"Qazax ədəbiyyatı" rubrikası: Oralxan Bökey
Yazici.az ədəbiyyat portalının "Qazax ədəbiyyatı" rubrikasının bu həftəki qonağı Oralxan Bökeydir.
Oralxan Bökey (Bökeyev, 1943, 28 sentyabr – 1993, 17 may) – nasir, dramaturq
O.Bökey Şərqi Qazaxıstan vilayəti Katon-Karaqay rayonunun Çingiztau aulunda anadan olub. Qazaxıstan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib (1968). Əvvəlcə rayon, vilayət və respublika qəzetlərində çalışıb, sonra “Julduz” jurnalının əməkdaşı (1974-1983), “Qazax ədəbiyyatı” qəzetinin baş redaktor müavini və baş redaktoru (1983-1993) olub.
O.Bökey yaradıcılığa ötən əsrin 60-cı illərinin ikinci yarısında başlayıb, nəsr topluları ilə ədəbi aləmin diqqətini cəlb edib, “Kamçigər” (1970), “Nəsillər” (1971), “Haradasan, qaşqa dayça?” (1973), “Buz dağları” (1975), “Şimşək izi” (1978), “Nəğməkar təpələr” (1981), “Fəryad” (1984), “Qatar yaxından keçir” (1985), “İnsan-maral” (1987) nəsr topluları qazax ədəbiyyatına öz nəfəsi və dəst-xətti ilə seçilən nasirin gəldiyini təsdiqləyib. O, eyni zamanda, respublikanın teatr səhnələrinə uğurla tamaşaya qoyulmuş dram əsərlərinin müəllifidir, “İnsan-maral” povesti isə ekranlaşdırılıb. Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub.
O.Bökey yaradıcılıq uğurlarına görə, bir sıra dövlət təltiflərinə, respublika Lenin komsomolu (1976), N.Ostrovski adına (1978), Abay adına Qazaxıstan Dövlət Mükafatına (1986) layiq görülüb.
BURA1
Bağlı qalan tənha köşəyə.
Müəllif
Bura nərildəyə-nərildəyə Qazaqbay aulundan keçirdi. Lənəti də fəryadında duyulurdu.
1
İnsan səhəri qurtuluş kimi gözləyəndə gecələr gözləri dörd olur. Kədər üzərinə çöküb hürkək yuxuları qovur. Şən oyunlarla, kinsiz dava-dalaşla gün keçirdiyi dostlarından ayrı salınan hər bir məxluq da elə bu cür qüssələnir.
Bura Günəş şüalarıtək sürüşüb gedən keçmiş çağlarına görə təəssüflənmirdi. Amma tez-tez özünə şirin ağrıları rəva görə-görə keçmişin qumlu təpələrində dolaşır, Saxara səhrası gerçəyə çevrilirdi. Öz ilğımı, həmişə ürəkdə sonuncu ölən ümidinin arxasına gedəndə külək onun yaraşıqlı boynundakı yupyumşaq tükləri yellədirdi. Hətta diqqətlə baxan kəs yalnız rəvan tərzdə gövşəyən, laqeyd nəzərlərini səmada gəzdirən sakit yekəpər bir məxluq görərdi. Bura həddən artıq qürurluydu, hisslərini büruzə verməyi özünə rəva görmürdü. O, səssiz-səmirsiz addımlayır, kölgə-günlər karvanını arxasınca aparır, üzə vurmadığına görə, ağrısı da anlaşılmır. Camaat arasında bir-birinə tənə vuranda deyirlər, “dəvə kimi ağlağandı”, amma Buranın iri gözləri qupquruydu, o gözlərdə yalnız qürub yerinin parıltıları əks olunurdu.
Bura hər şeyi itirmişdi, amma onun inildədiyini kimsə eşitməmişdi. Qamışlar zoğ verəndən, otlar Günəşə doğru uzanandan bəri o auldan yan keçir. Doğrudanmı, qayğı və nəvaziş gördüyü sığınacağını unudub? Yox. Bura üçün ondan doğma, gözəl, isti və məhrəm yer yoxdu. Amma oranı tərk eləyib. Gözlərinin qabağındaca kəsilmiş anasını unuda bilsəydi, qalar, hər şeyi gözardı eləyərdi. Tay-tuşlarının mehriban dəstəsisə qəfildən darmadağın oldu, o qəlpələrin hər biri də qəlbini yaralayır. Bapbalaca, məhrəm doğmalarını qovub Buxtarmanın o tərəfindəki yad aula apardılar. Ailəni rəhmsizcəsinə pərən-pərən saldılar, onları bir-birinə bağlayan bağları qopardılar, Allah və insanlar qarşısında məsum olan məxluqlardan cüzam xəstəliyinə tutulmuş kimi, imtina elədilər. Qəddar bir kəsin atdığı, ucu ilan dili kimi haça olan nizə düz qəlbinə sancıldı. Onların günahı nə idi?..
_______________________
1.Bura (qazax.) – dişi, doğar dəvə
Heyvan da qüssələnməyi bacarır. Buru altı ay öz aulunu yada salmadı. Amma yaşıl zoğlar Günəşə boylananda qəlbi dağlara qarşısıalınmaz istəklə doldu. Allah Altaydan gözəlliyi də var-dövləti də əsirgəməyib. Qırx tayfa və xalq o yerləri öz vətəni hesab eləyir. Orda hər kəsə yer çatar. Qarlı zirvələr göydə süzən buludlara sığınacaq verir. Vadilər sakit və yamyaşıldı.
Dağlardan fasiləsiz zəhlətökən küləyin vıyıltısı eşidilir, qalın, gümüşü rəngə çalan ağot dəryasını çalxalayır, bu məqamda da çöl çovğunun şiddətli həmlələri altında coşub-daşam dəryanı xatırladır. İnc-cins gözə dəyməyən qaşqabaqlı çöl düz dağlaracan uzanıb gedir. Düzənlik yalnız yazda, camaat dağlara köçəndə cana gəlir, gülüş, hayqırtı, nəğmə hər tərəfə yayılır. Arabir ağır başlarını yerdən dikəldən təpələr və kurqanlar nəzərə alınmasa, yeknəsəq çöl düz dağların ətəyinəcən beləcə uzanıb gedir. Bəzi yerlərdə boş qalmış evlərin, yaxud qədim sərdabaların xarabalıqları gözə dəyir. Günəşin yandırdığı yerlər şoranlığı xatırladır. Könül sevindirəcək bir şey gözə dəymir. Amma nə olsun axı? Yaxşı da olsa, pis də olsa, Bura üçün bu yerlərdən doğma məkan yoxdu. O addımlayır, təpə ayaqları altında axır.
Bura bu çətin, çala-çuxur yolla yaylağa ilk dəfədi ki, getmir. Amma heç bu qədər tənha olmayıb. Əvvəllər bu yolu çətinlik çəkmədən, sevinc içində gedərdi. Çöllər yaşıl donunu geyinən kimi, camaat şələ-küləsini yığışdırıb yola rəvan olurdu. Onlar da camaatla birgə gedirdilər. Ən ağır barxananı güclü və təcrübəli dəvələr aparırdılar. Kimsənin haylamadığı dayçalar və köşəklər köçdən geri qalmadan oynaqlaya-oynaqlaya gedirdilər. Payız qızılı xalatına bürünəndə, otlar təbiətin hökmünə boyun əyib saralanda camaat arana enir, karvan zəncir kimi köhnə cığırla irəliləyir, isti ölkələrə tələsən durna dəstəsinin iri kölgəsini xatırladırdı. Hamı sağ-salamat, şad-xürrəm idi. Hətta dinclik bilməyən yük dəvələrinin hürgücləri belə irilənmişdi. Çox xoşbəxt çağ yaşayırdılar.
Bura aşırımın düz dibində dayandı. Adətən, anası çətin yoxuşdan əvvəl burda onu əmizdirirdi. Bəlkə də o uzaq, məhrəm günləri xatırlamışdı. Bəlkə də elə, uzaq, yeknəsəq yol yormuşdu. Kəndir buruntaq burun pərələrini yaralamışdı. Bura həvəssiz halda otları iyləyir, amma yemək istəmirdi. O uzun boynunu uzadıb xeyli müddət aşırıma baxdı. Sonra başını asta-asta döndərib ətrafa boylandı. Sağda, Tasşokı dağının ətəyində köhnə qışlaq vardı. Orda sürüləri şaxtadan qoruyur, qar əriyən kimi də aşırıma doğru qovurdular. Bura da qışlağa yollandı. Hər yerdən baxımsızlıq yağırdı, sınıq kirşələr, ovxalanmış şüşələr, köhnə çəkmə boğazı, yığın-yığın qoyun peyini, çirkli quş tükləri gözə dəyirdi. Bataqlıqdakı çürüntülərin iyi havanı ağırlaşdırmışdı.
Bura asta addımlarla Günəş istisindən, küləkdən və zamanın təsirindən çat-çat olmuş taxta yemdana yaxınlaşdı. Bir başında bu yaxınlarda yağan yağışdan qalan, pas rənginə çalan su yığışmış, digər başında isə iri, çirkli daş duz vardı. Bura başını əyib duzu acgözlüklə yaladı. Amma görünür, nə vaxtsa yemdana mazut tökmüşdülər, dəvə başını qaldırıb narazı halda fınxırdı. Sonra boş xalxala doğru yönəldi. Nəm peyinə qonmuş iri, sarı milçəklər Buranın ayaq tappıltılarından hürküb vızıltıyla havaya qalxdılar. Qışlağın həyətinin artıq qanqal basmışdı. Bəzi yerlərdə qoyun yemindən qalmış çəngə-çəngə quru otlar gözə dəyirdi. Ətrafda qalın, yamyaşıı otluq olsa da, Bura boynunu uzadıb quru otları yeməyə başladı. Sonra tikilinin tininə sürtündü, ləzzətlə yunu tökülmüş böyürlərini qaşıdı, ardınca da aşırıma doğru yönəldi.
Bura uzaqdan iri böcəyə oxşayırdı. O bu ins-cins gözə dəyməyən səltənətdə iri dəvə deyil, qum dənəsi, səma altında yeganə canlı məxluq idi. Həm də vərdiş eləmədiyi ağır yük – sükut və tənhalıq çağlarının bütün ağırlığını – daşıyırdı. Zaman onun ağır addımlarını qabaqlamışdı. Zəmanədən geri qalmış Bura təkcə asta-asta addımlayır, gözlərində həyat nişanəsi sezilmirdi. O hələ də insanlara çox lazım olduğunu, indiki tənhalığının anlaşılmazlıqdan qaynaqlandığını bilmirdi. İnciklik və ağrı heyvanı uzaqlara qovub aparırdı. İnsanlar arasında böyük, dağlar arasındasa kiçik olan Bura beləcə addımlayırdı. İncik adam doğma yerləri tərk eləyir, əbədi və dərin qüssə dalırsa, dəvə neyləməlidi axı?
Bura aşırımın belinə qalxanda Günəş qürub yerinə enirdi. Ordan artıq ona tanış olan yaylağın bir tərəfi görünürdü. İrəlidə qalın meşələrlə örtülmüş təpələr uzanıb gedirdi.
Tanış yerlərə yaxınlaşdıqca Bura addımlarını daha gümrah atırdı. Yolüstü dəlisov, soyuq hiddətlə çağlayan dağ çeşməsi Kayraktıdan su içdi, sahildəki nanə qoxusu verən, uzaq xatirələrtək acı olan otlardan bir qədər qırpıb gövşədi. Amma bu yerlərdə ləngimədi. O girdə, otu saralmış talanı görəndə burda nə vaxtsa yurt olduğunu dərk elədi. Doğma iyləri uzun-uzadı iylədi, yaddaşında çox vacib xatirələri canlandırmamış yerindən tərpənmədi. Onu nə yorğunluqdan qıpqırmızı qızarmış Günəş, nə yamyaşıl qurbağaların səs-səsə verib quruldaşması, nə dağkeçisinin mələrtisi yolundan eləyə bilərdi. Əzab çəkə-çəkə, inadla nəsə axtarırdı. Günəşin və küləyin qupquru qurutduğu ağaca kinli və müdrik qarğalar qonmuşdu. “Yaramaz quşlar!” – Buranın dodaqları nifrətamiz tərzdə sallandı, həmin ağaca sürtünüb qaşınmağa başladı. Qarğalar ağır-ağır havaya qalxdılar.
Elə bu məqamda da Bura sanki xoşagəlməz bir şey xatırladı. Başını çevirib yurt yerinə nəzər saldı. O ocağın üzərində yenə tüstü burumları göyə qalxdı. Otu təmizlənmiş dairənin içində altıguşəli iri yurt peyda oldu. Yaxınlıqdakı on beş yaraşıqlı kəhər dırnaqlarıyla yeri eşirdilər. Bir qədər aralıda dümağ quzular mələşir, balaca çoban turş qurutu gəmirirdi. Yurtdan əlində əsa olan dəvəçi Əbiş çıxdı. Hamı yerindəydi, amma Bura öz köşəklərini görmədi. Köşəklər bu kolxoz aulunda da gözə dəymirdilər. Ona elə gəldi ki, yenicə dünyaya gəlmiş qaşqa köşək meşəlikdə zülüm-zülüm ağlayır. Buranın burun pərələri mərhəmət hissindən şişdi, ucadan hönkürməyə başladı. Ağ yurt yox oldu, oynaq atlar gözdən itdilər, köşəyin ağlartısı da kəsdildi. Dağlardan sərin meh əsdi. Ordan da qüzey küləyi həmlə elədi, lalələr gecikə-gecikə onun dalınca baş əydilər.
