Sev, bir dә özünü tanı dünyada - Hüseyn Bağıroğlunun şeirləri
Yazici.az ədəbiyyat portalı tanınmış şair Hüseyn Bağıroğlunun 65 illik yubileyi münasibətilə şeirlərini təqdim edir.
SÖZ
Onda mələklərin dodağındaydı,
Onda yer üzünə enməmişdi Söz.
Ömrünün ilahi nur çağındaydı,
Qarğışa, söyüşə dönməmişdi Söz.
Onda yer üzünə enməmişdi Söz.
Söz Günəş yaradır, Ay yaradırdı-
Göyü ulduz-ulduz naxışlayırdı.
Söz onda Tanrıya küfr etməmişdi,
Söz onda Tanrını alqışlayırdı.
Göyü ulduz-ulduz naxışlayırdı.
Söz onda şah idi qızıl taxtında,
Şeytanla sözünkü düz gəlməmişdi.
Həvvanın üzündən cənnət bağında
Adəmin üzünə söz gəlməmişdi.
Şeytanla sözünkü düz gəlməmişdi.
Sözə dəyməmişdi şeytan nəfəsi,
Sözün üzü hələ qaralmamışdı.
Ərşə qalxmamışdı Sözün naləsi,
Söz ilə könüllər qırılmamışdı.
Sözün üzü hələ qaralmamışdı.
Onda mələklərin dodağındaydı,
Onda yer üzünə enməmişdi Söz.
Ömrünün ilahi nur çağındaydı
Qarğışa, söyüşə dönməmişdi Söz.
Onda yer üzünə enməmişdi Söz.
ŞAİR
Göz yaşı-suyu, qəm-çörəyi kimi,
Nə toxdadı, nə də kiridi şair.
Ağrıdı hər yeri ürəyi kimi,
Dünyanın ağrıyan yeridi şair.
Qəlbində dil açıb söz can istədi,
Hər sözü bir gündə yüz can istədi.
Bir an ağrımasa, bil, can üstədi,
Hər an ağrıyırsa, diridi şair.
Gəzməz bəxt önündə qaravaş kimi,
Yaşar öz ömrünü bir savaş kimi.
Kiminsə başına düşər daş kimi,
Kiminsə gözünün nurudu şair.
Qaçanda bu dünya ayağı altdan,
Qalmadı ölümün ayağı altda.
Bircə sözlə saldı zamanı atdan,
Ölümün üstünə yeridi şair.
Göy onun ruhunun seyrangahıdır,
Dağlara çəkilən duman ahıdır.
Dərdlərin dünyada son pənahıdır,
Sözlərin əbədi piridi şair.
İnsan eşq oduna qalanaydı kaş,
Sevgisiz daş olub qaralaydı kaş.
Daş atıb dedilər bulanaydı kaş,
Gördülər bulaq tək durudu şair.
Endirər varını göydən söz ilə,
Köçər könüllərə köhlən söz ilə.
Hey təzə sirr açar köhnə söz ilə,
Tanrının açılmaz sirridi şair.
ADAM KÖLGƏSİNƏ SƏSLƏMƏ MƏNİ
Olanım ömürdü, təkcə bu ömür,
Günlərim gah dolu, gah da boş keçir.
Adam kölgəsinə səsləmə məni,
Ağac kölgəsində günüm xoş keçir.
Adam kölgəsində bitən adamın,
Çörəyi olsa da, kölgəsi olmaz.
Kölgəsi kölgədə itən adamın,
Sirrini deməyə bir kəsi olmaz.
Özgə kölgəsində kölgəsiz qalıb,
Sən mənim kölgəmə həsəd çəkirsən.
Görürsən ki, kölgəm köməksiz qalıb,
Arzumun yoluna sərhəd çəkirsən.
Çəkil get gözümdən gecələr kimi,
Çəkil get, yolumdan eyləmə məni.
O adam kölgəsi tələdi, tordu,
Adam kölgəsinə səsləmə məni.
VAXTI QABAQLAYAN SAAT KİMİYƏM
Gah başım üstündən göyü aparır,
Gah ayağım altdan Yeri çəkirlər.
Vaxtı qabaqlayan saat kimiyəm,
Gündə neçə dəfə geri çəkirlər.
Günəşin yerində Ayı görənlər,
Tanrını bəndədən ayrı görənlər.
Dünyaya kəc baxıb, əyri görənlər,
Mənim düz şəklimi əyri çəkirlər.
Rahat gəl, nəfəsim, az aha sarıl,
Sarıl, mənim ruhum, Allaha sarıl.
Üz tutub gedirəm Allaha sarı,
Məni Allahdan da bəri çəkirlər.
FİKİR UZAQLARA APARDI MƏNİ
Söz-söz qaranlıqdan durulub gələn
Bu aydan da arı şeirimdə yoxam.
Zaman qaynatsa da, heç qarışmadıq:
Dünyanın xeyrində-şərində yoxam.
Keçdim o dənizi, aşdım bu dağı,
Yorub əldən saldım əli, ayağı.
İlahi, Özün de, hardayam axı,
Nədən bu dayazda, dərində yoxam.
Bu dünya çəkəndə üstünə çəni,
Yer-göy gizlədəndə özündə Səni,
Fikir uzaqlara apardı məni,
Qayıdanda gördüm yerimdə yoxam.
DÜNYA CƏNNƏT OLMALIYDI
Nə bir azca utandılar,
Nə də ki, ar eylədilər.
Bu dünyanın göylərini
Quşlara dar eylədilər.
Nəydi arzu diləkləri?
Görmədilər mələkləri.
Sevmədilər, ürəkləri
Eşqə məzar eylədilər.
Hər kəs özün duymalıydı,
Sonra eşqlə dolmalıydı,
Dünya cənnət olmalıydı,
Onu bazar eylədilər.
TANRI DA SEVGİSİZ BƏNDƏNİ SEVMƏZ
Bu sevgi necə də mənalı gəlir
Məni təkcə sənə bağlayır deyə.
Qəlbimdən gələn söz yaralı gəlir
Məni kirpiklərin oxlayır deyə.
Qəribdi göylərə vurulan quşlar,
Daş deyil üstündə gül bitən daşlar.
Elə sevinir ki, gözümdə yaşlar
Gözlərim səninçün ağlayır deyə.
Bülbül gülü sevər, ta dəni sevməz.
Könlü pas bağlayan badəni sevməz.
Tanrı da sevgisiz bəndəni sevməz -
Dünyanı eşq ilə saxlayır deyə.
Gözlәrindәn özgә bir göyüm yoxdu,
Gecә bәxt ulduzun görmәyә, ey gül.
Ömrümdәn savayı bir şeyim yoxdu,
Hәr gün qәdәminә sәrmәyә, ey gül.
Mәlәklәr qapımı döyә, deyirәm,
Bu Yer dә bәnzәyә göyә, deyirәm,
O qәdәr gözәlsәn, dәyәr, deyirәm,
Sәnә gündә min gül dәrmәyә, ey gül.
Kim açar, kim bağlar dünya qapısın?
Qoyma eşqin gözün şeytan qapasın.
Qıymadın külümü yellәr aparsın,
Qatdın gözlәrindә sürmәyә, ey gül.
Sev, bir dә özünü tanı dünyada,
Sevgidir insanın canı dünyada.
Bir işim yox idi fani dünyada,
Gәlmişdim mәn sәni sevmәyә, ey gül.
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0