Çiçəklə yazılıb balın yazısı - Vaqif Aslanın şeirləri

Apr 10, 2026 - 10:54
 0  82
Çiçəklə yazılıb balın yazısı - Vaqif Aslanın şeirləri

Yazıçı Ədəbiyyat Portalı AYB-nin Şəki bölməsinin sədri, tanınmış şair Vaqif Aslanın şeirlərini təqdim edir.

Sərhəd pozuntusu

Atamın beli idi
bir zamanlar sərhəddim.
Anamın da boynuna
düşməyə yoxdu həddim.
Məqam yetişdi axır,
Və sair, və ilaxır...

Anamın bətni kəsdi
qabağımı sədd kimi.
Qadağan işarəsi
qoyulmuş sərhəd kimi.
Durub yarımbükülü,
məqam gözlədim yenə.
Süründüm, keçdim ondan
ömrün genişliyinə.
Nəfəs dərdim doyunca,
İməklədim,yeridim
uşaqlığım boyunca.
Gəncliyimlə üzbəüz
durub dayandım bir az.
Onun da sərhəddini
gördüm pozmasam olmaz.
Onu da pozdum axır.
Və sair, və ilaxır...

Qocalığım indidən
qabağımda sanki dağ...
İslanmışın yağışdan
nə qorxusu olacaq?
Sərhəddə çevriləndə
olumumun sonu da
Dağıdıb keçəcəyəm
and olsun ki, onu da.
Ölüm də olsa sərhəd,
dayanmadan onda mən
Şığıyıb işıq kimi
keçəcəyəm ölümdən.
Keçməsəm, öləm gərək.
Ömrün də sərhədləri
dünyanın sərhədditək
Canımıza muzudur.
Yaşamaq deyilən şey
sərhəd pozuntusudur.

Daş

Yuxuda daş gördüm...
Kiminsə əlindəydi,
Atdı, kiməsə dəydi.
Qana bulaşdı daş,
Daşdan səda qopdu,
Nida qopdu:
– Kaş dilim olaydı, kaş!

Yuxuda daş gördüm...
Sürüyüb saldılar yola.
Birisi gəlirdi,
Uçurdu az qala.
Çatıb ilişdi daşa,
Az qaldı ki, qapaşa.
Söydü,tüpürdü,dedi:
– Lənətə gələsən,daş!
Daşdan səda qopdu,
nida qopdu:
– Kaş dilim olaydı, kaş!

Yuxuda daş gördüm...
Tərəzinin gözündəydi.
Bu nəydi?
Hər gələn çəpəki
Baxırdı daşa.
Satıcı coşa-coşa
Deyirdi: – Bu daş haqqı!..
Daşdan səda qopdu,
nida qopdu:
– Boynuma yıxırlar
haqqı, nahaqqı.
Yuxuda daş gördüm,
Daşın da gözündə
yaş gördüm.

Səndə şair olmamaq da günahdır

Qanqalını gözüm üstə qoyaram,
Zərrən üçün gözlərimi oyaram.
Nəfəsini yüz illikdən duyaram,
Eşqin ilə arzum budaq-budaqdır.
Səndə şair olmamaq da günahdır.

Xoş yazına, sərt qışına vuruldum,
Çiskininə, yağışına vuruldum,
Çınqılına, sal daşına vuruldum
Adın mənim yollarıma çıraqdır,
Səndə şair olmamaqda günahdır.

Bu dünyada qərənfil çox, lalə çox,
Amma sənin lalən kimi lalə yox.
Bulağının naləsi tək nalə yox,
Bulaqların nə nəğməkar bulaqdır,
Səndə şair olmamaq da günahdır.

Uşaqlığım belə döydü, ey yuvam,
Sevda məni yaman əydi, ey yuvam.
Cana gəldim, ətrin dəydi, ey yuvam,
Torpaq ki, var övladına dayaqdır,
Səndə şair olmamaqda günahdır

Şair sənsən, şeir deyən dilin – mən,
Sərkərdəsən, qılınc vuran əlin – mən.
Gözəl sənsən, sevgilin – mən, dəlin – mən,
Bilmirsənmi oğlun Kərəmsayaqdır?
Səndə şair olmamaq da günahdır.

Dərdlərimin dərmanıdır yaylağın,
Kolun-kosun, daşın-qumun, çaylağın.
Mən ölmərəm, sinəm üstə torpağın
Gül açacaq zaman-zaman, bu – haqqdır,
Səndə şair olmamaq da günahdır.

İlk məhəbbətim

Bulaqsan,.. gözümdən axırsan mənim,
Tüstüsən,.. təpəmdəm çıxırsan mənim.
Dustaqsan,.. könlümdən baxırsan mənim,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.

Sən – ciyər yanğısı,sən – sinəmdə dağ,
Yaxşısan,yamansan,.. mənimsən ancaq.
Üzümə çırpılan şillə,şapalaq,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.

Sən gah sevinc oldun,gah fəryad,gah ün,..
Kaş ki,dağılaydı mən doğulan gün.
Sən – cavan ömrümə vurulan düyün,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.

İlk dəfə heyrətdən çatılan qaşım,
Oşalanan qolum,əyilən başım.
Sən – vaxtsız yıxılıb qalan başdaşım,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.

Alın yazısı

Fərq etmir, kim razı, kim narazıdır,
Necə var elədir alın yazısı.
Ən incə yazıdan incə yazıdır
Taleyin, iqbalın qalın yazısı.

