Sevdalı olanın havası eşqdi - Ədalət Nicatın şeirləri
Yazici.az ədəbiyyat portalı şair Ədalət Nicatın 60 illik yubileyi münasibətilə şeirlərini təqdim edir.
Yollarıma işiq sala gözlərin
Yenə tutulmusan qara buludtək,
Yağmağa hazırdı ala, gözlərin.
Baxışın dünyama şimşək tək çaxır,
Könlümdə qoparır nala, gözlərin.
Aşiq olanların eşqidi dini,
Şirin xəyallarla ötüşər günü,
Sevdalı baxışla süzəndə məni,
Ürəyimlə çıxır yola, gözlərin.
Alçaq könüllərin məqamı uca,
Hərdən ağrıları qoyasan dincə,
Qaranlıq çökəndə könlümə gecə,
Eşqin işığını sala, gözlərin.
Sənədi tükənməz eşqim,həvəsim,
Səni görən anda tutulur səsim,
Odlu dodağına dəyə nəfəsim,
Gizlicə kövrəlib dola, gözlərin.
Şirin ümidlərdi ömrün dayağı,
Gəzdim səhraları dərviş sayağı,
Ədalət Nicata yaşın bu çağı,
Yollarına çıraq ola, gözlərin.
Qalıram indi
Səninçün əkmişəm bu çiçəkləri,
Ətrini güllərdən alıram indi.
Başımı qatıram bu gül bağında,
Həsrəti alaq tək yoluram indi.
Sevdalı çağımdan uzaq düşüb yaz,
Bu dəniz eşqimin dörd yanı dayaz,
Ovutmaz könlümü nə tar nə də saz,
Açmamış gül kimi soluram indi.
Qəzəbi tutubdu məni illərin,
Dadı çoxdan qaçıb sənsiz günlərin,
Adını qoyduğum qızılgülləri,
Sevgiylə torpağa salıram indi.
Çiçəklər ürpəşir kövrək sözümdən,
San ki uzaqlaşır ruhum özümdən,
Şimşəktəki çaxıb yağan gözümdən,
Yaş olub dibinə doluram indi.
Ədaləti çiçək dilində dindi,
Sözlər cana gəlsin şeri sevindi,
Bu dibçəklər sənin könül evindi,
Könlündə gül açıb qalıram indi.
Mənimlə yaşıddı yaşı dərdimin
Hədəfdən yayınıb itirib səmtin,
Çatlayır başımda daşı, dərdimin.
Bir yatıb dururuq doğmalar kimi,
Mənimlə yaşıddı yaşı, dərdimin.
Sevgim ürəyimdə dönüb çırağa,
Qəmdən uzaqlaşıb durub qırağa,
Bulud kimi dolub qəfil yağmağa,
Göz üstə çatılıb qaşı, dərdimin.
Bilinir xoşbəxtdi yoxsa bədbəxtdi,
Sürüşüb altından kənara təxti,
Keçib xeyli zaman, görün nə vaxtdı?
İçimdə qarışıb başı, dərdimin.
Bəsirət gözünüz varisə baxın?
Sevda ürəyimə eyləyir axın,
O, qızı buraxmır könlümə yaxın,
Heç insafı yoxmuş naşı,dərdimin.
Ədalət,bərk əsir ayrılıq yeli,
Bu dünyanı tutmaq olmaz bərk əlli,
Keçib üçü,qırxı yetişib ili
Gətirin bişibdi aşı, dərdimin.
İnsanlar arxanca söyməsin heç vaxt
Yaxşılıq edəndə təmənasız et,
Kimsə etdiyini duymasın heç vaxt.
Əsil kişilərlə dostluq eylə ki,
Bəd niyət qapını döyməsin heç vaxt.
Pullu olanları çəkirlər başa,
Baxmırlar ağıla, baxmırlar yaşa,
Allah verən ömrü, sən elə yaşa,
İnsanlar arxanca söyməsin heç vaxt.
Atalar deməyib heç vaxt boşuna,
Nə edsən çıxacaq oda qarşına,
Çox iş gələ bilər, adam başına
Kimisə özünü öyməsin heç vaxt.
Ömür ilmə-ilmə candan sökülər
Gecələr xəyallar dincə çəkilər,
Çirk olub burnundan bir gün tökülər,
Harama əllərin dəyməsin heç vaxt.
Ədalət özünü sanma bir ozan,
Molla Pənah olmur hər şeir yazan,
Alnının təriylə zəhmətlə qazan,
Halalıq səninlə əyməsin heç vaxt.
Bu dünya
Qorxmaz yoxuşlardan zamanın atı,
Silkələr çapanda bu kainatı,
Sirli bir aləmdi göyün hər qatı,
Yerdən göyə haray, haydı bu dünya.
Hərəni qandırır bir cürə yönnən,
Kimini məzhəblə, kimini dinnən,
Dünyaya gələni, gəldiyi gündən,
Gününü sonacan saydı bu dünya.
Namərd bayraq edər əldə yalanı,
Qəniməti bilər oğru talanı,
Günəş isidənmir dərdi olanı,
Kimə qış, kimə də yaydı bu dünya.
İnsan övladının düzlük tacıdı,
Görürsən bir əyyaş sonda hacıdı,
Pulsuzlara zillət, ağrı, acıdı,
Pulu olanlara toydu bu dünya.
Ədalət, yazanda güvən sözünə,
Hiyləgər fələyin düz bax gözünə,
Bütün canlılara, bu yer üzünə,
Gözə görünməzdən paydı bu dünya.
Sevdalı olanın havası eşqdi
Vulkantək oyanar baxmaz hər yaşda,
İldırımtək çaxar gecələr başda,
Sevgi qarşısında əriyər daş da,
Sevdalı olanın havası eşqdi.
Eşqdi əl çatmayan uca bir qüdrət,
Məcnundan, Fərhaddan götürdük ibrət,
Sevən ürəklərdə olmaz kin-küdrət,
Bütün günahları yuyası eşqdi.
Ən uca zirvədə taxdı qurulan,
Ən duru bulaqdı qəlbdə durulan,
İçdən sevdalanar üzdə vurulan,
Aşiqin dərdinin dəvası eşqdi.
Şirindi göylərdən verilən paytək,
Ürəkdən-ürəyə axışan çaytək,
Könlü işıq salar sulara aytək,
Tanrının aşiqə duası eşqdi.
Sirlərlərlə doludu göylərdə hər qat,
Sevdalı könlümün eşq yeri çat-çat,
Sevən ürəyiylə Ədalət Nicat,
Eşqidən qurduğu yuvası eşqdi.
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0