Eşqin sevincindən qəmi böyükdür - Yusif Həsənbəyin şeirləri

May 15, 2026 - 09:40
May 15, 2026 - 09:30
 0  12
Eşqin sevincindən qəmi böyükdür - Yusif Həsənbəyin şeirləri

Əməkdar incəsənət xadimi, tanınmış şair Yusif Həsənbəy vəfat edib.

Yazıçı Ədəbiyyat Portalı şairin seçmə şeirlərini oxuculara təqdim edir.

QAYIDA BİLMƏRƏM, GÖZLƏMƏ MƏNİ

Bahar da qayıdar, qış da qayıdar,
Qayıda bilmərəm, gözləmə məni.
Uçqun yuvasına quş da qayıdar,
Dalımca atdığın daşlar qayıdar!
Küləyə verdiyin saçlar qayıdar!
Gözündən sellənən yaşlar qayıdar!
Dalımca atdığın daşlar qayıdar,
Qayıda bilmərəm, gözləmə məni.

«Bilmərəm», «Gözləmə» demək asandır,
Dil söylər, nə var ki, dil pəhləvandır.
Ancaq ay əzizim,
Ay iki gözüm!
Qayıda bilməyən, dönə bilməyən,
Kamansız bir oxdur, simsiz kamandır,
Qayıda bilməyən, nəfəssiz candır.
Səsləmə, çağırma məni, amandır,
Qayıtmaq yollarım çəndir, dumandır, -
Qayıda bilmərəm, gözləmə məni.

Bəs qayıdan necə?
Yusifə Züleyxa qoynu zindandır,
Kərəm Əslisinin eşqiylə yandı.
Axan göz yaşımdan yollar islanar,
Sənə qucaq açan qollar islanar!
Saçına düzdüyüm güllər islanar.
Daşlar parçalanar, qumlar tozlanar
Sənsiz bir kölgəyəm şahımdan kənar,
Ümmanım selimdən, dalğamdan kənar.
Bir dəli Məcnunam ağlımdan kənar,
Bülbüləm gülümdən, bağımdan kənar!
Yer göyə qarışar, fəryad çəkərsəm,
Sönmüş ulduzlar da ahımdan yanar.
Qayıda bilmərəm, necə qayıdım?
Qayıtsam ürəyim sevincdən sınar.
Qayıda bilmərəm, gözləmə məni.

Sevgilim, könlünü üzməsin kədər,
Sənsiz günəşə də baxmaz bu gözlər.
Səhraya çevrilər laləli düzlər
Quruyar könlümdə daşan dənizlər.
Sənsiz vətənsizəm –
Ruhum da, qəlbim də hey səni səslər.
Eşitsən kiməsə bəndəm, inanma!
Kiməsə şəkərəm, qəndəm, inanma!
Qurumaz o şirin dodaqlarından,
Yanaqlarıma qonan şəbnəm, inanma!
Zərgərəm, - məni zər xiridarı say!
Vəfasız Leylalar vəfadarı say!
Eşqimi Şahdağın zirvə qarı say!
Məni hərcayılar həmdəmi sanma!
Sənsiz qəzəblərim sığmaz qınıma!
Səndən özgə heç kəs yatmaz canıma,
Nazı sığal çəkməz həyəcanıma,
Qarışmaz, uyuşmaz qanı qanıma.
Çəpərlər ardından baxıb boylanma,
Səni and verirəm ata-anama,
Yolunda sadağa gedərəm, amma
Qayıda bilmərəm, gözləmə məni.

Ah, necə təşnəyəm çılğın busəyə,
Könlümə od salan çılğam busəyə.
Həsrətəm busəmlə könlümə axıb
Yanğıma su səpən o buz kuzəyə.
Qayıda bilmərəm, dönə bilmərəm!
İnanma, bu söhbət şərdi, yalandır!
Sevdanın hər annı bir imtahandır…
Eşqimiz əbədi yaşasın deyə, -
Qayıda bilmərəm, gözləmə məni!

HƏDƏFƏ DƏYMƏDİ GÜLLƏ

Hədəfə dəymədi güllə,
Bir nərədən
Dağ titrədi, əsdi qaya.
Bir dağ kəli qopub daşdan,
Getdi dibə uğuldaya-uğuldaya.

Hədəfədəymədi güllə,
Ağ səmaya dirəkləndi
Qara tüstü,
Tüstü qara qılıncıyla
Üfüqdən Günəşi üzdü.

Hədəfə dəymədi güllə,
Zəhər dolu
Bir qurğuşun düşdü gölə
Ən zəhərli timsahlar da
Nifrət dedi o gülləyə.

Hədəfə dəymədi güllə,
Uçan bir quş
Havasına gizəlləndi.
Tüstüsündən
Çiçəklərin ləçəyinə
Ölüm yağdı,
Qor ələndi.

Göy qurşağı
Qapı kimi açılmışdı,
Gələn durna qatarına.
Hədəfə dəymədi güllə,
Dəydi nəğmə,
Dəydi nizam,
Dəydi ahəng qatarına.

Hədəfə dəymədi güllə,
Bəlkə hədəf
Bir istəkdi, bir diləkdi,
Bir ürəkdi.
Hədəfə dəymədi güllə,
Ancaq güllə neçə yerdən
Dünyanın qəlbinə dəydi.

SAÇLARINA GÜL DÜZÜM

Bağçalarda yasəmənlər verdi baş-başa,
Lalələr bürüdü çəməni, düzü,
Ay sevgilim, bu yerlərdə gəzməsək qoşa,
Çəmənlər, çiçəklər qınayar bizi.

Saçlarına gül düzüm,
Mənim günüm, gündüzüm.
Sənsiz mən necə dözüm,
Bilmirəm özüm.

Payız oldu, uçdu, getdi durna qatarı,
Lalələr rəngini niyə itirdi?!
Yox, solmadı ürəyimdə eşqin baharı,
Arzular, ümidlər min gül bitirdi.

Saçlarına gül düzüm,
Mənim günüm, gündüzüm.
Sənsiz mən necə dözüm,
Bilmirəm özüm.

SƏN OLA-OLA

Əlim gəlməz tutum özgə əlindən,
Sən ola-ola.
Umacağım olmaz bir qız-gəlindən,
Sən ola-ola.

Sən olmasan Günəş sönük şam olar,
Olsan, göy Ay dolu böyük cam olar.
Bütün dünya toy olar, bayram olar,
Sən ola-ola.

Yoxsan, zindan nəbzi var ev-eşikdə,
Gözümə qor, tikandı tər çiçək də.
Xoş nəğmədi coşan sel də, külək də
Sən ola-ola.

Sən var ikən kədər olmaz, ah olmaz,
Sən olmasan gün doğar, sabah olmaz.
Coşar, çağlar qırıq telli, köhnə saz,
Sən ola-ola.

Zirvələrə əlimdən tut, öndə çıx,
Dan yerinəm, ordan günə dön də çıx!
İsindirməz məni başqa nur, işıq,
Sən ola-ola.

Daşqın könlün sənsiz inlər kamanı,
Qaysaqlayıb yaxar simlər kamanı.
İki billəm tək olan bu dünyanı,
Sən ola-ola.

SEVİRƏM DEMƏDİM

Öpdüm, sığalladım tellərini mən,
“Sevirəm” demədim, necə deyəydim?
Dərdim qönçə vaxtı güllərini mən,
“Sevirəm” demədim, necə deyəydim?

Qışda sənə yetib, güllü yaz oldum,
Lal ikən vəslində çılğın saz oldum,
Sənə “can-can” deyə candan üzüldüm,
“Sevirəm” demədim, necə deyəydim?

Sevdi əlim, qolum, sevdi gözlərim,
Sevdi gülüşlərim, şirin sözlərim,
Sevdi yollarına düşən izlərim,
“Sevirəm” demədim, necə deyəydim?

Uçmağa mən verdim qol-qanad sənə,
Toy-bayram gətirdi bu həyat sənə.
Sədaqətim oldu mükafat sənə,
“Sevirəm” demədim, necə deyəydim?

SƏN OLMASAN

Sən olmasan günəş sönük şam olar,
Sən olmasan sevinclərim qəm olar.
Amma dünya toy olar, bayram olar –
Səninlə bir olanda biz.

Sən olmasan aman olmaz ürəkdə,
Sən olmasan tikan var hər çiçəkdə,
Xoş layladı çoşan sel də, külək də -
Səninlə bir olanda biz.

Sən var ikən ürəkdə bir ah olmaz,
Sən yox ikən gün doğar, sabah olmaz..
Mizrab qırar qırıq telli, köhnə saz –
Səninlə bir olanda biz.

Vurğun könlüm sənsiz dönər kamana,
Aylı gücəm batar qara, dumana.
Eşqimizdən nur çilənər cahana –
Səninlə bir olanda biz.

YOX DÜŞƏ BİLMƏRƏM TƏZƏ EŞQƏ MƏN

Elə söndürmədin ocaqlarımı,
Bir də küləklənib alışa bilsin!
Sən elə qırmadın budaqlarımı,
Qızıl qönçələri sayrışa bilsin!

Usandım sənsizlik gecələrindən,
Yoxsa zülmətlərə öyrəşən oldum!
Eşqin şirin-şirin çeşmələrindən
Ağını, zəhəri içən mən oldum!

Sən elə qırdın ki, zəng simlərimi,
Sazımda cəngilər çala bilmirəm.
Mən öz bənövşəyi iqlimlərimi
Başqa baharlardan ala bilmirəm.

Sən elə qatmısan yuxularımı,
Bezmişəm sərt, soyuq gecələrimdən.
Di gəl ki, günəşlı duyğularımı
Sənin görüşünə saxlamışam mən.

Uçdun ayrılığın üfüqlərində,
Ardınca gözlərim qamaşa qaldı.
Sən uçdun, fəqət toy, düyün yerinə
Mənə bir faciə tamaşa qaldı.

Ümidlər sonsuzdur, arzular geniş,
Məhəbbət hamınin dadına çatır.
Eşqindən od tutub sönən deyilmiş,
Səndəki vüsalın dadı başqadır!

Gülüb gülüşümlə ürək dolusu,
Demişdin: - səninəm, çəkmə kədər, qəm.
Sən ey eşq bağının sərv boylusu
Qalxıb boylarına çatmaq istərəm.

Hayladım mən səni dağlar arası,
Səsimə Aranda ceyranlar hürkdü.
Mən nədən biləydim zalım balası,
Eşqin sevincindən qəmi böyükdür!

Demə hicran məni tutardan salıb,
Dönüyəm bir para sevənlər kimi!
Əlim ətəyinə yapışıb qalıb,
Ya ətəyini kəs, ya da əlimi!

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0