Gah ağdır, gah qara, gah da sarıdır...
Qismət güzgüsüdür, bəxt açarıdır.
Nə olsun toplayan, yığan arıdır?
Çiçəklə yazılıb balın yazısı.

Çaşanda günah yox, tale çaşdırır.
Təpədən qorxana dağlar aşdırır.
Qapqara olsa da, göz qamaşdırır
Al yanaq üstündə xalın yazısı.

Ol-öl arasında çırpınır adam,
Göysüzsə, yersizsə, o da deyil tam.
Saniyə-saniyə yazılır, atam,
Əhvalın yazısı, halın yazısı.

Uyma, Vaqif Aslan, məqama,yaşa.
Toxuma özünü qayaya, daşa.
Ayaqlara deyil yazılıb başa
Papağın, örpəyin, şalın yazısı.

Oğuz bəyləri və xatunlarına Vaqif Aslan salamı

Salam, ağ ban evləri qızılı tağlı bəylər!
Qızıl dirəkli bəylər, qızıl otaqlı bəylər!
Toyu ortaqlı bəylər, yası ortaqlı bəylər!
Çoxu ortaqlı bəylər, azı ortaqlı bəylər!
Qışı ortaqlı bəylər, yazı ortaqlı bəylər!
Keçərək neçə qışdan, keçərək neçə yazdan
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Salam, Burla xatunlar, salam, analar, salam!
Nağılları şipşirin noğul nənələr, salam!
Əl çatmayan qadınlar, ürkək sonalar, salam!
Salam, xınalı əllər, bəyaz cunalar, salam!
Ey gəlin otaqları, xoşbəxt binalar, salam!
Ürəyincə kam alıb bu sevgidən, bu nazdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Qavaldaşı qavaltək gumbur-gumbur çalanlar,
Çal qaraquşdan betər ovu göydə alanlar,
Sür qara nizəsiylə yadı atdan salanlar,
Nər kimi döyüşənlər, ər kimi ucalanlar,
Bir yerdə ömür sürüb, qarıyıb qocalanlar,
Qara poladüz qılınc təmizləndikcə pasdan
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Salam, Dəli Domrula canından can verən qız!
Bizlərə nəsil-nəsil qanından qan verən qız!
Qanturalıya qüvvət, Beyrəyə yan verən qız!
Buğanı, nər dəvəni, şiri nişan verən qız!
Bəy doğub, xan yetirib, ulu xaqan verən qız!
Qızımıza pay düşüb saçındakı qotazdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Ağca tozlu bərk yayı olan ərlər, ərənlər,
Oxu sancılan yerə gəlib salam verənlər,
Qırmızı qaftan geyib ulu bəylik görənlər,
Apalaca otaqda şirin ömür sürənlər,
Sevincə qucaq açıb, dərdə sinə gərənlər,
Üzünə su çırparaq ana Kürdən, Arazdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Ağ üzdə lalə rəngi qar üstə qan yeridir,
Səhər-səhər gün düşüb qızaran dan yeridir.
Üç öpüb bir dişləmək yardan nişan yeridir,
Yanıqlı qalanların lap alışan yeridir.
Qıyımsızlıq olmasın, quzu qurban yeridir,
Gərildikcə sim kimi titrəyib bu avazdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Bir içim su içincə sulara baş əyənlər,
Çəmənləri oxşayıb, qayaları öyənlər,
Daşına daş dəyəndə ürəyi göynəyənlər,
Başını qurban deyib, dəmirdən don geyənlər,
Qurdla salamlaşanlar, şir ürəyi yeyənlər,
Lap elə bu səbəbdən, lap elə bu əsasdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Təpəgözün bürcünü haqq özü burdu, axı!
Yalancığın yalanı gözünə durdu, axı!
Çaxdı bir ağ ildırım, başından vurdu, axı!
O vaxtdan kor qalanlar hələ də kordu, axı!
Bəy qarğışı keçəndi, alqışı zordu, axı!
Üstündə xeyir-dua, qorunub natarazdan
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Qaba ağacımızı kəsilməyə qoymadıq,
Axar sularımızı əskilməyə qoymadıq.
Yağılar sərt danışdı, hədəsinə uymadıq.
Yurddan gözəl yer olmaz, doymadıq ki, doymadıq.
Doğrandıq qıyma-qıyma, tikəsini qıymadıq,
Sizə müjdələr verib alınacaq qisasdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Köksü gözəl dağımız ucalıb, yıxılmayıb,
Bar veribdir bağımız, vədəsiz yığılmayıb.
Qazlıq at, ağ-boz ayğır buxovda sıxılmayıb.
Ağ dəvə, qızıl dəvə hesabdan çıxılmayıb,
Kafirin ülgücüylə başımız qırxılmayıb.
Sağ-salamat çıxmışıq çox şaxta, çox ayazdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Salam, böyük bayraqlı öndərlər, bəylər, xanlar!
Damarında imisti oğuz qanı axanlar.
Salam, Salur Qazanlar – Tanrıya düz baxanlar!
Elalmış, Tərsuzamış – şimşək kimi çaxanlar.
Dağlara çən gələndə yerindən dik qalxanlar.
Söz açıb Qaragünə, Düyər, Dəli Dondazdan
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Bəxt açılan saatda, ruhun gülən günündə
Adı görklü ərlərin toyunda, düyünündə,
Dədəm Qorqud nidası, Dədəm Qorqud ünündə
Məhəmməd Mustafanın üzü suyu yönündə
Amin! Səcdəyə gəldim ağ alnınız önündə!
Göy-qara bağlayanlar çıxsınlar daha yasdan, –
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 11
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 4
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0