Şeir də şairin evidir - Qulu Ağsəslə müsahibə

Noy 2, 2026 - 15:33
Noy 2, 2026 - 15:33
 0  2
Şeir də şairin evidir - Qulu Ağsəslə müsahibə

Yazici.az ədəbiyyat portalı Sevinc Mürvətqızının “Kişiyana” layihəsində “Ulduz” jurnalının baş redaktoru, tanınmış şair Qulu Ağsəslə müsahibəni təqdim edir.

“Kişiyana” layihəsində - bu kəlmənin ənənəvi sosial qəliblərdən, pafoslu təyinat və zahiri stereotiplərindən uzaqda - mənəvi məsuliyyət, daxili ləyaqət və insanın öz vicdanı qarşısındakı hesabatı aspektindən söhbətlər təqdim olunur.

Layihənin budəfəki qonağı şeirindəki kövrəkliyi kişi qüruru ilə birləşdirən, nisgilini, ağrısını kinayə və yumora bələyib təqdim etməyi bacaran “Ulduz” jurnalının baş redaktoru, tanınmış şair Qulu Ağsəsdir.

Onunla Gülablının kənd qayalarından Bakının ədəbi bohemasına uzanan ömür yolu, Leninlə başlayan ilk poeziya macərası, gizlədilən əlyazmaları, “köhnə kişilər”in yazılmamış əxlaq kodeksi, qadına bəslənən ehtiram, tənha insanın özünü qucaqlamaq zərurəti, 90-cı illərin güllələnmiş gəncliyi və ədəbiyyatın bugünkü həqiqətlərindən danışmışıq.

Şairin özünəməxsus kədəri, düşündürən ironiyası və səmimiyyəti ilə bütövləşən bu müsahibənin də sevilən şeirləri kimi dörd gözlə oxunacağına inanırıq.

– Söhbətimizə lap əvvəldən başlayaq – Lenindən… Çap olunan ilk şeiriniz Lenin haqqında olub, “Pioner” jurnalında çap olunub…

– Uşaq vaxtı dərsimi oxuyub hazırlaşandan sonra evdəkilərə danışmaq kimi bir şakərim vardı. Qardaşım çıxıb gedirdi, anam qalırdı əlimdə. Bir dəfə yenə dərsimi oxuyub evdə danışandan sonra boş vaxtımızda qardaşımla belə qərara gəldik ki, dama oynayaq, uduzan şeir yazsın. Təklif məndən gəlmişdi. Onda 7-8 yaşım olardı. Qardaşım oynaya bilirdi, mənsə yox. Uduzdum və ilk dəfə onda şeir yazdım. Sonra məktəbdə uşaqlar bunu bildilər. Şeir yazan uşağa neyləyərlər? Bütün sinif yoldaşlarım başladı məni ələ salmağa. İlk yazdığım şeir Moskvaya aid idi. Ondan sonra ana, ata, məktəb haqqında xeyli şeir yazdım. Özüm utancaq idim, çap etdirməyə utanırdım, günlərin bir günü məndən xəbərsiz şeirlərimi redaksiyaya göndərdilər. Bir də gördüm ki, 1980-ci ildə “Pioner” jurnalında şeirim çıxıb. Altında da adım və məktəb qeyd olunmuşdu: Qurban Pirimov adına Gülablı kənd orta məktəbi. Göndərilən şeirlərin içindən məhz Leninə aid olanı seçib vermişdilər. Beləliklə, ilk çap olunan şeirim “Lenin” oldu. O gündən indiyə qədər Leninlə münasibətim yaxşıdır… Çünki o, proletariatı birləşdirdi-birləşdirmədi bilmirəm, amma məni poeziya ilə dostlaşdırdı. Mənim üçün uğurlu oldu.

O şeirin dərcindən sonra Ermənistandan, Gürcüstandan, Baltikyanı ölkələrindən 500-dən çox məktub aldım: SSRİ məkanında dostluq klubları vardı, hamısı məni üzv seçirdi. Poçtalyon hər gün qucaq-qucaq məktub gətirəndə anam üzərlik yandırırdı, cibimə dualar qoyurdu. Bu ilk populyarlıqdan sonra gündə 10–15 şeir yazmağa başladım. Axırda anam məni götürüb mollaya apardı ki, uşağın ağlı çaşıb. Qohum-qonşu da deyirdi ki, artıq Bakıda çap olunmusan, məktublar gəlir, dayanma, yaz. Bir də o dövrdən məndə başqa bir xasiyyət yarandı: yazdıqlarımı gizlədirdim. Bu bir kompleksə çevrildi və əlli ildir məndən əl çəkmir. İndi də yazandan sonra elə yerdə gizlədirəm ki, evdəkilər görməsin. Qızım hərdən deyir: “Ata, sən doğrudan şeir yazırsan? Bir dəfə görməmişəm oturub yazasan”. Hamı yatanda, heç kəs olmayanda xəlvətcə yazıram və sonra gizlədirəm. Xəttim də çox pisdir, bəzən yazdığımı özüm də oxuya bilmirəm.

– Üstündən uzun illər keçəndən sonra bu gün həmin misralarınıza münasibətiniz necədir ?

Onun məhəbbətindən nə ürək, nə göz doyur,

Bizim hər işimizə Lenin baba göz qoyur…

– Yeddi yaşındakı bir uşağa münasibətim necə munis, saf və təmizdirsə, elədir, heç nə dəyişməyib. Mən heç nədən imtina edən adam deyiləm: nə keçmişimdən, nə bu günümdən, nə gələcəyimdən. Nə olubsa, olub, yazmışam. O vaxt atamdan, anamdan, ağacdan, quşdan, Haçadağdan, novruzgülündən, kəhrizdən də yazmışdım. Amma dövrün tələbi kimi onu seçib qoymuşdular. Və mən o yeddi yaşımda bu yazdığıma sidq-ürəklə inanırdım, yalandan yazmamışdım…

– Ağdamın Gülablı kəndində böyümüsünüz. Oradakı kənd kişisinin kodeksləri ilə Bakının ədəbi bohemasında formalaşan kişi anlayışında fərqlər varmı? “Köhnə kişilər” deyirlər - kim idi bu əfsanəvi köhnə kişilər və o mühitdən gəlib burada necə uyğunlaşdınız?

– Çoxdan bir esse yazmışdım. 1990-cı illərdə bulvarda qağayılar çox idi, sonralar isə qarğalar peyda oldu. Düşünürdüm ki, bu qağayılar keçid dövründə başqa ölkələrə getmiş quşlardır, oradan qarğalar kimi qayıdıblar. Mənə çox pis təsir etmişdi. Həmin essedə yazmışdım ki, bulvarda sərçə görəndə elə bildim kənddən mənim arxamca gəlib. Qağayı da, qarğa da mənə dogma deyil, amma sərçəni həmişə evimizin qabağında görmüşəm. Mənə elə gəlmişdi ki, həmin sərçəni kənddən göndəriblər ki, get, dəniz kənarında onu tək qoyma, göz-qulaq ol.

Uşaq olanda yuxuda çox uçardım. İki gündən bir anama deyirdim ki, uçuram. Anam deyərdi: “İnsan nə qədər pakdır, təmizdir, uşaqdır, uçur. Sonra böyüyür deyə, uça bilmir”.

Köhnə kişilərə gəlincə, 2003-cü ildə AzTV-də “Yurd yeri” adlı sənədli film hazırlayanda bu haqda danışmışdım. Bizim tərəflərdə heç kəs at belində özündən böyüyə salam verməzdi. Atın başını yığar, dayandırardılar. At dayanmasaydı belə, özünü atdan yerə atar, piyada salam verib keçərdilər. Maşın siqnalı ilə böyüyə salam verilməzdi. İnanc vardı: ev tikən usta şaqulu heç vaxt divardan asılı qoyub yatmazdı, deyərdilər, şeytan səhərə qədər onu işlədər. Yəni heç bir iş yarımçıq qalmamalı idi. Yatağından duranda dərhal yerini yığışdırmalıydın, açıq qala bilməzdi...

...Mən şeir demək üçün qayaya çıxardım. Ən rahat yer oraydı: kimsə səni görmür, heç kim fərqinə varmır, külək əsir, daşların arasında ilanlar... Kənd aşağıda qalır, sən qayanın başında şeir deyirsən. İndi də darıxanda, nəfəsim çatmayanda elə bilirəm Gülablıdakı Maşabbas qayasına çıxıram. Bu yaxınlarda eşitdim ki, o qayanı dağıtmaq, karyer açmaq istəyirlər. Ona bir şeir yazdım və xoşbəxtlikdən iş dayandırıldı. İndi də şeir yazanda və deyəndə elə bilirəm qayaya çıxıram.

– “Kişiyanalıq” Qulu Ağsəs üçün nə deməkdir?

– Bəzən deyirlər ki, filankəs kişi kimi qadındır. Bu söz heç vaxt ürəyimə yatmır. Qadın niyə kişi kimi olmalıdır? Qadının bütün lətafəti, gözəlliyi onun zərifliyindədir. Qadın elə qadın kimi olsun. Çünki mən kişi kimi qadını görmüşəm, məni o cür qadın böyüdüb. Heç bir qadına arzulamıram ki, həyatda həm də dünyasını dəyişmiş ərinin yükünü də daşısın. Qadın kimi kişi nə qədər naqisdirsə, kişi kimi qadın da mənim üçün o qədər arzuedilməzdir.

Kişiliklə qadınlıqdan əvvəl bir insan amili dayanır. İnsanın sənə heç bir xeyri dəymirsə, ziyanı da dəyməsin. Həyətdəki pişiyə yem vermirsənsə, ayağınla da vurma. Özün yaşa və imkan ver başqaları da yaşasın. Naqis adam odur ki, nə özü yaşayır, nə başqasına imkan verir. Neqativini hamı ilə bölüşür, amma pozitivini heç kimə demir. Bölüşülməyən sevinc mənim üçün kədərdir. Əgər insan öz tikəsini paylaşmırsa, deməli, o hələ də acdır. Kişiyanalıq həm də sahib olduğunu paylaşmağı bacarmaqdır.

– Şairlik bəzən kövrəkliklə assosiasiya olunur, Azərbaycandakı kişi isə stereotiplərə görə dözümlü, sərt və susqun olmalıdır. İçinizdəki şairlə kişinin “davası” olurmu? Kim qalib gəlir?

– Mənim sevgi şeirlərimdə heç vaxt qadına yalvarış olmur. Şeirlərim qız dalınca düşmür, qadın üçün ölmür. İçimdəki qürur bütün yaradıcılığımda dolaşır:

Tanıya bilmədin nahaqdan məni,

İndi mat qalmısan… Bu Qulu mənəm?

Keçər günahımdan Allah da mənim,

Kişi deyilləmmi? Nə olub mənə?

Yenə hər nə olsa, sənə olacaq,

Məni tanı indi, bunu bil barı!

Mənə bircə məktub yazarsan ancaq –

İçində bir kəlmə: – “Utan, öl barı!”

Ayağın da getməz, əlin gəlməsə…

Kəsib aralığı beş addım… hayıf!

Bir atım ürəyin varmış… nə isə,

Onu da havaya boşaltdın… hayıf!

Unut tamam məni, yadırğa təki,

Ayrılıq qismətmiş bizə, görünür.

Mənə uzaqdan da baxma, inan ki,

Düşmən də üz-üzə gözəl görünür…

Mən təbiətən kövrək insanam, amma şeirimi heç kimin arxasınca süründürə bilmərəm. Yeniyetməlikdə, gənclikdə dost-tanışın xahişi ilə onların dilindən qızlara ünvanlanan şeirlər yazmışam, o şeirlərlə qızları tovlayıblar. Amma onları elə o vaxt da ədəbiyyat hesab etmirdim.

– Qadından ötrü ölmək ayıbdır, sizcə?

– Qadın yolunda ölmək dünyanın ən gözəl ölümüdür. Həm də bir yol yox, dəfələrlə!

Dünyanın o başında

Səni

neçə şahlar satıb, Qadın,

necə şairlər qələmə alıb,

Səni

bütün kişilər

sevib, aldadıb, Qadın!

Dünyanın bu başında

mənə ancaq üzr istəmək qalır

Sənin qarşında!..

Qadın vətəndən daha çox vətəndir. Bizim ilk vətənimiz ana bətnidir. Dünya da vətəndir, amma ana bətni bir körpəlik vətəndir. Kəmiyyət və keyfiyyət fərqi buradadır: ən kiçik olan ən qutsaldır. Yer üzünün yetmiş-səksən faizi sudur, amma cəmi üç faizi içməlidir. Poeziya da o az tapılan su kimi qiymətlidir. Qız çağıran, ucuz hisslərə köklənən şeirlər dəniz suyu kimidir, çoxdur, içilmir, onunla hətta maşını yusan, boyasını tökər…

– Qadınlardan söz düşmüşkən, müasir dövrdə onlar daha güclü, daha müstəqildirlər. Sizcə, bu reallıq kişi eqosunu zədələyir, yoxsa çiynindən yük götürür?

– İndi bir çox qadınlar həm ailə başçısı, həm də “ailə başsızı” olmağı çox yaxşı bacarırlar. Bütün yükü tək çəkirlər. Bu, əslində çox ürəkağrıdıcıdır. Qadın güldür, amma gedib özünə vedrəylə su daşıyıb dibinə tökür, dibini belləyir. Özünə qulluq edən gül görmüsünüz? Gül özünə qulluq etməməlidir, gülə qulluq olunmalıdır. Öz ayağı üstündə duran, qazanan çox ləyaqətli xanımlar tanıyıram. Övladlarını böyüdür, oxudurlar. Zahirən xoşbəxt görünürlər, amma bu, yuxusuz gecələrin, hədsiz yorğunluğun hesabınadır.

Allah bizi qadın və kişi kimi yaradıb. Kişinin “çörəkpulum yoxdur”, “çaypulum yoxdur” deməyə haqqı çatmır. Kişi nə qədər çətin vəziyyətdə olsa da, “edə bilmirəm, yoxumdur” deməməlidir, çıxış yolu tapmalıdır, zəhmət çəkməlidir, qazanmalıdır. Hətta heç vaxt evlənməyən subay bir kişinin də bir qadına borcu var, özü də heç tanımadığı qadına. Heç olmasa, bir dəfə küçədən keçən tanımadığı bir qadına gül almalı, ağır zənbilini qapısına qədər daşımalıdır.

– Qulu Ağsəsin şeirindəki qadın kimdir?

– Mənim şeirimdəki qadın şeirimin sevdiyi qadındır. Orada konkret şəxs yoxdur. O, mənim görmək istədiyim qadındır. Hər dəfə onu yenidən kəşf edirəm. O, qulluq olunan, sevilən və gül kimi qadındır. Məncə, kişilər zəhmət çəkib sevməli, qadınlar isə naz edib sevilməlidir. Sevməyin canında sevilmək, sevilməyin mayasında isə sevmək var. Sevmək böyük cəsarət tələb edir, ona görə də o, ilk növbədə, kişiyə yaraşır.

– Məşhur bir el deyimimiz var: “Kişi ağlamaz”. Bununla razısınızmı? Ən son nə vaxt və nə üçün ağlamısınız?

– Necə ki deyirlər nə isə hər iki əlimdən gəlir, bax, ağlamaq da mənim hər iki gözümdən gəlir, eynək taxdığım üçün dörd gözümdən gəlir. Ağlayanda eynəyim də gözlərimə qoşulur. “Kişi ağlamaz” deyiminin mənə dəxli yoxdur. Sonuncu dəfə nə vaxt ağladığımı dəqiq xatırlamıram, çünki bu, tez-tez baş verir. Məsələn, bu yaxınlarda Nigerin dövlət himninə qulaq asanda ağlamışam. Mənim hobbim var: səhərlər YouTube-da hansısa az bilinən ən müxtəlif melodiyaları dinləyirəm. Məsələn, qaraçı, monqol musiqilərinə və müxtəlif ölkələrin himnlərinə qulaq asıram. Niger himnində görün nə deyilir:

"Niger sahillərindən

Tenere çöllərinə qədər,

Biz qardaş və bacılarıq.

Eyni Vətənin – Nigerin övladlarıyıq…”

Himni dinləyəndə mənə elə gəldi ki, o xorun səsində ac insanların fəryadı var. Masamın üstündəki çörəyə, soyuducumdakı ətə baxıb utandım.

– Özünüzə nələri etiraf etməkdən qorxursunuz?

