Günəş də bir rəssamdır - Ələsgər Əlioğlunun uşaq şeirləri

Noy 18, 2026 - 23:28
 0  0
Günəş də bir rəssamdır - Ələsgər Əlioğlunun uşaq şeirləri

Yazici.az ədəbiyyat portalı Ələsgər Əlioğlunun uşaq şeirlərini təqdim edir.

Rəssam günəş

Günəş də bir rəssamdır,

İşə başlayar səhər.

Qəribədir,

Şəkli o,

Daim fırçasız çəkər.

 Çəkər adam, inək, at,

Qoyun, quş, ağac, dirək...

Bu rəssamın hər şəkli,

Olduqca çıxar qəşəng...

 Şəkillərin hamısı,

Pozular  axşam çağı.

Günəş şəkillərini

Kölgəylə

çəkər axı!..

Zoğal ağacı

Havalar sınır daha,

El-obadan köçür qış.

Tez çiçək açmaq üzrə,

Bağda başlanır yarış...

Yazın hənri vurduqca,

Tumurcuqlar oyanır.

Bağda zoğal ağacı,

Birincilik qazanır.

Torpaq toru

Mən deyirəm:

- Ay baba,      

Torpaq bəzən sürüşür!

Dayanmır öz yerində,

Bir-birindən gen düşür...

O deyir:

 - Çox ağac ək,

Kökü getsin dərinə.

Balıqçı  toru kimi

Hörülsün bir-birinə...

Bil ki, salmış olarsan,

Onda torpağı tora.

Ha can atsa da belə,

Sürüşməz ora-bura...

Dəcəl cığır

Ora-bura dolanan,

Bu cığır çox dəcəldi.

Dayanmadı bir yerdə,

Üz tutdu hara  gəldi...

 Gah dırmaşdı qayaya,

Gah da dərəyə çıxdı.

Nə bir bizi eşitdi,

Nə də bir  sözə baxdı...

 Hərləndi sola-sağa,

Axır  tamam yoruldu.

Bizi çıxardı yola,

Amma özü yox oldu...

Qaranquşlar

səhv salar...

 Şaxta çıxır aradan,

Yer-yurddan əriyir qar.

Bir azdan qanad çalıb,

Geri dönəcək quşlar...

 Aylin durmur bir yerdə,

Tez-tez həyətə çıxır.

Gözünü zilləyib o,

Hey sağa-sola baxır...

 Narahatlıq bürüyüb,

Haçandan bəri qızı:

"Qaranquşlar səhv salar,

Birdən eyvanımızı!.."

Quşların yelləncəyi 

Ağacdan kəndir asıb,

Qurmuşam bir yelləncək.

Bu yelləncəyim mənim,

Elə qəşəngdir, qəşəng...

Yelləndiyimi görüb,

Quşlar verir səs-səsə.

Mənim yellənməyimdən,

Onlar gəlir həvəsə...

Bağda yelləncək qurmaq,

Quşlara nə gərəkdir.

Nazik-nazik hər budaq...

Onlara yelləncəkdir.

Cərgə düzülüb quşlar,

Gör necə də şənlənir.

Bağda mənimlə birgə

Onlar da hey yellənir...

Bulaq

Bu dağların qoynunda,

Çoxlu cığır dolaşır.

Biri yamaca qalxır,

Biri gədikdən aşır.

Biri enir dərəyə,

Biri dırmaşır yala.

Biri üz tutur sağa,

Biri üz tutur sola...

Bu cığırlar axırda

Gəlib bir yerə çıxır.

Bulaq

Bu cığırları

Çəkib başına yığır.

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru