Qonaq - Aləm Kəngərlinin hekayəsi

May 8, 2026 - 18:28
May 8, 2026 - 18:31
 0  8
Qonaq - Aləm Kəngərlinin hekayəsi

Yazıçı Ədəbiyyat Portalı Aləm Kəngərlinin "Qonaq" hekayəsini təqdim edir.   

İsti yay günlərindən biri idi. Futbol oynayan uşaqlardan başqa həyətdə kimsə gözə dəymirdi. Bayırdan gələn səs mətbəxdə biş-düş edən Fatma xalanı xəyaldan ayırdı:

-              Ay Fatma xala! Ay Fatma xala!...

Fatma xala pəncərəni açıb, uşaqlara tərəf səsləndi:

-  Nədi, a bala? Nə qışqır-bağır salmısız? Yenə topunuz balkona düşüb?

-           Yox e, Fatma xala, sizi soruşurlar. Qonağınız gəlib.

Fatma xala diqqətlə baxsa da, 25-30 yaşlarındakı ucaboy oğlanı tanıya bilmədi.

-            Ay bala, kimsən? Qalx ikinci mərtəbəyə, qapını açıram.

Qonaq qıvraq addımlarla yuxarı qalxdı. Fatma xala yaşadıqları birotaqlı mənzilin giriş qapısında onu gözləyirdi.

-             Buyur, ay bala, nə lazımdı?

-  Sağlığın, ay xala. Oğlunuz Allahverdidən sizə salam gətirmişəm. 

 Oğlunun adını duyar-duymaz,  arvad  yerindəcə donub qaldı. Sifəti ağardı.

Nitqi  qurudu. Nəfəsi  ağırlaşmağa başladı. Qulaqlarına  inanmağı gəlmədi. On il idi ki,  oğlu  işsizlik  ucbatından baş  götürüb ölkədən getmişdi. İndiyə  kimi ondan bir xəbər  gətirən olmamışdı. “Yəni doğrudanmı uşaq sağdı?” –deyə, düşündü. Handan - hana özünə gəlib, titrək səslə dedi:

-    Xəbər gətirən dilinə qurban olum, ay bala! Qapıda durma, keç içəri!

Başqa vaxt olsaydı, tanımadığı adamı otağa  buraxmazdı. Bir  həftə əvvəl oğrular polis formasında sələmçi Totunun evinə girib, hər şeyi sil-süpür eləmişdilər. Ancaq oğlunun adını eşidən kimi, oğurluq məsələsi Fatma xalanın yaddaşından tamam  silindi. Gözləri dolmuş halda soruşdu:

-    Ay başına dönüm, ay sənə qurban olum, uşaq salamatdımı?

-    Kanişna, ay xala. Özü də tezliklə gəlir.

Fatma xala özünü ələ alıb, tələsik mətbəxə keçdi. Çay hazırlığı görməzdən əvvəl tez ərinə zəng etdi:

-       A kişi, hardasan? Tez  gəl evə. Qonağımız gəlib. Allahverənnən xəbər var.

Hidoşun çayxanasında domino oynayan kişinin evə gəlməsi çox çəkmədi. O, təngnəfəs halda özünü içəri salıb, sorğu-suala başladı:

-       Ay sənə qurban olum, ay sənin başına dönüm, belə də zülüm olar? Bəs, bu demir, atam var, anam var. Gözünün ağı-qarası bir uşaq ola, min əziyyətlə böyüdüb boya-başa çatdırasan, sonra da gecə - gündüz Allaha yalvarasan ki, balamı mənə qaytar.

Fatma xalanın yanaqlarından yaş axırdı. Kişi isə durmadan sualları yağdırırdı:

- Ay bala, bəs, bu on ildə niyə bir xəbər göndərmirdi, zəng eləmirdi?

- Doğrusu, ay dayı, əvvəllər vəziyyəti heç də yaxşı deyildi. Bizimkiləri bazarda incidirlər, işləməyə qoymurlar. Oğlunuz kirayə haqqı verməsin deyə, gecələr yaşlı bir arvadın yanında qalıb, onun təmizliyinə baxırdı. Bu yaxınlarda həmin arvad başını qoydu yerə. Onun da ki,  nəyi vardı hamısını Alikə vəsiyyət eləmişdi. İndi oğlunuzun vəziyyəti  lap yaxşıdı.

- Ay bala, şükür acından ölmürdük ki, aldığımız təqaüdlə birtəhər dolanırdıq.  Onu ən çox gələcək həyatı narahat edirdi. Yazıq uşaq buralarda bir iş tapsaydı  bizi  gözüyaşlı qoyub getməzdi. Qadan alım, danış, danış görək, ta nə bilirsən?

-  Alik orada dili də yaxşı öyrənib. Deyirdi ki, rus dilini bilənləri Bakıda işə tez götürürlər. Bir də dedi, kişiyə deyərsən ki, o biri yerlilərim kimi mən burada evlənib-eləməmişəm. Bir halal südəmmişin  taparlar, gedib toyumu edərəm.

Bu yerdə kişi özünü saxlaya bilmədi:

-  Onun taylarının 3-4 uşağı var. Niyə mənə nə olub? Bir az özümüzdən, bir az da qohum-qonşudan pul tədarük edib onun toyunu edə bilmirəm? Sonra borcumuzu yavaş-yavaş qaytararıq. Gərək əvvəldən işi qurum ki, restorana borcumuz qalmasın. Yoxsa gəlinimi girov saxlayıb, məni şəhərdə rüsvay edərlər.

Allahverdinin maddi vəziyyətinə bələd olan oğlan dedi:

-    Alik deyirdi ki, qəbir yeri almaq üçün kişinin “zapas”da  5-3 manatı olar da, olmaz da. Maşallax oğlunuzun imkanı yaxşıdır. Fikri var, gələn kimi ev alıb evlənsin. Sonra da “haqqını” verib yaxşı bir işə keçsin. Dediyim odur ki, narahat olmayın, oğlunuz evə cibidolu gəlir.

Pulun miqdarı valideynlərin maraq dairəsində olsa da, o barədə söz salmağa üzləri gəlmədi. Kişi dedi:

-  Ay bala, təki sağ-salamat gəlsin. Gözləməkdən gözümüzün kökü saraldı. Öldük-dirildik. Belə də iş olar? Nə bilim, vallah, yenə də Allah bilən məsləhətdir. Ancaq mən onu ev almağa qoymaram. Qoy, bizimlə yaşasın. Odu ey, qumarbaz Miqinin atası. Əlində daşdan keçən sənədlərlə beş ildi məhkəmələrdə sürünür. Döymədiyi qapı qalmayıb. Nə verdiyi pulu ala bilir, nə də evini.

Bayaqdan sakitcə dayanan Fatma xala bu yerdə özünü saxlaya bilmədi:

-  Boy, uzağa niyə gedirsən, a kişi? Qonşumuz falçı Zəroş yadından çıxıb? Qızını işə düzəltmək üçün bir ətək pul vermədimi? Axırı nə oldu? Pulu yedikləri bəs deyil, yazıq qızın diplomunu da it-bata saldılar. Bizim uşağın yaxşı səsi var. Yadındadı, kişi, bütün günü evdə mızıldanardı? Dövlət işində nə var, ey? Mənnən olsa, geyinib-keçinib toylara gedər, yaxşı  da qazanar.

Arvadla kişinin özünə gəldiyini görən oğlan mobil telefonunu çıxarıb, Allahverdini aradı. Kişi telefonu  alıb, tez qulağına sıxdı. O başda oğlunun səsini eşidər-eşitməz həyəcan içində sözə başladı:

-  Ay sənin başına dönüm! Ay sənə qurban olum! Atan ayaqlarının altında ölsün, bala! Evim-eşiyim sənə qurban! Hamımız sənə qurban! Bala, ta biz ölürük. Bəs, sən harda qaldın, gözümün işığı? Bu nə dağdı sinəmizə çəkirsən? Mənim səndən başqa təsəlli alası bir kimsəm yoxdu axı, ay sənə qurban olum! Biz sənə nə dedik ki, evdən getdin? Anan da, mən də başına dolanırdıq. Bizim ki səndən bir umacağımız yox idi, ay sənə qurban olum. Mən heç, bu qoca   anana yazığın gəlsin,  ay sənin başına dönüm! Ay sənə qurban olum!...

Çaylar buza dönmüşdü. Arvad da, kişi də dayanmadan hönkür-hönkür ağlayırdı. Aramsız yaş gözlərindən sel kimi axırdı. Qonaq isə heç nə demədən key kimi onlara baxırdı.

Oğlanı danışmağa qoymadılar. Telefonu növbə ilə gah kişi dartırdı, gah da ki arvad. Nə qədər danışsalar da, ağlasalar da, ürəklərini boşaldıb qurtara bilmirdilər. Məqsədləri Allahverdinin geri qayıdacağına əmin olmaq idi.

 Ancaq bununla belə, daxildəki böyük  bir narahatlıq kişini tərk etmirdi. Düşünürdü ki, övladı qayıtdıqdan  sonra öz  normal həyatını  qura  biləcəkmi? Görəsən gəlib fırıldaqçıların toruna düşməyəcək ki?!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0