Amma Buranı köhnə dayanacaq da tutub saxlaya bilmədi. O irəli, dağlara doğru yol aldı. Burda hər ağac, hər daş ona tanış idi. Dərisinin altından hərarətli əsinti ötüb keçdi. Həm də qəlbini yeni istək bürüdü. Ötən çağların köçləri səs-küylü, qaynar olurdu, amma hələ bir dəfə də olsun, dağların zirvəsinə qalxa bilməmişdi. Ətrafı dostlar, yamaclar şəkər kimi şirin otlarla dolu olduğu halda çılpaq zirvələrdə nə işi vardı axı? Ümisdizlik - tənhalıqdan doğan ümidsizliksə təkcə Buranı deyil, insanı da ağlagəlməz yerlərə aparıb çıxarır!
Artıq qıçları yorğunluqdan bir-birinə dolaşır, ağırlaşmış başı yerə əyilirdi, amma Bura zirvəyə qalxa bildi. İnsanların yaşadıqları məskən indi ayaqları altındaydı, Buxtarma çayısa gümüş lent kimi burula-burula uzanıb gedirdi. Onun doğma aulu duman-çən içində itib-batmışdı. Bura o aulu çoxdandı ki, görməmişdi. İndi yurdu gözlərinə bapbalaca və kədərli göründü. Aulda yaşayanda bunu sezməmişdi. Bəlkə, bu an yalnız bozluğu, miskinliyi görür? İnciklik gözlərini bürüyüb. Bura ətrafı – dərələri, dağları, zirvələri - diqqətlə süzdü. Boynunu uzadıb hər tərəfi gözdən keçirdi. İlahi! Necə olmuşdu ki, əvvəllər bütün bunları sezməmişdi. Köçlərin saldığı yol burula-burula Ulıstau dağına qalxır. O yol hardan başlanır, harda bitir? Kimin yoludu? O yolla kim gedib? İns-cins gözə dəyməyən cığır keçəl dağın üstündən kəndir kimi aşır, ilantək sürünür. Həm də həmin yol Buranın keçdiyi başqa yollara oxşamır. Yox, heç vaxt o yolla getməyib, bu, elə ayrılmaz dostlarına da qismət olmayıb.
Yolu Buranın əcdadları salıblar. Yekəpər, uzun yunlu, ondan da sərbəst, dözümlü və səbirli dəvələr o cığırı açıb, sonra yola çeviriblər, həmin vaxtdan da orda ot bitmir. Artıq o zamanlar insana, öz sahiblərinə tabe olub dünyanın müxtəlif guşələrinə gedirdilər. Eybəcər hürgücləri arasında yüklər, insanların göz yaşlarını, ümidlərini və sevinclərini aparırdılar. Bəzən də qan görməli olurdular. Yaralı sahiblərini bellərində ölümdən uzaqlaşdırır, o bədbəxtləri düşmən əlində qoymurdular. Bir-birini öldürən Allah bəndələri çox qəribə məxluqdular! Dəvə südüsə dəfələrlə sahiblərini də, onların hələ tüklənməmiş körpələrini də ölümdən qurtarıb. Həyat arvananın əmcəklərindən axıb.
“Ey uzun, ucsuz-bucaqsız yol! Biz keçdik, sən yaddaşımıza həkk olundun. Səni dəvələr salıblar. Bunu tənə kimi qəbul eləmə...”
Buranı narahatlıq hissi bürüdü. Gözləri kinlə alışıb-yandı. Ümidsizlik içində özünü yerə çırpmaq istədi. “Belimdə bütün aulun yükü olsaydı, heç ağırlıq hiss eləməz, o cığırla lap uzaqlara gedib çıxar, yorğunluq belə duymazdım. Nəyə görə tək-tənhayam?” – Bura qışqırmaq istədi, amma bacarmadı.
...Onun xoşbəxt körpəliyi nəvaziş və sevinclə başlamışdı. Hələ tamam yaş, aciz olanda onu anasından ayırıb yurta aparıb, qırmızı yun pərdənin arxasına qoydular. On gün orda saxlayıb yad gözlərdən gizlətdilər. Dəvəçi Əbişin qırmızısifət arvadı köşəkdən bir addım da aralanmırdı. Sözünə baxmayan, titrək ayaqları üstünə qalxanda iri qara gözləri qorxudan dumanlanır, Əbişin arvadı ona yağlı qoyunların əridilmiş quyruq piyini içirirdi. Arvadın qırmızımtıl sifətindən mühribanlıq yağırdı. Buranı ilk dəfə bayıra, yurtun qabağındakı Günəş şüalarına bürünmüş talaya buraxanda zəif qıçları üstündə səndələdi, vəcddən başı fırlandı, Saxara dağlarına qaçmaq istədi, amma ayaqları yer tutmadı. Bura Əbişin qabarlı əllərinin, qırmızısifət arvadının isti ovuclarının nəvazişiylə dolu olan o həddən artıq xoşbəxt günlərini unutmayacaq. Ey həyat!
