Gülər ölümün üstə - Saqif Zeynalın şeirləri

Okt 23, 2026 - 21:01
 0  4
Gülər ölümün üstə - Saqif Zeynalın şeirləri

Yazici.az ədəbiyyat portalı nakam gənc şair Saqif Zeynalın şeirlərini təqdim edir.

Kor baxış

Səndən mənə bir kor baxış,
Düşməzmi, yar, düşməzmi, yar?
Bu intizar bağrım başın,
Deşməzmi, yar, deşməzmi yar?

Gecələr bir dan içində,
Adamlar bir can içində,
Ürəyim al-qan içində,
Bişməzmi, yar, bişməzmi, yar?

Ruhu şikəst, cismi yalan,
Ömrü viran, qəlbi talan,
Sənin kimi dərdi olan,
İçməzmi, yar, içməzmi, yar?

Bu əzaba dözərmi can?!
Damarımda sümükdü qan.
Saqif Zeynal bu dünyadan,
Köçməzi, yar, köçməzmi, yar?...

Sağ yerinə

Keçirirəm ruhumu,
Cismimin “bağ” yerinə.
Çəkilirəm hər gecə,
Hicaranın dağ yerinə.

Beynim sökülüb gedir,
Dərdim tökülüb gedir.
Gecə çəkilib gedir,
Səhərin ağ yerinə.

Bu nə qəribə işdi,
Haçan qızarıb bişdi,
İlahi, bu qız düşüb-
Eşqimin “dağ” yerinə?!

Yalqızılıq mənim odam,
Burda hamıya yadam,
Hər gün ölüb bu adam,
Yaşayır sağ yerinə...

Apar məni

Həyatın «gor bucağ»ında,
Qürbətin «kor bucağ»ında,
Yalqızlığın qucağında,
Bir kimsə yoxlamaz məni...

Kimdi sahib çıxan dərdə?!
Dərd sürünür bu yerlərdə.
Vurulduğum gözəllər də,
İçimdən oxlamaz məni.

Bu söz qəlbə yatar gedər,
Allaha da çatar gedər.
Gecələr də atar gedər,
Səhərə saxlamaz məni...

Gülər ölümün üstə

Bir baş enər hər gecə,
Enər qolumun üstə.
Bir ayaq səhər-axşam
Çıxar yolumun üstə.

Çıxar, durub dayanmaz,
Yollarıma satar naz,
Tül bürünüb bəmbəyaz,
Gedər ölümün üstə.

Hicrandan vüsal dərər,
Dərər, yoluma sərər,
Məni sevib öldürər,
Gülər ölümün üstə.

Sənin qələm qaşlarında

Ürəyim zaman kürəsi,
Bişib-düşdü məhəbbətim.
Soyudu, hər gün soyudu,
Ötüb-keçdi məhəbbətim.

Eh... Sevgidə fikir var a,
Mismarlanar ulduzlara.
Ruhumu da çəkib dara,
Dəlib-deşdi məhəbbətim.

Başı hicran daşlarında,
Yoğrulub göz yaşlarında,
Sənin qələm qaşlarında,
Düyün düşdü məhəbbətim...

Gülərmola

Ax, bu fani məmləkətdə,
Üzüm bir dəm gülərmola?!
O hər şeyi görən, bilən
Əhvalımı bilərmola?!

Gün tək batıb gedənlərim,
Yola yatıb gedənlərim,
Məni atıb gedənlərim,
Qayıdıban gələrmola?!

İnlər könlümün telləri,
Axar gözümün selləri,
Üzü dönmüşün əlləri,
Göz yaşımı silərmola?!...

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru