Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeirləri
5 may – unudulmaz istiqlal şairi Əhməd Cavadın doğum günüdür.
Yazıçı Ədəbiyyat Portalı Əhməd Cavadın şeirlərini təqdim edir.
Yuxuma gəlmişdin
… Yuxuma gəlmişdin sən həzin-həzin,
İşvəli, qəmzəli, nazlı nazənin.
Sən coşqun bir bulaq, mən yazıq əzgin,
Sən yanar bir dodaq, mən halsız, üzgün!
… Onbeşdən az idi, yaşım o zaman,
Axırdı qəlbimə yaşım o zaman.
Daşdan-daşa dəydi başım o zaman,
Yazda başlamışdı qışım o zaman!
Sən sevda buludu, mən təşnə dodaq,
Sən pək iyi bir sərv, mən solğun yarpaq.
Mən quru bir ağac, sən gül ağappaq,
Sinəmə dəyirdi oxlar şaqhaşaq!
Canımda qalmayıb nə tab, nə təvan,
Baxışın şimşəkdi, duruşun ceyran;
Dodağın lalədir, ətirin reyhan,
Onsuz da qurbanam, mən sana qurban!
Sən canlı mələksən, mən quru şəkil,
Bən sana tayammı, ay saçı sünbül?
Bağrımın başında sızlayan bülbül,
Deyir: çəkil yoldan, bu yoldan, çəkil!
Şükriyyəm üçün
Bir gülsən, dərmişəm gənclik bağından,
Bir gülü, çiçəyi dərmərəm sənsiz!
Kam aldım ömrümün oğlan çağından,
Bir bağa, bağçaya girmərəm sənsiz!
Söylə yadındamı Çakva, Batumi?
Ovladın könlümü, çaldın ruhumu!
Kamana dönmüşdü qəlbimin simi,
Hurini, mələyi görmərəm sənsiz!
Nə çoxdur dünyada qənirsiz pəri!
Gözümə görükməz daha heç biri!
O qızıl saçları, ipək telləri
Əl atıb birini hörmərəm sənsiz!
Məndən xoşbəxt varmı dünyada, deyin?
Ey telli yavrusu Süleyman bəyin!
Bəxtim tərlan imiş: yeyindən, yeyin!
Heç kəsə bu bəxti vermərəm sənsiz!
Səninlə gəzərəm eldən-elə mən,
Bataram, çıxaram seldən-selə mən.
Düşsəm də ağıza, dildən-dilə mən,
Yaşaya bilmərəm bir kərəm sənsiz!
Sonatək göllərdə üzsən də mənsiz,
Quş olub göylərdə süzsən də mənsiz;
Sən Əsli qalsan da, dözsən də mənsiz,
Alışıb yanaram mən Kərəm sənsiz!
Şükriyyə taleyim, şükür Xudaya!
Gördüyüm doğrumu, yoxsa pək röya?!
Dolub ürəyimə bu dadlı xülya,
Şirin günlərimi sürmərəm sənsiz!
Əvət, bu sevdanın səfası çoxdur,
Sevdasız həyatın mənası yoxdur!
Gözlərin yıldızdır, kirpiyin oxdur,
Ürək qubar olar – can vərəm sənsiz!..
Şerimin sözüsən, sözün – ahəngi!
Üzündə bərq vurur güllərin rəngi!
Xəyalın, camalın gözəl çələngi!
İlham yetim qalar, ağıl – kəm sənsiz!
Qurban olduğum
Bir xeyli zamandır getdi, gəlmədi,
Əhdi peymanına qurban olduğum!
İstədi can verdim, qədir bilmədi,
O şirin canına qurban olduğum!
Dedim: ayrılığa yoxdur tavanım,
Ayrılıb getməsin sərvi-rəvanım!
Bir daha dönməzmi yosma tərlanım,
Adına, sanına qurban olduğum!
(O təmiz qanına qurban olduğum!)
Mən hey göyə baxdım, göy mənə baxdı,
Göylərə baxmaqdan gözlərim axdı!
Şimşək oldu, ancaq bir dəfə baxdı,
Baxdı qurbanına qurban olduğum!
Könül vermək istər bir müjdə yenə,
Sevgili yurdumun gözəllərinə!
Şerimə can verib, göylərdən enə,
O haqq divanına qurban olduğum!
O mənim şerimin ruhu, rəvacı,
Bütün gözəllərin başının tacı!
Bilməzmi ki, onsuz ömrüm çox acı,
Şöhrətü şanına qurban olduğum!
Gözəlliklər yapma, duyğular cansız,
Mənə tən eyləyir hər yetən qansız.
Atılan oxlardan çıx gəl ziyansız,
Namü nişanına qurban olduğum!
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0