Ayaqları yenicə yer tutan balaca Bura anasını itirdi. Ona duz yükləyib harasa apardılar. Dəvə üçün də, köşək üçün də o duz yükü çəkilməz idi. Bura ağappaq anasını tapmaq üçün ağcaqayın meşəsinə yollandı. Ayın ziyası hər yeri bürümüşdü, o işıqda da dəvə südünü andıran nəsə vardı. Qapqara kölgələr ağacların üzərindən ağır-ağır, səssiz-səmirsiz ötürdülər. Hürkmüş quşlar qanadlarını şappıldada-şappıldada uçurdular. Dəhşətə qapılmış köşək artıq ağlaya da bilmir, aancaq gizlənmək, hər şeyə göz yummaq istəyirdi.
Amma qəfildən qorxu hissi yoxa çıxdı, özünü bu sirli təbiətin bir parçası kimi hiss elədi, həm də onu artıq nə hürkək quşlar, nə də çevik dovşanlar qorxudurdu. Hər şey kiminsə nə vaxtsa, yüz illər qabaq gördüyü yuxuya oxşamağa başladı, üstəlik, özü də o yuxunun bir parçasına çevrildi. Birdən gecənin zülmətində nəsə fışıldadı, ilan kimi uzun boynuna dolandı. Örkən idi! Qorxunc bir qüvvə onu dartdı, boğazında ağrı duydu. Sonra nə baş verdiyini köşək xatırlamırdı. O həmin qaba gücə tabe oldu. Bir də ki, necə boyun əyməyəydi axı? Yalnız aralarında Əbişin iyini ala bilmədiyi yad adamların onu örkənlədiklərini duydu. Özünə gələndəsə yad adamların dəmir kimi möhkəm əllərinin ağrısını duyduğu yerdə tanış əllərin boynunu mehribancasına tumarladığın hiss elədi. Gözlərini açıb Əbişi gördü. İndi Bura sakit idi. Yenə sahibinin tanış səsini eşitdi: “Ay ağılsız köşəyim... Səni kəsməyi ağıllarına necə gətiriblər axı?.. Bəyəm, ətin qışda o canavarların qarnını doyura bilər? Belə bir körpənin ətini yemək cinayətdi. Qəddar adamlardılar!”
Buranın göz yaşları köç yolunun əsrlərdən qalmış tozuna ovuc-ovuc qarışırdı.
Səslər uzaqlardan gəlir, bu dilsiz dağları, ölü daşları həyatla doldurur. Yatmış körpənin zəif nəfəsitək eşidilir. Bu, ilxıçının qışqırtısı, qoruqçunun bağırtısı, gecə quşlarının fəryadı deyil. Deyəsən, uzaqlarda ahəstə, qüssəli nəğmə səslənir. O qüssəli nəğmə dağların üzərində dolaşır, onları heyrətamiz yuxulara qərq eləyir. Tasşokı aşırımı da mürgüləyir. Heç meh də duyulmur. Sakitlikdi. Qanadlarını ucadan şappıldadan ördəklər, şən çəyirtkələr susub, yalnız kədərli nəğmə get-gedə güclənir, qüssə dolu melodiyasıyla qəlbi riqqətə gətirir.
O gözəl nəğmə təəssüf, yalvarış, həsrətlə doludu. Sanki dağlar şəfqətdən qapqara qaralıblar. Sirli meşə də susub, dinşəyir. O nəğmə ürəkləri parça-parça eləyir. Amma səslənən nəğmədi? Səslər adi dəvə ağlartısını xatırladır, bu ayrı, anlaşılmaz, heç vaxt eşidilməmiş, heç bir nəğməyə oxşamayan səsdi. Bəlkə, həsrət dolu qəlbin fəryadı, dua, yalvarışdı? Yo-ox, yox! Bəlkə, hətta burda özünə yer tapa bilməyən, boğulan inciklik hissi dağların üzərində cövlan eləyir? Yo-ox, yox. Bəlkə, bu, ağıdı? Yox! Bu, sağalmaz, çox-çox dərinlərdə olan qüssə əlamətidi. Bu, xeyir vəd eləməyən, dumanlı, tutqun dan yeri qarşısında qorxudi. Bəli, bu inilti təkrarsızdı. Nə gecənin bağrını dələn ağıya, nə “Elimay”a, “Korlan”, “Janbota”ya, hətta nə də oynaq “Mındı kız”a, “Aymajan”a1 oxşayır. Dağlar qapqara qaralır. Gecə olur. Bura ağlaya-ağlaya çığırla gedir, qaranlıq isə daha da qatılaşır.
2
Qara Buranın yoxa çıxması Qazaqbay aulunun həyatında müəyyən bir dəyişikliyə səbəb olmadı. Burasa artıq bir il idi ki, itmişdi. Əvvəllər, camaat Kızılkain boyunca köç eləyəndə belə şey baş verə bilməzdi. Onda hətta dəvə yox,
______________________________
1.Qazax folklorunda ağılar və oxşamalar
düymə belə itəndə hamı atını minir, onu axtarıb tapırdı. O vaxtdan bəri aul böyüyüb, çoxlu yeni evlər tikilib, iri təsərrüfata çevrilib, adamlar da bir-birindən aralı düşüblər, ancaq toyda-yasda bir yerə yığışırlar. Qara Buranın itməsi yalnız Əbişi narahat elədi. Dəvə yoxa çıxanda qoca hirslənib kolxoz rəhbərliyini əməlli-başlı söydü. Hətta daha işə də çıxmadı. Elə bilirdi ki, briqadir çağıracaq, amma qapısına yaxın gələn də olmadı. Əbiş əbəs yerə gözləyir, ümid eləyirdi. Qoca dərdə-qəmə batdı, qürurlu və inadkar olduğuna görə, özü üçün xəstəlik uydurdu, beli ağrıdığını söylədi, uzun müddət yatağından qalxmadı. Adamların ayağına getməyə adət eləməmişdi. Arabir nəvəsi ona baş çəkirdi.
-Ata, - o, deyirdi. – Bizim Bura Tasşokının ətəklərində dolaşır. Onu Terkuısda görüblər.
Nəvə Bura haqqında gəzən şayiələri babaya çatdırır, ona təskinlik verməyə çalışırdı. Əbiş axtarışa özü getmək istəyirdi, amma atı yox idi. Gedib rəhbərlikdən at istəməyi özünə sığışdıra bilmirdi.
-Buranı canavarlar parçalayıb! – Bir dəfə nəvəsi tələsik içəri cumdu.
Qoca taxtdan sıçrayıb qalxdı. Sifəti hiddətdən əyildi.
-Boş-boş danışma! – O, bağırdı. – Küçük, yadında saxla ki, Bura da, mən də heç vaxt canavarlara və düşmənlərə yem olmayacağıq!
3
Burasa bu vaxt Narın səhrasını keçirdi. Havalar soyumağa başlamışdı. Zəif külək çovğuna çevrilmişdi, şiddəti də artıq bir neçə gün idi ki, azalmırdı. Küləyin həmlələri altında çiy kolları itaətlə yırğalanır, üşümüş Buranın ağırlığı altında şaqqıltıyla sınırdı. O uzun müddət soyuğa boyun əymək istəməmişdi, amma çovğun hiddətlə batmış böyürlərinə çırpılmış, sümüklərinə işləmişdi. Bura dəmiryolu boyu dolaşırdı – orda çiy daha qalın, yem daha çox idi.
Bir neçə il qabaq, Bura lap balaca olanda bu yerlərdə filiz yatağı aşkar eləmişdilər. Yol tikintisi başlanmışdı. Yaşına baxmayıb Əbişə buyurmuşdular ki, dəvəni yük daşımağa alışdırsın. Bura qardaşı Akpas kimi, şıltaq deyildi, bu peşəni tez mənimsədi. Şpal, quş, daş, ağır relslər daşıyırdı. Aulun bütün heyvanları tikintiyə cəlb olunmuşdu. Dəvələrin hamısı gündoğana sarı uzanıb gedən o yolda ağır zəhmətə qatlaşmış, sonra, Allaha şükür ki, artıq o cür ağır iş görməli olmamışdılar.
