağına tab gətirmişdilər.

Sonra onlar da balalarıyla birgə uçmaq üçün havaya milləndilər.

1967

Tərcümə: Nəriman Əbdülrəhmanlı

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0