Faniliyin haqqını əbədiyyətlə ödəyirik - Fərid Hüseynin şeirləri
Yazici.az ədəbiyyat portalı Fərid Hüseynin şeirlərini təqdim edir.
BƏLKƏ
Allah bizi yıxa-yıxa,
Bəlkə də döyüb öldürür.
Allah bəzi qocaların
qəddini əyib öldürür.
Xoş halına ölənlərin,
Vay halına qalanların
Allah bəzən sevənlərin
Xətrinə dəyib öldürür.
MƏNDƏN DEMƏKDİ
Qılman İmanlıya
Çox da bəxtində küsmə.
Onsuz səndən küsəcəklər.
Bir gün sən lap neyləsən də
Özgəsini seçəcəklər.
çox sevdiyim adamlar.
Gözlərinə qan damacaq.
Çatmayacaq havan da.
Təklik dənizinə atıb
əl edəcəklər limanda,
çox sevdiyin adamlar.
Sonra da uşaq kimi
Arxanca düşəcəklər.
Əllərində boşqab, qaşıq,
kədər yedirdəcəklər.
çox sevdiyin adamlar.
Yıxılanda sıxılacaq
Dizin divar döşünə
Səni dizi bükülü qoyub
Gedəcək iş-gücünə
çox sevdiyin adamlar.
Onda biləcəksən ki,
Aqil başın avammış
Bircə səni sevən elə
əksin olan adammış.
Bəs hara “buxarlandılar”,
çox sevdiyin adamlar?!
Fikir yorğununun dedikləri
Kilsələrin üstündəki xaçlar
bənzəyir dinə sancılmış qılınca.
Qürbətdə yada düşən dərdlərim
könlümü incidir, bağrımı sökür –
Bakı vaxtıyla – öz saatımızla...
Bu döyüş meydanı dünyada
“İbadət edən silahlar”ın səsindən
tutulub, kardır qulaqlarımız.
Burda kilsə zəngiylə döyülür yerə,
əcələ tələsən "əsgər ayaqları"mız...
İnsafdırmı, görəsən,
faniliyinin haqqını əbədiyyətlə ödəyirik –
cənnətlə, cəhənnəmlə,
əbədi zülmlə, əbədi xoşbəxtliklə.
Ayaq üstə yaşamaqdır sonuncu qələbəmiz –
bizi torpağa çəkən dünyada – çəliklə.
***
Ölüm deyil bir qadının yoxluğu.
Ən uzağı soyuq yemək deməkdi.
Ən ötəsi həvəssizcə əyninə,
Təzə, amma qırış köynək geyməkdi.
Nə var onsuz yaşamağa, asandı.
Cüt yataqda tək yatmaqdı “rahatca”.
Eh-vay onla dil tapmaq da çətindi,
neyləyirsən, danışammır həyatca.
Ondan, onsuz, nə qalacaq? Ötəsi...
bir cütlənmiş çəkməsi var burada.
Onu da ki, gizləyərəm uzağı.
O əldəyməz, kimsəsiz yan odada.
Kitabları dağıdaram özümçün,
yaddan çıxıb yanar xörək sobada.
Unudaram qalın paltar geyməyi:
Rahat-rahat üşüyərəm havada.
Deməz: "Evdə çəkmə bu zəhrimarı,
Siqaretim qabındaca öskürməz.
“Sevgi” sözü hər davada min dəfə,
çiliklənib, yerə-yurda tökülməz.
Gedən getsin, qapım Novruz qapısı –
gedənə də, gələnə də açıqdı.
Bir cüt gözdü onu burda gözləyən.
Onsuz axı yatmaq olar? – Ayıbdı.
Bu bəxt, bu da qaranlıq
Gülmədi bizə heç kəs,
Bizə heç kəs ağlamadı.
Aparmadı gələnlər,
Qalanlar saxlamadı.
Yanmadı işığımız,
Bu bəxt, bu da qaranlıq.
Hamı gündən qaraldı,
Biz zülmətdən qaraldıq.
***
Ata,
Vaxtın zəncirindən asılıb yoxluğun,
o zəncirdən asılıb yüyrüyüm...
Yüyrükdən enəndə,
ayağım yer tutanda
görməyəcəyəm səni?
Ata,
təklədilər məni,
söykəyib kürəyimi
anamın təsəllisinə
vuruşdum:
“Allah da təkdi, oğlum”.
Ata,
Qorudum özümü,
Ailəmizin ümid yeri
olduğumu bilən gündən.
Bayramlarda
sənin ağzınla öpürəm
anamın üzündən...
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0