Hardasa səninçün bir qız darıxa - Valeh Qocanın şeirləri

Apr 1, 2026 - 15:00
Apr 1, 2026 - 17:47
 0  10
Hardasa səninçün bir qız darıxa - Valeh Qocanın şeirləri

Yazıçı Ədəbiyyat Portalı Valeh Qocanın şeirlərini təqdim edir.

Qoşma

Yaxşı oxumuşam mən öz ömrümü,
Yaxşı öyrənmişəm, beş düşür mənə.
Dünyanın ən soyuq nöqtəsindəyəm,
Hərlənir, fırlanır qış düşür mənə.

Ömür parçalanar, yaddaş bölünsə,
Fikirlər, xəyallar birbaş bölünsə.
Üstündə gül bitən bir daş bölünsə,
Gül düşür o yana, daş düşür mənə.

Hər telim bir bəyaz dən altda qalıb,
Ömrüm duman altda, çən altda qalıb.
O bulud neçə il gün altda qalıb,
Yenə də düşəndə yaş düşür mənə.

Özümü eşqimə vermişəm nəzir,
İndi də bu eşqim özümü əzir.
Qəlbimdə ömrümün qatili gəzir,
Bilmirəm neçə il iş düşür mənə.

Darıxa

Götürüb qaçasan baharı kəndə,
Şəhərdə səninçün payız darıxa.
Ömründə bir dənə gecən olmaya,
Səninçün ay ölə, ulduz darıxa.

Ömrünü yaşaya yerdə bu dünya,
Tapıla xeyirdə, şərdə bu dünya.
Bir tək sən olasan, bir də bu dünya,
Qoyasan dünyanı yalqız, darıxa.

Neçə küçələri şəhər edəsən,
Neçə axşamları səhər edəsən.
Bir qızın qəlbini dəftər edəsən,
Bir az qələminçün kağız darıxa.

Sən də tək öldüyün gün darıxasan,
Darıxsan bir az da şən darıxasan.
Hardasa bir qızçün sən darıxasan,
Hardasa səninçün bir qız darıxa.

Düşür

Burdan bir çay axır, sənli başımdan,
Xəyalım sürüşüb bu çaya düşür.
Bütün arzularım bu tayda qalır,
Bütün ümidlərim o taya düşür.

Nə olar gözümdən eşqimi dərsən,
Dərdimi ayaqlar altına sərsən.
Bilirəm hardasa gülümsəyirsən,
Hardansa bir işıq düz aya düşür.

Bu nə ömür deyil, nə də ki yuxu,
Keçdi sirr içində ömrümün çoxu.
Mən səni gizlincə sevirdim axı,
Bəs niyə bu sevgim səs-küyə düşür.

Neçə ki sən yoxsan ömrüm tam deyil,
Əriyən şam deyil, yanan şam deyil.
Bu gələn nə gecə, nə axşam deyil,
Kölgəndi bu yerə, bu göyə düşür.

Səni yaşayıram günün yerinə,
Düşürəm saçıma dənin yerinə.
Səni gözləyirəm, sənin yerinə,
Hardansa qarşıma bir qaya düşür.

Müharibə

İnsan ürəyindən iman düşəndə,
Körpə ürəyinə qəlpələr düşər.
Silahlar nədir ki, bu yer üzünə,
Ana gözlərindən zərbələr düşər.

Məzarlar doğular qandan, savaşdan,
Uşaq şəkilləri ağlayar daşdan.
Hələ bu dünyanı tanımamışdan,
Dünyanın dərdinə körpələr düşər.

Bir gün yer tərpənər, dərya oynayar,
Yağış yer dəyişər, səhra oynayar.
Bir gün haqq tərpənər, dünya oynayar.
Dərənin yerinə zirvələr düşər.

Qulaqlarım əlvidanla doludu

Qulaqlarım əlvidanla doludur,
Dodağımın dodaq yeri boşdu boş.
Sarılıbdır bir-birinə qollarım,
Qollarımın qucaq yeri boşdu boş.

Mənim qəlbim bir yiyəsiz məzardı,
Bu məzarı sənsizliyim qazardı.
Mənim ömrüm adam dolu qatardı,
Bu qatarın qabaq yeri boşdu boş.

Düşünürəm, daşınıram sabahdan,
Gah qoxunu dilənirəm otaqdan.
Evimizdə bir beşik var o vaxtdan,
O beşiyin uşaq yeri boşdu boş.

Mən beləyəm, sən də məni belə bil,
Bu halıma ağlaya bil, gülə bil.
Elə sınıb qol budağım, elə bil,
Mən ağacam, budaq yeri boşdu boş.

Sinəmdədir ocağının izləri,
Ürəyimdə bıçağının izləri.
Silinibdir ayağının izləri,
Yollarımın ayaq yeri boşdu boş.

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0