– Özümə nəyi etiraf etməkdən qorxuramsa, məhz onları yazıram. Mən ancaq yazanda cəsarətli oluram. Bir şeirimdə deyildiyi kimi: “Allahdan başqa hamıdan qorxurdu yazıq”. O mənəm. Mən Allaha inanıram, amma başqaları kimi “Allah məni cəzalandıracaq” deyə düşünmürəm; həmişə məni mükafatlandıracağını gözləyirəm və mükafatlandırır. Həyatda olmaq, nəfəs almaq elə ən böyük mükafatdır. Biz xoşbəxtliyi çox uzaqlarda, əlçatmaz məfhumlarda axtarırıq, halbuki o, xırdalıqlardadır. Küləyin əsməsi, günəşin doğması, havanın axını səni xoşbəxt etmirsə, başqa nə edə bilər? Həyətimizdə futbol oynayan otuza yaxın uşaq var. Blokdan çıxanda hamısı bir ağızdan “Qulu əmi, salam!” qışqırır. Hamısı ilə tək-tək görüşüb öpüşürəm. 30 uşağın sənin adını sevgiylə çəkməsi həmin günün xoşbəxtliyi üçün bəs etmirmi? Sən həmin gün niyə xoşbəxt olmayasan? 5 günlük dünyanın bir günün belə xoşbəxt oldun, əladı da!..

– Qulu Ağsəs deyəndə ədəbiyyat bilənlərin yadına daha çox “Görsən üşüyürsən… yandır özünü…” misranız düşür…

– Çox üşümüşəm... Üşüyəndə özümü də yandırmışam bəzən… Bir dəfə dişim ağrıyanda düşündüm ki, bu qədər sevənim var, amma heç kim gedib mənim yerimə həmin ağrını çəkə, dişini çəkdirə bilməz. İndi motivasiya kouçları da deyirlər ki, insanın xilası yalnız özündədir. Üşüyürsənsə, iki əlin var, qucaqla özünü… İnsan tənha olanda özünü qucaqlamağı bacarmalıdır.

İranda çıxan kitabımın adı “Yorğun ağac” idi. Mən özümü o yorulmuş ağac kimi görürəm: altında skamyası, budağında quşu, kölgəsində insanı olan bir ağac. Külli-aləm onun başına yığışıb! Bir sənədli filmdə gördüm, böyük meşədə nəhəng bir ağac bütöv meşəni sarıb, kökünü tapa bilmirlər. O ağac mənim üçün bəşəriyyətin atası Adəmin metaforu idi. Hamımız bir kökdən gəlmişik, bəs onda niyə bir-birimizə düşmən kəsilirik?

– “Gözüm Tanrı taxtındadır…” yazırsınız bir şeirinizdə. Ümumiyyətlə, yaradıcılığınızda Allaha yönələn, içində üsyanın da, kədərin də olduğu xeyli şeirlər var…

– Doxsanıncı illərdə, dünyanın və ölkənin ən ağrılı çağlarında bütün dialoqlarım Allahla idi. Ən çətin illərdə ancaq Onunla danışa bilirdim. 1997-ci ildə “Sənsən hər yer” şeiri ilə bu dialoqa son qoydum:

Gedib tövbə eləməyə mənə yer ver, İlahi,

Elə yer ki, baxıb görüm, Sənsən hər yer, İlahi.

Bununla da o silsilə bitdi. 1990-cı illərdə bizim gəncliyimiz olmadı. Qarabağda döyüşən tay-tuşlarımıza atılan güllələr Bakıda bizim gəncliyimizə dəyirdi. Yoldaşlarım, dostlarım şəhid olurdu, itkin düşürdü. Şəhid dostum Xaliqə şeir yazmışdım:

Allaha baxmasaydım,

girməzdin yuxuma da!

Torpaq kimi soyuyur –

ən isti, yaxın adam...

Harda itib-batmısan,

hayına çağır gəlim.

Toyuna çağırmadın,

vayına çağır gəlim...

Belə bir vaxtda hansı gənclikdən danışmaq olardı? Ona görə də bütün etirazım, üsyanım göyə idi: axı niyə belə olur, niyə? Sonra başa düşdüm ki, bu mənim qədərimdir, bu dövrün ağrısı mənim taleyimə yazılıb.

– Taleyə inanırsınız?

– İnanıram, amma həm də insanın taleyinin öz əlində olduğunu düşünürəm. Məsələn, rəsm çəkə bilmirəm, xətkeşlə düz xətt çəkməyə belə qabiliyyətim yoxdur; bilirəm ki, bu sahə mənlik deyil. Şairlik isə bir taledir. Övladım Alsu ingilisdilli ədəbiyyatı tədqiq edir, 94 yaşlı amerikalı feminist yazıçının əsərini dilimizə çevirib. Bu da onun taleyidir və haradasa, mənim yolumun davamıdır. Mən ancaq o adamlara müdaxilə edirəm ki, görürəm jurnalistikada, ədəbiyyatda uğursuzdur; onları biznesə, dövlət qulluğuna yönəldirəm. İndi rayonların birində şöbə müdiri işləyən dostum var, mənim məsləhətimlə getdi və hər dəfə mənə təşəkkür edir. Saat beşdə yazının qapısını bağlayan adamdan yazar olmaz, yazı sənəti 24 saat səninlə yaşamalıdır.

– Şeir yazmaq sizi arındırırmı? Yaradıcılıq prosesiniz necədir, ümumiyyətlə?

– Mən yazmamaq üçün bütün variantlara əl atıram: həyətə düşürəm, gəzirəm, yeyirəm, çay içirəm, televizora baxıram, telefonda kommunal borcları yoxlayıram... Təki yazmayım. Amma gecənin bir aləmində görürəm ki, yox, qaçmaq mümkün deyil, o söz səni məcbur edir ki, durub yazasan. Şeirlərimi qısa yazmağımın bir səbəbi də vaxtilə “Ədəbiyyat qəzeti”ndə, “Ulduz”da çap olunanda həmişə mətni ixtisar etmələri olub. Mən də başladım qısaltmağa ki, onsuz da kəsəcəklər, qoy elə əvvəldən özüm doğrayım.

– Evdəki Qulu Ağsəs necə bir kişidir – ərköyün şair, yoxsa bazarlıq edən, zibil atan adi ailə başçısı?

– Gündə bir dəfə çörək alan və üç dəfə zibil atan adi bir adam. Ərköyünlük-filan yoxdur. Bir dəfə bazarlıq edirəm, qalan nə alsam, zibilə atdırırlar ki, düzgün almamısan. Evdə yeganə gördüyüm iş çörək almaq və zibil atmaqdır.

– Bir müsahibənizdə demisiniz: “Ağlı başında olan qadınların heç biri şair və ya yazıçı ərindən məişət problemləri barədə soruşmaz”. Sizcə, şairlə ailə həyatı qurmaq qadından xüsusi fədakarlıqmı tələb edir?

– Qadından birmənalı şəkildə fədakarlıq tələb edir. Məsələn, bəzən pullu təkliflər, böyük layihələr olur, amma hiss edirəm ki, ürəyimcə deyil, imtina edirəm. Həyat yoldaşım bunu anlayışla qarşılayır. Başa düşməsəydi, deyərdi ki, get otur, pulunu qazan. Bu qarşılıqlı anlayış insana rahatlıq və güvən verir. Mənim elə böyük tələblərim yoxdur; bir tikə çörəyimiz olsun, başımızın üstündə damımız olsun, yağış yağanda içəri su dammasın, bəs edir.

– İllərdir “Ulduz” jurnalına rəhbərlik edirsiniz, AYB-dəsiniz. Rəsmi kreslo, baş redaktorluq məsuliyyəti içinizdəki şairi ram edirmi?

– Redaktə və senzura ilk növbədə yazarın öz daxilində olmalıdır. Redaktə nədir? Səhər yuxudan duranda üzünü yuyursan, təraş olursan, səliqəli geyinirsən; ev paltarında bayıra çıxmırsan ki... Redaktə də gələn yazının üst-başını təmizləmək, onu səliqəyə salmaqdır. Baş redaktorun inqilabi borcu hamını çap etmək deyil, hər şeyi çap etməməkdir. Yazıçının borcu hər şeyi yazmamaq olduğu kimi. İstənilən yaxşı yazı bizim jurnalda gedirsə, bu, həm də mənim imzam deməkdir.

İndi məsələn, Xaqani Şirvani ilə bağlı xüsusi nömrə hazırlayırıq. Farsca orijinal mətnlər üçün mütəxəssis tapmışıq. Jurnalımız ümumiyyətlə, rəngli çap olunmur, amma dost-tanışın köməyi ilə vəsait tapıb nəfis şəkildə, rəngli səhifələrlə sözügedən yubiley buraxılışını hazırlayırıq. Hadiyə, Füzuliyə, Nizamiyə borcumuzu bu cür xüsusi nömrələrlə vermişik, indi də Xaqaniyə borcumuzu ödəyirik.

– “İnşa yaza bilməyən roman yazır” demisiniz. Bu günün nəsr mənzərəsinə baxanda hələ də eyni fikirdəsinizmi? Ümumiyyətlə, sizcə, bu gün poeziya və proza nə durumdadır?

– Ədəbi mənzərə Kəlbəcərin havası kimidir; səhər qar yağır, günorta gün çıxır, axşam dolu tökür və yaxud əksinə. Çox tez-tez dəyişir, hər an istedadlı bir hekayə və ya şeir yarana bilər. O fikrim isə dəyişməyib: ölkə bu gün də inşa yaza bilməyib roman quraşdıran, “meşəqıran” yazıçılarla doludur. O gün oxudum - Litvanın ərazisinin üçdə biri meşəlikdir, bizdə isə meşə sahəsi ondan 11 dəfə azdır. Təbiət boz olanda cəmiyyət də, ədəbiyyat da bozarır.

Mən redaktor kimi daha çox çap olunmayan zəif yazıları oxumaq məcburiyyətində qalıram, çünki əl çəkmirlər, onlara cavab vermək lazımdır. Yaxşı yazıları onsuz da hər kəs oxuyur. Onlara daha çox hər ay “Ulduz”da “Özü ilə söhbət” rubrikasında yer veririk. Gənclərdən də izlədiyim, bəyəndiyim imzalar çoxdur.

– “Ədəbiyyatı xalqa etibar eləmək olmaz...” fikrini səsləndirmişdiniz. Hələ də bu fikirdəsiniz?

– Əlbəttə. Bəziləri elə bilir ki, ədəbiyyat koronavirus kimi hamını birdən yoluxdurmalıdır. Ədəbiyyat teatr və kino kimi elitar, kübar sənətdir - hamının yanında ola bilməz. Bugünkü ədəbi mühiti sovet dövründən daha yüksək qiymətləndirirəm. Sovet vaxtı yazara dövlət hər şeyi verirdi. İndiki yazarlar isə bilirlər ki, bu sənət onlara nə var-dövlət, nə də şan-şöhrət vəd edir, amma yenə də yazırlar. Əsl fədakarlıq və qəhrəmanlıq budur.

Xalqla ədəbiyyat çoxdan bir-birindən qopub. Xalq o vaxtkı ədəbiyyatı sevirdi, çünki poeziya corabın qiymətinə qədər hər şeyə müdaxilə edirdi, sosial sifariş daşıyırdı. İndi şeirin əlinə zənbil verib bazara göndərmək olmur. Ədəbiyyat kütləvi hücum silahı deyil, o, insanı təklikdə yaxalayıb məğlub edir.

– XII Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirak etdiniz, imza gününüz keçirildi. Ümumi təəssüratınız necədir, kitaba maraq varmı, artıbmı?

– Kitab sərgisinə maraq kitaba olan maraq boydadır. Düzünü desək, kitaba maraq yoxdur, sərgiyə tamaşa etməyə maraq var. Təqvim dəyişir, amma mənzərə dəyişmir. Çox təəssüf ki, özümüz yazıb, özümüz oxuyub, özümüz satıb, özümüz də alırıq. Sərgiyə gələnlərin çoxu sadəcə şəkil çəkdirirdi, məktəblilər, tələbələr tanıdılar-tanımadılar, şəkil çəkdirib gedirdilər. Əlbəttə, kitab alan azsaylı oxucular da vardı, sağ olsunlar.

Sərgi çərçivəsində səsvermə keçirildi, nəşriyyat 50 müəllifin adını irəli sürmüşdü. Mənim bundan gec xəbərim oldu, Sumqayıtda şəhid tədbirində idim. Sonradan bildim ki, “MİMTA” nəşrləri mənim də adımı daxil edib. Hər necə olsa da, 20 mindən çox insan səsverməyə qatıldı, ədəbiyyatın və 50 imzanın adı hallandı. Pis-yaxşı bir hərəkətlilik yarandı. Ədəbiyyat üçün nəsə etmək heç nə etməməkdən yaxşıdır.

– 50 yaşdan sonra zamanın sürəti dəyişir deyirlər. İndi günlər sizin üçün necə keçir: nəyisə çatdırmaq təlaşı ilə, yoxsa tələsmədən yaşamaq arzusu ilə?

– İnsan qocalanda axsamır, sadəcə ayağını son mənzilə doğru sürüyür. Nə qədər yavaş yerisən, vaxt bir o qədər sürətlə keçir. Hər şey ayağı yerlə sürüməkdən asılıdır.

– “Ədəbiyyatda hamı özünü xilas edir” deyirdiniz bir zaman. Özünüzü xilas edə bildinizmi?

– Yox, xilas edə bildiyimi deyə bilmərəm. Xilas olmaq odur ki, sən içindən gələn, tam istədiyin mətni yaza biləsən. Məhz o səni xilas edər.

– Əgər bu günə qədər yaşadığınız həyatınızı bir şeirinizlə ifadə etməli olsanız, o hansı şeir olardı?

– Bu, zamanla dəyişir. Amma bu yaşım, indiki durumum üçün yəqin ki, “Bircə rəng var - Ağ” şeirim olardı… Bu misralar:

Bunu da qeyd elə bir kənara

yuxusuz gecələrdə

çox həsəd aparmışam

güllə altında yatanlara...

Uzun, ya qısa

şeirlərimə tarix yazmıram,

istəyirəm özləri tarix yaza...

 

– Bu yaxınlarda “Saat 6-nı gözləyirəm” esselər kitabınız işıq üzü görüb. Maraqlı adı var, çoxumuzun ürəyindəki işdən sonrakı qaçış istəyini xatırladır…

– Bu kitabı çap etməyi “MİMTA” nəşrləri təklif etdi, mənim də esselərim hazır idi. Amma aylarla kitabın adına qərar verə bilmədik. Mən ümumiyyətlə, məqsədli şəkildə kitab yazmıram, şeirlər, esselər yazıram, sonra onları bir yerə toplayanda əziyyət çəkirəm. Hər gecə yuxuma bir ad girirdi, səhər durub başqa ad düşünürdüm. Nəhayət, nəşriyyatın qarşısında xəcalətli qalmamaq üçün esselərdən birinin adını kitaba verdik: “Saat 6-nı gözləyirəm”. Kitabın təqdimatını “Litera” və festival çərçivəsində keçirdik.

– Hazırda nə üzərində işləyirsiniz, yeni şeirlər yazırsınızmı?

– Bəli, yeni bir silsilə var. Şeirimin adı elə şeirdir. Yazdıqlarımı çapa verməyə tələsmirəm. Bəzən şeiri 5-10 il saxlayıram. Necə ki, kənddə həyət evi tikəndə dərhal içinə köçmürsən, gözləyirsən ki, bina torpağa otursun. Şeir də şairin evidir; gərək gözləyəsən, 10-20 santimetr aşağı çöksün, oturuşsun, sonra baxasan ki, içində yaşamaq mümkündürmü…

– Layihədə son olaraq kişiyana mesajınız nə olardı?

– İstərdim ki, qadınlı-kişili bütün insanlar bu nəhəng dünyada tək və bənzərsiz olduqlarını dərk etsinlər. Səkkiz milyard insanın içində bir-birimizə bənzəsək də, hər birimizin təkrarolunmaz bir naxışı var. Rusların bir sözü var: başqasının həyatına burnunu soxma, yoxsa öz həyatının nə qədər bərbad olduğunu görərsən. İstəyirəm ki, insanlar başlarını yalnız öz həyatlarına yönəltsinlər, başqalarının taleyini qurdalamasınlar. Özləri də yaşasınlar, başqalarına da yaşamağa imkan versinlər…

Qarşımızda həmişə iki qapı olduğunu unutmasınlar: biri cəhalətə, biri mədəniyyətə açılır. Cəhalətin qapısı taybatay açıqdır, ora girmək çox asandır. Mədəniyyətin qapısını isə döymək, bəzən sındırıb içəri keçmək lazımdır. O açıq qapıya deyil, bağlıya üz tutsunlar…

kulis.az

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru