Bülbül kimi oxudur dərd adamı dünyada - Səməd Qaraçöpün şeirləri

May 7, 2026 - 18:11
May 7, 2026 - 18:13
 0  5
Bülbül kimi oxudur dərd adamı dünyada - Səməd Qaraçöpün şeirləri

Yazıçı Ədəbiyyat Portalı Səməd Qaraçöpün şeirlərini təqdim edir.

QƏFƏS

Bir bülbül səsi gəlir
Dünya boyda qəfəsdən,
Dünyada mən özümü
Tanıyıram o səsdən.

Mən qəfəsə dəyişdim
Qanadımı dünyada.
Bülbül kimi oxudur
Dərd adamı dünyada.

Deyirəm, necə ki var
Canımda can – oxuyum;
Ay qəfəsin yiyəsi,
Sən dinlə, mən oxuyum.

ƏSİL ŞEİR

Əsil şeir göydən gəlir,
Bax yerin-göyün daşına;
Əsil şeir daşdı – yağır
Əsil şairin başına.

Əsil şairsənsə, gərək
Gündə ölüb-diriləsən;
Gərək bu ağır daşların
Altında dura biləsən.

Baş qoy hər daşın altına,
Hər daşdan asıl – şeyirdi.
Yerdə-göydə nə daş varsa,
Hamısı əsil şeyirdi.

Allah da, bəndələri də
Qoy daşı-daşa calasın;
Əsil şair bu daşları
Gərək göydə qarşılasın!

NEFT QUYULARI

Eh, bu torpağa yıxılmaq
Mənim alnıma yazılıb;
Hər gün ayağım altında
Neft quyuları qazılıb.

Quyular qazılıb mənə,
Dərindi quyum quyudan;
Görün, nə boyda neft çıxır
Mənim düşdüyüm quyudan!..

Bütün kökümü qazırlar,
Bütün soyumu qazırlar…
Hər gün bu doğma torpaqda
Mənim quyumu qazırlar.

LƏLƏK

Şairlər yer üzünün
Yolunu öyrəndilər;
Lələkdən qələm düzəldib
Göydən yerə endilər.

Qanadlar yavaş-yavaş
Unutdu öz yerini;
Şairlər unutdular
Göydən gəldiklərini

…Məni bu yer üzündə
Vurdular yerdən-yerə;
Qələmdən lələk düzəldib
Qayıdıram göylərə.

MƏN DEYƏN

Dünyada bu qədər yaşadım, amma
Mənimki dünyaynan düz gəlmədi heç;
Mən dedim, bu dünya bir gün düzələr,
Amma, yox, bu dünya düzəlmədi heç.

Hər gün divan tutdu bu dünya mənə,
Hər gün bu dünyada öldüm-dirildim.
Mənimki dünyaynan düz gəlmədi heç,
Nə dünya düzəldi, nə mən əyildim.

Dünyanın önündə əyilmədim mən,
Dözdüm bu dünyanın hər zulumuna…
Mən deyən olmadı bu dünya heç vaxt,
Mən də dünya deyən olmadım amma.

ŞAİR ƏTİ

Özgə mənim satılası nəyim var,
Gücüm özgə nəyə çatır bazarda;
Mən özümü kəsib satsam, gedərmi,
Şair əti neçəyədi bazarda?!

Mən şairəm, mənə olan olubdu,
Dünya məndən – aldığını alıbdı...
Sümüyümdə bir az ətim qalıbdı,
Şair əti neçəyədi bazarda?!

Gəlin görüm, ay ətimi yeyənlər,
Bir sanballı şairiyəm millətin;
Şair əti neçəyədi bazarda –
Deyin görüm, nədi mənim qiymətim?..

...Ayaqlarım bir-birindən ayrılır,
Biri gedir, biri getmək istəmir;
Gözü yolda – iki körpə balam var,
Şair əti neçəyədi bazarda,
Adam evə diri getmək istəmir.

ALLAHIN QƏLƏMİ

Dərdlər də kitablar kimi,
Düzülüb qalaq-qalaq;
Mən Allahın qələmiyəm,
Mənnən dərd yazır Allah.

Doğulandan, elə dərddi
Mənim doğmam-yaxınım;
Bir qara qələmiyəm
Doğma Dərd Allahının.

Bu qaraca başımnan
Dərd gələndə – mən hazır;
Allah bütün dünyanın
Dərdini mənnən yazır…

KÖRPÜ

Həyatın yollarında ağlayana gülürlər,
Gülürəm – aldadıram yoldaşlarımı.
Gülüşlərim altında göz yaşlarım görükmür,
Örtmüşəm gülüşümnən göz yaşlarımı.

Dərd üstdə gülə-gülə əl altdan ağlayıram,
Dönüb göz yaşlarına, axıram dünyaya.
Axır göz yaşlarım gülüşlərim altından,
Gülüşlərim altından baxıram dünyaya.

...Bir ömrü yaşamağa çatmadı əlim,
İllər gəldi keçdi başımın üstündən...
Çəkmişəm gülüşümü körpü kimi,
Addayıb gedirəm göz yaşımın üstündən.

BİR ÜRƏK AĞRISI

Dünyaya gələndən ağrı çəkirəm,
Ağrı çəkir məni doğma qan qədər;
Allah bu ürəyi mənə verdi ki,
Get ağrı – ürəyin istəyən qədər.

Baxmadım gözümün ucuyla belə,
Dünyanın ürəkdən anrısına mən;
Allahın verdiyi o bir ürəklə
Ağrıdım hamının ağrısına mən.

Kimin ayağına bir daş dəyirsə,
Hər dəfə sinəmdə ürək can çəkir;
Hamının ağrısı doğmadı mənə,
Ağrı görən kimi məni qan çəkir.

Allahın verdiyi o bir ürəklə
Ağrıdım dünyada hər göz yaşına;
Əl boyda ürəyi böldüm hamıyla,
Böldüm ürəyimi ağrıbaşına.

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0