Qara Bura körpəlikdən sakit, itaətkar idi, Akpasa heç oxşamırdı. Uzaqbaşı, cütləşmə zamanı əməlli-başlı tüpürürdü. Düzdü, bəzən qızışanda adamların arxasınca da düşürdü. Akpassa bir dəfə fevralda bərk qəzəblənmişdi. Ucadan nərildəyə-nərildəyə, dişlərini ağardıb bol tüpürcək yağdıra-yağdıra irəli şığıyırdı. Sovxozun olub-keçəndən xəbərsiz zootexniki yanından ötəndə qızışmış Akpas qəfildən onun ardınca düşdü. Yaxşı ki, kişi qaçağan atın belindəydi. Əvvəlcə qaçanla qovan arasındakı məsafə qısalmırdı, amma hiddətdən gözlərini qan örtmüş Akpas axırda atı ötməyə başladı. Hürkmüş kəhər yoluna çıxan Karasu çayının donmuş səthini bir neçə sıçrayışla adladı. Onda Akpas sahildə qabaq ayaqları üstə çökdü, dal ayaqlarını aralayıb çayın buzu üzərindən sürüşə-sürüşə keçdi, sanki ayaq üstdə dayana bilməyəcəyini başa düşmüşdü. Bunu gözləməyən zootexnik qorxudan sarısını uddu, atı var gücüylə dəhmərləyə-dəhmərləyə meşəyə cumdu. O, qurtula .andını itirdiyyini dərk eləmişdi. Atı qırmancladı, hündür bir ağacın altından keçəndə budaqdan yapışdı, pişik kimi lap yuxarı dırmaşdı. Akpas uzun-uzadı ağaca sürtündü, onu üstündəki adamla birgə yıxmağa çalışdı. Sonra başını qaldırıb yuxarı baxdı. Ağzından köpük axıda-axıda ayaqlarını yerə döydü, torpağı eşdi, axırda ağacın altında uzandı, sanki düşmənini sonsuzacan gözləməyə hazırlaşırdı. Cəhənglərini rəvan halda tərpədə-tərpədə gövşəməyə, iyrənc tüpürcəyini yığmağa başladı.
Əbiş həmin vaxt xəstəydi, rayon xəstəxanasında yatırdı. Akpası ondan başqa heç kəs çəkib apara bilməzdi. Zootexnikisə xilas eləmək lazım idi. Buna görə də heyvanı gülləylə vurdular.
Qara Bura Akpasa oxşamırdı. Amma indi ona nəsə olmuşdu. İki həftəydi ki, təbiətin çağırışına boyun əyən dəvənin dilinə heç nə dəyməmişdi. Cütləşmə məqamında olduğu kimi, gözləri qanla dolmuşdu, dünyanı görmürdü. Bəlkə, uzun müddət tək-tənha qalması öz təsirini göstərmişdi? Amma o ətrafa köpük sıçrada-sıçrada, dişlərini xırçıldada-xırçıldada, narahat və həyəcanlı halda gəzib-dolaşırdı. Özünə yer tapa bilmədən, kəsik-kəsik uğultunu xatırladan nəriltiylə ora-bura vurnuxurdu. Bomboş çöl onun ümidsiz “Bu! Bu!” fəryadını eşidirdi. O məqamda Bura rastına çıxan hər kəsi çığnayar, tapdalayar, məhv eləyərdi. Amma çılpaq çöldə ondan başqa bir canlı belə gözə dəymirdi. Hətta nə qabağından siçan qaçır, nə də çölə quş kölgəsi düşürdü.
İndi Bura hiddətli Akpasa oxşayırdı. Amma Akpas bekarçılıqdan qəzəblənmişdi, Buranısa, görünür, tənhalıq təbdən çıxarmışdı. Aclıqdan gözləri çuxura batmış, vaxtında qırxılmamış yunu uzanmış, təzə yuna qarışmış, qarnı altından əlçim-əlçim sallanmışdı. Bədənində yunu tökülmüş yerlər gözə dəyirdi, hürkücləri nazilib yana sallanmışdı, əvvəlkitək dik durmurdular.
Bura özündən çıxmışdı. “Bu! Bu!” – nəriltiləri daha tez-tez eşidilməyə başlamışdı. Sanki şaxtalı qış gününün yenicə açılan səhəri bir göz qırpımında ötür, axşam tez düşürdü. Çöl hərəkətsiz, ölgün idi, bir canlı belə gözə dəymirdi. Bütün gecəni canavartək ulayan çovğun, axır ki, sakitləşmişdi. Burasa hələ də bir canlı məxluq axtarırdı. Nəzərlərini uzun-uzadı ilğıma oxşar, bomboş sonsuzluğa dikir, gözləri ağrıyanacan baxırdı. Ümidsizlikdən nərildəmək istəyir, amma ağzı acı seliklə dolurdu. Heç ağlamağa da halı qalmamışdı. Ölməyi arzulayırdı, əcəlsə gəlib çıxmırdı. Neyləsin? Hara getsin? Aula qayıtsın? Allah eləməsin! Onu orda Akpas kimi güllələyərlər. Bu cür ölüməsə layiq deyil. “Bu-bu-bu-bu!”
-U-u-u-u! – parovoz onun nəriltisinə qulaqbatırıcı səslə cavab verdi.
Bura qımıldandı. O, qatar gəldiyini bilmirdi. Bu, səs idi! Səs eşitmişdi! Yaddaşı belə bir səsi artıq keçmişdə eşitdiyini xatırlatdı. Bəlkə, əlçatmaz arzularla dolu iri, nəmli gözləri olan dişi ağ dəvəyə sahib çıxmaq üçün erkəklər bir-birini döyüşə bu cür səsləyirlər? Buranın qəlbini yenə kədər bürüdü, hökmlə onu çağıran səsə doğru getdi...
Döngənin üzərindən qapqara tüstü asılıb qalmışdı, çarxların taqqıltısı eşidilirdi. Tirlər, daş kömür, filiz dolu vaqonlar bir-birinin ardınca karvantək sıralanmışdı. Qatar Buranın bərabərinə çatdı. Heyvan nərildədi, içində mürgü döyən hiddət gözlərini dumanlandırdı. Artıq o nəhəngin qarşısında kiçik və zəif olduğu barədə düşünmürdü. Bura haldan düşmüş gövdəsini qatara sarı atdı. Köpük ağzından ətrafa qar lopalarıtək səpələndi. Nəfəsi burun deşiklərindən bir cüt buxar şırnağı sayaq çıxdı. Onu yalnız qatarı aşırmaq, tapdalamaq arzusu irəli qovurdu. Bax, sinəsi vaqona dəydi. Ağlahəlməz qüvvə onu əzib xeyli uzağa atdı. Parovoz fit verdi. Etinasız vaqonlar yaralanmış Buranın yanından ötürdülər. O yoldan xeyli aralıda sinəsi parçalanmış halda yıxılmışdı. Ağzından köpükqarışıq qan axırdı. Cançəkişmədən bədəni əsirdi. Dəvə başgicəlləndirici iyləri ciyərlərinə çəkə-çəkə qızılı rəngə boyanmış, bürkülü ümmanla gedir, boynundakı bürünc zənqırov isə uzun-uzadı yol keçəcəyini vəd eləyirdi.
Bura titrəyə-titrəyə qıçlarını qarnına yığdı. Son nəfəsi ağzından xırıltıyla çıxırdı. Ölü gözlərindən gecikmiş, dumduru yaş axdı. Çöl kədərdən daşa döndü. Uzun sürən sükutun pəncəsində çırpındı. Aləm Burasız yetim qaldı. Qazaqbay aulunun son dəvəsi belə tələf oldu.
***
Hələ yataqda olan qoca dəvəçi Əbiş Buranın ölümündən xəbər tutanda elə həmin gün şöbə müdirinin yanına gedib at istədi:
-Hər halda, bir vaxtlar az xeyir verməyib. Sümüklərini çöldə qoymaq insafsızlıq olar. Gətirib basdırmaq lazımdı. Bəlkə, yunu da bir şeyə yaradı.
-Bəsdi görək! Adam da ölür. Yaramaz bir dəvədən ötrü əbəs yerə at çapmağa nə ehtiyac var? – Müdir boyun qaçırdı.
İncimiş Əbiş əlində noxta geri qayıtmalı oldu. O, Buranı unuda bilmirdi.
Havalar qızmağa, qar əriməyə başlayan kimi, Əbiş nəvəsiylə birgə payi-piyada Narın səhrasına yollandı. Orda Buranın artıq iylənməyə başlamış leşinə daraşan murdar milçəkləri qovdu, çuxura salıb üstünü örtdü. Bütün yolu çiynində gətirdiyi taxta parçasını, daha doğrusu, dirəyi Buranın qəbri başına basdırdı. Nəvəsi onun buyruğuyla taxtanın üstünə yazdı: “Burada qatarla toqquşma nəticəsində tələf olmuş Bura uyuyur”. Amma yağışlar əyri-üyrü xəttlə yazılmış bu sözləri yuyub apardı.
O yerin yaxınlığından gündə iki dəfə qatar ötüb-keçir. İsti kupelərdə, rahat oturacaqlarda gedən adamlar təpədəki Günəşdən və yağışdan ağarmış dirəyə fikir vermirlər. Görəndə də yerölçənin həndlər arasına vurduğu paya sayırlar. Onlar bu rahat yola kimin təri axdığından xəbərsizdilər. Qazaqbay aulunda bir dəvə qalmadığını da bilmirlər. Amma bəlkə, adamlar yenə qara Buranı inutmayıblar? Axı hər gün ordan keçəndə parovoz fit verib onu salamlıayır. Kədər dolu fit səsi çarxların tənha Bura haqqında təmkinli hekayətini boğur. Amma bu heç də qızılı qumluqda əbədi yuxuya dalmış Bura üçün söylənən ağıya oxşamır.
Qatar şütüyür, tələsir, uçur...
Onu hansı qüvvə saxlaya bilər? Belə bir qüvvə yoxdu!
Tərcümə: Nəriman Əbdülrəhmanlı
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0