Şəhər-şəhər uzaq olur adamlar - Şəhriyar del Geraninin şeirləri

Avq 5, 2026 - 17:05
 0  12
Şəhər-şəhər uzaq olur adamlar - Şəhriyar del Geraninin şeirləri

Yazici.az ədəbiyyat portalı Şəhriyar del Geraninin şeirlərini təqdim edir.

Oktyabr şeiri…

kəsib tullayasan qollarını da,
yetim saxlayasan qucaqlarını…
biryolluq hamıdan çıxıb gedəsən,
bir it qucaqlaya ayaqlarını...

ay ağac, yazıqsan – qış ağacısan,
bu bekar torpağın boş ağacısan,
bilsəydim anamın baş ağacısan,
o vaxt sındırmazdım budaqlarını...

qırmızı kəndirdə boynun dincələ,
ölüm də gələndə gülərüz gələ,
bir gün uzaqlardan bir payız gələ,
deyə ki, qaytarın yarpaqlarımı!

Xatırlanmağın şeiri

Elə nigaranam - səndən nigaran,
yaşaram ömürdən-gündən nigaran.
Qayğına qalıram öz aləmimdə -
nə vaxt soyuqlasan, çay dəmləyirəm.
Ürəyim əlimdə, canım əlimdə
yanına gəlirəm, gülümsəyirəm.
Deyirəm, "Darıxma, yaxşı olacaq...".
Yaxşı olmayacaq, özün bilirsən.
Sən özün bilirsən necə olacaq...

Sən özün bilirsən necə olacaq,
zalımın zülmü çox, məzlumun ahı.
Sən özün bilirsən necə olacaq,
kimin boynunadı kimin günahı.
Şahid çağıraram ora Allahı,
mən sənin üstünə günah almaram.
Nə qədər istəsən,
neçə istəsən,
mən özüm yanaram necə istəsən,
heç bircə tikə də sənə qalmaram.

Eh... Sənə bu qədər uzaq olunca,
günəşə su qədər uzaq olunca,
gedib dayanaram külək tərəfdə,
saçını öpərəm külək tərəfdən.
Beş-on xatirəyə ümid olmaram,
Sən necə istəsən,
hardan istəsən,
yadına düşərəm haçan istəsən.
Mən belə sevirəm, unudulmaram...

Aşiq olmağın şeiri

Ürək necə döyünər? - Sürünüb
sən sarı dartınır bu mirət.
Görürsən, içində tufandı,
görəsən, kimindi bu külək?

Büsbütün hisslərim qarışdı,
bu duyğu hardansa tanışdı;
Elə bil sinənin altında
çırpınır min beş yüz kəpənək...

Özünü ələ al, düzələr,
sevginin bir adı səbirdi.
Şükr de, çırpınır kəpənək,
adam var, yeriyən qəbirdi.
Soruşsan, deyəcək, "Ömürdü...".

Gəl, bu məşum könlü sevindir,
gəl, elə darıxdım üzünçün,
gəl... belə darıxmaq tapılmaz.
Bircə yol uzaqdan gülümsə,
gülümsə, bilim ki, mənimsən,
ən yekə ayrılıq ölümsə,
qucaqla, nə olar-nə olmaz...

Qucaqla - necə ki, sərçələr
küləkdə qucaqlar zəmini.
Dənizlər gəmini qucaqlar,
səhralar qucaqlar dəlini,
dərvişlər qəmini qucaqlar,
torpaqlar qucaqlar ölünü.
Düşün ki, sabahkı balamsan,
düşün ki, dünənki anamsan,
dünyada ən əziz adamsan,
bu könül həmdəmini qucaqla...

Görürsən, sevgisiz soyuqdu,
günəşin buz olan üzü var.
Bilsən nə gül üzlü hüzur var
sevgiylə açılan qucaqda.

Görürsən, içində tufandı,
görəsən, kimindi bu külək?
Elə bil sinənin altında
çırpınır min beş yüz kəpənək.
Sevgi səadətdən qədimdi...

"Xocalı - kadrlara sözardı"

İndi bütün şəhərlərin uzağı sənsən,
mən də bütün küçələrin uşağı indi.
Anaya bax - qollarında donub körpəsi,
hələ də var sızıldayır qucağı indi.

Uşağa bax - yerdə elə sərili qalıb,
beş-on metr aralıda bir tay çəkməsi.
Hərdən elə... hərdən elə istəyirəm ki,
gedib geyindirim onu, qoy üşüməsin...

Qocaya bax - bax, başında buxara papaq,
elə bil ki, yatağında uzanıb ölüb.
Elə bil ki, o qocaya güllə dəyməyib,
elə bil ki, nəvəsindən utanıb ölüb.

Bizi belə öldürdülər, şəhid şəhərim,
bizi elə - əli yalın, ayağı yalın.
Ölənədək sevmək azdı səni, bilirəm,
şairə bax - sözü doğru, sevgisi yalan,
Sevgisi doğru olandır - Şəhidin olan!

Dekabr şeiri...

nə uzaq küçələr vardı uşaqlığımızda,
nə uzaq şəhərlər oldu sonralar.
böyüdükcə dəyişir uzaqlar da,
küçələr də.
küçə-küçə
şəhər-şəhər uzaq olur adamlar...

sən də bir küçə seç getməzdən öncə,
bir şəhər şeç unutmağa,
bir uzaq seç darıxmağa...
sən də getməzdən öncə
bir az dəyiş,
bir az uzaq ol
sonra get.
bu qədər yaxşıykən getmə, nə olar...
bilirsənmi
çətin olur yaxşıların gedişi...

ən sonuncu dostum da əclaf çıxmamış,
bilirsənmi,
axşam düşməmiş,
şər qarışmamış getmə...
çətin olur
yağışlarda son görüş,
parklarda skamyalar qurumamış getmə...

sən bilmirsən
çətin olur payızlarda darıxmaq...
ən sonuncu yarpaqlar da düşməmiş,
torpağa qarışmamış,
bir az qal, nə olar
getmə qış çıxmamış
qış çıxmamış getmə...

sən bilmirsən
indi mən, allahdan nə üçün yox
kimin üçün yaradıldığımı soruşuram.
bir az da səbrin olsun,
məni ömrümün sonuna ötür,
sonra get.

sən bilmirsən
indi mən, adamlarçün yox
əşyalarçün darıxıram.
bir az da səbrin olsun,
qəbrim üstdən yaylığını götür,
sonra get.

daha mən, gələcəkdən yox
keçmişdən nigaranam,
bir də gördün heç kəs yadına düşmür.
indi sənə qal deməyim
səninlə bütün keçmişlərdə
yanaşı görünmək istəyimdi.
arzular da canavar kimidi... əhliləşmir!

səndən sonuncu istəyim:
məni xatırlasan
kimsəsiz, boş qalmış
otaq kimi xatırla.
səndən sonuncu istəyim
məni xatırlasan
uzaqlarda qəzaya düşmüş
sərnişinsiz qatar kimi xatırla.

heç bilmirəm torpaq suyu içirsə
adamları neynir?

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi